11 Sentyabr 2022 00:38
967
SİYASƏT

Azərbaycan Avrasiya üçün ticarət qapıları açır

 

İlham Əliyev ölkəmizi nəinki Cənubi Qafqazda, ümumilikdə Avroatlantika geosiyasi arealında mühüm əhəmiyyətə malik dövlətə çevirib

 

Cənubi Qafqazın aparıcı ölkəsi kimi geoiqtisadi və geosiyasi mövqeyindən maksimum yararlanaraq, regionlararası nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılmasında fəal iştirak edən Azərbaycan mühüm qlobal layihələrin reallaşmasına böyük töhfə verir. 
Hazırda Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq həm də "Cənub-Qərb" və "Şimal-Qərb" layihələri üzərində də iş aparır. 
Bütün bunlar isə bir daha təsdiq edir ki, İlham Əliyev Azərbaycanı nəinki Cənubi Qafqazda, ümumilikdə Avroatlantika geosiyasi arealında öz sözü və mövqeyi olan dövlətə çevirib və qlobal layihələri ilə ölkəmizi etibarlı tərəfdaş kimi tanıdıb.

 

Hindistandan Şimali və Qərbi Avropaya gedən yüklər Azərbaycandan keçəcək

 

Dünyanın aparıcı dövlətləri və təşkilatlarının Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik zəmanəti adlandırması əbəs yerə deyil.  Çünki Azərbaycan Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu artıq həyata keçirdiyi qlobalmiqyaslı layihələrlə təsdiqləyib. 
Məhz İlham Əliyevin təşəbbüsü və liderliyi ilə həyata keçirilən bir çox nəhəng layihələr regionun, Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirib, bölgənin və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin edilməsinə, nəqliyyat-kommunikasiya, logistika infrastruktrunun inkişafına mühüm təsir göstərib. 
Azərbaycanın iştirakı ilə reallaşan qlobal layihələrdən biri də "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizidir. 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" dəhlizinin təməli qoyulub. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən sazişi ratifikasiya edib.
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə isə 3 həftə olması gözlənilir.
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli sərəncamının icrası olaraq Astara (AR) - Astara (İİR) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,3 kilometr yeni yol tikilib, Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub, Astaraçay üzərində dəmiryol körpüsündən İran İslam Respublikası ərazisində tikilmiş yük terminalına qədər 1,4 kilometr yol çəkilib.
Dəhliz çərçivəsində bütün infrastruktur layihələri tamamlandıqdan sonra İran ərazisindən keçməklə Bakıdan Naxçıvan Muxtar Respublikasına dəmir yolu ilə birbaşa daşımaların təşkili mümkün olacaq. Dəhlizlə ilkin olaraq il ərzində 5 milyon ton yükün daşınması, gələcəkdə isə 10 milyon tona qədər artırılması planlaşdırılır.

 

Rəşt-Astara dəmir yolu layihəsi üzrə saziş layihəsi bir aya hazırlanacaq

 

Sentyabrın 9-da Bakıda Baş nazirin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak və İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasimi arasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafına dair ilk üçtərəfli görüş keçirilib. Görüşdə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər. Tərəflər dəhlizin potensialı və perspektivləri haqqında ətraflı müzakirələr aparıb, Azərbaycanın, İranın və Rusiyanın yüksək intermodal tranzit potensialından tam həcmdə istifadənin və bu xüsusda dəhlizin inkişaf etdirilməsi məqsədilə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər. Görüşün yekunu olaraq tərəflər arasında Bakı Bəyannaməsi imzalanıb.
Bəyannamədə tərəflər dəhlizdən tam potensialı ilə istifadə etmək üçün infrastrukturun və nəqliyyat imkanlarının qiymətləndirilməsi və təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildiriblər, həmçinin 2030-cu ilə qədər tərəflərin əraziləri arasında 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alırlar. Tərəflər dəhlizin inkişafı kontekstində öz əraziləri vasitəsilə nəqliyyat və tranzit əməliyyatlarının və prosedurlarının asanlaşdırılması məsələləri ilə məşğul olmaq üçün Birgə İşçi Qrupun yaradılmasının əhəmiyyətini və bir ay ərzində ilk iclası keçirmək niyyətlərini vurğulayıblar. Bundan əlavə, tərəflər bir ay ərzində Rəşt-Astara dəmir yolu layihəsi üzrə saziş layihəsini hazırlamaq və 2022-ci ilin sonunadək danışıqlara başlamaq niyyətində olduqlarını bildiriblər.
Bakıda əldə edilən razılıq "Şimal-Cənub" nəqliyyat dəhlizi üçün dönüş nöqtəsi hesab olunur. Qeyd edilir ki, dəhlizin açılması ticarətin inkişafına, o cümlədən vaxta qənaət və xərc baxımından hər üç ölkəyə fayda verəcək. 

 

Başqa marşrut variantı yoxdur

 

Prezident İlham Əliyev İtaliyaya işgüzar səfəri çərçivəsində sentyabrın 2-də Çernobbio şəhərində "İl Sole 24 Ore" qəzetinə müsahibəsində də Azərbaycanın tranzit imkanlarını dəyərləndirərkən ölkəmizin iştirakı ilə reallaşmaqda olan dəhlizlərin əhəmiyyətini də qiymətləndirib. 
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Xəzər dənizinin şərq sahillərindən neft və digər yük daşıyan hər növ gəmilər inşa edə bilir: "Biz iki dəhliz üzərində yerləşirik - Şimal-Cənub və Şərq-Qərb. Əlbəttə, bu, Azərbaycanın geosiyasi əhəmiyyətini artırır və yeni iş yerlərinin yaradılmasına imkan verir. Biz "Şimal-Cənub" nəqliyyat dəhlizinin "Şərq-Qərb" dəhlizi qədər vacib olacağı qənaətindəyik. Bizim üçün onlar bərabər dərəcədə əhəmiyyətlidir. Çünki hər iki dəhliz bizim ərazimizdən keçir".
Prezident vurğulayıb ki, son illərdə Çin və Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə ixrac artmaqdadır. Bütün bu işlər Rusiya-Ukrayna müharibəsindən əvvəl görülüb. Rusiya-Ukrayna müharibəsi Xəzərin şərq sahilindəki şirkətlər üçün bir siqnal oldu ki, bu marşrut daha da yaxından nəzərdən keçirilməlidir.
İlham Əliyev "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətini belə dəyərləndirib: "Bu dəhliz də Azərbaycandan keçir, başqa marşrut variantı yoxdur. Həmin dəhliz, məsələn, Rusiya şirkətləri üçün əhəmiyyətli olur, çünki bu gün sanksiyalar səbəbindən onlar Avropa məntəqələrinə yük daşıya bilmirlər. Yəni Azərbaycandan keçərək İrana və Fars körfəzi sahillərinə gedən marşrut Rusiya şirkətləri üçün cəlbedici olur". 
Bu gün Azərbaycan iqtisadi yüksəliş dövrünü yaşamaqla yanaşı, bir çox ölkənin müxtəlif sahələrdə əsas təchizatçısıdır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır, həmçinin dünyanın tranzit ölkəsinə çevrilir. Zaman göstərir ki, "Şərq-Qərb" dəhlizi  kimi, artıq "Şimal-Cənub" dəhlizinin də əhəmiyyəti artmaqdadır. Eyni zamanda bu beynəlxalq dəhlizdən istifadə imkanlarının genişləndirilməsi də gündəmdədir. Təbii ki, bu dəhliz vasitəsilə daşınmaların həcminin artması region ölkələri kimi, Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Bununla dövlət gəlirləri artır, həmçinin Azərbaycan bir çox ölkənin əsas tərəfdaşlarından birinə çevrilir.  
Göründüyü kimi, hazırda dünyanın geosiyasi və iqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan əsas açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunmaqdadır. Çünki Azərbaycanın iştirakı olmadan bölgədə və geniş mənada yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələləri tam şəkildə həll oluna bilməz. Bunu tək ölkəmiz deyil, tərəfdaşlıq etdiyimiz böyük dövlətlər də bölüşür. 
Azərbaycanın qitədə həqiqətən də enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaması ölkə sərhədlərindən kənarda, özü də ən yüksək səviyyələrdə etiraf olunmaqdadır. Bütün bunlar, əlbəttə ki, İlham Əliyevin müstəqil siyasətinin və uğurlu xarici diplomatiyasının real təzahürüdür. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video