18 Iyun 2022 02:08
1105
SİYASƏT
A- A+

"Ayrılarmı könül candan"

 

Azərbaycan-Türkiyə qardaşlığı ən yüksək zirvədədir

 

"Teknofest" mahiyyət etibarilə yüksək texnologiyaları sərgiləyən nüfuzlu aerokosmik beynəlxalq tədbirlərdən biri olmaqla yanaşı, həm də bir millətin və iki dövlətin qırılmaz qardaşlıq telləri ilə necə sıx bağlandığını nümayiş etdirən möhtəşəm bayram kimi tarixə yazıldı.

Vaxt var idi ki, bu sevgini büruzə verənlər, onu dilə gətirənlər məhbəslərə atılır və Sibirə sürgün edilirdi. Lakin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra eyni kökdən olmağımız haqqında yaza, danışa bilirik və bundan qürurlanırıq. Amma bu qardaşlığın mahnı ilə, sözlə ifadə edilən vaxtları olub. Əlimiz Türkiyəyə çatmasa da, Rəşad Nuri Güntəkinin romanlarını oxumuşuq, Nazim Hikmətin poeziyasından zövq almışıq, Əziz Nesinin satirası gözlərimizin aynasında təbəssüm doğurub.

Yaxşı yadımdadır, 1970-ci illərdə Bakıya türk müğənnisi Emel Sayın gəlmişdi. Zal və səhnə eyni hisslərlə elə kükrəyirdi ki, bunu adi konsert yox, ayrılıqların divar kimi uçurulub qırıq kərpiclərlə sovrulduğunu təsdiq edən tarixi an kimi ruhumuzla hiss edirdik.

Bu sevginin nə qədər dərin və səmimi olduğunu bütün keçmiş Sovet İttifaqı miqyasında belə üzə çıxaran çoxsaylı nümunələr mövcuddur. Onlardan yalnız birini xatırlamaq yerinə düşərdi. Ötən əsrin 80-ci illərində Lomonosov adına MDU-nun Jurnalistika fakültəsində bütün sovet respublikalarını təmsil edən bir qrup tələbə oxuyurdu və onlara milli kadrlar deyirdilər. Belə qruplardan birində tələbələrin himni "Sev kardeşim" mahnısı idi.

Tələbələrdən biri - 45 illik dostum, qazaxıstanlı Jumadildin Baxtıbayla bu gün də əlaqələrimiz qırılmır. İndi o, "Qazaxtonu" jurnalının baş redaktorudur. Baxtıbaya yazıb soruşdum ki, bəlkə yadında bu barədə nəsə qalıb? İndi dünyanın o başına məktub yazıb cavab almaq üçün aylarla gözləmək lazım gəlmir. Elə yazdığım günün axşamı Bəxtıbaydan cavab gəldi: "Qaldığımız yataqxanada - Tələbə və Aspirantlar Evində bizimlə yanaşı ermənilər də yaşayırdılar. Onlar imkan düşən kimi guya türklərin törətdiyi uydurma erməni soyqırımı ilə bağlı iftira dolu böhtanları sel kimi yağdırardılar. Amma onlara anlatdım ki, həmin hadisələrlə əlaqədar mənə bəlli olan başqa tarixə görə türklər haqlıdır. Elə heyrətlənmişdilər ki, deməyə söz belə tapmamışdılar. Mən onlara danışdım ki, Birinci Dünya müharibəsinin başladığı 1914-cü ildə Omskda Müəllimlər Seminariyasında yalnız bir tələbə ermənilərə dəstək üçün türklərlə müharibəyə pul ödəmədi. O, öz fikrini belə əsaslandırmışdı ki, türklər bizim qan və din qardaşlarımızdır. Ermənilərə anlatdım ki, mənim yanımda soyqırımından danışa bilməzlər. Mənim anadan olduğum Qazaxıstan çölləri "qolodomor"un (rus dilində olan bu sözun mənası aclıqla öldürmək, qırmaqdır - morit qolodom) mərkəzi idi. Orada hər 10 nəfərin 9-u acından ölürdü. Həmin 1932-ci ildə qazaxların planlı surətdə aclıqla qırılmasının təşkili nəticəsində onların yarıdan çoxu - 4 milyon insan (son məlumatlara görə isə 5 milyondan artıq ) məhv edilmişdi. Lakin bu cavabla da bizim yataqxanadakı erməni tələbələrlə münaqişəmiz bitmədi. Tələbə yoldaşımız türkmən Əvəz Rəhimov barmaqlarını gitaranın simlərinə çırpıb "Sev kardeşim" mahnısını oxuyan gündən ermənilər otağımızı tərk etdilər və bir də heç vaxt qapımızı döyüb bizi rahatsız etmədilər. O vaxtdan bu türk mahnısı bizim milli qrupun özünəməxsus himninə çevrildi. Hamı oxuyurdu - ukraynalı Olqa Betko və Olya Karpiy, rus Serqey Medvedyev, Kostya Kreknik, latış Maris Anderson... Əlbəttə ki, özbəklər, qırğızlar, qazaxlar, azərbaycanlılar da oxuyurdular. Oxuyanların sırasında təkcə "ən qədim xalqın nümayəndələri"ndən kimsə yox idi".

Bu əhvalat nə qədər adi olsa da, keçmiş imperiyanın tərkibində türkdilli xalqların bir-birinə olan sevgisini aşkarlayan ciddi faktdır. Hamımızı bölüb, parçalayıb nə qədər qarşı-qarşıya qoysalar da, biz ruhən və daxilən bir-birimizə möhkəm bağlıyıq. O da sirr deyil ki, bütün imperiyalar tarix boyu ərazisindəki xalqları beləcə parçalayaraq ayırır, bir-birindən uzaqlaşdırmaqla idarə edirlər. Lakin nədənsə o zaman kəsən qılınc ermənilərin əlində idi. Və dəhşətlisi odur ki, ermənilər bu gün də həmin qılıncı əllərindən qoymaq istəmirlər.

 Amma nə qədər azğın olsalar da, nə qədər əllərinə düşən imkanlardan faydalansalar da, əsrlər boyu törətdikləri vəhşiliklər və yeritdikləri təbliğat Türkiyə-Azərbaycan qardaşlığını sarsıda bilmədi. Zamanın aynasında biz bu dostluğun möhtəşəm güc kimi kükrəyib göylərə millənməsinə şahidlik edirik.

1980-ci illərdə Türkiyə ilə sərhəd kəndlərdə, əsasən də Naxçıvan Muxtar Respublikasının keçmiş İliç rayonunun ərazisində türk telekanallarına baxmaq üçün "kəllə"li elektriklər 500, 1000 vatlıq elektrik lampalarından antena düzəldər, bir-birinə etibar edənlər yığışıb gecələr türk telekanallarına baxardılar. Gizlincə baxardılar, çünki kimi tutsaydılar, damlayacaqdılar. Haradansa, hansısa naməlum yolla Azərbaycana daşınan türk musiqilərinin, filmlərinin də sayı-hesabı olmazdı.

1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı isə Türkiyə-Azərbaycan sərhədləri boyu hər iki tərəfdə tonqallar qalandı, qardaş qardaşla min il əvvəl olduğu kimi, alovların dili ilə danışdı. Başa düşdük və güvəndik ki, Türkiyə arxamızdadır.

İkinci Qarabağ müharibəsindən xeyli əvvəl Türkəyə Azərbaycan Ordusunun formalaşmasında, yüksək döyüş qabiliyyətinə nail olmasında xüsusi rol oynadı. İlham Əliyevin cəsur sərkərdəlik bacarığı bütün dünyanı heyran qoyan beşinci nəsil silahlarını qibtə olunası mükəmməlliklə idarə etməyə imkan verdi. Hər döyüşə atılan Azərbaycan əsgəri sanki əsl cəngavər idi. Düşmən başını necə itirmişdisə, bu gün də müharibəni xatırlayan erməni əsgərləri bizim igidlərimizi vahimə ilə yada salır, sanki kabusdan danışırlar. Dünyanın ən məşhur hərbi ekspertləri isə böyük qələbəmizdən il yarım ötməsinə baxmayaraq, hələ də Qarabağ döyüşlərini öyrənir, öz qoşunlarında yeni islahatların qaçılmaz olduğunu bildirir, Azərbaycanın hərbi sirlərinin incəliklərini açmağa, döyüşləri şərh etməyə çalışırlar.

Bütün sirlərin agah olunduğu məkan isə "Teknofest" festivalı idi. Burada "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar "Teknofest"i müstəqilliyi, qardaşlığı, elmi və əxlaqı əldə rəhbər tutan bir ruh kimi qiymətləndirdi. O, bu festifalı tam müstəqillik və firavanlıq gətirən, bizi yüksək texnologiyaların səmalarına qanadlandıran unikal şans kimi dəyərləndirdi: "Vəzifəmiz türk nəsillərinin yolunu açmaq üçün dayanmadan çalışmaqdır". Nobel mükafatı laureatı professor Əziz Səncər də çıxışında bütün dünyanın gənclərinə tövsiyəsini verdi: "Həyatda və işlərinizdə yüksəlmək və ya mükafat almaq kimi məqsədlər üçün çalışmayın. Gördüyünüz hər işdə həmişə ən yaxşı olmağa çalışın. Ən önəmlisi, insanlığa və Vətəninizə töhfə verməyə çalışın. Dürüst, əxlaqlı və ədalətli olun".

Prezident İlham Əliyev isə Türkiyə ilə Azərbaycanın qoşa addımlamasını bölgəmizdə barışın qarantı kimi qiymətləndirdi: "Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq". Azərbaycan Prezidenti festivaldakı çıxışında gənclərə də müraciət etdi: "Əminəm ki, "TEKNOFEST"də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında bir neçə vacib məqama toxundu: "Xəzərin incisi Bakıda "bir millət, iki dövlət, tək festival" şüarı ilə dünyanın ən nüfuzlu aviasiya, kosmos və texnologiya festivalı - "TEKNOFEST"i keçiririk… Badi-Kubədən, yəni küləklər şəhəri gözəl Bakıdan Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarımızla birlikdə mübarizə apardığı torpaqların hər qarışına, Natəvanın qəzəlinin eşidildiyi ovalıqlara, şəhidimiz Xudayar qardaşımın mahnı oxuduğu diyarlara, Gəncəyə, Şuşaya, Füzuliyə, Laçına, Azərbaycanın hər bölgəsinə salam və sevgilərimi göndərirəm... Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik. Göylərdə nazlı-nazlı dalğalanan bayraqlarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq. Eynilə Anadolu kimi, bura da bizim torpağımızdır. Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər?"

 

Bahadur İMANQULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video