15 May 2022 01:49
445
Elm və texnika

Axı dünya fırlanır...

 

Qlobal problemlər yaradan iqlim dəyişikliyi Xəzərə, Kürə də təsirsiz ötüşmür

 

Son illərin ən aktual məsələlərindən biri də iqlim dəyişikliyinin yaratdığı ciddi qlobal böhranlardır. Qlobal istiləşmə Yer kürəsində təbii fəlakətləri artırır, təbii resurslara, insanların həyat tərzinə mənfi təsir edir.   

İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artmasının antropogen amillərlə bağlı olduğu deyilir, bunun əsasını isə istilik effekti yaradan qazlar təşkil edir.

Son 100 illik kosmik müşahidələr göstərir ki, tufan, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti külək, qasırğa, yağıntılar güclənib, eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb.

 

Qlobal istiləşmənin əsas hərəkətverici qüvvəsi

Azərbaycanda da son illər orta illik temperatur 0,4-1,30 dərəcəyədək artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır.

Azərbaycan iqlim dəyişmələrinin yaratdığı fəsadların qarşısını almaq üçün müəyyən beynəlxalq sazişlərə qoşulub. Bunların sırasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası da var. Ölkəmiz 1995-ci ildə qoşulduğu konvensiya çərçivəsində 2000-ci ildə Kioto protokolunu təsdiq edib. Bu protokol üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi isə 14 aprel 2015-ci ildə Milli Məclis tərəfindən ratifikasiya olunub və ölkə Prezidenti tərəfindən imzalanıb.

Kioto protokolu çərçivəsində Azərbaycan istilik effekti yaradan qazların emissiyalarının azalması ilə bağlı kəmiyyət öhdəlikləri götürməməsinə baxmayaraq son illərdə ölkədə əhəmiyyətli tədbirlər yerinə yetirilib. Bura bərpa-olunan enerji layihələrinin həyata keçirilməsi, avtomobil bazarında hibrid və elektrik avtomobillərinin sayının artırılması, meşə sahələrinin genişləndirilməsi daxildir. Kioto protokolunu imzalayan ölkələr qlobal istiləşməyə səbəb olan beş qazın miqdarını azaltma öhdəliyini üzərinə götürüb.

Eyni zamanda Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris sazişini 22 aprel 2016-cı ildə imzalayıb və həmin ilin oktyabr ayında ratifikasiya edib. BMT-nin konvensiyası qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq 1990-cu baza ili ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb.

Qlobal istiləşmənin əsas hərəkətverici qüvvəsi karbon qazı və metandan ibarət olan istixana qazlarının emissiyasıdır. Onların əsas mənbəyi enerji istehlakı üçün kömür, neft və qaz kimi təbii yanacaqların yandırılması olsa da, burada digər faktorların da rolu var. İqlim dəyişmələri həmçinin su ehtiyatına, daha çox buxarlanma nəticəsində dəniz səviyyələrinin enməsinə, çaylarda suyun azalmasına, bioloji resursların sayına da təsirsiz ötüşməyib, eyni zamanda dəyişikliklərin insanların məişət həyatına təsiri nəticəsində miqrasiya halları artıb.

 

Qütblər sürüşür, qurşaqlar yerini dəyişir

Ekoloq Cümşüd Bəxtiyar qəzetimizə açıqlamasında bildirib ki, iqlim dəyişmələrinə təsir edən bir çox amil var, bunlardan biri qütblərin sürüşməsidir. Qütblər sürüşərkən iqlim qurşaqları öz yerini dəyişir. Beləliklə, əvvəllər soyuq olan qurşaqlar bir qədər mülayimləşir, isti olanlar isə ya mülayimləşir, ya da soyuqlaşır. Nəticədə insanların vərdiş etdiyi iqlim başqa iqlimə keçir.

Onun sözlərinə görə, iqlim dəyişikliyinə səbəb olan digər amil kosmosun istismarıdır. Kosmosa buraxılan raketlər atmosferin yuxarı həddində ozon qatını zədələyir və atmosferdə istixana effekti yaranır.

Digər səbəblərdən biri atmosferin antropoloji amillərin təsiri ilə çirklənməsidir. Sənaye, məişət tullantıları, avtomobillərin hava buraxdıqları qazlar və s. atmosferi çirkləndirir. Ətraf mühitin çirklənməsi iqlimin başqa istiqamətdə dəyişməsi ilə nəticələnir.

Ekoloq iqlim dəyişmələri nəticəsində yaranan fəsadlardan da danışıb. O, bildirib ki, problemlər sırasında daha çox müşahidə edilən səhralaşma prosesidir: "Bu proses hazırda planetimizin böyük ərazilərini təhdid edir. Azərbaycanda da səhralaşma prosesinin necə getdiyini aydın müşahidə etmək olar. Bu, çox ürəkağrıdıcı prosesdir".

 

Quraqlıq qarşısıalınmaz prosesdir

Cümşüd Bəxtiyar  vurğulayıb ki, səhralaşmanın qarşısını müəyyən cəhdlərlə almaq mümkündür. Yeni meşə sahələrinin salınması, ağacların mümkün qədər yaşayış məntəqələrinə yaxın yerlərdə əkilməsi, qırılmış meşələrin bərpası ilə səhralaşma prosesinin bu və ya digər dərəcədə qarşısını almaq olar. Amma iqlim dəyişikliyi nəticəsində yaranan quraqlıq isə qarşısıalınmaz prosesdir.

Son 10-12 ildə Azərbaycanda da müşahidə olunan quraqlıqlar kənd təsərrüfatına, ətraf mühitə böyük ziyan vurur. Quraqlığın süni vasitələrlə qarşısının alınmasının mümkün olduğunu eşitsək də, nə ölkəmizdə, nə də qonşu ölkələrdə hər hansı vasitənin geniş tətbiqini görməmişik. Bu, arzuolunandır, amma belə bir metod yoxdur. Təbii ki, iqlim dəyişikliyinin fəsadları bunlarla məhdudlaşmır. Digər səbəblərdən biri də vaxtilə istismar olunmuş torpaqların düzgün istifadə edilməməsinə görə şoranlaşmasıdır.

Ekoloqun fikrincə, göllərin qurumasını da bura aid etmək olar. Məsələn, Orta Asiyada Aral gölü qurumağa başlayıb, eyni zamanda Xəzərin səviyyəsinin enməsi nəticəsində sahillərinin daxilə çəkilməsi iqlim dəyişikliyinin fəsadlarıdır. Son vaxtlar Kür və Araz çaylarında su azalıb, yağıntılar olmadıqca, təbii ki, çayların suyu azalır, bu da kənd təsərrüfatı sahəsi ilə məşğul olan insanların fəaliyyətinə mənfi təsir göstərir. Yəni problemlər  çoxşaxəlidir.

 

Ətraf mühiti qoruyaq!

İqlim dəyişikliyinə təsir edən amillərdən biri də ekologiya ilə bağlıdır. Cümşüd Bəxtiyar qeyd edir ki, insanlar ətraf mühitin çirklənməsinin qarşısının alınması istiqamətində bacardıqca daha fəal iştirak etməlidir.

Bunun üçün həvəsləndirici, maarifləndirici tədbirlər həyata keçirilməli, təbliğat aparılmalıdır. Problemi dərk edən Yer üzünün hər bir sakini bu işə öz töhfəsini verməlidir: "Ətraf mühit çirklənmələrinin qarşısı alınarsa, iqlim dəyişmələrinin daha dərin fəsadlarının önünə keçmiş olarıq. Hər hansı problemin həllində üç yolla iştirak etmək mümkündür. İnsan ya fiziki olaraq problemin həllində iştirak edə, ya təbliğat apara, ya da maliyyə dəstəyi ilə kömək edə bilər. Təsəvvür etmirəm ki, hər hansı insanın üç üsuldan birinə imkanı çatmasın. Sadəcə olaraq bunu istəmək lazımdır".

Beləliklə, bütün proseslər göstərir ki, sakini olduğumuz Yer planetinin qarşılaşdığı və proqnozlaşdırılan təhlükələrdə insan amilinin rolu böyükdür. Yəni elə bir dövrə gəlib çıxmışıq ki, dünyanın hər hansı yerində həyata keçirilən bir layihənin, tədbirin ilk olaraq ətraf mühitə necə təsir edəcəyi araşdırılmalı, atmosferə təsir dərəcəsi öyrənilməlidir. Çünki görülən işlərin zərəri yalnız bir ölkənin sərhədləri  ilə məhdudlaşmır, eyni səma altında yaşayan bəşəriyyəti təhdid altına alır. 

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video