26 Yanvar 2022 01:10
755
İQTİSADİYYAT
A- A+

Astaraçay üzərində tikiləcək avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib

 

Yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin ölkəmizə səfəri çərçivəsində Astaraçay üzərində tikiləcək avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikası Baş nazirin müavini Şahin Mustafayevin, İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətləri iştirak edib.

AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə verdiyi müsahibəsində İran-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, ölkələrimiz arasında əlaqələrin əsas istiqamətlərindən biri nəqliyyat-tranzit sahəsidir. Şimal-Cənub nəqliyyat dəhlizi fəaliyyət göstərir.

Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün tikintisinin İran-Azərbaycan sərhədində yaranan tıxacların qarşısını alacağını qeyd edən Ş.Mustafayev yeni körpünün tikintisinin bu ilin sonuna qədər başa çatacağını söyləyib.

Ş.Mustafayev həmçinin deyib: “Şimal-Cənub nəqliyyat dəhlizinin iki komponenti var. Onlardan biri dəmir yoludur. Dəmiryolu körpüsü bir neçə il əvvəl tikilib istifadəyə verilib. Hazırda həmin körpü üzərində dayanmışıq. Astarada daha bir körpü inşa edilir. Onun da inşası bu ilin sonunadək yekunlaşacaq. Digər komponent isə avtomobil yoludur. Bildiyiniz kimi, avtomobil yolu körpüsü ötən əsrin 50-ci illərində inşa edilmişdi, köhnə idi. Həm də bu körpüdə tıxac olurdu. Tıxac nəqliyyat axınının sürətinin aşağı düşməsinə səbəb olur və səmərəliliyə mənfi təsir göstərirdi. Ona görə də hər iki ölkənin hökuməti yeni körpünün tikilməsinə qərar verdi. Bu gün olduqca vacib gündür. İranlı həmkarımla birlikdə körpünün təməlini qoyduq, yeni körpü inşa ediləcək”.

Şimal-Cənub nəqliyyat dəhlizinə çox böyük tələbatın olduğunu vurğulayan Baş nazirin müavini Azərbaycan-Rusiya sərhədində də sərhəd-keçid məntəqələrinin genişləndirilməsi üçün bir sıra işlər görüldüyünü, hər iki sərhəddə bu problemlərin aradan qaldırılmasının Şimal-Cənub dəhlizi vasitəsilə yükdaşımaların həcmini artıracağını diqqətə çatdırıb.

Astaraçay üzərində tikiləcək körpünün yaradacağı imkanlardan söz açan Ş.Mustafayev bildirib ki, pandemiya dövrünün iki il sürməsi ölkələr arasında ticari əlaqələrə zərbə vurub. Amma İranla Azərbaycan arasında belə bir problem yaşanmadı. Biz nə ticarəti, nə ixracı bir gün də dayandırmadıq. Əvvəlki illə müqayisədə ticarət dövriyyəmiz 30 faiz artıb. Yükdaşımalarda bu artım 62 faizdir. Buna baxmayaraq, tələbat var. Tələbat varsa, biz şərait yaratmalıyıq. Bu gün işlərdən birinə başladıq. İnanırıq ki, bu tikinti işləri il ərzində başa çatacaq və daha yaxşı şərait yaranacaq”, - deyə Baş nazirin müavini vurğulayıb.

Yeni körpünün təməlqoyma mərasimi başa çatdıqdan sonra hər iki ölkənin nümayəndə heyətləri Astara (İran) Yükdoldurma və Yükboşaltma Terminalına baxış keçiriblər. 

Qeyd edək ki, son illər Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Astaraçay üzərindəki hazırkı avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara (Azərbaycan)-Astara (İran) sərhəd-keçid məntəqəsi ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi üzrə iki ölkə arasında saziş imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video