27 Noyabr 2021 01:31
1276
CƏMİYYƏT
A- A+

Arzusu general olmaq idi

 

Milli soykökünə bağlı olan, mənəvi dəyərlərimizi əməllərində yaşadan oğullarımız 2020-ci ilin sentyabr ayında başlanan Vətən müharibəsində bir daha sübut etdilər ki, Azərbaycan cəsurlar, ərlər-ərənlər diyarıdır. Onlar gözlərini qırpmadan, evini, ailəsini, öz canını düşünmədən döyüşə atıldılar. Yalnız bir amalları vardı - torpaqlarımızı düşməndən azad etmək! Bu amal uğrunda 3 mindən çox igid oğul itirdik. Vətən uğrunda şəhid olan igidlərdən biri də Milli Ordunun zabiti, polkovnik-leytenant Sadiq Sadəddin oğlu Məmmədovdur.

Sadiq Məmmədov 1981-ci il iyun ayının 23-də sadə bir ailədə dünyaya gəlmişdi. Vaxt çatanda bütün uşaqlar kimi bağçaya, məktəbə gedib. 1998-ci ildə  Qax şəhər 2 saylı məktəb-liseydə orta təhsilini tamamlayıb. Elə həmin il ən böyük arzusuna qovuşub - Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub. Ali Hərbi Məktəbi yüksək qiymətlərlə bitirib və leytenant rütbəsi alıb. Təyinatla Salyanda yerləşən hərbi hissədə xidmətə başlayıb. 22 il şərəflə, ləyaqətlə daşıyıb Milli Ordunun zabiti adını. Xidmət etdiyi illər ərzində dəfələrlə xarici ölkələrdə hərbi kurslarda, təlimlərdə iştirak edib. İsraildə, Çində, Koreyada, Pakistanda, Türkiyədə yeni hərbi silahların tətbiqini, döyüş taktikalarını öyrənib. Milli Ordumuzun nüfuzlu, savadlı, hər zaman öyrənməyə can atan, yeniliyi tez əxz edən zabitlərindən biri olub Sadiq Məmmədov.

Hərbçi olacağına hələ orta məktəbin yuxarı siniflərində oxuyarkən qərar vermişdi. Anasının hələ o illərdən xatirə kimi saxladığı dəftərlərin arxasında yazmışdı: “General Sadiq Məmmədov.” Ən böyük arzusu idi Milli Ordunun generalı olmaq...

Səadət xanım göz yaşları ilə dilləndirir Sadiqlə bağlı xatirələrini:

- Sadiq ailəmizin ilki idi. Kasıbçılıqla böyütmüşük övladlarımızı. Tez-tez məktəbə gedərdim. Maraqlanardım dərsləri, davranışları ilə. Hər dəfə də üzüağ qayıdardım. Sinfin gözü olub Sadiq. Orta məktəbi əla və yaxşı qiymətlərlə bitirib Ali Hərbi Məktəbə qəbul olunmuşdu. O illər Sadiqgilə türk hərbçiləri dərs deyirdilər. Bir dəfə atası ilə oraya getmişdik. Hələ də qulaqlarımdadır türk yüzbaşısının dedikləri: “Sizin qarşınızda baş əyirik, belə oğul böyütdüyünüz üçün.” Sanki dünyaları mənə bəxş etmişdilər. Oğlum hər kəsin yerini bilən idi. Böyüklə böyük, kiçiklə kiçik olardı. O, mənim təkcə oğlum olmayıb, arxam, dərd ortağım idi. Onunla nəfəs alırdım. Hərbçi anaları məni yaxşı başa düşərlər. Bu, çox çətin peşədir. Onlar vaxtlarının çoxunu xidmətdə keçirirlər. Demək olar ki, bizdən çox Vətənin oğlu olurlar.

Sinəsi dağlı bir atanın fəxarətlə söylədikləri ürəyimi dağa döndərdi:

- Sadiqlə həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm. Sayılan, seçilən olub oğlum. Vaxtından əvvəl mayor, polkovnik-leytenant rütbəsi almışdı. Çox sevərdi peşəsini. Hərbçi olmaq, hərbi qayda-qanunla yaşamaq çətin olsa da, hələ bir dəfə deməmişdi ki, yorulmuşam, bezmişəm. Sadiq öz hərbi paltarını elə qoruyardı, sanki sehrli, qeyri-adi gücü varmış bu geyimin. Hələ bir dəfə də olsun görmədik o, hərbi geyimdə yemək masası arxasına keçsin. Dəfn mərasiminə, dəfndən sonra gələn yoldaşları, əsgərləri onun haqqında o qədər xoş sözlər söylədilər ki... Ata üçün bundan yaxşı nə olardı?! Özündən kiçik silahdaşlarına, əsgərlərinə böyük qardaş kimi həmişə düz yol göstərib Sadiq. Duzlu-məzəli söhbətləri ilə onların qəlbini də fəth edib. Oğlum dronlarla düşmənin canına qorxu salan qorxmaz, igid hərbçi olub. Biz çox sonralar bilmişik ki, o, Aprel döyüşlərində də iştirak edib. Hər dəfə deyərdi ki, mən hərbçiyəm, gec-tez biz torpaqlarımızı azad etməliyik, müharibədə isə hər şey ola bilər. Elə bil bizi hazırlayırdı bir gün alacağımız bu acı xəbərə... Sadiq kimi bir igidin şəhid xəbəri belimizi büksə də, yaşayırıq. Təsəllimiz “Vətən sağ olsun!” kəlməsidir.

Sadiq ailəsinə, övladlarına bağlı olub. İlk övladı, qızı Səbinə deyir:

- Atamı çox sevirdik. Vaxtı olmasa da, bizim istəklərimizi yerinə yetirərdi. Həmişə deyərdi ki, ananıza qulaq asın, dərslərinizi yaxşı öyrənin. Sonuncu dəfə şəhidliyindən bir neçə gün əvvəl danışmışdım atamla. Yenə də “dərslərinizi yaxşı oxuyun, əlavə kitabları çox oxuyun. Ananızı incitməyin” dedi... İnana bilmirəm, bir daha onu görməyəcəyik...

Həyat yoldaşı Pərvanənin söylədikləri Sadiqi gözümüzdə bir ata, bir həyat yoldaşı kimi daha da ucaltdı:

- Bir-birimizi sevərək evlənmişdik... Toyumuza lap az qalırdı. Soruşdum ki, toy günü nə geyinəcəksən? Yeni kostyum almaq lazımdır. Dedi ki, arxayın ol, mən seçmişəm paltarımı. Ağlıma gəlməzdi ki, o, toyuna hərbi geyimdə gələcək. Parad kostyumunu geymişdi. Qoluna girib məclisə daxil olanda qonaqların heyran baxışları gözümdən yayınmadı... Sadiq hər qərarımı hörmətlə qarşılayırdı. Uşaqların tərbiyəsini mənə həvalə etmişdi. Onsuz çətin olsa da, əmanətlərini göz bəbəyim kimi qoruyacam. Atalarının istədiyi kimi böyüyəcək, təhsil alacaqlar. Üç balamı ataların müqəddəs ruhu ilə böyüdürəm...

Sadiq Məmmədov qısa və şərəfli bir ömür yaşadı. Azərbaycan Ordusunun zabiti şərəfini hər şeydən uca tutan polkovnik-leytenantın xidmətləri fəxri fərmanlarla, ordenlərlə, medallarla qiymətləndirilib. Onun sinəsini Azərbaycan Silahlı Qüvvələrinin yubiley medalları, “Qüsursuz xidmətinə görə” 2-ci və 3-cü dərəcəli medallar bəzəyirdi.

Azərbaycan Ordusunun polkovnik-leytenantı Sadiq Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 24-də Xocavənd uğrunda gedən döyüşdə şəhid olub. Doğma Qax şəhərində, Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyü naminə döyüşlərdə igidlik göstərdiyi və hərbi vəzifəsini ləyaqətlə yerinə yetirdiyinə görə Sadiq Məmmədov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “Azərbaycan bayrağı ordeni”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

...Şəhid polkovnik-leytenant Sadiq Məmmədovun iki oğlu - Sənan və Kənan gələcəyin əsgərləridir. Kim bilir, bəlkə bir gün bu oğullardan biri atalarının general olmaq arzusunu gerçəkləşdirəcəkdir. Ataların yolu oğulların yoludur.

 

Xavər ƏFƏNDİYEVA,

Qax rayonunda çıxan “Şəlalə” qəzetinin redaktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video