27 Yanvar 2022 00:22
1185
İQTİSADİYYAT
A- A+

Aqrar Sığorta Fondu nar bağlarının sığortasına başlayıb

 

Azərbaycanda dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə nar bağlarının sığortası başlayıb.

Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildiriblər ki, 2021-ci ilin dekabrında Nazirlər Kabinetinin müvafiq qərarı ilə aqrar sığota edilən bitkilərin sayı 14-dən 41-ə qaldırılıb. Digər meyvələrlə yanaşı, nar da aqrar sığorta edilən məhsulların siyahısına əlavə edilib.

Nar son illər ölkəmizdə ən çox sürətlə yayılan və fermerlərə böyük gəlir gətirən bitkilərdəndir.

Hazırda Azərbaycanda 22 min hektardan çox nar bağı var. Narın ən çox əkildiyi bölgələr Göyçay, Kürdəmir, Ağsu, Ucar, Hacıqabul, Saatlı, Sabirabad və digər bölgələrdir.

Nar ölkənin daxili tələbatını ödəməklə yanaşı, xaricə ən çox ixrac olunan məhsullardandır. 2021-ci ildə xaricə nar ixracı Azərbaycana 18 milyon dollardan artıq gəlir gətirib.

Nar bağlarının sığortalanması üzrə aqrar sığorta haqları bağın yerləşdiyi regiondan, məhsuldarlıq səviyyəsindən və məhsulun qiymətindən asılıdır. Ölkənin müxtəlif regionlarında narın baza zərfi üzrə sığorta tarifləri 1,62 faiz - 3,08 faiz arasında dəyişir.

Aqrar sığorta nar və digər meyvələri dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri və sair risklərdən qoruyur.

Misal. 1 hektar nar bağının sığortası: 1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı 80 sentner, 1 sentner məhsulun bazar qiyməti 60 manat olarsa, sahədən gözlənilən məhsulun ümumi dəyəri - sığorta məbləği 4 800 manat təşkil edir. Bu sahənin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 78-148 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını - 39-74 manatını, qalan hissəni isə dövlət ödəyir.

Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 4320 manat təşkil edir.

Əlavə sığorta haqqı ödəməklə meyvələri dolu riski nəticəsində yaranan keyfiyyət itkisi, şaxtavurma (donvurma), eləcə də bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin vurduğu zərərdən də sığortalamaq olar.

Nar bağlarının aqrar sığortasına başlanması iş adamlarının və fermerlərin məhsullarını və gəlirlərini qorumaqla yanaşı, bu sahədə biznesin dayanıqlı olmasına töhfə verəcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, nar ilə yanaşı, xurma, alma, armud, alça, albalı, gilas, ərik, şaftalı (nektarin), çiyələk, gavalı və heyva bağlarını da aqrar sığorta vasitəsilə sığortalamaq mümkündür.

Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik məhsulları” bölməsində ətraflı tanış olmaq mümkündür.

Əlavə məlumatları Aqrar Sığorta Fondunun sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video