09 İyun 2026 08:15
188
İQTİSADİYYAT
A- A+
Aqrar sahə ikinci "yaşıl inqilab"ın astanasında

Aqrar sahə ikinci "yaşıl inqilab"ın astanasında


Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı verdiyi tapşırıq və tövsiyələr ölkənin aqrar sektoru ilə əlaqəsi olan hər kəs üçün fəaliyyət proqramıdır.

Dövlətimizin başçısı çıxışında demişdir: "Kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Müxtəlif güzəştlər verilir, o cümlədən gübrə, yanacaq güzəştləri. Deyə bilərəm ki, bu da dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir".

Azərbaycanda kənd təsərrüfatının modernləşdirilməsi istiqamətində mühüm addımlar atılır. "Ağıllı kənd" layihələri, müasir suvarma sistemləri və rəqəmsal texnologiyaların tətbiqi, çoxçeşidli subsidiyaların ayrılması aqrar sahənin inkişafına güclü təkan verir. Xüsusən Qarabağ və Şərqi Zəngəzur bölgələrində "ağıllı kənd" konsepsiyasının tətbiqi ikinci "yaşıl inqilab"ın elementləri kimi qiymətləndirilə bilər.

Məlumdur ki, kənd təsərrüfatı insan həyatının əsas dayaqlarındandır. Əhalinin sürətlə artması, iqlim dəyişiklikləri, su ehtiyatlarının azalması və ərzaq təhlükəsizliyi problemləri kənd təsərrüfatında yeni yanaşmaların tətbiqini zəruri etmişdir. Düzdür, XX əsrin ortalarında baş vermiş "yaşıl inqilab" dünyada ərzaq çatışmazlığının qarşısını almaqda mühüm rol oynadı. Lakin zaman keçdikcə yeni problemlər ortaya çıxdı və daha dayanıqlı, müasir texnologiyalara əsaslanan yeni mərhələ - ikinci "yaşıl inqilab" anlayışı formalaşdı.

Birinci "yaşıl inqilab" 1940-1970-ci illər arasında əsasən Asiya və Latın Amerikası ölkələrində həyata keçirilmiş kənd təsərrüfatı yenilikləri proqramı idi. Bu dövrdə yüksək məhsuldar toxum növləri yaradıldı, kimyəvi gübrə və pestisidlərdən istifadə genişləndi, suvarma sistemləri inkişaf etdirildi, kənd təsərrüfatı texnikaları tətbiq olundu. Bu dəyişikliklər nəticəsində buğda, düyü və qarğıdalı istehsalı əhəmiyyətli dərəcədə artdı, Hindistan və Meksikada aclıq təhlükəsinin azalmasına böyük təsir göstərdi. İkinci "yaşıl inqilab" kənd təsərrüfatında yalnız məhsuldarlığın artırılmasını deyil, həm də ekoloji tarazlığın qorunmasını, resurslardan səmərəli istifadəni və davamlı inkişafı hədəfləyir. Bu mərhələdə əsas rol müasir texnologiyalara və innovasiyalara verilir. İkinci "yaşıl inqilab"ın əsas xüsusiyyətləri aşağıdakılardır: 

1. Rəqəmsal kənd təsərrüfatı: süni intellekt, peyk görüntüləri, dronlar və sensor sistemləri vasitəsilə torpağın vəziyyəti, rütubət səviyyəsi və məhsulun inkişafı izlənilir. Bu texnologiyalar fermerlərə daha dəqiq qərarlar verməyə kömək edir. 

2. Biotexnologiya və gen mühəndisliyi: yeni bitki növləri yaradılaraq quraqlığa, xəstəliklərə və zərərvericilərə davamlı məhsullar əldə edilir. Bu isə həm məhsuldarlığı artırır, həm də kimyəvi maddələrdən istifadənin azalmasına şərait yaradır. 

3. Su ehtiyatlarından səmərəli istifadə: damcı suvarma və "ağıllı suvarma" sistemləri vasitəsilə su itkisi minimuma endirilir. Bu, xüsusilə su çatışmazlığı olan bölgələr üçün böyük əhəmiyyət daşıyır. 

4. Ekoloji davamlılıq: ikinci "yaşıl inqilab" torpaq eroziyasının qarşısının alınması, kimyəvi çirklənmənin azaldılması və biomüxtəlifliyin qorunması kimi məsələlərə xüsusi diqqət yetirir. 

5. Aqrar innovasiyalar və startaplar: müasir dövrdə kənd təsərrüfatında fəaliyyət göstərən texnologiya şirkətləri yeni həllər təqdim edir. "Ağıllı istixana"lar, avtomatlaşdırılmış texnikalar və robot sistemləri istehsal prosesini daha effektiv edir.

İkinci "yaşıl inqilab"ın bir sıra mühüm üstünlükləri var: ərzaq istehsalının artması, kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsi, su və enerji resurslarına qənaət, ekoloji problemlərin azalması, fermerlərin gəlirlərinin artması, kənd yerlərində innovativ məşğulluğun yaranması. Bununla yanaşı, bəzi problemlər də mövcuddur: yüksək texnologiyaların baha olması, kiçik fermerlərin bu texnologiyalara çıxış imkanlarının məhdudluğu, geni dəyişdirilmiş məhsullarla bağlı narahatlıqlar, texnologiyadan həddindən artıq asılılıq.

Artıq kənd təsərrüfatında analoji dövr başa çatmış, sahə rəqəmsal erasına qədəm qoymuşdur. "Goldman Sachs" şirkətinin proqnozlarına görə, yeni nəsil texnologiyaların tətbiqi 2050-ci ilə qədər dünyada kənd təsərrüfatının məhsuldarlığını 70 faiz artırmağa imkan verəcək.

Ən az İT (informasiya texnologiyası) ilə əlaqəli sahə hesab edilən kənd təsərrüfatına artıq məlumatlar daxil olmağa başlamışdır. Bu məlumatlarla birlikdə BigData, DataScience, riyaziyyat, analitika, robototexnika və süni intellekt sahəsində mütəxəssislərə olan tələbat da artmaqdadır. Ümumiyyətlə, kənd təsərrüfatı proseslərinin maksimum dərəcədə rəqəmsallaşdırılması və avtomatlaşdırılması dünyanın aparıcı aqrar-sənaye və maşınqayırma şirkətlərinin inkişaf strategiyalarında şüurlu bir zərurət kimi yer almaqdadır. 

2010-cu ilə qədər dünyada kənd təsərrüfatı sahəsində yüksək texnologiyalarla məşğul olan şirkətlərin sayı 20-dən çox deyildi. Lakin 2013-2016-cı illər ərzində investorlar artıq 1300-dən çox yeni texnoloji startapa ümumilikdə 11 milyard dollardan çox sərmayə yatırmışlar. Nəticədə yeni bir investisiya seqmenti AgroTech (Aqrotexnologiyalar) formalaşmışdır və bu seqment 2014-cü ildə FinTech (Maliyyə texnologiyaları) sahəsini geridə qoymuşdur. Bununla yanaşı, ABŞ-dən başqa Kanada, Hindistan, Çin və İsrail də bu sahədə ciddi aktivlik göstərmişdir.

Kənd təsərrüfatı məhsullarının dəyər zəncirinin uzun olması və sahədə hələ də həllini tapmamış, lakin İT və avtomatlaşdırma vasitəsilə həll edilə biləcək çoxsaylı problemlərin mövcudluğu bu sahənin investisiya baxımından cəlbediciliyini əsaslandıran mühüm amillərdən biridir. Kənd təsərrüfatında əlavə dəyər zənciri iştirakçıların mürəkkəb strukturu ilə xarakterizə olunur və daha çox üfüqi xarakter daşıyır. Bundan əlavə, müxtəlif növ bitkilər və məhsullar özünəməxsus və çox zaman parçalanmış tədarük zəncirini formalaşdırır.

Kənd təsərrüfatı istehsalı ən həssas biznes sahələrindən biridir. Çünki hava şəraiti və təbii hadisələrdən ciddi şəkildə asılıdır. Ənənəvi istehsaldan fərqli olaraq, kənd təsərrüfatında bütün biznes proseslərini əvvəlcədən strukturlaşdırmaq mümkün deyil. Standart becərmə cədvəlləri (ümumi suvarma, gübrələmə, kimyəvi işləmə) yerli xüsusiyyətləri və təbii dəyişkənliyi nəzərə almır və bu da resursların artıq sərf edilməsinə və ya vaxtında aşkarlanmayacaq problemlərə səbəb olur. Quraqlıq və ya artıq rütubət, gübrələrin çatışmazlığı və ya normadan artıq olması, alaq otları, xəstəliklər və zərərvericilər dərhal müdaxilə tələb edir. Bitki xəstəliklərinin yayılması gözlənilmədən baş verə bilər və səbəbini müəyyənləşdirmək hər zaman asan olmur. Xəstəliyin gec aşkar olunması və düzgün idarə edilməməsi isə məhsulun bir hissəsinin itirilməsinə səbəb ola bilər.

Mövsüm ərzində fermer 40-dan çox müxtəlif qərar qəbul etməlidir: hansı toxumları əkəcəyini, nə zaman əkəcəyini, onları necə becərəcəyini, xəstələnmiş bitkini nə ilə müalicə edəcəyini və s. Qərar qəbuletmə üçün informasiya çatışmazlığı səbəbindən əkin, becərmə və bitkilərə qulluq proseslərində məhsulun 40 faizə qədəri itirilir. Məhsul yığımı, saxlanması və daşınması zamanı isə əlavə olaraq daha 40 faiz itki baş verir. Alimlərin müəyyən etdiyinə görə, bu itkilərin əsas səbəbi təkcə hava şəraiti deyil. Bu gün itkilərə təsir edən amillərin üçdəikisini avtomatlaşdırılmış idarəetmə sistemləri (Hi-Tech Management) vasitəsilə nəzarətdə saxlamaq mümkündür.

İT-nin vəzifəsi istehsal dövrünün bütün mərhələlərinin maksimum avtomatlaşdırılmasıdır ki, bu da itkilərin azaldılmasına, biznesin məhsuldarlığının artırılmasına və resursların optimal idarə olunmasına imkan verir. Lakin bu halda da nəticə yalnız məhsul yığmağa hazır bitkilərə və ya heyvanlara aiddir, amma gəlirin əldə olunmasına zəmanət vermir, çünki məhsulun hələ yığılması, saxlanması, ilkin emalı və alıcıya-istehlakçıya çatdırılması tələb olunur. Daha dərin avtomatlaşdırma daha yüksək səviyyədə rəqəmsal inteqrasiyanı nəzərdə tutur ki, bu da biznesdə mürəkkəb təşkilati dəyişiklikləri əhatə edir. Lakin bu dəyişikliklərin həyata keçirilməsi gəlir və məhsulun, eləcə də şirkətin rəqabət qabiliyyətinə köklü təsir göstərə bilər. Alınan məlumatların müxtəlif intellektual İT tətbiqləri ilə inteqrasiyası onların real vaxt rejimində emalını təmin etməklə fermer üçün qərar qəbulunda inqilabi dəyişiklik yaradır. Bu, çoxsaylı amillərin analizinin nəticələrini təqdim və gələcək addımlar üçün əsaslandırmanı təmin edir. Eyni zamanda şəbəkəyə daha çox sayda sensor, detektor və sahə nəzarətçisi qoşulduqca, məlumat mübadiləsi etdikcə informasiya sistemi daha ağıllı olur və istifadəçiyə daha faydalı məlumatlar təqdim etmək imkanı qazanır. Beləliklə, ilk dəfə olaraq fermer təbii amilləri nəzarətdə saxlamaq, dəqiq biznes prosesləri layihələndirmək və həmçinin nəticəni riyazi dəqiqliklə proqnozlaşdırmaq imkanına malik olur.

Heyvandarlıq sahəsində də çoxsaylı dəyişikliklər baş verir. Heyvandarlıq dövrünün uzunluğunu nəzərə alaraq genişləndirilmiş istehsal göstəricilərinin qabaqcıl təhlili sistemləri hazırlanır və tətbiq olunur. Bu, istehsal prosesinin insident əsaslı idarə edilməsindən proaktiv idarəetməyə keçid imkanı yaradır.

Beləliklə, ikinci "yaşıl inqilab" müasir dünyanın ərzaq təhlükəsizliyi və ekoloji problemlərinə cavab verən mühüm inkişaf mərhələsidir. Bu inqilab yalnız məhsuldarlığın artırılmasını deyil, həm də təbiətin qorunmasını və davamlı inkişafı əsas məqsəd hesab edir. Gələcəkdə texnologiyanın daha da inkişaf etməsi kənd təsərrüfatında yeni imkanlar yaradacaq və insanların həyat keyfiyyətinin yüksəlməsinə töhfə verəcək.

Əgər elm, innovasiya və fermer təhsili paralel inkişaf etsə, Azərbaycan da bu mərhələdə yalnız iştirakçı deyil, bəzi sahələrdə nümunə göstərən ölkələrdən birinə çevrilə bilər. 


Həsənəli ASLANOV, 

ADAU-nun kafedra müdiri, aqrar elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Oğlum Rəvanın qəhrəmanlığı ilə həmişə fəxr edəcəyəm"

09:10
09 İyun

8 oğul, 8 kəşfiyyatçı, 8 qəhrəman

09:05
09 İyun

Çatbotların zəif tərəfi

09:03
09 İyun

İqlim gündəmi, regional tranzit və dəyişən əməkdaşlıq xəritəsi

09:00
09 İyun

Mətbuatımızın incə, gözəl, zərif səhifələri - "Evraqi-nəfisə"

08:55
09 İyun

Qusar bağçılığın intensive inkişaf etdiyi bölgədir

08:50
09 İyun

FHN Akademiyasının əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

08:45
09 İyun

Cəlilabadda maarifləndirici bir ənənənin təməli qoyulub

08:43
09 İyun

Yerlərdə kənd təsərrüfatı məsələlərinə həsr olunan tədbirlər keçirilib

08:40
09 İyun

Yeni "orta güc" aktoru

08:37
09 İyun

Müasir dünya nizamında Azərbaycan reallığı

08:35
09 İyun

Erməni xalqının seçimi - "böyük" yox, real Hayastan

08:30
09 İyun

CNN-nin qərəzi

08:25
09 İyun

"Real Ermənistan" xəstə təfəkkürə qalib gəldi

08:20
09 İyun

Aqrar sahə ikinci "yaşıl inqilab"ın astanasında

08:15
09 İyun

Azərbaycanın "yaşıl inkişaf", ekoloji məsuliyyət və dayanıqlı gələcək yolu

08:10
09 İyun

Qurtuluş missiyasının başlandığı gün

08:05
09 İyun

İRADƏ MÖHKƏM OLANDA

08:00
09 İyun

R.M.Fətəliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

00:21
09 İyun

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 2015-ci il 23 iyul tarixli 571 nömrəli, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli və "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:20
09 İyun

Azercell abunəçilərinin nəzərinə

00:19
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!