Dərdli ana damarları çıxmış əlini gözünün üstünə qoyub göylərə baxır. Sanki ağ buluda dönüb göylərə çəkilmiş oğlunun səmada ruhunu axtarır. Bizə elə gəlir ki, beş il əvvəl oğlu Cəmillə bərabər sevincini, arzusunu, ümidini də dəfn edib bu arıq, çəlimsiz ana.
Özümüzü toparlayıb söhbətə haradan başlayacağımızı düşünərkən, o bizi qabaqlayır. Dərd ortağını, ömür-gün yoldaşını səsləyir:
- Habil, Cəmilimin qonaqları gəlib, bayıra çıxsana...
Evin harasına baxsan, şəhidin şəklini görürsən. Arzu dolu, sevgi dolu gülümsər baxışlar adamın düz gözünün içinə tuşlanır. İndi bu sakit, susqun otağı Cəmilin əşyaları - telefonu, saatı, dəftər-kitabı bəzəyir. Elə bil bu dilsiz-ağızsız əşyalar da onları tərk edib bir də geri qayıtmayacaq sahibindən küsüblər.
Cəmilin hekayəsi minlərlə gənc azərbaycanlının Vətən sevgisini, torpaq eşqini və azadlıq uğrunda canından keçmək qətiyyətini özündə əxz edir. Söhbətə Aygün xanım körpü salır:
- Cəmilim çox vətənpərvər bala idi. Şəhidliyə gedən yolu da balam özü seçdiyi üçün dözürəm. Uşaqlıqdan özünü müharibəyə, döyüşə hazırlayırdı. İdmanla məşğul olurdu. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məktəblərarası güllə atıcılığı üzrə "Mahir nişançı" turnirində III yerə çıxmışdı.
Haqqında bəhs etdiyimiz şəhid Cəmil Habil oğlu Məmmədli 28 iyul 1999-cu ildə İsmayıllıda dünyaya göz açıb. Bakıda orta məktəbi başa vurduqdan sonra Cəmil Məmmədli Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsində materialşünaslıq ixtisası üzrə ali təhsil alıb. 2020-ci ilin iyulunda universiteti bitirən kimi hərbi xidmətə yollanır. Cəmi iki ay sonra - Vətən müharibəsi başlayanda o, könüllü ön cəbhəyə getmək üçün komandanlığa müraciət edir. Füzulinin işğal altında olan torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edir.
Ananın başladığı söhbəti gözləri göz yaşında gizlənən ata davam etdirir:
- Cəmilin döyüş yoldaşları tez-tez bizə baş çəkirlər, qəhrəmanlığından söz açırlar. Onda təsəlli tapıram ki, igid oğul böyütmüşük. Torpaqlarımızın işğaldan azad olunmasında oğlumun da payı var. Cəmil öndə gedən igidlərimizdən olub. Hər kəs bilir ki, "atıcı Cəmil" mahir nişançı olub. Oktyabrın 14-dən 15-nə keçən gecə Hadrut istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Nə edə bilərik? Bu bir qismət, bir taledir.
Göz yaşına hakim ola bilməyən şəhid atası hıçqıraraq fikrini belə yekunlaşdırır: "Oğlum cəbhəyə getməsəydi, xəcalətdən ölərdik. Vətən yolunda bu qədər igidimiz can verərkən oğlum evdə qala bilməzdi. Biz onu halal böyütmüşdük. Vətənə, insanlara sevgi ilə böyütmüşdük. İndi bizi yaşadan da onun qəhrəmanlığıdır".
Bu yerdə Aygün xanım susa bilmir:
- Cəmilin nəşi oktyabrın 15-də bayrağımıza bükülüb gətirilmişdi. Oğlum İsmayıllıdakı Şəhidlər xiyabanında izdihamla torpağa tapşırıldı. Hər dəfə göylərə baxanda mənə elə gəlir ki, Cəmilin səsini eşidirəm. Elə bil oğlum mənə deyir ki, ana, ağlama, məğrur ol, biz bu Vətəni qoruduq, qələbəmizlə bu torpaqlara əbədi olaraq sülh gətirdik.
İndi Cəmil Məmmədlinin adı şəhidlər sırasında, ruhu isə azad Azərbaycan səmasında yaşayır. Bacısı dünyaya gələn körpəsinə qardaşının adını verib. Aygün xanım deyir ki, kiçik Cəmilimiz dayısına çox bənzəyir: "Nəvəmin başını qatmaq üçün ona oyuncaq silahlar yox, musiqi alətləri alırıq. Qoy bütün Azərbaycandan, eləcə də dünyamızdan həmişə musiqi səsi gəlsin, göy üzünü ölüm saçan silahlar yox, sülh göyərçinləri bəzəsin, analar gözü yaşlı qalmasın, övladları ilə birlikdə arzularını da dəfn etməsinlər.
Cəmil Məmmədlinin torpaqlarımızın azad olunması uğrunda göstərdiyi igidlik dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Cəmil Məmmədli ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
İllər, əsrlər keçəcək. Bu dünyaya Cəmil adlı minlərlə oğul gələcək. Onlar Qarabağın azadlığı uğrunda canını fəda etmiş şəhidin adını daşıdıqları üçün qürur duyacaq, Cəmil Məmmədlinin xatirəsini hörmətlə yad edəcəklər. Çünki Cəmil təkcə bir ailənin deyil, bir xalqın oğludur. O, Vətənin azadlığı, torpağın bütövlüyü, xalqın sabahı üçün canını qurban verdi, adı igidlik, vətənpərvərlik, mərdlik simvoluna çevrildi.
Bu torpaqda hər bahar yenidən açan çiçəklər kimi, Cəmilin xatirəsi də heç vaxt solmayacaq. O, xalqın yaddaşında əbədi yaşayacaq, çünki Vətən üçün canından keçənlər ölmürlər, onlar Vətənin ruhuna çevrilirlər.
Elşən QƏNİYEV,
İlham BABAYEV (foto),
"Azərbaycan"