26 Yanvar 2022 17:06
918
SİYASƏT
A- A+

Amerika Yəhudi Komitəsi: Azərbaycan bizim dostumuz və strateji tərəfdaşımızdır

 

Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris özünün tviter səhifəsində Azərbaycana səfəri ilə bağlı video paylaşıb. O, Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportundan videomüraciət hazırlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə israilli jurnalist Rahel Avraam beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri Arye Qutun nüfuzlu “The Jewish Press” Amerika-İsrail media platformasına verdiyi müsahibənin ön sözündə yazır.

Devid Harris öz paylaşımında Azərbaycana çoxsaylı səfərlərini xatırladaraq deyib ki, “Odlar Yurdu” bir çox cəhətdən gözəldir. Amerika Yəhudi Komitəsinin icraçı direktoru vurğulayıb ki, Cənubi Qafqazda, Xəzər dənizinin sahilində, Rusiya, İran, Gürcüstan və Ermənistanla sərhəddə yerləşən Azərbaycan bütün dünya üçün qlobal əhəmiyyət kəsb edir.

O deyib: “Azərbaycan bizim üçün regional və qlobal əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın yəhudi icması üçün də mühümdür. Yəhudilərin bu ərazilərdə artıq 2500 ildir yaşamalarına baxmayaraq, onlar heç vaxt antisemitizmlə qarşılaşmayıblar”.

Devis Harris bildirib ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı yəhudilərlə uzun illər boyu görüşüb. O deyib: “Onların hər birinin xarakterində ümumi cəhət Azərbaycana bağlılıq, səmimi sevgi və vətənpərvərlik olub. Əhalisinin əksəriyyəti müsəlman olan ölkədə yəhudilər bir ailə kimi mehriban şəraitdə yaşayırlar. Azərbaycan İsrail Dövləti üçün də əhəmiyyətlidir. Bizim aramızda yaxın və səmimi diplomatik münasibətlər mövcuddur. İki ölkə arasında münasibətlər hərtərəfli, dərin, strateji tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycan strateji əhəmiyyət, coğrafi yerləşmə, enerji ehtiyatlarının zənginliyi, ABŞ ilə münasibətlər, İsrail ilə əməkdaşlıq, dini dözümlülük və yəhudi xalqına hörmət baxımından böyük əhəmiyyət kəsb edir”.

Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut qeyd edib ki, Azərbaycan bu gün sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoqun əsl nümunəsidir. Ekspert vurğulayıb ki, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycan bir sıra digər etnik və dini qruplar üçün də doğma evdir. Arye Qut deyib: “Milli azlıqlara hörmət və dözümlülük “İpək yolu” dövrü başlanandan müasir dövrədək əhəmiyyətli rol oynayıb. Hələ XX əsrin əvvəlində Avropa dövlətlərindən əvvəl, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara səsvermə hüququ verilib. Bu hökumətdə, həmçinin milli azlıqların nümayəndələri də təmsil olunurdu ki, bu da həmin dövlətdə tolerantlığın göstəricisi idi. Həmin dövrdə də, sonrakı illərdə də Azərbaycan hökumətində digər millətlərin nümayəndələri ilə yanaşı, ermənilər, yəhudilər təmsil olunurdu. Bir çox Avropa ölkələrindən fərqli olaraq, nə azərbaycanlılar yəhudilərə, nə yəhudilər azərbaycanlılara heç vaxt xəyanət etməyiblər. İkinci Dünya müharibəsi illərində azərbaycanlılar hər cür mümkün və qeyri-mümkün yollarla 50 min Avropa yəhudisini faşist soyqırımından xilas ediblər”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən həftənin sonunda Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris başda olmaqla nümayəndə heyətini qəbul edib.

Qod Nisanov, German Zaxaryayev və Zarax İliyev başda olmaqla STMEGI yəhudi təşkilatı da İkinci Qarabağ müharibəsində Quba-Qusar zonasından olan şəhidlərin ailələrinə bu yaxınlarda xeyli köməklik göstərib.

Arye Qut İkinci Qarabağ müharibəsindən danışaraq deyib: “Ermənistan tam geosiyasi və hərbi fiaskoya uğrayıb. “Şöhrət qazanmış erməni ordusu”nun imici 44 gün ərzində darmadağın edildi, bu işğalçı ordu tamamilə parçalandı. “Mən işğaldan azad edilmiş ərazilərdə olmuşam. İlk andan məndə belə bir hiss var idi ki, işğalçı erməni ordusu azad edilmiş bu ərazilərdə yandırılmış torpaq taktikasını həyata keçirib. Praktiki olaraq, işğaldan azad edilən bütün ərazilərdə nə bir ev, nə bir uşaq bağçası və ya məktəb, nə də bir kitabxana və muzey yox idi. Bütün bu 27 il ərzində işğalçı erməni ordusu talançılıq və vandalizmlə məşğul olaraq Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan kimi gözəl şəhərləri yer üzündən silib”.

“Bu gün vaxtilə küçələrin və evlərin, məktəblərin və muzeylərin olduğu yerdə mən indi yalnız işğalçı erməni ordusunun yandırdığı qapı dirəklərini və sütunlarını, sökülmüş pəncərə çərçivələrini gördüm. Bütün xarabalıqlarda ağaclar bitib. “Əgər ermənilər bu torpaqları özününkü adlandırırlarsa, o halda niyə bu ərazilər kabus-şəhər kimi görünür, niyə onlar bu şəhərlərdə saysız-hesabsız minaları və tanklar üçün tunelləri qoyub gediblər, görəsən ermənilərdə Vətən belə kabus görünürmü?”, - deyə Arye Qut ritorik sualla müraciət edir.

Cənubi Qafqaz üzrə ekspert Arye Qut qeyd edib ki, Azərbaycan və onun rəhbərliyi bir ildir özlərini çox müdrik və praqmatik aparırlar. Regiondakı bütün ölkələrdə başa düşürlər ki, Azərbaycan özünü qalib dövlət kimi aparır. Bütün dünya birliyi şəxsən Prezident İlham Əliyevin, cəsur Azərbaycan əsgər və zabitinin, Azərbaycan xalqının diplomatik, hərbi, siyasi, mənəvi və texnoloji qələbəsinin real şahidinə çevrildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video