02 Iyun 2022 15:51
454
Milli Məclis

Adil Əliyev: Azərbaycanın Müstəqillik Günü “Ağıllı kənd”də və “Teknofest”də qeyd edilib 

 

Azərbaycanın Müstəqillik Günü bir sıra əlamətdar tədbirlərlə yadda qalıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsinin açılış mərasimində iştirak edib və keçmiş məcburi köçkünlər – Ağalı kənd sakinləri ilə görüşüb. “Ağıllı kənd” layihəsinin açılışı 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın başlaması deməkdir.

“Ağıllı kənd” layihəsi dünyada mövcud olan ən son və inkişaf etmiş texnologiyalar əsasında inşa edilib. Bu, 4-cü sənaye inqilabının nailiyyətlərinin Azərbaycanda, xüsusən də işğaldan azad edilmiş torpaqlarımızda geniş tətbiq edildiyini göstərir. Dördüncü sənaye inqilabı fiziki, rəqəmsal və bioloji sahələrin bir araya gətirilməsini özündə ehtiva edir. Bu baxımdan Zəngilanın Prezident İlham Əliyevin tövsiyəsi ilə park-şəhər konsepsiyası əsasında yenidən qurulması önəmlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.

O bildirib ki, “Ağıllı kənd”də sakinlərin rahat yaşaması üçün bütün lazımı infrastruktur, o cümlədən məktəb, uşaq bağçası, tibb məntəqəsi, ASAN xidmət, DOST mərkəzi, məşğulluğun təmin edilməsi, kiçik və orta biznesin dəstəklənməsi üçün zəruri xidmətlər təşkil edilib.

“Prezident İlham Əliyev Ağalı kənd sakinləri ilə görüşdə bildirib ki, ötən il Müstəqillik Gününü - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümünü işğaldan azad edilmiş Ağdamda qeyd etmişdi, bu il isə Zəngilanda qeyd edir. Artıq Müstəqillik Gününün işğaldan azad edilmiş ərazilərimizdə qeyd edilməsi ənənəyə çevrilir. Bu da təbiidir. Çünki torpaqlarımızın işğaldan azad edilməsi müstəqilliyimizin daha da möhkəmlənməsi, tam bərqərar olması deməkdir. Prezident İlham Əliyev Ağalı kənd sakinlərinə bildirdi ki, Müstəqillik Günündə - mayın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak edəcək.

“Teknofest”də çıxış edən Prezident İlham Əliyev 104 il əvvəl Azərbaycan xalqının müsəlman aləmində ilk Xalq Cümhuriyyəti qurduğunu vurğulayıb. O, Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu qeyd edərək bildirdi ki, 44 günlük Vətən müharibəsinin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın yanında olduğunu dünyaya bəyan etməsi Azərbaycanın gücünə əlavə güc qatdı, ruh və inam verdi. Qeyd edilməlidir ki, Türk xalqı 104 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti qurulanda da Azərbaycanla idi, bu gün də. Elə 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakının və digər ərazilərimizin erməni daşnak və bolşevik işğalından azad edilməsində oynadığı misilsiz rol buna misaldır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın və Türkiyənin ürəklərinin və biləklərinin 1915-ci ildə Çanaqqalada, 1918-də Gəncə, Bakı və digər bölgələrimizdə bir olduğunu vurğuladı. Çox təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti iki ildən az yaşadı və süqut etdi. Amma Azərbaycan xalqı türk qardaşlarımızın ovaxtkı dəstəyini heç vaxt unutmadı. Məhz bu qardaşlığın nəticəsində imzalanmış tarixi Şuşa Bəyannaməsini xalqımız sevinclə qarşıladı. Şuşa Bəyannaməsi münasibətlərimizi rəsmən müttəfiqlik səviyyəsinə yüksəltdi”, - deyə Adil Əliyev vurğulayıb.

O qeyd edib ki, bu müttəfiqlik özünü siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu, texnologiya və digər müxtəlif sahələrdə göstərir. “Teknofest”in Azərbaycanda keçirilməsi də müttəfiqlik və qardaşlıq münasibətlərinin inkişafının bir təzahürüdür.

Festivalın təşkilatçısının “Bayraktar” PUA-larının ixtiraçısı Səlcuk Bayraktar olduğunu diqqətə çatdıran Milli Məclis sədrinin müavini deyib: “Azərbaycan “Bayraktar” PUA-larını İkinci Qarabağ müharibəsində uğurla tətbiq edib. “TEKNOFEST Azərbaycan”da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səlcuk Bayraktarla yanaşı, türk dünyasının böyük alimi, Nobel mükafatı laureatı Əziz Səncər də iştirak edirdi. Prezident İlham Əliyev gənclərimizi onlardan nümunə götürməyə, onlar kimi olmağa çağırdı. Beləliklə, “Teknofest” ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kimi xarakterizə etdiyi münasibətlərimizin daha bir parlaq təcəssümünə çevrildi”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video