27 Noyabr 2021 01:29
509
İQTİSADİYYAT
A- A+

ACE layihəsi  neft gəlirlərimizi artıracaq

 

Layihə eyni zamanda ölkəmizin yaratdığı tərəfdaşlıq formatını yeni müstəviyə qaldırır

 

2017-ci il sentyabrın 14-də AÇG-nin (“Azəri-Çıraq-Günəşli”)  birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalandı və bu sənəd “Yeni əsrin müqaviləsi” adını aldı.

Bu sazişə əsasən, 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin müddəti  2050-ci ilədək uzadılıb. Bu o deməkdir ki, növbəti illərdə çıxarılacaq neftdən gələn gəlirlər ölkəmizin maddi imkanlarının genişlənməsinə daha bir təkan verəcək.

“Yeni əsrin müqaviləsi” çərçivəsində “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi  həyata keçirilir. Hazırda layihə üzrə bir neçə istiqamətdə iş aparılır. AÇG-nin operatoru olan bp şirkətinin məlumatına görə, COVID-19 pandemiyasının yaratdığı çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, işlər  vəziyyətə uyğunlaşdırılmaqla fasiləsiz  icra  edilir. O cümlədən yeni “Azəri Mərkəzi Şərqi” platforması tikilir.

Xatırladaq ki, AÇG potensialı böyük olan yataqlar blokudur. Xəzərin ölkəmizə məxsus sektorunda, sahildən təxminən 120 kilometr şərqdə yerləşən AÇG yataqları dünyanın ən zəngin neft mənbələrindəndir. “Çıraq”dan artıq 24  ildir neft hasil olunur. 2005-ci ildən “Azəri” yatağı da neft verməyə başlayıb. Qeyd edək  ki, “Azəri”nin özü üç hissədən - “Mərkəzi Azəri”, “Qərbi Azəri” və “Şərqi Azəri” yataqlarından ibarətdir. Bu da təbiətin Azərbaycana səxavətlə bəxş etdiyi  bir sərvətdir. “Günəşli”nin dayaz hissəsi sovet dönəmindən Azərbaycan neftçiləri tərəfindən istismar olunur. Dərinsulu hissəsi isə “Əsrin müqaviləsi”nin tərkibində işlənir. ACE layihəsinin həyata keçirilməsi AÇG yataqlar blokunun işlənməsinin yeni mərhələsidir.

Cari ilin əvvəlindən layihə çərçivəsində işlər xeyli irəliləyib. Qalan iri avadanlıq yüklərinin və irihəcmli materialların əksəriyyəti  üçüncü rüb ərzində Bakıya çatdırılıb. Son dörd iri avadanlıq dəstinin gətirilməsi ilin dördüncü rübünə planlaşdırılıb və bununla da layihə üzrə nəzərdə tutulmuş bütün avadanlıq daşımaları başa çatmış olacaq.

ACE platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində aparılır. Bunlar boru xətlərinin dikəldilməsi və hidrosınaqdan, kabellərin çəkilməsindən, üst göyərtənin son panelinin və qazma buruğunun aşağı hissəsinin quraşdırılmasından ibarətdir. Yaşayış modullarının hamısı artıq  göyərtənin üzərində quraşdırılıb və bunun ardınca modulların birləşdirilməsi və daxili montaj işlərinə başlanıb. Qazma qurğusunun mexaniki tamamlanması ilə bağlı təhvil işləri plan üzrə irəliləyib və qazma avadanlıqlarının istismar sınaq işlərinə  start verilib. İstismar sınaq işləri ilk olaraq  əsas dayaq dəsti və qazma dəsti modullarından başlanıb.

Dayaq blokunun tikintisi isə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) müxtəlif sahələrində gedir.  Mərkəzi dayaq çərçivəsinin yana oturdulması artıq yekunlaşıb, indi dayaq bloku qüllələrinin quraşdırılması işləri aparılır.

Sualtı qurğuların və birləşdirici dirsəklərin tikintisi də tamamlanmaq üzrədir. Dənizdə “Xankəndi” gəmisinin sualtı kəsişmələri qoruma panellərini quraşdırması ilə sualtı quraşdırma işlərinə keçid alınıb. Layihə eləcə də dənizdə aparılan digər quraşdırma işləri ilə də irəliləyir. Bunlara “Şərqi Azəri” platformasında ACE platformasının “Azəri” yatağındakı digər obyektlərdən elektrik enerjisi alması ilə enerji istehsalının optimallaşdırılmasına imkan verəcək işlər daxildir. Son aylarda  burada izolyasiyalı qazötürücü və işəsalma modulunun  quraşdırılması işləri görülüb.  

Bu ilin üçüncü rübünün sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 60 faiz tamamlanıb. Hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir və bunlara Azərbaycanda, Birləşmiş Krallıqda və Avropanın digər yerlərində  5500  insan cəlb olunub.  İşçilərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

Bu ilin noyabr ayında bp qrupunun baş icraçı direktoru Bernard Luni Azərbaycanda səfərdə olarkən keçirilən görüşlərdə “Azəri Mərkəzi Şərqi”  layihəsindən də ətraflı söhbət gedib. O cümlədən qeyd edilib ki, layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə edilməsi planlaşdırılır.

Beləliklə, AÇG-dən növbəti illərdə çıxarılacaq neftdən gələn gəlirlər ölkəmizin maddi imkanlarının genişlənməsinə daha bir təkan verəcək.  Yəni AÇG-nin əsrin ortasınadək ölkəmizə gətirdiyi iqtisadi mənfəətlər maksimuma çatdırılacaq. 2050-ci ilədək bu yataqlar blokuna 40 milyard dollardan artıq sərmayə qoyulması nəzərdə tutulur. Beynəlxalq tərəfdaşlar ARDNF-ə 3,6 milyard dollar bonus ödəyəcəklər. Yeni müqavilənin şərtləri Azərbaycanın və SOCAR-ın son illərdə artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, həm də xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını  göstərir, ölkəmizin yaratdığı tərəfdaşlıq formatını yeni müstəviyə qaldırır.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video