12 Yanvar 2022 00:22
1012
DÜNYA
A- A+

8 saatlıq görüşün nəticəsiz yekunu

 

ABŞ və Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı danışıqları uzanır

 

İsveçrənin Cenevrə şəhərində Rusiya və ABŞ nümayəndə heyətləri arasında təhlükəsizliyin və strateji sabitliyin təminatına dair danışıqlar başa çatıb.

Amerika nümayəndə heyətini ABŞ  Dövlət katibinin müavini Vendi Şerman, Rusiya Federasiyası nümayəndə heyətini xarici işlər nazirinin müavini Sergey Ryabkov təmsil ediblər.

Ümumilikdə iki ölkə rəsmiləri arasında diskussiya 8 saata yaxın davam edib. Danışıqlar ABŞ-ın BMT-nin Cenevrə bölməsinin nəzdində  daimi nümayəndəliyində jurnalistlərin iştirakı olmadan bağlı qapılar arxasında keçirilib.

 

Kremlin bəyanatı

 

Danışıqlardan sonra Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlər üçün brifinq keçirib. O, Cenevrədəki müzakirələri mürəkkəb, lakin çox peşəkar adlandırıb: “Bizdə belə təəssürat yaranıb ki, Amerika tərəfi Rusiya təkliflərinə çox ciddi yanaşıb, onları dərindən öyrənib. Biz isə, öz növbəmizdə, amerikalılara təkliflərimizin tam məntiqini və dolğun hissəsini təqdim etdik və izah etdik ki, NATO-nun genişlənməməsinə dair hüquqi zəmanətin əldə edilməsi mütləq imperativdir”.

Nazir müavininin dediyinə görə, bu məsələ ilə bağlı heç bir irəliləyiş əldə olunmayıb. “Qalan təhlükəsizlik məsələlərinin həlli bu məsələ ilə bağlı irəliləyişin olub-olmamasından asılıdır. Vurğulayırıq ki, bu, bizim üçün son dərəcə vacib məsələdir, Ukraynanın gələcəkdə heç vaxt NATO-nun tərkibinə daxil ola bilməməsi çox vacibdir”, - deyə Ryabkov bildirib.

Rusiya danışıqlarda amerikalı həmkarlarını əmin edib ki, Moskvanın Ukraynaya müdaxilə etmək planı yoxdur: “Biz həmkarlarımıza izah etdik ki, Ukraynaya heç bir hücum etmək niyyətimiz yoxdur və ola da bilməz. Qoşunların, qüvvələrin döyüş hazırlığı üzrə bütün tədbirlər isə öz ərazimizin daxilində həyata keçirilir və bu baxımdan gərgin ssenaridən ehtiyatlanmağa əsas yoxdur”.

Qonşu ölkənin əsas bəyanatları isə bunlardır - Rusiya Ukraynaya hücum etməyi planlaşdırmadığını ABŞ-a bildirib; Rusiya NATO-nun 1997-ci ildən sonra Alyansa daxil olmuş ölkələrdən imtina etməsini tələb edir; Rusiya Ukrayna və Gürcüstanın NATO-ya daxil olmayacağı ilə bağlı ciddi zəmanət istəyir; Rusiya NATO-nun Şərqə doğru genişlənməsindən imtina məsələsində irəliləyiş görməyib.

 

Ağ Evin şərti

 

Danışıqlarda ABŞ-ı təmsil etmiş dövlət katibinin müavini Vendi Şerman da Cenevrədə Rusiya ilə müzakirələrdən sonra jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, Rusiya da analoji addımlar atmağa hazır olsa, ABŞ Ukrayna sərhədləri yaxınlığında hərbi qulluqçuların və texnikanın yerləşdirilməsi ilə bağlı Moskva ilə gələcək danışıqlar üçün açıqdır.

Şermanın dediyinə görə, bu məsələlərin müzakirəsi Brüsseldə NATO - Rusiya Şurasının iclası çərçivəsində baş tuta bilər: “Biz Ukrayna olmadan Ukrayna, Avropa olmadan Avropa və NATO olmadan NATO haqqında qərar qəbul etməyəcəyik”.

ABŞ-ın digər bəyanatları isə belədir: ABŞ Rusiya ilə raketlərin yerləşdirilməsini və Avropada hərbi təlimləri müzakirə etməyə hazırdır; ABŞ öz müttəfiqləri və tərəfdaşları ilə məsləhətləşmələrə davam edəcək.

Qeyd edək ki, yanvarın 12-də - 2019-cu ilin sonundan bəri ilk dəfə Brüsseldə NATO-Rusiya Şurasının iclası keçiriləcək. Yanvarın 14-də isə Vyanada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Daimi Şurasının görüşündə tərəflər arasında məsləhətləşmələr nəzərdə tutulub.

 

Rizvan HİLALOGLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video