09 İyun 2026 09:05
135
CƏMİYYƏT
A- A+
8 oğul, 8 kəşfiyyatçı, 8 qəhrəman

8 oğul, 8 kəşfiyyatçı, 8 qəhrəman


Tarixdə heç nə unudulmur, heç nə yaddan çıxmır. Təəssüflər olsun ki, tarixin səhifələrinə hopub qalan hadisələrin heç də hamısı ürəkaçan, qəlboxşayan olmur. Bəzən kədərli səhifələrlə də qarşılaşırıq. Amma nə qədər kədərli olsa da, ona hörmətlə yanaşırıq, dərindən öyrənirik, tez-tez xatırlayıb yad edirik. Olanları, keçənləri heç vaxt unutmaq istəmirik. 

1997-ci il aprelin ilk günlərində Xocavənd istiqamətində düşmən arxasına keçən Azərbaycan Ordusunun 8 nəfərdən ibarət kəşfiyyat qrupunun göstərdiyi igidlik və qəhrəmanlıq tarix durduqca onun səhifələrində yaşayacaq. Zabit və əsgərlərimizin həmin əməliyyat zamanı göstərdikləri cəsarət və hünərlə bütün gələcək nəsillər fəxr edəcək, qürur duyacaqlar. Qəhrəmanlıqda, igidlikdə onlara oxşamağa çalışacaqlar.

Xidmətinə böyük məsuliyyətlə, qətiyyətlə yanaşan Azərbaycan Ordusunun kəşfiyyat qrupu diqqəti cəlb etmədən təmas xəttini keçərək düşmən mövqelərinin dərinliklərinə qədər gedib çıxmağı bacarmışdı. Artıq komandanlığın qarşıya qoyduğu döyüş tapşırığı uğurla yerinə yetirilmişdi. Axı onlar ilk dəfə deyildi ki, belə tapşırıqları icra edirdilər. İndiyə qədər bu cür çətin sınaqlardan çox  çıxmışdılar. Bütün işlər necə tapşırılmışdısa, o cür də qaydasına qoyulmuşdu. Artıq geri qayıtmaq olardı. Hazırlıq işləri başa çatdıqdan sonra kəşfiyyat qrupunun üzvləri qayıtmağa başladılar. Bir çox məntəqəni təhlükəsiz şəraitdə keçdilər. Getdikcə məsafə azalırdı, hərbçilərimiz yavaş-yavaş mövqelərimizə  yaxınlaşırdılar. Həmişəki kimi bu dəfə də əməliyyat uğurla yekunlaşacaq, əldə olunan məlumat lazımi yerə çatdırılacaqdı. 

Amma gözlənilmədən kəşfiyyatçılarımız ermənilərlə qarşılaşdılar. Hərbçilərimizi aşkarlayan işğalçılar vaxt itirmədən onları mühasirəyə almağa, əsir götürməyə çalışırdılar. Məqsədlərinə çatmaq üçün əməliyyata böyük qüvvə cəlb etmişlər. Mühasirə halqası qapanmağa az qalanda düşmən hərbçilərimizə təslim olmağı təklif etdi. Vətənə sədaqət andı içmiş cəsur zabit və əsgərlərimiz isə ondan imtina edərək düşmənlə döyüşə girdilər. Onlar yaxşı bilirdilər ki, bu qeyri-bərabər döyüşdə erməni işğalçılarına qalib gələ bilməyəcəklər. Çünki həm qüvvələri, həm də silah-sursatları az idi. Böyük qüvvə ilə kəşfiyyatçılarımız üzərinə hücuma keçən işğalçılar yaxınlaşanda cəsur hərbçilərimiz eyni vaxtda özlərini qumbara ilə partlatdılar. Cəsarət və qəhrəmanlıqlarını bütün dünyaya göstərdilər. Torpaq, Vətən uğrunda fədakarlığın, şəhidliyin heyranedici nümunəsini yaratdılar. Kəşfiyyatçılarımız döyüş zamanı düşmənin xeyli canlı qüvvəsini məhv etmişdilər. Onlar bununla cəsarət və hünərləri ilə düşmənə dərs vermişdilər. 

Qəhrəmanlıqları ilə dünyaya səs salan cəsur oğullarımızı hamımız tanımalıyıq. Əməliyyat zamanı böyük cəsarət göstərən hərbçilərimiz kəşfiyyat qrupunun  komandiri leytenant Elxan Ataxan oğlu Ağayev, leytenant Vüqar Rzaxan oğlu Yarəhmədov, çavuşlar  Anar Üzeyir oğlu Rzayev, Dinar İbrahim oğlu Mustafayev, Aqşin Əli oğlu Həsənov, Nizami Səfi oğlu Ələkbərov, Fariz Şamil oğlu Cavadovdur. Adlarını böyük fərəh hissi ilə yazdığımız bu oğullarla xalqımız fəxr edir. O zaman Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə bu cəsur oğullar göstərdikləri qəhrəmanlığa və igidliyə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olundular.

Erməni işğalçıları hərbçilərimizin meyitlərini qaytarmaq istəmirdilər. Xeyli vaxt keçsə də, danışıqlar aparılsa da düşmən inadından dönmürdü. Əməliyyat zamanı qəhrəmancasına şəhid olmuş hərbçilərimizin nəşlərini 6 aydan sonra geri almaq mümkün oldu. Şəhidlərin valideynlərinin gözləri yollardan yığıldı. Qeyri-bərabər döyüşdə şəhidlik zirvəsinə yüksələn 7 hərbçinin nəşi təntənə ilə ölkəmizin paytaxtındakı Hərbi Memorial Məzarlıqda dəfn olundu.

Həmin 8 kəşfiyyatçıdan yalnız biri sağ qalıb. O, çavuş Aqil Əhmədovdur. Aqil mühasirə zamanı müqavimət göstərərkən ağır yaralanaraq huşunu itirmişdi. Qəsbkarlar  onu yaralı vəziyyətdə əsir götürmüşdülər. Özünə gələndən sonra ermənilər Aqilə dözülməz işgəncələr vermiş, ondan özlərinə lazım olan informasiya almağa çalışmışlar. Amma cəsur kəşfiyyatçımız işgəncələrə dözərək heç bir hərbi sirri verməmişdi. Dediyinə görə, Aqilə ən çox verilən sual Azərbaycan Ordusunda bu cür şücaətin, bu cür igidliyin necə formalaşdırıldığı barədə olub. İşğalçılar kəşfiyyatçılarımızın qəhrəmanlığını, igidiliyini əsgərlərinə nümunə gətiriblər. Aqilin əzablarla dolu olan əsirlik həyatı 2 il davam edib. Ermənistan məhkəməsi cəsur əsgər Aqil Əhmədova  güllələnmə hökmü çıxarıb. Lakin Ümummilli Lider Heydər Əliyevin ciddi səyi nəticəsində Aqili dəyişmək mümkün olub. İgid kəşfiyyatçı ağır işgəncələr görmüş erməni əsirliyindən azad edilib.

Ehtiyatda olan polkovnik, cəsur zabit və əsgərlərin komandiri olmuş Xətai Baxışov  o günlərdən söhbət açaraq dedi: "Həmin hərbçilər ən yaxşı xüsusi təyinatlı döyüşçülərimiz idilər. Hamı onları "Qorxmazlar dəstəsi" adlandırırdı. O zaman seçimimizi tamamlayıb 8 nəfərdən ibarət kəşfiyyat qrupunu xüsusi tapşırıqla düşmən arxasına göndərdik. Hərbçilərimiz düşmənlə təmas xəttini nəzərə çarpmadan uğurla keçərək əvvəlcədən müəyyən olunmuş ərazilərdə qarşıya qoyulan tapşırıqları yerinə yetirdilər. Təəssüf ki, zabit və əsgərlərimiz geri qayıdarkən düşmənlə üz-üzə gəldilər. Onlar 3 gün ermənilərin mühasirəsindən çıxmaq üçün döyüşə-döyüşə müxtəlif çaşdırıcı manevrlər etdilər. Lakin qurtula bilmədilər".

Söhbətimiz zamanı şəhid Fariz Cavadovun qardaşı Eyvaz Cavadov onun döyüş yolu barədə söz açdı. Dedi ki, qardaşı ordu sıralarına 1993-cü ildə çağırılıb: "Həmişə fərqlənib, təşəkkürnamə və fəxri fərmanlara layiq görülüb. 1997-ci il aprelin ilk günlərində xüsusi tapşırıqla zabit və əsgər yoldaşları ilə düşmən arxasına keçiblər. Təəssüf ki, geri qayıdanda düşmənlə qarşılaşıblar, mühasirəyə düşüblər. Cəsarətləri, igidlikləri ilə şəhidlik zirvəsinə ucalıblar".

Dinar Mustafayevin bacısı Yazanə Mustafayeva deyir ki, qardaşının şəhid olması xəbəri onlar üçün gözlənilməz oldu: "Çünki həmin vaxt cəbhədə atəşkəs rejimi hökm sürürdü, gərginlik yox idi. Dinarın şəhid olması bizi dərindən sarsıtdı. Qardaşım xidmətindən çox danışmağı xoşlamazdı. Onun kəşfiyyatçı olduğunu biz yalnız o şəhid olandan sonra bildik. Dinarın qəhrəmanlığı, igidliyi ilə fəxr edirəm. Qardaşım dünyanın şirinliyini dadmamış 20 yaşında şəhid oldu. Bu gün bizə təsəlli Dinarın erməni işğalçılarına qarşı cəsarətlə vuruşduğu və şəhid olduğu yeri ziyarət etməkdir". 

Şəhid kəşfiyyatçılardan biri olan Aqşin Həsənovun anası Xanım Həsənova  söylədi ki, oğullar Vətəni qorumaq üçün doğulur: "Fəxr edirəm ki, Aqşin də yurdumuzu qoruyan əsgərlərin sırasında vuruşub. Hərbçi kimi üzərinə düşən tapşırığı cəsarətlə yerinə yetirib. Təntənəli surətdə içdiyi hərbi anda sadiq qalıb.  Şəhid anası kimi istərdim ki, 8 qardaş kəşfiyyatçı haqqında film çəkilsin, kitablar yazılsın, onların qəhrəmanlığına poemalar, şeirlər həsr olunsun. Övladlarımızın qəhrəmanlığı, igidliyi filmlərdə, kitablarda yaşasın. Gələcək nəsillər bu cəsur oğullarımızı tanısın, onların şərəf dolu qəhrəmanlıq yollarını uğurla davam etdirsinlər". 

Şəhid Vüqar Yarəhmədovun anası Elza xanım oğlunu göz yaşları içində xatırladı. Bildirdi ki, Vüqarın hərbi sahəyə həvəsinin yaranmasında atamın böyük rolu olub: "İkinci Dünya müharibəsinin iştirakçısı olan atam həmişə Vüqara hitlerçilərə qarşı necə cəsarətlə vuruşduğundan, keçdiyi şərəfli döyüş yolundan danışardı. Vüqar da sakitcə oturub babasına qulaq asardı. Yəqin ki, bu söhbətlərə qulaq asa-asa gələcək həyatını, seçəcəyi peşəni götür-qoy edirdi. Buna görə də fikirləşirəm ki, Vüqarın hərbçi olmağına atamın müharibə haqqında söhbətlərinin böyük təsiri olub. Yaxşı xatırlayıram ki, oğlum sonuncu dəfə martın 30-da evdən çıxdı. Onunla axırıncı görüşümüz də elə həmin gün oldu. Onu da deyim ki, Vüqarın ədəbiyyata, mütaliəyə də böyük marağı var idi. Mütaliə ilə yanaşı, özü də yaradıcılıqla məşğul olurdu. Bir-birindən maraqlı hekayələr yazardı. Təəssüflər olsun ki, onun ömrü kimi yaradıcılığı da yarımçıq qaldı". 

Xüsusi əməliyyat zamanı Vətən yolunda canından keçən Anar Rzayevin anası Siyafət Rzayeva  söhbət zamanı  dedi ki, şəhidlərimiz döyüşməsəydi, torpaqlarımız düşmən işğalından azad olunmazdı: "Məhz onların qəhrəmanlığı və cəsarəti sayəsində torpaqlarımız işğalçılardan azad olundu. Onların hamısı Azərbaycan xalqının övladlarıdır. Qarabağın azadlığı uğrunda qanlı döyüşlər gedəndə oğlum universitetdə oxuyurdu. Bir gün mənə dedi ki, ana və bacılarımız erməni əsirliyindədir. Biz nəyin bahasına olursa-olsun, torpaqlarımızı ermənilərindən təmizləməli, bu günahsız insanları əsirlikdən azad etməliyik".

Hələ uzaq 1997-ci ildə, 29 il əvvəl düşmən arxasına gedən 8 hərbçimiz igidlik və cəsarətləri ilə çoxlarının bacarmadığı qəhrəmanlıq məktəbi yaratdılar. Hünər və rəşadətləri ilə dostları da, düşmənləri də heyrətləndirdilər.  27 sentyabr 2020-ci ildə erməni işğalçılarının təxrbatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı.  Azərbaycan Ordusunun zabit və əsgərləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında döyüşlərə atıldılar. Cəsur hərbçilərimiz "Xocavənd əməliyyatı" zamanı böyük hünər göstərmiş leytenantlar Elxan Ağayev, Vüqar Yarəhmədov, müddətdən artıq hərbi xidmət hərbi qulluqçuları Anar Rzayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadov və Dinar Mustafayevin döyüş yolunu şərəflə davam etdirdilər. Torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atılmış cəsur oğullarımız xalqımıza qələbə sevinci yaşadaraq onların yaratdıqları məktəbin davamçıları olduqlarını qəhrəmanlıqları ilə sübut etdilər. 30 ilə yaxın erməni işğalında qalmış Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada, Ağdamda, Xankəndidə, Xocalıda, Xocavənddə və başqa şəhər və qəsəbələrdə böyük qürurla Zəfər bayrağını dalğalandırdılar. 

İkinci Qarabağ müharibəsi ordumuzun zəfəri ilə başa çatdıqdan sonra 8 igid hərbçimizin erməni qəsbkarlarına qarşı cəsarətlə vuruşduğu, 3 gün müqavimət göstərdiyi və qəhrəmancasına şəhid olduğu Xocavənd rayonunun Yuxarı Güzlək kəndi də düşməndən azad edildi. Çox keçmədi ki, həmin ərazi şəhidlərin doğmaları tərəfindən ziyarət olundu. Sonra isə bu ərazidə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün onların özlərini partlatdıqları ərazidə bulaq tikildi və rəmzi guşə yaradıldı. Guşənin qarşısında güllər, çiçəklər əkildi. İndi şəhid ailələri övladlarının qoxusunu almaq üçün tez-tez Xocavənd rayonuna gedir, bu müqəddəs məkanı ziyarət edir, cəsur oğulların ruhuna dualar oxuyurlar. Sanki yerlərdən hər gün atəş səsləri eşidilir. Elə bil şəhidlər ölməyiblər, hələ də erməni işğalçılarına qarşı cəsarətlə vuruşur, müqavimət göstərir, yurdumuzu qoruyurlar.

Bu qəhrəman zabit və əsgərlərin xidmət və döyüş yollarına həsr olunmuş "Səkkiz oğul istərəm" sənədli filmi çəkilib. "Əbədi yaşayanlar" adlı kitab yazılıb. Qəhrəmanlarımız haqqında belə kitabların yazılması, sənədli filmlərin çəkilməsi olduqca gərəkli işdir. Çünki qəhrəmanlardan, qəhrəmanlıqdan bəhs edən belə kitabları oxuyanlar, filmlərə baxanlar gələcəkdə onların şərəf dolu döyüş yollarını ləyaqətlə davam etdirəcəklər, qəhrəmanlıqları ilə tarix yazacaqlar.

Xalqımız yurdumuzun azadlığı uğrunda şəhid olmuş Vətənin belə cəsur oğullarını heç vaxt unutmaycaq.  Ərazilərimizin hər qarış torpağı uğrunda cəsarətlə vuruşmuş, ermənilərə sarsıdıcı zərbələr vurmuş igid oğulları ilə fəxr edib öyünəcək. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Oğlum Rəvanın qəhrəmanlığı ilə həmişə fəxr edəcəyəm"

09:10
09 İyun

8 oğul, 8 kəşfiyyatçı, 8 qəhrəman

09:05
09 İyun

Çatbotların zəif tərəfi

09:03
09 İyun

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

09:01
09 İyun

İqlim gündəmi, regional tranzit və dəyişən əməkdaşlıq xəritəsi

09:00
09 İyun

Mətbuatımızın incə, gözəl, zərif səhifələri - "Evraqi-nəfisə"

08:55
09 İyun

Qusar bağçılığın intensive inkişaf etdiyi bölgədir

08:50
09 İyun

FHN Akademiyasının əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

08:45
09 İyun

Cəlilabadda maarifləndirici bir ənənənin təməli qoyulub

08:43
09 İyun

Yerlərdə kənd təsərrüfatı məsələlərinə həsr olunan tədbirlər keçirilib

08:40
09 İyun

Yeni "orta güc" aktoru

08:37
09 İyun

Müasir dünya nizamında Azərbaycan reallığı

08:35
09 İyun

Erməni xalqının seçimi - "böyük" yox, real Hayastan

08:30
09 İyun

CNN-nin qərəzi

08:25
09 İyun

"Real Ermənistan" xəstə təfəkkürə qalib gəldi

08:20
09 İyun

Aqrar sahə ikinci "yaşıl inqilab"ın astanasında

08:15
09 İyun

Azərbaycanın "yaşıl inkişaf", ekoloji məsuliyyət və dayanıqlı gələcək yolu

08:10
09 İyun

Qurtuluş missiyasının başlandığı gün

08:05
09 İyun

İRADƏ MÖHKƏM OLANDA

08:00
09 İyun

R.M.Fətəliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

00:21
09 İyun

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 2015-ci il 23 iyul tarixli 571 nömrəli, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli və "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:20
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!