13 Avqust 2022 02:01
1538
SİYASƏT
A- A+

7 körpü, 7 tunel, 30 yeraltı keçid

 

Zəfər yolundan sonra mədəniyyət paytaxtımıza gedən Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi sürətlə davam etdirilir

 

Şanlı zəfərimizlə bitən Vətən müharibəsindən ötən 1 il 9 ay ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında böyük tikinti-quruculuq işləri həyata keçirilməkdədir. Əlbəttə ki, bu ərazilərdə hərəkətin tənzimlənməsi üçün ilk növbədə,  yolların yenidən qurulması, körpü və tunellərin tikintisi xüsusi əhəmiyyət daşıyır. Həm bərpa-quruculuq işlərinin intensivləşdirilməsi, həm də tranzit-logistik baxımdan yolların inşası təxirə salınmadan həyata keçirilir. 
Prezident İlham Əliyev işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfərləri çərçivəsində yeni yolların təməlini qoyur və tikinti işlərinin sürətlə aparılması ilə bağlı ciddi tapşırıqlarını verir. Hazırda  dövlət büdcəsindən ayrılmış vəsait hesabına işğaldan azad edilmiş ərazilərimizdə 14 avtomobil yolunun tikinti işləri davam edir.

 

Laçından yan keçən yol hazırdı, bu il daha 7 yolun tikinti işləri yekunlaşdırılacaq

 

Tikintisi cəmi bir ilə həyata keçirilən Zəfər yolu ilə indi ölkə vətəndaşları, xarici qonaqlar Şuşaya rahat səfər edə bilirlər. 
Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla, bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. 
Bu layihə həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, ilk növbədə, öz doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasına, onlar üçün yüksəksəviyyəli həyat və yaşayış standartının yaradılmasına xidmət edir.
Hazırda azad edilmiş ərazilərimizdə inşa edilən 14 avtomobil yolunun 8-nin tikinti işlərinin bu il başa çatdırılması gözlənilir. Avqustun 11-də mühüm yollardan biri sayılan Laçından yan keçən avtomobil yolunda tikinti işlərinin yekunlaşdığı barədə məlumat verilib. Tikinti işləri davam edən 7 yolun - Füzuli - Hadrut, Hadrut-Tuğ-Azıx mağarası, Bərdə-Ağdam, Qubadlı-Eyvazlı, Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan, Kəlbəcər və Laçın rayonları ərazisində reallaşdırılan layihələrin son mərhələsi icra edilir. 
İnşa edilməkdə olan daha 7 yol - Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl- Hadrut, Ağdam-Füzuli, Əhmədbəyli-Füzuli-Şuşa, Əhmədbəyli-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Kəlbəcər-Laçın və Toğanalı-Kəlbəcər-İstisu yol layihələrinin növbəti illərdə yekunlaşacağı bildirilir. 

 

Dörd rayonu birləşdirməklə Şuşaya aparan ikinci yol

 

Qələbəmizin simvolu olan Şuşaya ikinci alternativ yol da çəkilir. Zəfər yolu ilə yanaşı, mədəniyyət paytaxtımıza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu da çəkilir.
Prezident İlham Əliyev tərəfindən ötən il yanvarın 14-də təməli qoyulan bu yolun əhəmiyyətini dəyərləndirərkən dövlət başçısı vurğulayıb ki, Əhmədbəylidən Şuşaya olan məsafə o qədər də böyük deyil. Xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində bu yolla Şuşa şəhərinə gedə biləcəklər.
İlham Əliyev keçən il iyunun 14-də bu yolda aparılan tikinti işləri ilə tanış olub və yolun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub.
Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81,6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir.
Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumatda bildirilir ki, bu yol birinci texniki dərəcəyə uyğun olaraq 4-6 hərəkət zolaqlı olmaqla inşa edilir. Belə ki, yolun ilk 48 km-i 6, 48-81,6 km arası isə 4 hərəkət zolağından ibarətdir. Müvafiq olaraq yol yatağının eni 29,5 və 21,5 metr təşkil edir. 
Yolboyu 137 müxtəlif diametrli suötürücü boru, 30 yeraltı keçid, 7 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Tunellər şərti olaraq T1A (3 303 m), T1 (351.5 m), T2 (550 m), T3 (681.5 m), T4 (570 m), T5 (478.5 m) və T6 (526 m) adlandırılıb.
Artıq T4, T5 və T6 tunelləri üzrə tikinti işləri son mərhələdə icra edilir. Belə ki, qeyd olunan tunellərdə qazıntı, püskürtmə beton, kəmər betonu, drenaj və kabel boruların inşası işləri tamamlanıb. Hazırda tunel daxili, həmçinin tunellərin giriş və çıxış yollarında yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. T1, T2 və T3 tunellərində qazıntı, püskürtmə, beton işləri yekunlaşıb. Hazırda tunellərdə daxili drenaj, kabel borularının inşası və kəmər betonlama işləri davam etdirilir. 
T1A tunelinin sol istiqaməti üzrə ümumi 1426 metr, sağ istiqaməti üzrə isə ümumi 1604 metr məsafədə qazma və dəmir-beton dəstəkləmə işləri görülüb. Hazırda qeyd olunan işlər digər məsafələrdə davam etdirilir. Layihə üzrə tikintisi nəzərdə tutulmuş 9 viadukun (dərə üzərində inşa edilən körpü) 8-də hazırda inşaat işləri davam etdirilir. Viadukların 3-nün tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilir. Qeyd olunan üsulla betonlama işləri yolun 79,7-ci km-də inşa edilən və ortalama uzunluğu 380 m (sol-410 m, sağ-350 m) olan viadukda tamamlanmaq üzrədir. Hazırda bu istiqamətdə viadukda işlər yekunlaşdırma mərhələsindədir. 

 

Bu yol qovşaqla Zəfər yoluna birləşəcək

 

Layihə üzrə avtomobil körpülərinin, alt keçidlərinin, suötürücü dairəvi boru və düzbucaqlı monolit boruların tikintisi davam etdirilir. Süni qurğu işlərinin ümumi görülmə faizi 70 faizdən çoxdur. Hazırda yolboyu torpaq işlərinin icrası da davam edir. Belə ki, layihə üzrə genişləndirmə, yamacların kəsilməsi, qazma-dolğu işləri ilə yeni yol yatağının inşası, həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından istifadə olunmaqla yol əsasının tikintisi işləri davam edir. Yol əsası hazır olan hissələrdə asfaltlanma işlərinə start verilib. 
Zəfər yolunun Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoluna birləşən hissəsində yol qovşağının tikintisi işləri də uğurla icra olunur.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
Göründüyü kimi, artıq əksər yolların tikinti prosesinin böyük hissəsi yekunlaşıb. Əminliklə deyə bilərik ki, tezliklə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulub istifadəyə veriləcək. 
İkinci Qarabağ müharibəsindəki şanlı qələbədən sonra yaranan yeni reallıq göz önündədir. Qarşıya qoyulan birnömrəli prioritet məsələ işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaqdır. Tezliklə bu yollar Qarabağa və Şərqi Zəngəzura yeni həyat gətirəcək. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video