09 Sentyabr 2022 00:20
746
Mədəniyyət
A- A+

50 ölkədə, 70-dən çox beynəlxalq festivalda Azərbaycan musiqisini ifa edib

 

Sahib "Mahur-hindi" çalırdı. Mizrab "sehirli" simə toxunub şirmayi barmaqlar pərdələr üstə gəzişdikcə tar ahu-fəğan edirdi. Pəncərədən süzülüb ətrafa yayılan tar  səsindən çox sevgilisini itirmiş, ürəyi yaralı bir gözəlin naləsinə bənzəyirdi. 
Sahibin 41 yaşı var. 1980-ci ildə Bakıda musiqiçi ailəsində dünyaya gəlib. Xalq artisti professor Ağaverdi Paşayevin oğludur. Gözünü açıb evlərində musiqi səsi eşidib, tar görüb. Sahib də uşaqlıqdan könlünü musiqiyə verib, tarla sirdaş olub. İlk musiqi təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində alsa da, sonralar təhsilini tar ixtisası üzrə davam etdirib. "Tar mənim həyatım, özümüifadə vasitəsidir. Tar mənim sirdaşım, dostumdur. Onu sinəmə sıxıb ürəyimin döyüntüsünü tara köçürəndə çox rahatlanıram. Bəzən düşünürəm ki, səs tardan, simlərdən yox, ürəyimdən süzülüb gəlir. Tar mənim musiqili inikasımdır".
Sahibin ilk müəllimi atası professor Ağaverdi Paşayev olub. Sonralar not ixtisası üzrə Akif Novruzovdan, muğam üzrə isə Sərvər İbrahimovdan dərs alıb. Beynəlxalq müsabiqələr qalibi, dosent Sahib Paşazadə 2008-ci ildə "Tarın Paqaninisi" və 2015-ci ildən "Mirzə" titullarını daşıyır. 2011-2018-ci illərdə Prezident mükafatçısı olub. 2017-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən dünyaşöhrətli 11-ci "Şərq təranələri" festivalında 70 ölkə arasında dünyada ilk alət ifaçısı kimi Qran-pri mükafatı qazanıb. 2018-ci ildə "Polşa və Azərbaycan respublikalarının müstəqilliyinin 100 illiyi" medalı, 2019-cu ildə Fransanın "Karyer-su-Puassi şəhər" medalı ilə təltif edilib. 2020-ci ildə Azərbaycan Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib. 2021-ci ildə Saxa - Yakutiya Respublikasının yaranmasının 100 illiyi münasibətilə təsis edilən qızıl medala sahiblənib.
Səhnədə ilk uğurunu 1996-cı ildə keçirilən ümumrespublika "Yaşıl yarpaq - 96" Respublika Radio Müsabiqəsinin qalibi olaraq qazanıb. Sahib Paşazadənin ilk debütü ona birinci yeri qazandırıb. Amma hər şey heç də asan başa gəlməyib.

 

Ən yaxın dostum tarımdır

 

"16 yaşlı yeniyetmə idim. Sənətdə ilk uğurumu qazanırdım. Axşam televizorda qalibləri göstərirdilər. Həvəslə televizorun qarşısında oturub özümü görmək istəyirdim. Amma məni, birinci yeri tutanı yox, mənim əvəzimə başqasını göstərib ona tərif yağdırırdılar. Onu da başa düşdüm ki, çıxdığım bu yol heç də asan olmayacaq. Dostumdan çox həsəd aparanım olacaq. Gərək daha çox çalışam. Tarla dostluq edəm. Elə də etdim. Açığını deyim ki, indi mənim çox gözəl sənət yoldaşlarım var, onları çox sevirəm. Yeganə dostum isə tarımdır. O, mənim əlimdən tutub bütün dünyanı gəzdirir. Əl-ələ verib dolanırıq. Çox şükür, ikimizin birlikdə uğurlarımız heç az olmayıb", - deyir.
Sahib Paşazadə inanclı insandır. Bizimlə söhbət zamanı uğurlarına görə Tanrıya və tarına minnətdar olduğunu deyirdi: "Tarı sinəmə sıxanda özümü göyün yeddinci qatında  zənn edirəm. Mənə elə gəlir ki, məni Yaradan, mənə uğur verən Allah görür və eşidir. Hər zaman Yaradanıma dua edirəm". Muğamdan söhbət edəndə tez-tez görkəmli xanəndə Alim Qasımovun adını çəkir. "Deyəsən, Alimin vurğunusan" deyə soruşdum: "Alim Qasımov dünyada muğamımızı tanıdan və düzgün təbliğ edən sənətkardır. Özünə hörmət qoyan insandır. Onu dünyanın böyük, tanınmış musiqi menecerləri özləri axtarıb tapıb, konsertlərini təşkil edirlər". 
Sahib Paşazadə deyir:  "Klassik musiqini, dünya ədəbiyyatını çox sevirəm. Vaxtım olanda Nikkolo Paqanininin, Ferenz Listin, S.Raxmaninovun, L.V.Betxovenin, V.A.Motsartın, Hacı Məmmədovun, Ramiz Quliyevin əsərlərini dinləyirəm. Dünya klassik ədəbiyyatını çox sevirəm. Tur Heyerdalı, Paulo Koelo, Robin Şarma, Ernest Hemenquy və Aleksandr Dümanı sevə-sevə oxuyuram. Hərdən düşünürəm ki, həyatım Dümanın Qraf Monte Kristo obrazına bənzəyir. O obrazla özüm arasında bir oxşarlıq görürəm". Sahib Paşazadə ona verilən "Mirzə" tituluna da aydınlıq gətirdi: "Mirzə" adını Bakı musiqi biliciləri verirlər. Bu adı ilk dəfə Mirzə Sadıq Əsəd oğlu - Sadıqcan alıb. Sonra Mirzə Fərəc Rzayev, Mirzə Mansur Mansurov və 100 illik fasilədən sonra Mirzə Sahib Paşazadə bu ada layiq görülüb".
Tarzən Sahib Paşazadə bu gün dünyanın müxtəlif ölkələrində, beynəlxalq musiqi yarışmalarında, festivallarda çox böyük uğurla Azərbaycan mədəniyyəti və incəsənətini təmsil edir. Almaniyada, İngiltərədə, Fransada, Kanadada ingilis dilində tardan "master klas" dərslər keçir, solo konsertlər verir. Özü də bu konsertlərin təşkilatçıları azərbaycanlılar yox, dünyaca məşhur, tanınmış  musiqi menecerləri olur. 
Sahib  Paşazadə deyir ki, indiyə kimi  50-dən çox ölkədə, 200-ə yaxın şəhərdə Azərbaycan muğamını və musiqisini layiqincə təmsil edib, 70-dən çox beynəlxalq festivalda iştirak edib. Amma Səmərqənddə keçirilən XI "Şərq təranələri" festivalının həyatındakı rolunu, onun yaşatdığı xoşbəxtliyi heç nə ilə müqayisə edə bilmir.

 

Səmərqənddə "Şərq təranələri" XI festivalı

 

Səmərqənd Özbəkistanın ən böyük, dünyanın ən gözəl şəhərlərindəndir. Burada Özbəkistanın, ümumilikdə Şərqin tarixi qorunub saxlanılır. 1978-ci ildən etibarən hər iki ildənbir Səmərqənddə muğam simpoziumu keçirilirdi. İndiyə kimi keçirilən  simpoziumların hamısında  azərbaycanlı  ifaçılar, elm və incəsənət xadimləri iştirak ediblər. Bu simpoziumda ilk dəfə  Azərbaycandan ustad tarzən Bəhram Mansurov, musiqişünas-alimlər Elmira Abbasova, Ramiz Zöhrabov, Zemfira Səfərova, ustad xanəndə Canəli Əkbərov iştirak ediblər.
Sonralar bu simpozium müsabiqə və festival şəklində keçirilməyə başladı. Ustad sənətkarlarımız Alim Qasımov və Ramiz Quliyev bu festivalın iştirakçıları olublar. Amma ölkəmizə festivalın baş mükafatını, Qran-prini 1997-ci ildə xanəndə Simarə İmanova, tarzən Zamiq Əliyev və mərhum kamança ifaçısı Ədalət Vəzirov qazandırıb. 1997-ci ildən 2017-ci ilə kimi Səmərqənddə keçirilən "Şərq təranələri" festivalında ölkəmizi təmsil edən muğam ifaçılarının heç birinə festivalın baş mükafatını almaq nəsib olmayıb. 
Sahib Paşazadə o günləri belə xatırlayır:
- 2017-ci ilin yanvar ayı idi. İsveçrədən yenicə qayıtmışdım. "Muğam 2017" Televiziya Müsabiqəsinə hazırlıqlar gedirdi. Mədəniyyət Nazirliyindən  zəng edib dedilər ki, Səmərqənddə "Şərq təranələri" festivalı keçiriləcək, bu yarışmada  instrumental ifaçının iştirakının da mümkün olduğu   bildirildi. Mən məmnuniyyətlə razı oldum. Hətta zəng edən şəxs dedi ki, "bir az yaxşı fikirləş, orada tarla nəsə edə bilərsən?" Dedim  ki, əlbəttə, edə bilərəm. Bu, mənim çoxdankı arzumun gerçəkləşməsi idi. Bir neçə gün düşündüm ki, bəlkə tək tarla o qədər də maraqlı olmaz. Zərb ifaçısı Kamran Kərimovla görüşüb fikrimi ona bildirdim. İstəyirdim ki, məni nağarada Kamran müşayiət etsin. O, dərhal razılaşdı. Əvvəllər fikirləşirdim ki, festivalda "Mahur-hindi" muğamını ifa edərəm. Bu məqsədlə Mirzə Mansurdan tutmuş ta bugünün ifaçılarına qədər "Mahur-hindi" muğamına qulaq asmağa başladım. Özüm də yaxşı rənglər hazırladım. Kamranla məşqlərə başladıq. Festivala iki həftə qalmış hiss etdim ki, nə isə çatmır. Bu muğamla orada nə isə edə bilməyəcəm. Fikrimə gəldi ki, gedim Malik Mansurovla məsləhətləşim. Çünki, o həm belə festivallarda iştirak edib, həm də maraqlı ideyaları olan tarzəndir. Belə desək, yaxşı yenilikçidir. Biz görüşüb, məsələni olduğu kimi ona danışıb, məsləhət istədik. Malik müəllim mənə özünün  kanon üçün hazırladığı bir kompozisiyasını ifa etməyi məsləhət bildi. Lakin onu da dedi ki, kompozisiyanı tək kanon ifa etməyib, 5 musiqiçi onu müşayiət edib.
Mən kompozisiyaya qulaq asıb çox bəyəndim. "Əhsəni" rəngi ilə başlayan 8-9 ritmdən ibarət "Şur" üstdə gözəl bir kompozisiya idi. Müxtəlif səs altları, maraqlı harmoniyalar, bir sözlə, ansamblın birgə ifa etdiyi kompozisiyanı mən 2 gün ərzində tarda öyrəndim. Sonra Malik müəllim üçün ifa etdim. O, qulaq asandan sonra dedi ki,  "Sahib, sənin 2 günə öyrəndiklərini biz hardasa 6 aya öyrənmişdik". Bu minvalla biz cəmi 3 dəfə Malik müəllimlə görüşüb, müəyyən melodiyalar üzərində işlədik.
Nəhayət, 2017-ci il avqustun 23-də biz Kamranla yola düşdük. Onu da deyim ki, həmin il festivalda 70 ölkə təmsil olunurdu. Ümumən 500 musiqiçi vardı. Daha sonra musiqişünaslar, menecerlər, digər elm və incəsənət xadimləri... Özbəklər çox qonaqpərvər xalqdır. Bizim üçün möhtəşəm qarşılanma törəni təşkil olunmuşdu. Səmərqənddə bizi qarşılayan avtobusun üstündə "Azərbaycan - Sahib Paşazadə" sözlərini oxuyanda  qürur hissi keçirdim.

 

Festivalın ilk günü bizim çıxışımız oldu

 

Günorta saatlarında bizi səs yoxlanışı üçün konsert salonuna apardılar. Möhtəşəm zal, möhtəşəm səhnə, monitorlar, mikrofonlar xüsusi hazırlanmış vəziyyətdə idi. Mən tarın səsini yoxladım, Kamran da 3 alət aparmışdı. Nağara, bas nağara və zınqırov.
"Səhnədə çox həyəcanlı idim. Amma ilk notlardan bir az həyəcanım azaldı. Hiss etdim ki, məni maraqla dinləyirlər, hər bir yeni xalı, intonasiyanı alqışla qarşılayırdılar. Bu alqışlar məni daha da ruhlandırırdı. Xüsusən "Xarəzm türküsü" yerində bütün zal sanki lərzəyə gəldi, sürəkli alqışlar, fit səsləri salonu bürüdü. İnanın, səhnədə olduğumu da unutmuşdum. Sanki başqa bir aləmdəyəm. Öz dünyama qapanıb ifamı sona yetirdim. Sonra Kamran mənə dedi ki, 9 nəfərdən ibarət münsiflər heyəti və zal səni ayaq üstə alqışlayırdı... 
Əvvəlki festivallarda ifaçılarla bərabər musiqişünaslar, Mədəniyyət Nazirliyindən nümayəndələr və digər şəxslər, təxminən 10-12 nəfər birlikdə iştirak edirdilər. İndi isə mən və Kamran səhnədə idik.
Allah məni istəyimə çatdırdı, zəhmətim hədər getmədi.
Festivalın yekununda dünyanın 9 ölkəsini təmsil edən münsiflər heyətinin yekdil qərarı ilə baş mükafata, Qran-priyə layiq görüldüm…
Təqdimatdan sonra münsiflər heyətinin üzvləri, dünyanın böyük musiqi şirkətlərinin sahibləri, məşhur musiqi menecerləri bizə yaxınlaşıb təbrik edir, bizimlə əməkdaşlığa maraq göstərir, öz təkliflərini verirdilər. Münsiflər heyətinin üzvü, Özbəkistanın Xalq artisii Munacat Yolçuyevanın mənə yaxınlaşıb dediyi sözləri Azərbaycan musiqisinə verilən dəyər kimi qiymətləndirirəm: "Sən bizi valeh etmişdin. Biz elə zənn edirdik ki, sən barmaqlarınla nağıl danışırsan". 
Barmaqları ilə nağıl danışan Əməkdar artist Sahib Paşazadə Azərbaycan muğamını sirlər xəzinəsinə bənzədir. Bu  sirrə vaqif olmaq üçün isə gərək bütün ömrün boyu çalışasan, deyir. O, bu gün Milli Konservatoriyada gənc tarzənlərə bu sirli dünyanın sehrini öyrədir.

Elşən QƏNİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video