25 Noyabr 2022 03:08
319
SİYASƏT
A- A+

25 illik tərəfdaşlığın yeni mərhələsi

 

Prezident İlham Əliyevin Serbiya səfəri diplomatiyamızın növbəti uğurudur

 

Azərbaycan və Serbiya arasında 1997-ci ildə qurulan diplomatik münasibətlərin, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı hər iki dövlətin xarici siyasəti üçün mühümdür. 
Bu baxımdan Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə Belqrad görüşü iki ölkə arasındakı əlaqələrin inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Səfər zamanı imzalanmış bəyanat, anlaşma memorandumları və sazişlər münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqləyir. 
Serbiya Prezidentinin İlham Əliyev haqqında yüksək fikirlər səsləndirməsi, dövlət başçımızı hava limanında şəxsən qarşılayaraq səmimi davranış nümayiş etdirməsi və onu öz dostu adlandırması dövlətlərarası siyasi dialoqun da yüksək səviyyədə olmasından xəbər verir. Həmçinin iki ölkə arasındakı iqtisadi və ticarət əlaqələrinin inkişafı da xüsusi qeyd edilməlidir.
Görünən odur ki, Azərbaycan və Serbiya arasında qarşılıqlı rəsmi səfərlərin təşkili əməkdaşlığımızın inkişafına yeni töhfələr verir.

 

Serbiya səfəri Prezidentimizin timsalında Azərbaycanın beynəlxalq nüfuzunun daim artdığını sübut etdi 

 

Milli Məclisin deputatı, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Məlahət İbrahimqızı iki ölkə arasındakı siyasi dialoq mühitinin yaxşılaşmasına, eləcə də iqtisadi, ticarət və enerji əlaqələrinin təkmilləşdirilməsinə xidmət edən Azərbaycan və Serbiya prezidentlərinin görüşünü diplomatiyamızın növbəti uğuru adlandırıb. Deputat qeyd edib ki, Prezident İlham Əliyevin və onu müşayiət edən dövlət rəsmilərinin Serbiya səfəri qürurverici idi. 
"Təsadüfi deyil ki, elə ilk dəqiqələrdən etibarən möhtərəm Prezidentimizə qarşı dərin ehtiramın, onun nüfuzuna sayğının şahidi olduq. Nadir hallarda olur ki, dəvət edən dövlət başçısı qonağı məhz hava limanında özü qarşılayır. Serbiya Prezidenti Aleksandar Vuçiçin bu səmimi davranışı Prezidentimizin timsalında müstəqil  Azərbaycanın beynəlxalq aləmdə durmadan artan nüfuzunun təzahürü idi. Görüşdə imzalanan bir sıra sənədlər iki ölkə arasındakı strateji tərəfdaşlığı inkişaf etdirir. Hər iki dövlətin siyasi iradəsi ilə baş tutan görüşdə "Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat", "Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum" və onun əlavəsi olan "Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi" və digər sənədlər imzalandı. Bu sənədlər bir daha təsdiq etdi ki, dövlətlərimizin əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldilir", - deyə deputat bildirib.
M.İbrahimqızı deyib ki, Serbiya Prezidentinin İlham Əliyev barəsində yüksək fikirlər səsləndirməsi, Azərbaycanı etibarlı tərəfdaş adlandırması və Prezidentimiz haqqında "Avropanın ən nüfuzlu və sevilən lideri" kimi ifadələr işlətməsi Azərbaycan xalqını qürurlandırır: "Cənab Aleksandar Vuçiç həmçinin 
İlham Əliyevin sözünün imzasına bərabər olduğunu qeyd etdi.  Nəzərə almaq lazımdır ki, bu, ilk deyil, Avropanın bir sıra liderləri Prezidentimiz haqqında zaman-zaman belə fikirlər səsləndiriblər". Deputatın sözlərinə görə, Azərbaycanı sevməyən qüvvələr isə hər zaman bunun qısqanclığını çəkiblər.
"Serbiya müstəqil dövlətdir, Avropada balkanların əsas güclərindən biridir. Yəni bu gün balkanlardakı sabitlik, əmin-amanlıq və istiqlal yalnız Serbiyanın iştirakı ilə mümkündür. Bütün bunları nəzərə alaraq əminliklə deyə bilərik ki, bu səfər yeni diplomatik çağırışlara cavab verir. Ümumiyyətlə, Prezident İlham Əliyevin xüsusilə son illərdəki diplomatik uğurları o qədər çoxdur ki, onları saymaqla bitməz. Bu səfər də əvvəlkilər kimi dövlətimizin diplomatiya tarixinə qızıl hərflərlə yazılacaq", - deyə deputat bildirib.

N.QARDAŞXANOVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video