15 Sentyabr 2022 07:55
1340
Təhsil
A- A+

2022-2023-cü tədris ilində respublikamızın məktəblərində ümumilikdə 1 milyon 616 min 214 şagird təhsil alacaq

2022-2023-cü tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 616 min 214 şagird təhsil alacaq.

AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də ümumi təhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuzun şəhid olması ilə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 Sentyabr – Bilik Gününün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb.

Bu il respublikada məktəblərin I sinfində 158 min 297, IX sinfində 147 min 29 , XI sinfində isə 100 min 455 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 484 min 731 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyindəki məktəblərin I sinfində 46 min 200, IX sinfində 37 min 987, X sinfində 26 min 898, XI sinfində 25 min 551, XII sinfində 168 şagirdin təhsil alacağı proqnozlaşdırılır. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 35 min 722 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 29 min 320 beşyaşlının cəlb olunacağı gözlənilir. Yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 min 739 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 min 299 tərbiyəçi-müəllim çalışacaq. Qeyd edək ki, BŞTİ-nin tabeliyində 312 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 320 məktəb və 340 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.

Beləliklə, məktəblərin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür. Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb.

Bu yaxınlarda Prezident İlham Əliyev Saray qəsəbəsində yeni inşa edilmiş 2 saylı, Bakının Nəsimi rayonunda yeni korpusu tikilmiş 35 saylı, Suraxanı rayonunda yeni inşa edilmiş 87 saylı və paytaxtın Binəqədi rayonunda yeni inşa olunmuş 335 nömrəli məktəblərdə yaradılan şəraitlə tanış oldu. Bu bir daha təsdiqləyir ki, təhsil islahatları Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində uğurla davam edir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər planauyğun həyata keçirilir. Bütün bunlar, ilk növbədə, şagirdlərin yüksək səviyyədə təhsil alması, onların elmin sirlərinə daha dərindən yiyələnməsi üçün hərtərəfli imkanlar açır.

Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir. Son 20 ildə ölkəmizdə 3600 yeni məktəb tikilib və ya əsaslı təmir olunub. Cari ilin sonuna kimi Elm və Təhsil Nazirliyi tərəfindən 61 məktəbin tikilməsi planlaşdırılır ki, onlardan da 30-u modul tiplidir. Ümumilikdə Heydər Əliyev Fondu, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi və digər qurumlar tərəfindən məktəblər tikilir, bərpa olunur. Belə ki, 70-dən artıq məktəbin bərpası və yenidən tikilərək yararlı bir şəkildə təhsil sisteminə qaytarılması planlaşdırılır. Təhsil müəssisələrinin işinin, tədris proqramlarının müasir çağırışlara uyğunlaşdırılması, yeni əmək bazarına uyğun kadr potensialının formalaşdırılması dövlətimizin prioritetləri sırasındadır. Bölgələrdə də yeni məktəb binalarının açılışına başlanılıb. Xatırladaq ki, bu günlərdə Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin şagirdlərinə “Smart təhsil kartları” təqdim edilib. “Smart təhsil kartı” layihəsi Elm və Təhsil Nazirliyi, Mərkəzi Bank, “Kapital Bank” ASC və “Mastercard” beynəlxalq kart təşkilatının dəstəyi ilə Ağalı kəndində yaradılmış nağdsız ödəniş infrastrukturundan istifadənin stimullaşdırılması məqsədilə tətbiq edilib.

Habelə Goranboy rayonunda M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəb və F.Rüstəmov adına Tap kənd tam orta məktəb üçün yeni tikilmiş tədris binaları, Qobustan rayonunda Əbülfəz İbrahimov adına Nabur kənd və Əlvan Nəbiyev adına Təklə Mirzəbaba kənd tam orta məktəbləri üçün yeni tikilmiş tədris binaları bu günlərdə açılıb.

Qeyd edək ki, Azərbaycanda təhsilin inkişafı üçün mükəmməl hüquqi və maddi-texniki baza yaradılıb. Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan tələblərə uyğun olaraq ölkəmizin təhsil sistemində uğurlu islahatlar həyata keçirilir. Məqsəd milli təhsilimizi ən yüksək dünya standartları səviyyəsinə çatdırmaqdır.

2018-ci ildə qəbul olunmuş “Peşə təhsili haqqında” Qanun müvafiq sahədə 3 səviyyəni – ilk peşə, texniki peşə və yüksək peşə təhsilini müəyyənləşdirib. 2022-2023-cü tədris ili üzrə 124 peşə təmayüllü sinif fəaliyyət göstərəcək. Bu siniflər paytaxt və bölgələri əhatə etməklə 80 məktəbdə yer alır. Ümumilikdə layihə 35 nəfər X sinif, 89 nəfər XI sinif şagirdini əhatə edir.

Ölkəmizdə təhsil sahəsində dövlət proqramları icra olunur. “2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi bu gün uğurlu nəticələr göstərir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ikili diplom proqramlarının həyata keçirilməsinə geniş imkanlar yaradıb. Prezident İlham Əliyevin 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə, hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Proqram çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin azı 80 faizi magistratura pilləsini əhatə edəcək.

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində 2022-2023-cü tədris ilində 694 mərkəzdə 840 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərəcək. Layihəyə 782 tərbiyəçi-müəllim cəlb olunaq.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanına əsasən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yaradılıb. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər nazirliyə həvalə edilib. Həmçinin Fərmana əsasən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb.

Elm və Təhsil Nazirliyinin reallaşdırdığı layihələr fasiləsiz təhsilin uğurlarını təmin edir. 2022-ci ildə ilk dəfə təhsilverənlərin sertifikatlaşdırılması prosesi və məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu layihələri icra edilib. Təhsilverənlərin sertifikatlaşdırılması prosesində 10 min 944 müəllim iştirak edib və davamiyyət 97.2 faiz olub. Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu prosesində isə 4549 namizəd iştirak edib ki, bu da 82,5 faiz davamiyyət deməkdir.

2022-2023-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi ölkəmizin 48 şəhər və rayonunu əhatə edəcək. Layihəyə 418 məktəbin II-XI siniflərində təhsil alan 300 min şagirdin cəlb olunacağı gözlənilir. Tədris prosesində 2 mindən çox müəllimin iştirakı nəzərdə tutulub. Layihə şagirdlərin proqramlaşdırma və alqoritmik biliklərinin artırılması ilə yanaşı, onların məqsədyönlü və məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasında böyük əhəmiyyət daşıyır.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi təhsilimizə təsirsiz ötüşməyib. Bu müharibə 10 şagirdin həyatına son qoydu, 20 təhsil işçisi döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı. Məktəb infrastrukturuna ciddi ziyan dəydi – 60 məktəb binası dağıntılara məruz qaldı. Cəbhə xəttindən xeyli uzaqda yerləşən mülki obyektlərin raket atəşinə tutulması tədrisin davam etdirilməsini mümkünsüz etdi. Düşmənin mülki əhaliyə hücumları nəzərə alınaraq ölkə ərazisində 1221 məktəbin fəaliyyəti dayandırıldı.

Müharibədə Qələbə qazanan Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri həyata keçirir. Bu ərazilərdə müasir standartlara cavab verən təhsil infrastrukturu da qurulmaqdadır. 2021-ci il avqustun 4-də Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, müvafiq istiqamət üzrə ilkin olaraq 7 milyon manat ayrılıb. Dövlətimizin başçısının “Cəbrayıl şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 4 oktyabr tarixli Sərəncamına əsasən, müvafiq sahə üçün ilkin olaraq 500 min manat ayrılıb.

Azərbaycan Prezidentinin “Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında” 2022-ci il 20 may tarixli Sərəncamına əsasən ilkin olaraq bir milyon manat, “Füzuli Peşə Liseyinin binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” 2022-ci il 20 may tarixli Sərəncamına əsasən ilkin olaraq bir milyon manat ayrılıb.

Dövlətimizin başçısı, həmçinin sentyabrın 7-də “Zəngilan şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” və “Kəlbəcər şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamlar imzalayıb.

Beləliklə, istər məktəbəqədər, istərsə də ümumi və ali təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatlar sayəsində təlim-tədris şəraiti daha da yaxşılaşdırılır. Bu da öz növbəsində, təhsilin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına zəmin yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video