25 Yanvar 2022 00:32
1320
İQTİSADİYYAT
A- A+

2021-ci ildə Azərbaycanda 34,6 milyon ton neft hasil olunub

 

Bu, ondan əvvəlki ilə nisbətən çoxdur

 

2021-ci ildə Azərbaycanda 34,6 milyon ton xam neft hasil edilib. Neft hasilatında ondan əvvəlki ilə nisbətən artımın olması, əsasən, “OPEC+” razılaşması çərçivəsində könüllü məhdudlaşdırmaların tədricən aradan qaldırılması ilə bağlıdır.

Ümumiyyətlə, keçən il ölkə üzrə neft və qaz hasilatında artım tendensiyası davam etdirilib. Artım xüsusilə qaz hasilatında müşahidə olunub. Belə ki, 2020-ci illə müqayisədə qaz hasilatı 18,1 faiz artıb və 43,9 milyard kubmetr təşkil edib.

SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ötən il üzrə açıqladığı hesabata görə, şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,9 milyon ton neft, 7,9 milyard kubmetr qaz hasil olunub. Neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz, qaz hasilatı isə 7 faiz çoxdur.

Prezident İlham Əliyev ölkənin neft-qaz sənayesi qarşısında köhnə yataqları da yaddan çıxarmamaq, hasilatı sabit saxlamaq üçün müntəzəm tədbirlər görmək vəzifəsini qoyub. Qazanılan nəticələr Azərbaycan neftçilərinin bu vəzifənin öhdəsindən layiqincə gəldiklərini göstərir. Yəni SOCAR dənizdə və quruda onilliklərdir istismar olunan yataqlarda işi uğurla davam etdirir. Hasilatı sabit saxlamaq üçün yeni texnika və texnologiyalardan, bütün mümkün vasitə və tədbirlərdən istifadə olunur. Nəticədə hətta hasilatın artması da müşahidə edilir.

Məsələn, ardıcıl şəkildə aparılan qazma işlərini xatırladaq. Ötən il SOCAR 2020-ci ilin nəticələri ilə müqayisədə 10,3 faiz çox - 62 min metrə yaxın qazma işləri həyata keçirib. Bu da şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit saxlanılması məqsədilə gerçəkləşdirilən kompleks tədbirlər planının davamlı şəkildə icra olunduğunu bir daha təsdiqləyir.

İl ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından da hasilat təhlükəsiz şəkildə davam edib. Başqa sözlə, AÇG 27 illik zəngin salnaməsinə yeni nailiyyətlərlə imza atıb. Bunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) verdiyi məlumat da göstərir. Belə ki, ARDNF AÇG neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 2021-ci ildə 5 milyard 968,4 milyon dollar gəlir əldə edib. Bu da həmin yataqlarda ilboyu hasilatın ahəngdar davam etdiyini göstərir.

Keçən il AÇG həmçinin özünün dünya səviyyəli karbohidrogen mənbəyi olduğunu bir daha nümayiş etdirdi. Belə ki, sentyabrın 18-də, “Əsrin müqaviləsi”nin 27-ci ildönümü və Neftçilər günü ərəfəsində AÇG mühüm bir qələbə qazandı. Bu yataqlar blokundan 4 milyardıncı barel neft hasil olundu.

Qeyd edək ki, AÇG layihəsi çərçivəsində 40 milyard dollar həcmində kapital investisiya qoyulub. Operator olan bp şirkətinin məlumatına görə, AÇG müqavilə sahəsində 136 neft hasilatı quyusu, 30 su və 8 qaz injektor quyusu istismar olunur.

Hazırda AÇG-də 8 platforma fəaliyyət göstərir. “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” hasilat platformalarıdır. Digər iki platforma isə kompressor və suvurma qurğularıdır.

Xatırladaq ki, AÇG-də hasilat 1997-ci il noyabrın 7-də “Çıraq” platformasından başlayıb. Bu tarixi hadisə noyabrın 12-də platformada Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə rəsmi surətdə qeyd olunub. Həmin vaxtdan “Çıraq”, onun ardınca da yüksək texnologiyalı digər müasir platformalar AÇG-dən hasilatı təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirirlər.

Yaxın gələcəkdə AÇG-nin doqquzuncu platforması da olacaq. “Azəri Mərkəzi Şərqi” adlanan həmin qurğunun inşası Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda və Bibiheybətdəki tikinti-quraşdırma sahəsində aparılır. Beləliklə, 2001-ci ildən indiyədək 155 milyard 373 milyon dollar gəlir gətirən AÇG Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılması üçün yaxın illərdə fəaliyyətini bir qədər də genişləndirəcək.

AÇG nefti Xəzərdən sualtı xətlərlə Səngəçal terminalına daxil olur və buradan, əsasən, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri ilə dünya bazarlarına yola salınır. Keçən ilin son ayında BTC ilə 500 milyonuncu ton neftin ixrac edilməsi qeyd olundu. Həmin neft “Nordorse” tankeri ilə Triestə (İtaliya) göndərildi. Bu, həmin vaxtadək BTC-nin nəql etdiyi neftin yükləndiyi 4922-ci tanker idi. 

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video