26 Fevral 2020 11:17
2161
MSK
A- A+

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 fevral 2020-ci il tarixli 419 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 88 saylı Göyçay seçki dairəsi üzrə qeydə alınmış namizəd Mustafayeva Samirə Vəli qızı 2020-ci il fevralın 25-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək səsvermə günü həmin seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia etmiş, həmin pozuntuların araşdırılmasına dair dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 16/48 saylı qərarını mübahisələndirmiş və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələri və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd S.V.Mustafayevanın müraciətində 88 saylı Göyçay seçki dairəsinin bəzi seçki məntəqələrində səsvermədə iştirak edən seçici fəallığının aşağı olduğunu, adları seçici siyahılarında olmayan seçicilərin səs verdiyini, bir şəxsin bir neçə dəfə səs verməsinə şərait yaradıldığını, seçki bülletenlərinin topa ilə seçki qutularına atıldığını, müşahidəçilərə təzyiq edildiyini, həmin pozuntularla bağlı dairə seçki komissiyasına təqdim edilmiş müraciətlərin və digər sənədlərin düzgün araşdırılmadığını iddia edərək, dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 16/48 saylı qərarının və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir.

Namizəd müraciətini onunla əsaslandırmışdır ki, yuxarıda qeyd olunan pozuntularla əlaqədar 88 saylı Göyçay seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, şikayət komissiya tərəfindən araşdırılmış, dairə seçki komissiyasının müvafiq qərarı ilə onun müraciəti əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma prosesində əlavə sənəd və ya material təqdim etmək, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olmasının izah edilməsi məqsədilə ərizəçi ilə əlaqə saxlanılmışdır.

Müəyyən edilmişdir ki, qeydə alınmış namizədin müraciəti dairə seçki komissiyası tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada hərtərəfli araşdırılmış, səsvermə günü mübahisələndirilən seçki məntəqələri üzrə müvafiq seçki subyektləri, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının üzvləri tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.

88 saylı Göyçay seçki dairəsinin dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, namizədin müraciətində səsvermə günü mübahisələndirilən seçki məntəqələrindəki qanun pozuntuları ilə bağlı iddiaları hərtərəfli araşdırılmış və nəticədə səsvermənin keçirilməsi və ya nəticələrin rəsmiləşdirilməsi zamanı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından müraciət əsassız hesab olunaraq təmin edilməməlidir.

Müraciətin araşdırılması ilə əlaqədar səsvermə günü və sonrakı günlərdə sosial şəbəkələrdə sözü gedən seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülərə baxış keçirilərkən 88 saylı Göyçay seçki dairəsinin 15 saylı seçki məntəqəsində səsvermənin keçirilməsi və səsvermənin nəticələrinin hesablanması zamanı seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmışdır. Qeyd olunanlara və digər materialların araşdırılmasına əsasən həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Araşdırma ilə əlaqədar səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyalarının protokolları və digər sənədlər dairə seçki komissiyasından tələb edilərək götürülmüş və onlara baxış keçirilmişdir. Araşdırma nəticəsində həmin seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarındakı məlumatlarda uyğunsuzluqlar aşkarlanmamış, bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilməmişdir.

Eyni zamanda araşdırma ilə müəyyən edilmişdir ki, səsvermə günü 15 saylı seçki məntəqəsi istisna olmaqla, seçki dairəsinin mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Araşdırma zamanı adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən, müxtəlif siyasi partiyaların müşahidəçiləri də daxil olmaqla digər seçki subyektlərindən müvafiq izahatlar alınaraq nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən seçki məntəqəsi istisna olmaqla, digər seçki məntəqələrində seçki qanunvericiliyinin tələblərinin pozulması halları öz təsdiqini tapmamışdır.

Beləliklə, qeydə alınmış namizəd S.V.Mustafayevanın müraciəti qismən təmin edilməli, 15 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab olunmalı, dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 16/48 saylı qərarı həmin seçki məntəqəsi üzrə hissədə ləğv edilməli, qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 88 saylı Göyçay seçki dairəsi üzrə qeydə alınmış namizəd Mustafayeva Samirə Vəli qızının 25 fevral 2020-ci il tarixli 419 saylı müraciəti qismən təmin olunsun, həmin seçki dairəsinin 15 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılsın.

2. Dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 16/48 saylı qərarı 15 saylı seçki məntəqəsi üzrə hissədə ləğv edilsin, digər hissədə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video