25 Yanvar 2023 02:44
710
CƏMİYYƏT
A- A+

1936-cı ildə Əliyevlər ailəsinə pənah gətirdim

 

Heydər Əliyevin yeniyetməlik, gənclik illərini onun uşaqlıq dostu - ikiqat tələbə yoldaşı xatırlayır

 

"... Culfanın Saltaq kəndindəki orta məktəbi bitirdikdən sonra təhsilimi Naxçıvan Pedaqoji Texnikumunda davam etdirmək niyyətindəydim. Ancaq sözün düzü, nə yol göstərənim, nə də o məktəbə sənəd vermək üçün məsləhət verənim vardı. Bir sözlə, tamam köməksiz qalmışdım. 
Bir gün atamın Göydərə kəndində yaşayan dostu Zeynalabdin əmi bizə gəlmişdi. Atam ona mənim narahatlığımdan danışdı. Zeynalabdin əmi başıma sığal çəkərək "Dövlət, narahat olma, mənim şəhərdə qardaşım yaşayır, Əlirzanı deyirəm, onun ortancıl oğlu da bu il həmin məktəbə hazırlaşır, səni onlara özüm apararam, bir yerdə sənəd və imtahan verərsiniz, hər şey yaxşı olacaq" dedi. Sevincimdən uçmağa qanadım yox idi. 
1936-cı ilin avqust ayının ortalarında mən, atam və Zeynalabdin əmi Naxçıvan şəhərinə yola düşdük. Əlirza əminin evində bizi böyük mehribanlıqla qarşıladılar. Çay-çörəkdən sonra Zeynalabdin əmi mətləb üstünə gəldi. Sonra atam danışdı. 
Onları diqqətlə dinləyən Əlirza əmi mənə nəzər salıb "Ay bala, heç narahat olma, bizim uşaqla birlikdə sənəd verərsən, sonra da imtahana gedərsən, görürəm, hər ikiniz də fərasətlisiniz, imtahan çətin olmaz, elə texnikumda da iki qardaş bir-birinizə kömək olarsınız" dedi. 
Bu vaxt içəri bir yeniyetmə daxil olaraq, bizə xoşgəldin etdi. Əlirza əmi oğluna xitabən "Tanış ol, bir yerdə imtahan verəcəksiniz" söylədi. Əlimi irəli uzadıb "Salam, mənim adım Dövlətdir" dedim. 
Qarşımdakı yeniyetmə isə üzümə gülümsəyərək sanki sınayıcı tərzdə gücümü yoxlamaq məqsədilə əlimi çox möhkəm sıxdı və özünü təqdim etdi: 
"Heydər"... 
***
Xoşbəxtliyin, yəqin, elə dünyada mövcud olan insanların sayı qədər də meyarı var. Hər kəs bir uğurunda, tale qismətində görür xoşbəxtliyini. Bugünkü həmsöhbətimiz Dövlət Məmmədov da özünü xoşbəxt insanlardan sayır. 
Həyatını mənalı, maraqlı, zəhmətlə keçirib, əməyi ilə ucalıb, yaxşı ailə başçısı olub, övladları, nəvələri üzünü ağ edib, ömrünün kamillik çağını isə respublikanın Əməkdar müəllimi və Prezidentin fərdi təqaüdçüsü fəxri statusu ilə yaşayır. Bütün bunları xoşbəxtliyinin əsas amili sayır, ancaq sıralamada ən mühüm meyar kimi 1936-cı ildə tanış olduğu insanla olan mehriban münasibətini göstərir. 
Deyir ki, hər kəsə mənim xoşbəxtliyim qismət olmur: "Çünki biz o insanla yalnız adi tələbə dostu olmamışıq, ürək dostu olmuşuq, eyni zamanda yeganə adamam ki, onunla iki dəfə tələbəlik dostluğu etmişəm, həm 1936-1939, həm də 1951-1957-cı illərdə. Bu, xoşbəxtlik deyil, bəs nədir?" 
Dövlət müəllim, həqiqətən də, haqlıdır, taleyin ona nəsib etdiyi bu qismət, doğrudan da, xoşbəxtlik sayılmalıdır. Çünki bu münasibətlər heç də adi adamla deyil, "azərbaycanlı" adını bütün dünyada ucaldan, millətinə, dövlətinə şərəf gətirən bir şəxsiyyətlə - Heydər Əliyevlə bağlıdır...  
***
"... Heydər kənddən gətirdiyim sənədlərə baxdıqdan sonra dedi ki, hər şey düzdür, onları texnikumun qəbul şöbəsinə təqdim etmək olar. Qeyd edim ki, o vaxt Heydərin 13, mənim isə 17 yaşım var idi. Yaş fərqimizin səbəbi o idi ki, mən ibtidai məktəbə gec getmişdim. Texnikumun girəcəyində Lətif Hüseynzadə ilə görüşdük. 
Lətif müəllim sənədlərimə baxıb Heydərlə məni texnikumun dərs hissə müdiri Murad Tutayukun yanına apardı. Sənədlərimi qəbul etdilər. O vaxt imtahanlar indiki kimi nə test, nə də bilet çəkməklə idi. Müəllimlər keçilmiş proqram dairəsində suallar verməklə imtahan götürürdülər. İmtahan verib beş aldım, gəldik onlara. Heydərin anası İzzət ana məni təbrik etdi. Onu deyim ki, mən anamı kiçik yaşlarımda itirmişəm. Ana qayğısını elə o vaxtdan İzzət anadan görmüşəm. Qayğı və nəvazişini İzzət ana məndən 4 il əsirgəmədi.
Tələbəlik dövründə günümüz demək olar ki, bir yerdə keçirdi. Bizi birləşdirən cəhətlərdən biri də rəssamlığa olan bağlılığımız idi. Tez-tez Möminə Xatun türbəsinin yanına gedib oradan dəmiryol vağzalı istiqamətində olan mənzərələri çəkirdik. 1937-ci ildə rus şairi A.S.Puşkinin 100 illiyi keçirilirdi. Biz də onun əsərlərinə illüstrasiyalar çəkmişdik. O vaxt təşkil olunmuş sərgidə Heydər birinci yeri, qardaşı Hüseyn Əliyevlə mən isə ikinci və üçüncü yerləri tutduq. Onu da deyim ki, o zaman Bakıdakı rəssamlıq texnikumunda oxuyan Hüseyn Əliyev bizə daim qayğı göstərirdi.
Texnikumda bizə çox savadlı müəllimlər dərs deyirdilər. Hərbi rəhbərimiz Akim Abbasov idi. Lətif Hüseynzadə, Cəlil İsgəndərli ədəbiyyat, Tofiq Bəktaşi riyaziyyat, Həsənbəy Qazıyev rus dili, Əsəd Cəfərli anatomiya, Əsgər Əhmədov isə kimyanı tədris edirdi. Bütün müəllimlərimiz Heydərin xətrini çox istəyir və onu daim bizə nümunə göstərirdilər. 
Bəzən məndən soruşurlar ki, Heydər Əliyev hansı fənləri daha yaxşı oxuyurdu? Mən də deyirəm: bütün  fənləri. Elə bir dərs yox idi ki, Heydər onu yaxşı bilməsin. O, istisnasız olaraq bütün fənləri əla oxuyurdu. Hərbçilik qabiliyyətinə isə söz ola bilməzdi.  Bir də onu deyim ki, rus dilini gözəl bilirdi. Yadımdadır ki, Lev Tolstoyun "Hərb və sülh" romanını o vaxt rus dilində oxuyur, məzmununu bizə danışırdı. İctimai işlərdə də birinci idi. Bundan əlavə, həvəskar teatrda da çalışırdı, tamaşalarda adətən baş rolları oynayır, özü də şah, hökmdar, xalq qəhrəmanı obrazlarını canlandırırdı. İdmanla xüsusi məşğul olurdu. 
Hər həftənin sonu mən kəndimizə gedirdim. Çox vaxt Göydərə kəndindəki əmisigilə gedən Heydər də mənə yol yoldaşı olurdu. Deyirlər ki, qardaşın necə adamdır, cavab o olur ki, bilmirəm, yol yoldaşı olmamışam. Bu baxımdan mən Heydərin yol yoldaşlığını xüsusi qeyd etmək istərdim. Uzun yolda, bəzən susuz, bəzən ac olduğumuz vədələrdə Heydər çox təmkinli və diqqətli olurdu. Yolumuz "Əshabi-Kəhf"in qarşısından keçirdi. Bu müqəddəs ocağa Heydər çox inanırdı. Buradakı sudan içməmiş getməzdi. 
Qrupda şəriksiz lider idi Heydər. Onu hamımız, hətta yaşca ondan böyüklər də sayırdı, hörmət edirdi. Bu hörməti Heydər özü qazanmışdı, səmimiyyəti, böyüklüyü, yaşına bəlkə də yaraşmayan müdrikliyi ilə. Sizi inandırım ki, qrupdakı bütün oğlanlar, içi mən qarışıq, həmişə Heydəri təqlid etməyə çalışırdıq. Onun kimi yeriməyə, davranmağa, danışmağa, hətta gülməyə də cəhd edirdik. 
Texnikumda nə mübahisə olsaydı, ədalətli həlli yalnız Heydərdən gəlirdi. Bəli, o, obyektiv hakim idi. Məntiqi çox güclü idi, hamını özünə, sözünə inandırmağı bacarırdı, onun fikirlərinə biz heç vaxt şübhə etməmişdik. Heydər qrupdakı qızların da hamisi idi. Onlara başqa qrupdan kimsə söz atsaydı, həmin şəxs elə həmin dəqiqə Heydərdən cəza alacaqdı. Onu da deyim ki, Heydər nə qədər təmkinli, sülhsevər olsa da, yeri gələndə çox qətiyyətli və döyüşkən olurdu. 
Mehriban, səmimi ailəsi vardı. Çox vaxt onlarda gecələyirdim. Xudmani həyətləri, iki otaqdan ibarət evləri vardı. Həyətdə daim xırda da olsa, təsərrüfatları olurdu. Əlirza əmi zəhmətkeş kişi idi, elə övladlarını da bu ruhda, sadə insanlar kimi böyüdürdü. 
İzzət anadan isə danışmaqla qurtarmaz. O qədər qayğıkeş insan idi ki... Bütün övladlarını çox istəyirdi, ancaq Heydərə xüsusi yanaşırdı, əslində, ailənin bütün üzvləri Heydəri yaşından böyük adam kimi qəbul edirdilər. İzzət ana Heydərin geyiminə, səliqəsinə həmişə fikir verirdi. 
Həsənlə Hüseyn artıq Bakıda olduqlarından Heydər də demək olar ki, evdə böyük oğul kimi qalmışdı. Suğra ilə birlikdə, kiçik bacı və qardaşlarına - Cəlala, Aqilə, Rəfiqəyə, Şəfiqəyə arxa-dayaq idi, onların təhsili, tərbiyəsi ilə məşğul olurdu.  
Belə gözəl ailənin belə layiqli oğlu idi Heydər..."
***
1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirən Heydər Əliyev Şahbuz rayonuna, Dövlət Məmmədov isə öz doğma elinə - Culfanın Saltaq kəndinə təyinat alır. Lakin onların yolları ayrılmır. Dövlət müəllim deyir ki, tez-tez görüşərmişlər. Bir gün o, İzzət ananı ziyarət etmək üçün Naxçıvan şəhərinə gələndə Heydər Əliyevi də evdə görür. 
Heydər Əliyev deyir ki, o, artıq Azərbaycan Sənaye İnstitutunun Memarlıq fakültəsinin tələbəsidir. 1941-ci ildə Dövlət Məmədov cəbhəyə gedir, təhsilini yarımçıq qoymağa məcbur olan Heydər Əliyevin isə fitri istedadı və bacarığı, həmçinin xüsusi qabiliyyəti, rus dilini yaxşı bilməsi kimi keyfiyyətləri nəzərə alınaraq, Nazirlər Sovetinə işə dəvət edilir. 
Beləliklə, Heydər Əliyevin həyatında, demək həm də Azərbaycanın taleyində yeni mərhələ başlayırdı…
***
"…1943-cü ildə cəbhədən qayıtdım. Heydərlə tez-tez görüşürdük, 20 yaşı olmasına baxmayaraq, artıq Naxçıvanda nüfuz sahibi idi. Elə həmin vaxt Əlirza əmi rəhmətə getdi. Ailənin bütün çətinlikləri, qayğıları tam olaraq Heydərin çiyinlərində idi. 
1944-cü ildə Bənənyar kəndində müəllim kimi fəaliyyətimi davam etdirdim. İşə təzə başlayanda Heydər məni təbrik etməyə gəldi. Ailəsindən danışdı, dedi ki, kiçik qardaşı Cəlal artıq ikiillik Naxçıvan Pedaqoji İnstitutunu bitirib və elə bu məktəbdə işləmək niyyətindədir. Çox sevindim, çünki Cəlal məndən 9 yaş kiçik olsa da, yaxın dost idik və bilirdim ki, bu gənc böyük qardaşı Heydər kimi cəsarətli və çox savadlıdır. 
Beləliklə, 16 yaşlı Cəlalla Bənənyar kəndində müəllimliyə başladıq. Bir evdə qalırdıq. Müharibənin amansızlığı güzəranımıza təsir edirdi. Çox vaxt ac qalırdıq, adi otlardan çay dəmləyirdik, ancaq 16 yaşlı Cəlal bir dəfə də olsun şikayətlənmir, atasına, qardaşına layiq əsl kişi kimi dəyanət göstərirdi. Arada Heydər bizi yoluxmağa gəlirdi. Cəlaldan "qardaş, nə çətinliyin var" - deyə soruşsa da, o, həmişə "Heydər, narahat olma, birtəhər dolanırıq" - söyləyirdi. Ancaq Heydər vəziyyətin heç də yaxşı olmadığını bilirdi, neyləməli, bütün ittifaqda, Azərbaycanda, Naxçıvanda vəziyyət ağır idi, aclıq baş alıb gedirdi. 
Mən Əliyevlər ailəsinin mətinliyini, dəyanətini, qorxmazlığını ilk dəfə həmin günlərdə gördüm. 40-cı illərin problemləri qarşısında əyilməyən, yüksələn bu ailə 50 il sonra da onlara yaradılan maneələrə, repressiyalara boyun əyməyərək, əsl kişi kimi mübarizə apardılar, nəticədə özlərini və Azərbaycanı yenə də yüksəltdilər. 
1945-ci ildə Cəlal Azərbaycan Dövlət Universitetinə qəbul olundu. Lakin mənim Əliyevlər ailəsi ilə münasibətlərim kəsilmədi. Heydərlə mütəmadi görüşürdük. 1947-ci ildə məni evlərinə dəvət etdilər. Məlum oldu ki, Heydər ailəsi ilə birlikdə Bakıya köçür. "Məni işdən göndərirlər, belə lazımdır, bizim dostluğumuz isə bitməyəcək, mən səninlə vəzifə dostu deyiləm axı, biz uşaqlıq dostuyuq" - dedi Heydər…  
Bakıya köçsə də, Heydər işi ilə bağlı tez-tez Naxçıvana gəlirdi. Hər gəlişində də məni və digər dostlarını, qrup yoldaşlarını yada salır, yoluxurdu. Çox etibarlı dost idi Heydər… 
Ancaq Heydər Əliyevlə yenə də birlikdə olmaq tale qismətim imiş. Belə ki, 1951-ci ildə Allah-təala bizim yollarımızı yenə də birləşdirdi, hər ikimiz Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunduq. Qəbul imtahanında maraqlı bir əhvalat baş verdi. Rus dilindən şifahi imtahan götürülürdü. Heydər çox sərrast və əhatəli cavab verdi.  Müəllim isə nədənsə ona "dörd" yazdı. 
Heydər Əliyev də Heydər Əliyevdir də… O, etirazını bildirdikdə, müəllimə "get kimə istəyirsən şikayət et, mən sənə "beş" yazmayacağam" - dedi. Heydər birbaşa universitetin rektorunun qəbuluna getdi. Sağ olsun universitetin ovaxtkı rektoru Cəfər Xəndanı. Heydərin qətiyyətini, prinsipiallığını gördükdən sonra komissiya yaradılmasına razılıq verdi. Beləliklə, Heydər 7 nəfərdən ibarət komissiyaının qarşısında 15-dən artıq suala cavab verdi. Sonda müəllimlərin hamısı "sən "beş"ə layiqsən, halal olsun" - dedilər. 
Qəbul komissiyasının sədri hamımızın yanında Heydərdən üzr istədi. Heydər elə imtahandaca bütün qrupun rəğbətini, hörmətini qazandı. Qiyabi təhsil alırdıq. Heydər burada da, qrupun liderinə, gənc ağsaqqalına çevrilmişdi. Bütün universitetdə nüfuz sahibi idi. 
Mütəmadi olaraq Bakıdakı evlərində olurdum. O qədər əhvalatlar başımıza gəlib ki…  
Bir gün dərsdən çıxanda Heydərə dedim ki, bəs kənddən bir qohumum göz xəstəxanasında yatır, onun yanına getməliyəm. Bir anlığa duruxub, "Dövlət, qoy mən də gedim, sənin qohumunu yoluxum" - söylədi. Sözün düzü, təəccüb etdim: "Ay Heydər, sənin işin-gücün var, mənlə vaxt itirmə". Ancaq Heydər razılaşmadı ki, razılaşmadı. 
Beləliklə, gəldik göz xəstəxanasına. Palatanı xəbər alıb qalxmaq istəyəndə Heydər "Dövlət, mənim bir tanışım burada işləyir, bir dəqiqə gözlə, onunla da görüşək, sonra bilər, yaxşı düşməz" - söylədi. "Mənim tələsən yerim yoxdur, özün bil" - dedim. Bir kabinetə girən Heydər oradan gözəl bir xanımla çıxdı. 
Mənə xitabən, "Dövlət, tanış ol, Zərifə xanımdır, ailəvi münasibətlərimiz var" - deyən Heydər qarşımızdakı qıza da, "Bu, Dövlətdir, uzun illərin dostuyuq" - söylədi. Bir neçə dəqiqəlik söhbətdən sonra Zərifə xanımdan ayrıldıq. Heç vaxt hisslərini büruzə verməyən Heydərin üzündə çox qəribə ifadə vardı və mən özümü saxlaya bilməyib, "Ay Heydər, deyəsən, sən bura gəlişinin əsas məqsədinə çatdın, daha mənim qohumumla görüşməyə ehtiyac yoxdur" - dedim. Heydər bir anlığa üzünə çox kəskin ciddilik gətirərək mənə zəndlə baxdı... 
Və bununla da bu mövzuda söhbətimiz bitdi. Bu hadisədən bir il sonra, 1954-cü ildə Heydər Əliyev Zərifə xanımla ailə həyatı qurdu…"
***
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini əla qiymətlərlə bitirən Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsində yeni vəzifəyə yüksəlir, Dövlət Məmmədov isə Naxçıvanda pedaqoji fəaliyyətini davam etdirir. 
Həmin il Heydər Əliyevin anası İzzət xanım da rəhmətə gedir. Dövlət müəllim xatırlayır ki, bu hadisə Heydər Əliyevə olduqca pis təsir edir və o, bu itkinin iztirablarını çox ağır keçirir. Sonrakı illərdə də ikiqat tələbə dostlarının görüşləri olurdu. "O, heç vaxt məni, digər dostlarını unutmurdu, hətta qayğımıza da qalırdı" - deyir Dövlət Məmmədov və xatırlayır ki, Naxçıvana daim Heydər Əliyev barədə xoş xəbərlər gəlirdi...
***
"…Heydər Əliyev Naxçıvanda çox məşhur idi, 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinə sədr müavini təyin edildikdən sonra isə onun nüfuzu birəon qat artdı. Elə həmin il respublika Ali Sovetinə seçkilər keçirilirdi. Ovaxtkı Əbrəqunus rayonundan elimizin böyük oğlunun Azərbaycan SSR Ali Sovetinə deputatlığa namizədliyi irəli sürülmüşdü. 
Heydər Əliyevin seçicilərlə görüşü keçirilirdi. Bir məqamı deyim ki, sovet dövrünün seçkiləri, adətən, quru keçirilirdi və əhali də deputatlığa namizədlərlə görüşə zorən gətirilirdi. Ancaq Heydər Əliyevin hansısa kənddə görüş keçirəcəyi məlum olduqda, nəinki təkcə həmin kəndin, hətta qonşu kəndlərin camaatı da bu görüşə tələsirdi. Hamı üçün Heydər Əliyevi - Naxçıvanın adını bütün Azərbaycanda tanıtmış bir şəxsiyyəti görmək maraqlı idi. 
Belə görüşlərin biri də Bənənyar kəndində keçirilirdi. Kəndin girəcəyində qarşılanma mərasimində məni dərhal gördü, yanına çağırdı, işimlə, ailə vəziyyətimlə, dolanışığımla maraqlandı, xeyli səmimi söhbət etdik. Çox mehriban görüş keçirilirdi, inanın ki, nə rəsmiyyətçilik, nə də quru sözçülük vardı bu görüşdə. Hətta camaat Heydər Əliyevin DTK sədrinin müavini olduğunu da unutmuşdu. 
Əslində, elə ilk tanışlıqda Heydər Əliyev hamıya göstərdi ki, o, çekist olmamışdan öncə, azərbaycanlıdır, xalqını sevən rəhbər şəxsdir və ondan çəkinməyə ehtiyac yoxdur, əksinə, ona inanmaq, güvənmək lazımdır. Görüşdən sonra Heydər Əliyevlə yenidən söhbətləşdik, ötən günləri yada saldıq. Qrup yoldaşlarımızı bir-bir xəbər aldı, onlara salam deməyimi tapşırdı. 
1969-cu ilin iyul ayının 15-i səhər bir də gördüm qonşum az qalır qapını qıra. İçəri girərək, sevinclə "Heydər Əliyevi Azərbaycana rəhbər qoydular" - deyə qışqırdı. Az sonra bütün kənd, nəinki kənd, bütün Naxçıvan sevincdən ayağa qalxmışdı. Təbrik teleqramı göndərdim və fəaliyyətində uğurlar arzuladım. Elə fəaliyyətinin ilk aylarında ölkədə hiss olundu ki, yeni rəhbər əvvəlkilər kimi deyil, o, işləməyə, xalqı və dövləti inkişaf etdirməyə gəlib. Heydər Əliyev hər yerdə ona inananların, Azərbaycanın adını ucaldırdı. 
1974-cü ildə Naxçıvan MSSR-in yaradılmasının 50 illiyi qeyd olunurdu. Bu münasibətlə təşkil olunmuş bayram tədbirlərində iştirak etmək üçün Naxçıvana gələn Heydər Əliyev Culfanı da ziyarət etdi. Burada da tədbirdə məni uzaqdan görüb yanına çağırdı, hal-əhval tutdu. Qrup yoldaşlarımızı xəbər aldı, dostları, ötən günləri bir daha xatırladıq. Çox söhbət etdik. 
Sonrakı illərdə də hər dəfə Naxçıvana gələndə görüşürdük, bizi axtarırdı, heç vaxt unutmurdu. 
Sonra da 1982-ci il... Heydər Əliyev Azərbaycanın adını Kreml zirvəsinə qədər yüksəltdi. Sevincimizdən, şadlığımızdan bilmirdik nə edək?.. Hər dəfə rəsmi qəzetlərdə adını, mərkəzi televiziyada özünü görəndə qəlbim iftixar hissi ilə dolurdu. Düşünürdüm ki, indi Əlirza əminin, İzzət ananın ruhu çox şaddır, çünki onlar Heydəri layiqli oğul kimi böyütmüşdülər, onun üstündə əziyyət çəkmişdilər, ona böyük ümidlər bəsləmişlər, demək o da valideynlərinin çörəyini itirmədi...
Sonra da 1987-ci il gəldi... Heydər Əliyev bütün vəzifələrindən istefa verdi. O, indi vəzifəsiz idi, sadəcə "İttifaq əhəmiyyətli təqaüdçü" statusunu saxlayırdı. Ancaq yenə də xalqın əsas güvənc yeri, inam mənbəyi idi. 1988-ci ildən başlayan erməni təcavüzünə və Moskvanın anti-Azərbaycan hikkəsinə qarşı ölkə rəhbərliyinin müqavimət göstərə bilməməsi xalqı bir daha əmin etdi ki, Heydər Əliyev alternativsiz siyasi liderdir, yalnız onun şəxsi qüdrəti yaranmış problemləri həll edə bilər və ümumiyyətlə, Tanrı bu insanı Azərbaycana xilaskar kimi göndərib. Artıq Heydər Əliyevin əleyhinə mərkəzi və yerli mətbuatda şər, böhtan dolu yazılar gedirdi. Hamımız bilirdik ki, bu məkrli kampaniyanın başında M.Qorbaçov və Ə.Vəzirov dayanır. İftiralar elə hədsiz hala çatmışdı ki... 
Axırda dözməyib qatara bilet alıb birbaş Bakıya, "Kommunist" qəzetinə gəldim. Redaktorun qəbulunda oldum. Dedim ki, Heydər Əliyevin bioqrafiyasını səhv yazmasını, Naxçıvanda texnukumda oxumadığını, ADU-ya saxta yollarla qəbul edildiyini yazırsınız. İndi mən də Heydər Əliyevi 1936-cı ildən tanıyan, onunla duz-çörək kəsən bir insan kimi gəlmişəm həqiqəti danışam. Bu kişi mənlə bərabər Pedoqoji Texnukumda oxuyub, bu da bizim şəkillərimiz. Bu kişi ADU-ya girəndə ona qarşı saxtakarlıq etmək istəyiblər, ancaq biliyi ilə ədalətli "əla" qazanıb, inanmırsınız, gedin universitetin arxivini yoxlayın. Bioqrafiyasına gəlincə isə, onun evində duz-çörək kəsmişəm, bütün qohumlarını tanıyıram, Heydər Əliyevin bütün həyat yoluna bələdəm, nəyi səhv yazıbsa, deyin, mən də öz yaddaşıma güc salım, görək, həqiqət kimin tərəfindədir. Məni dinlədikdən sonra başa saldılar ki, "İş bizlik deyil. Sən də ağlını başına yığ, artıq Heydər Əliyev yoxdur, onun adını çəkənin bütün nəslini yer üzündən kəsirlər".
Suyu süzülmüş halda gəldim Cəlal Əliyevin yanına. Gördüm ki, Cəlal müəllim məndən beşqat artıq əsəbidir. Məni dinlədikdən sonra dedi ki, "Ay Dövlət müəllim, sən bir qəzetlə bacarmırsan, mən isə qalmışam bütün bu rəhbərlərin əlində, onlara həqiqəti qəbul etdirə bilmirəm, hələ gör Heydər nələr çəkir. Donos yazanların hamısı vaxtilə Heydərin çörəyini yeyənlər, onun vəzifəyə çəkdiyi adamlardır. Hamısı xain çıxdı. Heç olmasa həqiqəti desinlər, dərd yarı olar, yazdıqlarının hamısı yalandır, böhtandır". 
Xeyli dərdləşdikdən sonra Cəlal müəllim mənə ürək-dirək verdi, qatara bilet alaraq, Naxçıvana yola saldı. Mən isə sakitləşə bilmədim..."
***
Dövlət Məmmədov həqiqətən də sakitləşə bilmir. İndi onun səsi-sorağı Moskvaya, Kremlə, Qorbaçova, Vəzirova... vurulan yüzdən artıq etiraz teleqramı ilə gəlirdi. 
Bir sözlə, Heydər Əliyev Naxçıvana gələnə qədər Dövlət Məmmədov özünəməxsus mübarizə aparırdı. O dövrdəki etiraz kampaniyasını isə Dövlət müəllim "Bu da mənim mübarizəm idi, Heydər Əliyev uğrunda, haqq-ədalət uğrunda!" - deyə səciyyələndirir. Dövlət Məmmədovun həmin illərdəki fəaliyyəti, fədakarlığı ilə bağlı akademik Cəlal Əliyev "Elm həqiqətdir" kitabında ətraflı yazıb, bu insanın sədaqətini çox yüksək dəyərləndirib...
***
"...Tez-tez Cəlal Əliyevə zəng edib Heydər Əliyevi soruşurdum. Deyirdi ki, təzyiqlər çoxalıb, İlhamı, Sevili işdən çıxarıblar, ancaq Əliyevləri sındırmaq mümkün deyil. Mənim salamlarımı çatdırdığını deyir və söyləyirdi ki, Heydər Əliyev də mənə, bütün dostlarına salam deyir, sədaqətə görə minnətdarlığını bildirir. 1990-cı ilin 22 iyulu idi. Eşitdim ki, Heydər Əliyev artıq bir neçə saatdır Naxçıvana gəlib. Təcili görüşə hazırlaşdım, bizim evdən məsləhət gördülər ki, Heydər Əliyev uzaq səfərdən gəlib, bu gün narahat etməyə dəyməz. Ancaq düşündüm ki, indi Heydər Əliyev üçün ən vacibi dincəlmək deyil, dostlarının əhatəsində olmaqdır. 
Bacısı Suğra xanımın evində məskunlaşan Heydər Əliyev məni görcək çox sevindi, səmimi görüşdük. O, çox arıqlamışdı, hiss olunurdu ki, son illərdə böyük çətinliklərlə qarşılaşıb. Evdə Afiyəddin Cəlilov da vardı. Birdən onu qapıya çağırdılar. Geri dönəndə Heydər Əliyevə bildirdi ki, on minlərlə naxçıvanlı onunla görüşmək istəyir. Heydər Əliyev mümkünsə, mərkəzi meydana gələrək sakinlərin salamını qəbul etsin. 
Mən də onlara qoşulub meydana getdim. Meydana qədər yolu çətinliklə irəliləyirdik. İynə atsaydın yerə düşməzdi, bütün Naxçıvan öz böyük oğlunu qarşılamağa çıxmışdı. Heydər Əliyev burada 80 min nəfərin qarşısında qısa çıxış etdi, dedi ki, o, Naxçıvana yalnız sakit yaşamaq üçün gəlib, xalqı ilə birlikdə olmaq niyyətindədir. Alqışların, "Heydər!" sədalarının ardı-arası kəsilmirdi. 
Evə xalqın, sadə naxçıvanlıların əhatəsində yenə birlikdə qayıtdıq. Artıq Heydər Əliyevin simasında üzgünlük, yorğunluq qalmamışdı. Gülümsəyərək, "Dövlət, xalqımdan razıyam, məni unutmayıblar, demək yaşamağa dəyərmiş" - dedi. 
Səhərisi gün Ordubad camaatı ilə görüşə getdik. Burada da əhali Heydər Əliyevi qəhrəman kimi qarşıladı. Bir neçə gün ərzində Heydər Əliyev bütün Naxçıvanı gəzdi, özü də şahid oldu ki, Naxçıvan sakinləri bir nəfər kimi onun sözünü, əmrini gözləyir.  
Sonrakı hadisələrdən də xəbərdarsınız... Artıq Naxçıvan və naxçıvanlılar öz talelərini Heydər Əliyevə həvalə etmişdilər. Onunla tez-tez görüşürdük, ya evində, ya kabinetində, ya da ki Naxçıvanın müxtəlif guşələrində. Naxçıvanın üzləşdiyi problemləri həll etmək üçün Heydər Əliyev böyük əziyyətlər çəkirdi. Ermənistanın blokadası az imiş kimi, Bakı rəhbərliyi də hər dəfə bir təxribat hazırlayırdı. Heydər Əliyevin sayəsində yalnız Türkiyənin, İranın yardımına ümid edirdik. 
Heç yadımdan çıxmaz, 1991-ci ilin soyuq qış günlərindən biri idi. Evdə ehtiyat saxladığım bir neçə salxım üzümü götürüb, Heydər Əliyevin görüşünə getdim. İnanın, Naxçıvan rəhbərinin evi də bumbuz idi. Mənzildə palto, papaqla oturduq. Üzümü görən Heydər Əliyev bir qədər pis oldu. "Dövlət, biz üzüm yeyə bilərik, ancaq naxçıvanlıların çoxu quru çörəyə möhtacdır, soyuq xalqı qırır. Eybi yox, biz kişiyik, birtəhər tab gətirərik, bəs uşaqlar, qadınlar, yaşlılar nə etsin? Bu camaatın ümidi yalnız mənədir, mən məsuliyyətimi anlayıram. Ancaq nə qədər mane olan var..." 
Heydər Əliyev çox üzgün idi, ancaq bədbin deyildi, bax elə onun bu mübarizliyi Naxçıvanı məhvdən qurtardı... 
1993-cü ilin may ayının 8-də Heydər Əliyevin 70 illik yubileyini təbrik etmək üçün onun qəbuluna gəldim. Öz əl işimi - rəsmi ona təqdim etdim. Kabinetdə olan başqa adamlar çıxandan sonra təklikdə söhbət etdik. Dedi ki, "Dövlət, Bakıda vəziyyət pisləşir, bunun bəlası bütün Azərbaycana dəyəcək, Allah ölkəmizi daha böyük bəlalardan qorusun". Bu sözlərdən sonra mən çox narahat oldum, əgər Heydər Əliyev kimi bir şəxsiyyət böyük bəlalardan danışırsa, demək vəziyyət çox gərgindir. Doğrudan da, bir ay sonra ölkədə vəziyyət o qədər mürəkkəb hal aldı ki, bütün xalq Heydər Əliyevi təkidlə Bakıya, hakimiyyətə dəvət etdi. 
Və Heydər Əliyev Azərbaycana növbəti dəfə qurtuluş bəxş etdi... 
1998-ci ildə Heydər Əliyev bütün tələbə yoldaşları ilə görüş keçirdi. Çox maraqlı, təsirli görüş oldu. Təsəvvürünüzə gətirin ki, uzun illər idi ki, bir-birindən ayrılan tələbə yoldaşlarımızın hərəsi bir rayondan, bir kənddən gəlmişdi. Onda olan səmimiyyətə, mehribanlığa bir daha heyran qaldıq. Hamımızla bir-bir görüşdü, iş yerimizi, ailə vəziyyətimizi soruşdu, problemlərimizlə maraqlandı. Tələbəlik dövrünün xatirələrini bir daha yaşadıq. Hamımız da onun güclü hafizəsinə heyran qalmışdıq ki, üstündən neçə illər keçməsinə baxmayaraq tələbəlik illərində baş verən hadisələri belə dəqiqliklə xatırlayır. 
Ümumiyyətlə, hər ilin 9 mayında - Qələbə günündə Həzi Aslanovun abidəsi önündə bütün veteranlarla görüşən Heydər Əliyev mənimlə hal-əhval tutur, "Dövlət, biz hələ çox yaşayacağıq" - deyirdi.  
2002-ci ilin 11 iyununda eşitdiyim xəbərlə sanki dünyaya yenidən gəldim. Heydər Əliyev fərmanı ilə məni Prezidentin fərdi təqaüdçüləri sırasına daxil etmişdi. Sevincimin hədd-hüdudu yox idi..." 
***
Bu hadisədən bir həftə sonra Heydər Əliyev Naxçıvana gəlir. Bu səfərdə Dövlət Məmmədovla bağlı çox isti bir haşiyə də var. Televiziya vasitəsi ilə dəfələrlə nümayiş olunan hadisəni xatırlamağa ehtiyac duyuruq. 
Şəhər gəzintisinə çıxarkən kənardan Dövlət müəllimi görən Prezident onu yanına dəvət edir. Səmimi görüşdən sonra "Dövlət müəllim, keyfin necədir, necə dolanırsan" sualına belə cavab alır: "Çox sağ olun, cənab Prezident, təltifinizə görə də minnətdaram, heç bir təmənnam yoxdur, təki Sizin canınız sağ olsun". 
Özünəməxsus tərzdə gülümsəyən Heydər Əliyev "Mən səni yaxşı tanıyıram, gözütox adamsan, bir stəkan südlə də dolana bilərsən, ancaq sənin kimi insanlara dövlətin qayğısı vacibdir, həm də burada unutmasınlar ki, sən mənim dostumsan" - deyir. 
Bu, dostların sonuncu görüşü idi...
***
"...2003-cü ilin aprel ayından narahat idim. Hər gün gözümü televiziyaya dikib Heydər Əliyevin səhhəti ilə bağlı məlumatları izləyirdim... 13 dekabr günü səhər tezdən gördüm evdə hamı ağlayır, ancaq mənə heç nə demirlər. Ürəyimə damdı, keçirdiyim iztirabları sözlə deyə bilmirəm... 
Naxçıvan nümayəndələri ilə birlikdə Bakıya dəfn mərasiminə gəldim. Respublika sarayından fəxri xiyabanadək olan 7 km-lik yolu hamı kimi ayaqla getdim. Ancaq bu yolda mənim təəssüratlarım tamam başqa idi. İndi rəhbərimin cənazəsi arxasında keçdiyim bu yolu vaxtilə dostum Heydərlə o qədər dolaşmışdıq, zarafat edə-edə, böyük arzulardan danışa-danışa...   
Heydər Əliyevə son borcumu vermək üçün onun adını daşıyan fonda müsabiqə üçün öz əsərimi təqdim etmişəm. Bu da mənim  - Heydər Əliyevin uşaqlıq dostunun, ikiqat tələbə yoldaşının, onun ailəsinin qayğısını görmüş sadə bir azərbaycanlının töhfəsidir. İndi də hər dəfə Bakıya gələndə aeroportdan birbaşa Fəxri xiyabana gedirəm, Heydər Əliyevin məzarı başında dayanıram, söhbətləşirəm, xatirələri danışıram, dostlarımızdan bəhs edirəm, bilirəm ki, onun ruhu məni dinləyir... 
Heydər Əliyevin şəkildəki gülümsəyən çöhrəsini görəndə xatirələrə dalıram... 
Sanki yenə də 1936-cı ildir... 
Yenə də qapı açılacaq, Əlirza əmi onu bizə təqdim edəcək...
Heydər də sınayıcı tərzdə əlimi möhkəm sıxacaq...
Beləliklə, 67 il davam edəcək dostluğumuz başlayacaq..."

İxtiyar HÜSEYNLİ, 
"Azərbaycan"

Bakı-Naxçıvan-Bakı

Məqalə 12 dekabr 2004-cü ildə "Azərbaycan" qəzetində dərc olunub.
Dövlət Məmmədov bir neçə il öncə Naxçıvanda vəfat edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video