16 Yanvar 2022 00:57
876
İDMAN
A- A+

15 beynəlxalq yarışa evsahibliyi, 182 turnirdə iştirak, 179 qızıl medal

 

Azərbaycan idmançıları ötən ili uğurlu nəticələrlə başa vurdular

 

Yola saldığımız 2021-ci ildə idmançılarımız dünyanın ən mötəbər turnirlərində uğurla çıxış edərək parlaq qələbələrə imza atdılar.  Ötən il idmançılarımız qatıldıqları beynəlxalq yarışlarda 519 medal qazanıblar.

Onlardan 227-si Olimpiya (62 qızıl, 62 gümüş, 103 bürünc) və 292-si isə qeyri-Olimpiya (117 qızıl, 85 gümüş, 90 bürünc) növlərinin payına düşür. Milli komandalarımız isə 182 beynəlxalq turnirə qatılıb.

Azərbaycanın keçən il “Formula-1” Azərbaycan Qran-prisinə, futbol üzrə Avropa çempionatına və digər mötəbər yarışlara uğurla evsahibliyi etməsi, atletlərimizin beynəlxalq turnirlərdə qazandıqları parlaq qələbələr ölkəmizin idman tarixinə qızıl hərflərlə yazıldı.

 

“Tokio-2020”: Pandemiya, azarkeşsiz olimpiada, 7 medal

 

Yola saldığımız ildə ən yaddaqalan idman hadisələrindən biri Yaponiyanın paytaxtı Tokioda keçirilən Yay Olimpiya Oyunları idi. Ümumiyyətlə, “Tokio-2020” bir sıra özünəməxsus cəhətləri ilə əvvəlki olimpiadalardan seçilirdi. Əsas səbəb də o idi ki, Yaponiya paytaxtında tarixən ikinci dəfə təşkil edilən Olimpiya oyunları bütün dünyada tüğyan edən koronavirus pandemiyası səbəbindən bir il müddətinə təxirə salınmışdı. Təşkilatçıların birlikdə qəbul etdikləri qərara əsasən, əcnəbi tamaşaçıların yarışlara azarkeşlik etmək üçün Yaponiyaya gəlişi qadağan edilmişdi. Yarışları izləmək üçün Yaponiyaya gələn rəsmi nümayəndə heyətlərinin tərkibi də kəskin azaldılmışdı.

Dünyanın 206 ölkəsindən 11 mindən çox idmançının qatıldığı turnirdə qalib olmaq hər bir atletin arzusu idi. Çünki planetin ən güclülərinin mübarizəsində ilk 3 pillədən birində yer almaq elə də asan qazanılan nəticə deyil. Bu baxımdan dördilliyin zirvə yarışına 44 idmançı ilə qatılan Azərbaycan komandasının turniri 3 gümüş və 4 bürünc medalla başa vurması uğur hesab olunmalıdır.

Doğrudur, istərdik ki, Azərbaycan idmançıları ən azından Rio Olimpiadasında qazanılan 18 medallıq nəticəni təkrarlasınlar. Lakin dünyanı ağuşuna alan koronavirus pandemiyası və Azərbaycanın böyük Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsi idman və idmançılarımızdan da yan keçməmişdi. Azərbaycanda bir sıra obyektlərin, o cümlədən idman zallarının fəaliyyətinə məhdudiyyətlərin qoyulması, sərhədlərin bağlı olması səbəbindən idmançılarımızın bir sıra müxtəlif səviyyəli beynəlxalq yarışlara qatıla bilməmələri və digər səbəblərdən atletlərimiz Olimpiadaya normal şəkildə hazırlaşa bilmədilər.  Medal sıralamasında isə bəzilərinin dediyi kimi, vəziyyət heç də acınacaqlı deyil. Belə ki, olimpiya yığmamız Sidneydə 199 ölkə arasında 34-cü, Afinada 202 ölkə arasında 50-ci, Pekində 205 ölkə arasında 39-cu, Londonda 204 ölkə arasında 30-cu yeri tutmuşdusa, son Olimpiadada medalların sayına görə 31-ci olduq.

Karateçilərimizdən Rafael Ağayev (kumite, 75 kq) və İrina Zaretska (kumite, +61 kq) təkcə finalda uduzaraq gümüş medallara sahib oldular. Digər gümüş medalın sahibi isə sərbəst güləşçi Hacı Əliyevdir.

Gümüş medalçılarımızın döyüş yoluna bir daha nəzər salsaq görərik ki, Olimpiadada heç bir qələbə asan əldə edilmir. Kişilərin karatedə 75 kq çəki dərəcəsində mübarizəsində B qrupunda çıxış edən Rafael ilk olaraq Noa Biçlə (Almaniya) döyüşdü. O, hesabda geri düşsə də, yekunda 2:1 hesabı ilə qələbə qazandı. Karateçimiz Çuneari Yahiro (Avstraliya) ilə dueldən də qalib ayrıldı - 5:0. O, üçüncü cəhdində Nurkanat Ajiqanovu (Qazaxıstan) sınağa çəkdi. Rəqibini 3:2 hesabı ilə məğlub edən Rafael son turun nəticəsindən asılı olmayaraq yarımfinala vəsiqə qazandı. Təmsilçimiz qrupun son görüşündə yarışın digər favoriti Luici Busa (İtaliya) ilə döyüşdü. Rəqibinə 1:3 hesabı ilə uduzan dünya çempionumuz qrupu 6 xalla 2-ci pillədə başa vurdu. O, yarımfinalda digər qrupun birincisi macarıstanlı Qabor Harspataki ilə üz-üzə gəldi. Beşqat dünya və onbirqat Avropa çempionumuz rəqibini 7:0 hesabı ilə məğlub edərək finala yüksəldi. Həlledici mərhələdə Rafael yenidən prinsipial rəqibi olan Busa ilə üz-üzə gəldi. İtaliyalı rəqib ikinci dueldən də qalib ayrıldığından Rafael gümüş medalla kifayətləndi.

Karatedə qadınların +61 kq çəki dərəcəsində B qrupunda çıxış edən Avropa və dünya çempionumuz İrina ilk olaraq Yaponiya təmsilçisi Ayumi Ueska ilə qarşılaşdı və mübarizəsini 4:1 hesabı ilə qalib başa vurdu. O, ikinci görüşündə Silvia Semeraroya (İtaliya) da gücünü göstərdi. Təmsilçimiz bu dəfə 3:2 hesabı ilə qalib gəldi. Lakin Zaretska 3-cü qarşılaşmasında Sofiya Berultsevaya (Qazaxıstan) 4:5 hesabı ilə uduzdu. Əvəzində son döyüşündə Meltem Hocaoğluya qalib gəldi. Türkiyə idmançısını 4:0 hesabı ilə məğlub edən İrina qrupu 6 xalla birinci pillədə başa vuraraq adını yarımfinala yazdırdı. Finala gedən yolda xanım karateçimiz digər qrupun ikincisi olan çinli Li Qonqla üz-üzə gəldi. Təmsilçimiz bu dəfə də qələbə qazanmaqda çətinlik çəkmədi - 7:2. Həlledici mərhələdə Zaretska misirli Feryal Abdelazizlə qarşılaşdı. O, uğurlu seriyanı davam etdirə bilmədi və 0:2 hesabı ilə uduzaraq gümüş medalla kifayətləndi.

Sərbəst güləşdə 65 kq çəki dərəcəsində yarışan Hacı Əliyev mübarizəyə 1/8 final mərhələsindən başlamışdı. İlk rəqibi seneqallı Adama Dyatta oldu. Güləşçimiz rəqibini xalçaya çıxmağa peşman etdi: 4:0. Hacı 1/4 finalda Daulet Niyazbekovla (Qazaxıstan) qarşılaşdı və 9:1 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəldi. O, bu mərhələdə hindistanlı Bayranq Punişa ilə görüşdü və uğurlu seriyanı davam etdirdi. Pəhləvanımız 12:5 hesablı qələbə sayəsində finala vəsiqə qazandı.

Tokioda Azərbaycan millisinin heyətində həlledici görüşə yüksələn ilk idmançımız qızıl medal üçün yaponiyalı Takuto Otoquro ilə güləşdi. Təəssüf ki, görüş rəqibin 5:4 hesablı qələbəsi ilə yekunlaşdı. Nəticədə Hacı çıxışını gümüş medalla başa vurdu.

Yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) Olimpiadanı bürünc medallarla başa vurdular. Ölkəmizin aktivinə digər bürünc medalları cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Domingez (81 kq) yazdırdılar. Beləliklə, komandamız 2-si karatedə və 1-i güləşdə 3 gümüş, 2-si güləş, 1-i cüdo və 1-i boksda, 4 bürünc medalla Vətənə döndü.

 

Paralimpiyaçılardan tarixi rekord

 

Ötən ili Azərbaycan paralimpiyaçıları da möhtəşəm qələbələrlə başa vurdular. Yaponiyanın paytaxtı Tokioda keçirilmiş XVI Paralimpiya Oyunlarında yığmamız gərgin keçən yarışlarda 19 medal qazanaraq medal almış 84 ölkə sırasında 10-cu oldu. Onlardan 14-ü qızıl, 1-i gümüş, 4-ü isə bürünc medal idi. Bu, tarixi rekorddur.

Millimizin heyətində paracüdoçular Şəhanə Hacıyeva (48 kiloqram), Sevda Vəliyeva (52 kiloqram), Xanım Hüseynova (63 kiloqram), Vüqar Şirinli (60 kiloqram), Hüseyn Rəhimli (81 kiloqram), Dürsədəf Kərimova (+70 kiloqram) qızıl, Namiq Abaslı (66 kiloqram) və İlham Zəkiyev (+100 kiloqram) bürünc medala sahib oldular. 100 metr məsafəyə arxası üstə, habelə sərbəst və batterflyay üsulla üzgüçülük yarışlarında Roman Saley finişə birinci çataraq üçqat Paralimpiya çempionu adını qazandı. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə yarışda birinci oldu.

Nizəatma yarışında dünya rekordu (51,42 m) müəyyənləşdirən paraatletimiz Həmid Heydəri də fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Elvin Astanov nüvəitələmə yarışında birinci (8,77m), Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutdular. Paraatlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda gümüş medal qazandı. O, 400 metr məsafəyə qaçışda isə bütün rəqiblərini qabaqlamağı bacardı. Məsafəni 55 saniyəyə qət edən təmsilçimiz həmçinin Paralimpiya rekordu müəyyənləşdirdi. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxdıqdan sonra Azərbaycana 14-cü qızıl medalı  Orxan Aslanov qazandırdı. Uzunluğa tullanma yarışında mübarizə aparan paralimpiyaçımız 7,36 metrlik nəticə göstərdi. Cüdo yarışında Azərbaycan yığması 6 qızıl medal qazanaraq komanda hesabında birinci yerdə qərarlaşdı.

 

“Avro-2020”dən “Formula -1”dək

 

Azərbaycanın dünya və qitə miqyaslı turnirlərə evsahibliyi etməsi artıq ənənəvi hal alıb. Ötən il cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri, aerobika və batut gimnastikası üzrə dünya çempionatları, 28-ci dünya yaş qrupları yarışları, şahmat üzrə Vüqar Həşimov Memorialı, “Formula-1” Azərbaycan Qran-prisi, paracüdo üzrə Qran-prisi kimi yarışlar da Azərbaycanın yüksək təşkilatçılıq etdiyi növbəti tədbirlər kimi tarixə yazıldı.

Ümumiyyətlə, 2021-ci il ölkəmiz 15 beynəlxalq yarışa evsahibliyi edib. Onlar sırasında əsas yarışlardan biri isə futbol üzrə Avropa çempionatının final mərhələsinin keçirilməsi idi. “Avro-2020” bir il təxirə salındıqdan sonra Bakı da daxil olmaqla 11 şəhərdə təşkil edildi və Azərbaycan futbol azarkeşləri paytaxtımızda qrup mərhələsinin 3 və dörddəbir finalın bir oyununu tribunalardan canlı izləmək imkanı qazandılar.

Dünyanın ən böyük idman tədbirlərindən biri olan “Formula-1” üzrə dünya çempionatının ötən mövsümdə altıncı mərhələsi - Azərbaycan Qran-prisi maraqlı və gərgin mübarizə ilə yadda qaldı.  Azərbaycan Qran-prisi “Red Bull Racing Honda” komandasının meksikalı üzvü Serxio Peresin qələbəsi ilə başa çatdı. İkinci yeri “Aston Martin” komandasının almaniyalı pilotu Sebastyan Fettel, üçüncü yeri isə “AlphaTauri” komandasının fransalı pilotu Pyer Qasli tutdu.

2021-ci ildə bir sıra yeni idman mərkəzləri istifadəyə verildi. Azərbaycan Prezidentinin iştirakı ilə Goranboy Olimpiya İdman Kompleksinin və Şamaxı şəhər stadionunun açılışı, həmçinin Milli Gimnastika Arenasının yeni məşq binasında, Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanışlıq oldu.

 

“Qarabağ” Azərbaycan futbol tarixində bir ilkə imza atdı

 

2021-ci il futbolda da Azərbaycan adına önəmli anlarla yadda qaldı. Belə ki, Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinə çıxmaqla Azərbaycan futbol tarixində bir ilkə imza atdı.

Mübarizəyə UEFA Konfrans Liqasının 2-ci mərhələsindən başlayan komandamızın rəqibi İsrailin “Aşdod” klubu oldu. Bakıda qolsuz heç-heçəyə razılaşan Ağdam klubu səfərdə 1:0 hesablı qələbə ilə adını növbəti mərhələyə yazdırdı. Üçüncü təsnifat mərhələsində rəqib isə Cənubi Kiprin AEL komandası idi. Səfərdən 1:1 hesablı nəticə ilə qayıdan “Qarabağ” evdə qalib gələrək (2:1) pley-off-a vəsiqə qazandı. Qrup mərhələsinə gedən yolda son rəqib isə Şotlandiya “Aberdin”i idi. Tofiq Bəhramov adına Respublika Stadionunda 1:0 hesabı ilə qalib gələn ağdamlılar səfərdə də qələbəyə sevinərək qrup mərhələsinə yüksəlməyi bacardılar-3:1. Qrup mərhələsində H qrupunda yer alan “Qarabağ” İsveçrə “Bazel”i, Qazaxıstan “Kayrat”ı və Kipr “Omoniya”sı ilə mübarizə apardı. Yekunda qrup mərhələsini 2-ci yerdə başa vuran ağdamlılar pley-off mərhələsinə yüksəldilər. Komandamızın rəqibi isə pley-off mərhələsində Fransa “Marsel”i olacaq.

Prezident İlham Əliyevin futbol tariximizdə ilk dəfə UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksələn “Qarabağ” klubunun üzvlərini qəbul etməsi və həmin gün imzaladığı sərəncamla kluba maliyyə dəstəyi göstərməsi idmana dövlət qayğısının növbəti nümayişi oldu.

Qarşıda idmançılarımızı daha mötəbər turnirlər və qazanılacaq medallar gözləyir. Ümid edirik ki, son aylarda federasiyalarda aparılan islahatlar öz nəticəsini verəcək və bu da  idmançılarımızın yeni-yeni nailiyyətlərində öz əksini tapacaq.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video