02:49 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Tariximizin ilmələnmiş inciləri
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:25 01.12.2020


Azərbaycan xalqının tarixi və mədəniyyətində elə sənətkarlıq nümunələri var ki, onlar əsrləri yola salmaqdadır. Bu sənət əsərlərində həm tariximiz, həm də mədəniyyətimizin ilkinlikləri öz işartılarını və inkişafını qoruyub saxlamaqdadır. Onlardan biri də ilmələrdən naxışlanmış xalı-xalçalardır. Bunların arasında Qarabağ xalçalarından söz açmağımız təsadüfi deyil.

Qarabağın dağlıq ərazilərini, eləcə də ona bitişik daha 7 inzibati rayonumuzu 30 ilə yaxın işğalda saxlayan erməni-haylar digər maddi-mədəniyyət, dini-tarixi adidələrimizi məhv etməkləri az imiş kimi, xalçalarımıza da göz dikdilər. Ermənilərin dünyaya özlərininki kimi təqdim etdiyi Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə Qarabağ xalçaları sıx hündür və yumşaq xova malikdir. Onlar parlaq koloriti ilə seçilirlər. Dörd qrupa bölünürlər: medalyonsuz, medalyonlu, namazlıqlar və süjetli.

Bu xalçalar Qarabağın dağlıq hissəsində Malıbəyli, Muradxanlı, Daşbulaq, Cəbrayıl, Horadiz və bir çox başqa qəsəbələrdə istehsal olunurdu. Azərbaycanın cənub-qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda - dağlıq və aran zonalarında inkişaf etmişdir. Qarabağın dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri, Daşbulaq, Dovşanlı, Girov, Çanaxçı, Köhnə Tuğlar, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Dağ Tumas kəndləri əsas rol oynayıblar.

"Aran xalçası”, "Bağçadagüllər xalçası”, "Balıq xalçası”, "Buynuz xalçası”, "Bərdə xalçası”, "Bəhmənli xalçası”, "Qarabağ xalçası”, "Qoca xalçası”, "Qasımuşağı xalçası”, "Ləmbəran xalçası”, "Muğan xalçası”, "Talış xalçası”, "Lampa xalçası”, "Malıbəyli xalçası”, "Xanqərvənd xalçası”, "Xanlıq xalçası”, "Xantirmə xalçası”, "Çələbi xalçası”, "Şabalıdbuta xalçası” çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı-gəbələr geniş yayılmışdır.

XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, "Bağçadagüllər xalçası”, "Saxsıdagüllər xalçası”, "Bulud xalçası” və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng-boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər müxtəlif növ həşəratlardan da alınmışdı. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenildir. Xalq arasında ona -”qırmızı böcək”, "qurd qırmızı”, "palıd cücüsü” deyilirdi.


"Çələbi” xalçası


Qarabağ xalçalarının motivləri öz bədii dəyərinə və təfsirinin orijinallığına görə bənzərsizdir. Bu xalçalar üfuqi simmetriya prinsipi üzrə mövzunun dekorativ cəhətdən mənimsənilməsinin əsl xalq manerasında qurulmuşdur. Əvvəllər Qarabağ xalçalarında gözəl rəsmlərlə yanaşı, ovçuluq süjeti əsaslıq təşkil edirdisə, sonralar buna marağın azaldığı aydın görünür.

Qədim xovsuz "Şəddə” xalçaları kompozisiya cəhətdən ibtidai, üfuqi simmetriyanın prinsipi üzrə qurulur və birtipli adam və heyvan fiqurları paralel bölgüdə intəhasız təkrar edilir. Bitkin ovçuluq motivlərinə marağı itirən xovlu xalça ustaları həmin bədii prinsipdən istifadə edirlər.

Xalq dastanının qəhrəmanı, Şərqin böyük şairi Firdovsinin "Şahnamə” poemasında baş qəhrəman Rüstəmə həsr edilmiş Qarabağ xalçaları xüsusilə gözədəyəndir.


"Buynuz” xalçası


"Buynuz” adı alan xalçalar Qarabağ tipinə aiddir. Onlar Dağlıq Qarabağın müxtəlif xalçatoxuma məntəqələrində istehsal olunur. Qarabağlı qocaman xalça sənətkarları "Buynuz” xalçasını əvvəllər olduğu kimi, "Horadiz” adlandırırlar. "Buynuz” müxtəlif simvol və təsəvvürü ifadə edirdi. Güc və cəsarət rəmzi olan öküz eyni zamanda "səma qüvvələri” ilə simvollaşdırılaraq, su və əkinçilik Allahını təcəssüm etdirir. "Buynuz”ların assimmetrik quruluşu bir tərəfdən xalçanı canlandırır, digər tərəfdən isə onları istənilən ölçüdə toxumağa imkan verir. "Buynuz”ların ətrafında toplaşan, xalçanın əsas elementini təşkil edən müxtəlif formalı detallar bu kompozisiyada doldurucu element rolunu oynayır.


"Balıq” xalçası


Bu xalça Qarabağ tipinin ən geniş yayılanlarından biridir. Ölkəmizin şimalında "Balıq”, İran Azərbaycanında isə "Moxi” adı ilə tanınır. "Balıq” xalçası Qarabağan bütün xalçatoxuma məntəqələrində istehsal olunmasına baxmayaraq, onun əsas istehsal mərkəzi Bərdə şəhəri hesab edilirdi. XVIII əsrin ikinci yarısından isə "Balıq” xalçası Şuşa şəhərində də istehsal olunurdu. XIX əsrin ikinci yarısından Şuşada istehsal olunan xalı və xalçaların təqribən 35 faizi "Balıq” tipinə aid idi. "Balıq” təsvirini xatırlatdığına görə xalça sənətkarları şərti olaraq bu kompozisiyanı "Balıq” adlandırırdılar.


"Qarabağ” xalçası


"Qarabağ” adı ilə tanınan xalçalar Azərbaycanın bütün xalçatoxuma məntəqələrində istehsal olunub və bu gün də toxunmaqdadır. İstehsal yerindən asılı olaraq bu xalçalara müxtəlif adlar verilib. Lakin sənətkarlar onları ümumilikdə "Qarabağ” xalçaları adlandırırdılar. XIX əsrdə Şuşada İstanbul bazarlarına satış üçün istehsal olunan bu kompozisiyalı xalçalar "Xan” və ya "Xan Qarabağ” kimi müxtəlif adlar almışdılar. Eyni eskizlə Qubada toxunan xalçalar isə "Africa” adlanırdılar. "Qarabağ” adı ilə tanınan xalçalar bir neçə növdə olur: Bir neçə medalyondan ibarət olan orta sahənin kompozisiyası İran və Hindistan bədii parçalarının əsasən basma naxışlı pərdələrini xatırladır. Bitki elementləri ilə bəzədilmiş bu medalyonlara XV-XVII əsr Təbriz rəssamlarının tərtibatı əsasında hazırlanmış Quranın və ədəbi-bədii əsərlərin üz qabığında rast gəlmək olar.

Həmçinin xalça toxuyanlar arasında "Çini-çeşni” adı alan "Qarabağ” xalçaları da mövcuddur. Bu xalçaların kompozisiyasını bir cərgədə yerləşən səkkizguşəli medalyonlar təşkil edir.


"Xanlıq” xalçası


Xanlıq Azərbaycanın ən tanınmış xalçatoxuma məntəqəsidir. Burada istehsal olunan xalçalar incəsənət əsərlərinin gözəl nümunəsi olub. XIX əsrdə Cəbrayılda, xüsusilə də Mirzəcanlı, Əfəndilər, Daşkəsən, Süleymanlı kəndlərində istehsal olunan xalçalar dünya bazarına və yarmarkalara ixrac olunanlardan daha gözəl hesab olunurdu. "Xanlıq” xalçasının orta sahəsində böyük göl yerləşir. Onun yuxarı və aşağı hissəsində iki quba, orta sahənin dörd küncündə isə simmetrik yerləşmiş ləçək yerləşir. "Xanlıq” xalçasına xarakterik olan haşiyələr zolaqlardan ibarətdir. XIX əsrdə şairə Xurşidbanu Natəvanın müşayiəti altında xalq arasında "xan qızı” kimi tanınan "Xanlıq” xalçası toxunmuşdur.


"Qasımuşağı” xalçası


Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən xovlu "Qasımuşağı” xalçasıdır. Xalçanın adı Laçın rayonunun şimalında yerləşən Şamkənd, Ərikli, Kürdhacı, Çorman və Şəlvə kəndinin əhalisinin adı ilə bağlıdır. Qasım Hacı Sam oğlu bir vaxtlar burada yaşayan hörmətli şəxs olub. Bu kəndlərdə yaxın keçmişə qədər yüksək növ xalçalar istehsal edilirdi. "Qasımuşağı” xalçalarının orta sahəsinin kompozisiyası incəsənət nöqteyi-nəzərdən orijinal olub, müxtəlif detallardan və elementlərdən ibarətdir.


"Bəhmənli” xalçası


Bu xalçanın adı Füzuli rayonunun Böyük Bəhmənli kəndi ilə bağlıdır. "Bəhmənli” xalçasınını orta kompozisiyasını bir-birinin ardınca düzülmüş, orijinal formalı fiqurlar təşkil edir. Orta sahədə yerləşən bir və ya iki fiqur xüsusən maraqlı olan kompozisiyadır. Qocaman xalçatoxuyanların təxminlərinə görə, bu fiqurlar "heykəl”, "manqal” və ya "çanq” (pəncə), digərləri isə çanaqlı bağanı təsvir edir. Heyvana bənzəyən bu fiqurlar müəyyən tayfanın totemi olan çanaqlı bağanın təsviri ilə bağlıdır.


"Malıbəyli” xalçası


Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən "Malıbəyli” xalçaları da kənd adını daşıyır. Bu kəndin kişi sakinləri heyvandarlıq və əkinçiliklə, qadınları isə xalça və gəbə toxumaqla məşğul olurdular. Onların xalçaları bütün Qarabağda məşhur idi. Haqqında danışılan xalça yalnız Malıbəylidə deyil, həm də Qarabağın digər xalçaçılıq məntəqələrində toxunurdu. Yaxın zamanlaradək Malıbəylidə naxışlı keçələr də toxunurdu, onların naxışları orta əsrlərdə Orta Asiyanın dekorativ incəsənət əsərlərinin naxışları ilə oxşardır.

M.NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM