10:19 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Fransanın antiazərbaycançı mövqeyi bu dəfə də iflasa uğrayacaq
ANA SƏHİFƏ / SİYASƏT
00:45 28.11.2020


Torpaqlarımızın azadlığı uğrunda 44 gün davam edən Vətən müharibəsi ədalətin qələbəsi ilə başa çatdı. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə çevrilən bu savaş döyüş meydanında Ermənistanın darmadağın edilməsi ilə 30 il davam edən işğala son qoydu. Bu qalibiyyətlə bütün dünya öz haqqı uğrunda mübarizə aparmağa qadir olan güclü Azərbaycan dövlətini gördü. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu Qələbə ilə vətənimizi bütün dünyaya həm də döyüş meydanında qalib dövlət kimi təqdim etdi.

Azərbaycanın qələbəsinə bütün dostlarımız sevindi, erməni işğalına son qoyulmasını öz zəfərləri kimi qeyd etdilər. Erməni təəssübkeşlərinin və havadarlarının bağrına isə xəncər kimi sapıldı bu qələbə. Bu baxımdan Fransanın siyasi dairələrinin Vətən müharibəsinin ilk günündən neytrallıq prinsipini itirməsini və Azərbaycanın əleyhinə açıq şəkildə ortaya qoyduqları mövqeni başa düşmək çətin deyil.

Fransa danışıqlar prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədridir. Həmsədrlik institutunun bəlli prinsipləri var ki, bunlardan ən birincisi neytrallığın qorunmasıdır. Yəni həmsədr olan dövlət bu prinsiplər üzrə öhdəliyinə uyğun olaraq danışıqlar prosesinin tərəflərindən hansınınsa birinin tərəfini tutmalı, onun mövqeyini müdafiə etməli deyil. Amma Fransada güclü erməni lobbisinin olması səbəbindən bu ölkənin müxtəlif formalarda Ermənistana siyasi dəstək verməsi məlum idi. Zaman-zaman bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ortaya qoyulan qərəzli mövqenin Fransa senatının deputatları tərəfindən birmənalı dəstəklənməsi də erməni təəssübkeşliyindən irəli gəlir. Fransa senatında erməni soyqırımının tanınması və bir neçə il əvvəl erməni soyqırımının inkar edilməsinə görə qanunun qəbul edilməsi tək qardaş Türkiyəyə deyil, həm də Azərbaycana qarşı yönəlmiş addımlardır. Çünki erməni sevgisini gizlətməyən bir dövlət Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə heç vaxt razı ola bilməzdi.

28 ildir yaradılmış ATƏT-in Minsk qrupunun danışıqlar prosesində heç bir müsbət nəticə əldə edə bilməməsinin səbəblərindən biri də məhz Fransanın tutduğu ədalətsiz mövqe, Ermənistanın işğal siyasətini dəstəkləməsidir. Bu ölkənin rəsmi dairələri bir dəfə də olsun BMT-nin qətnamələrinin yerinə yetirilməsinə çağırış etməyiblər. Bir dəfə də olsun danışıqlar prosesində Fransa siyasi dairələri tərəfindən Azərbaycanın haqlı mövqeyini müdafiə edən fikir səsləndirilməyib. Onu da xatırladım ki, iki il əvvəl Fransanın bir sıra şəhərlərinin bələdiyyələri ilə Dağlıq Qarabağdakı separatçı rejim arasında "dostluq xartiyaları” imzalanmışdı. Düzdür, Azərbaycan dövlətinin uğurlu diplomatiyası nəticəsində həmin bələdiyyələrin Dağlıq Qarabağın separatçı rejimi ilə imzaladıqları "xartiyalar” elə Fransa məhkəmələri tərəfindən ləğv edildi. Bununla belə bu cür sənədlərin imzalanması Fransanın siyasi dairələrinin razılığı olmadan baş tuta bilməzdi.

Vətən müharibəsinin ilk günlərindən isə Fransa neytral mövqeyini kənara qoyaraq açıq şəkildə Ermənistanın müdafiəsinə qalxdı. Fransa Prezidenti Makron erməni sevgisindən irəli gələn bəyanatları ilə öncə onu təsdiq etdi ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların baş tutmamasının səbəbkarı elə Fransanın özüdür. Fransanın dövlət başçısı öz açıqlamaları, telefon zəngləri, digər ölkələrin rəhbərləri ilə apardığı danışıqlarla Azərbaycana qarşı təzyiq yolunu tutdu. Lakin Azərbaycan Prezidenti İlham Əliyev sübut etdi ki, heç bir siyasi təzyiq onu yolundan döndərə, torpaqlarımızın işğaldan azad edilməsinin qarşısını ala bilməz. Həm Makronun, həm də digər fransız siyast dairələrinin niyyətləri gözlərində qaldı və Azərbaycan işğal altındakı torpaqlarını azad edərək, Ermənistanın kapitulyasiyasına nail oldu.

Azərbaycana qarşı təzyiqlərin mümkünsüz olduğunu görən Fransa ötən ay təşəbbüslə çıxış edərək BMT Təhlükəsizlik Şurasının rəhbəri adından Dağlıq Qarabağda başlanmış müharibə ilə bağlı Ermənistanın maraqlarına cavab verən qətnamənin qəbuluna da cəhd etdi. Hansı ki, bu qətnamədə BMT-nin 1993-cü ildə qəbul etdiyi, Fransanın özünün də lehinə səs verdiyi 4 qətnaməyə, ümumiyyətlə, istinad edilmirdi. Ona görə Prezident İlham Əliyevin sədri olduğu Qoşulmama Hərəkatına üzv olan dövlətlər tərəfindən həmin qərəzli qətnamənin qəbulunun qarşısı alındı və Fransa tərəfi rüsvay olaraq bu layihəni geri götürdü.

Noyabr ayının 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanat ölkəmizin Dağlıq Qarabağ münaqişəsindəki hərbi qələbəsinin nəticəsi oldu. Bu bəyanatla Ermənistan kapitulyasiya edildi və Prezident İlham Əliyevin şərtlərinə uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarının çıxarılmasına dair öhdəlik götürdü. Artıq bu rayonlardan ikisi - Ağdam və Kəlbəcər azad olundu. Dekabrın 1-də isə Laçın rayonu Azərbaycan Ordusunun nəzarətinə keçəcək.

Lakin görünən odur ki, Fransanın siyasi dairələri Azərbaycan torpaqlarının işğaldan azad olunması faktı ilə barışa bilmirlər. Son günlər bu ölkənin siyasi dairələrinin açıqlamaları, üçtərəfli bəyanata qarşı çıxmaları da bunu göstərdi. Noyabrın 25-də Fransa Senatında Dağlıq Qarabağdakı separatçı rejimin tanınması ilə bağlı qətnamənin qəbulu isə bu ölkənin Ermənistanın işğal siyasətinə dəstək verməsinin aydın sübutu oldu.

Dağlıq Qarabağda ədalətin bərpa olunmasından sonra belə bir qətnamənin qəbul edilməsi Fransanın tarixən yürütdüyü imperialist siyasətdən qaynaqlanır. Bu həm də fransanın son illərdə güclənən islamofob siyastini aydın nümunəsidir. Demokratiya pərdəsinə bürünən Fransanın orta əsrlərdən başlayaraq planetin müxtəlif yerlərində ekspansiya həyata keçirdiyi, Afrikada soyqırımlar törətdiyi unudulmayıb. Bu günün özündə də planetin müxtəlif yerlərində Fransa işğalı davam edir.

Fransa senatında bu qətnamənin qəbulu zamanı bəzi həqiqətlər də ortaya çıxdı. Məlum oldu ki, qətnamə layihəsinin müəllifləri ermənilərin Fransada kompakt yaşadıqları şəhərlərdən seçilən senatorlardır. Bu layihəyə səs verənləri Fransanın maraqlarından daha çox növbəti seçkilərdə erməni lobbisinin dəstəyinin əldə edilməsi düşündürür. Eyni zamanda məlum olur ki, gözlərini yumub layihəyə səs verənlərin böyük əksəriyyətinin Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatmasından belə xəbərləri yoxdur. Bəli, Fransa senatı bu cür fəaliyyəti ilə nəinki öz dövlətini gözdən salır, həm də dövlətçiliyinə böyük zərbə vurur. Qətnamənin qəbulundan sonra bir neçə senatorun öz səsini geri götürməsi bu həqiqətləri təsdiq edir.

Bütövlükdə, bu qətnamə beynəlxalq hüquqa olan hörmətsizliklə yanaşı, Fransanın siyasi rüsvayçılığıdır. Bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan, üçtərəfli Bəyanata qısqanclıqla yanaşan Fransa parlamentinin təxribatçı və utanverici addımıdır. Azərbaycan üçün bu qətnamə adi kağız parçasından başqa bir şey deyil. Əgər Fransa senatı bu addımı ilə həm də ermənilərə təsəlli vermək istəyirsə, artıq bunun heç bir faydası yoxdu. Çünki Azərbaycan torpaqlarını azad edib, Dağlıq Qarabağın tacı olan Şuşa şəhəri öz sahiblərinə qayıdıb, ikinci erməni dövlətinin yaradılması kimi sərsəm ideyaya birdəfəlik son qoyulub.

Fransanın siyasi dairələri erməni lobbisinin əlində alətə çevrildiklərindən Azərbaycanla olan münasibətləri dəyərləndirə bilmədilər. Bundan sonra Azərbaycan özü Fransa ilə siyasi münasibətlərinə yenidən baxacaq. Milli Məclisin bununla bağlı hökumətə çağırış etməsi də tamamilə təqdirəlayiqdir. Bu mənada İkinci Qarabağ müharibəsində uduzan tək Ermənistan yox, həm də Fransadır.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,

Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM