11:15 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ceyhun Bayramov: Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində davamlı iş aparır
ANA SƏHİFƏ / SİYASƏT
19:21 27.11.2020

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 42-ci iclasında iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda çıxış edən nazir Ceyhun Bayramov QDİƏT-in gündəliyindəki bir sıra vacib məsələlərin əlaqələndirilməsi və həlli üçün Rumıniya nümayəndə heyətinin səylərini yüksək qiymətləndirib, Rumıniyanı səmərəli sədrliyinə görə təbrik edib. Şimali Makedoniya Respublikasını qurumun 13-cü üzvü olması ilə salamlayan Ceyhun Bayramov bu üzvlüyün müştərək maraq sahələrində əməkdaşlığın artırılması üçün imkanlar yaradacağını, bu ölkə ilə QDİƏT-ə üzv dövlətlər arasında əlaqələrin gücləndirilməsinə xidmət edəcəyini vurğulayıb.

Təşkilatın gələcəyə birgə baxış və qarşılıqlı əməkdaşlıq yolu ilə Qara dənizi sülh, sabitlik və firavanlıq bölgəsinə çevirmək məqsədilə yaradıldığını qeyd edən nazir deyib ki, QDİƏT bir sıra sahələrdə, o cümlədən ticarət, enerji, nəqliyyat, turizm kimi istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının genişləndirməsinə xidmət edən əhəmiyyətli bir platforma səviyyəsinə yüksəlib.

C.Bayramov bildirib ki, bir çox vacib təşəbbüslərin irəli sürülməsi təqdirəlayiqdir, lakin xalqlarımızın mənafeyi naminə bu təşəbbüslərin praktiki nəticələrini təmin etmək üçün daha böyük əməkdaşlıq zəruridir. Müxtəlif işçi qrupları arasında qarşılıqlı əlaqənin asanlaşdırılması, sektoral və dövlət-özəl əməkdaşlığının gücləndirilməsi vasitəsilə QDİƏT üzv dövlətlərə COVID böhranının çoxsaylı təsirlərinin öhdəsindən gəlmək və daha yaxşı yenidənqurmanı həyata keçirməkdə kömək göstərə bilər.

"Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsi və asanlaşdırılması istiqamətində davamlı iş aparır. Ölkəmiz Xəzər dənizi-Qara dəniz əməkdaşlığının gücləndirilməsində konkret təşəbbüslər vasitəsilə fəal rol oynayır. Enerji, nəqliyyat, İKT, ticarət və KOBİ-lər əsas prioritetlərimiz sırasındadır. Biz QDİƏT-in sektoral qurumları və müvafiq təşkilatlarında əməkdaşlığımızın dərinləşəcəyinə ümidvarıq. Növbəti sədr kimi Albaniyanın nəticəyönümlü səylər vasitəsilə əməkdaşlığı inkişaf etdirəcəyinə inanırıq”, - deyən Ceyhun Bayramov əlavə edib ki, COVID-19 pandemiyası iqtisadi itkilərə gətirib çıxaran zərərini davam etdirir. Eyni zamanda, pandemiya regional ticarəti inkişaf etdirmək, özəl sektoru təşviq etmək və davamlı artımı dəstəkləmək üçün fürsət yaradır. Ticarət, sərmayə və artıma yenidən diqqət yetirərək, QDİƏT bölgəsində sürətli və davamlı sosial-iqtisadi bərpaya töhfə vermək mümkündür.

Nazir vurğulayıb ki, inkişaf etmiş infrastruktur və biri-biri ilə daha yaxşı birləşən nəqliyyat dəhlizləri vasitəsilə geniş Qara dəniz bölgəsində daha yaxşı əlaqələr naminə iş davam etdirilməlidir. Bu kontekstdə tranzitin asanlaşdırılması, əməliyyatların rəqəmsallaşdırılması, nəqliyyat və ticarətdə tənzimləyici və prosedur maneələrinin aradan qaldırılması üçün səylərin iki dəfə artırılması vacibdir.

Ceyhun Bayramov bildirib: "Azərbaycan Bakı-Tbilisi-Qars magistral dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və iri investorlar üçün münasib Ələt Azad İqtisadi Zonası ilə yanaşı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Lapis-Lazuli nəqliyyat dəhlizinin, habelə bütün regionun tranzit imkanlarının artırılmasına yönəlmiş Şimal-Cənub, Cənub-Qərb və Şimal-Qərb ticarət yolları inkişafına praktik töhfəsini davam etdirir.

Tikinti işlərinin başlanmasından 4,5 il sonra Trans-Adriatik boru kəmərinin kommersiya istismarı başlayıb. Bu irəliləyiş bizə Cənubi Qaz Dəhlizinin uğurlarını möhkəmləndirməyə imkan verir. Biz qaz təminatı coğrafiyasının genişləndirilməsi üçün Avropa İttifaqı ilə yaxından işləyirik. QDİƏT-ə üzv olan bir neçə dövlətini birləşdirən bu layihə enerji təhlükəsizliyinin genişləndirilməsi ilə yanaşı, Avropada sıfır emissiya enerji sisteminə keçiddə də mühüm rol oynayacaq”.

Münaqişələrin, uzun sürən xarici işğalçılıq və cavabdehliyin olmamasının sülh və təhlükəsizliyi təhlükə altına qoyduğunu bildirən Azərbaycanın xarici işlər naziri deyib ki, bu, həm də regional əməkdaşlığı əngəlləyir. "Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş nazirinin imzaladığı bəyanat Ermənistan-Azərbaycan münaqişəsinin həllində yeni səhifə açdı. Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərdən öz silahlı qüvvələrini çıxarır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edir. Keçmiş münaqişə zonasına sülhməramlı qüvvələr yerləşdirilir və birgə atəşkəs monitorinq mərkəzi yaradılır.

Münaqişənin həllində yeni mərhələyə, yenidənqurma və reabilitasiya mərhələsi, dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq. İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar meydana çıxır və QDİƏT yeni reallıqları qiymətləndirməli və onlardan faydalanmalıdır”, - söyləyən nazir diqqətə çatdırıb ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağ münaqişəsinin həllinə dair birgə bəyanatında əks olunduğu kimi, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılır. Bu o deməkdir ki, Asiya ilə Avropa arasında ticarətdə regionumuzun rolunun gücləndirilməsinə imkanlar yaradacaq həyati əhəmiyyətli müstəqil quru dəhlizi fəaliyyətə başlaya bilər.

Vurğulanıb ki, Azərbaycanın bütün tərəfdaşlarına təklif edə biləcəyi və artıq təklif etdiyi çox şey var. "QDİƏT-ə üzv dövlətləri birləşdirən və müştərək firavan gələcək qurmağa imkan verən təşəbbüslərimiz regional əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün maraq və potensialımızın ən yaxşı nümunəsidir. Gələcək əməkdaşlıq üçün hazırıq.

Yalnız müştərək əzmkarlıq, xüsusilə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı olan beynəlxalq öhdəliklərə tam əməl etməklə biz dinc, firavan və sabit gələcəyə nail ola bilərik”, - deyə nazir qeyd edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM