06:01 24 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


00:28 24.01.2021

Kəndli razılıq edir


00:21 24.01.2021

Məmmədbəyli türbəsi


00:19 24.01.2021

Saatlı məscidi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Baxışovlar ailəsi 27 illik həsrətdən sonra Kəlbəcərin azad edilməsinin sevincini yaşayır
ANA SƏHİFƏ / SİYASƏT
16:15 27.11.2020

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbənin sevincini yaşayanlar arasında 27 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən doğma yurdlarından didərgin düşərək məcburi köçkün vəziyyətinə salınmış Kəlbəcər sakinləri də var.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, doğma rayonlarının azad olunduğunu eşidən kəlbəcərlilər kimi, Baxışovlar ailəsi də sevinclərini sözlə ifadə edə bilmədiklərini, 25 noyabr tarixinin onların həyatında ən xoşbəxt gün olduğunu qeyd ediblər.

Kəlbəcərin Qaraçanlı kəndində anadan olan Şikar Baxışov deyib: "Sevincimizin həddi-hüdudu yoxdur. Uşaqlıq, gənclik illərimi həmin rayonda keçirmişəm. Taleyimiz elə gətirdi ki, artıq 27 ildir məcburi köçkün vəziyyətində yaşayırıq. Noyabrın 25-də biz kəlbəcərlilər sanki yenidən həyata gəldik. Məcburi köçkün adının üzərimizdən götürülməsinin sevincini yaşayırıq. Mən Kəlbəcərin azad olunması münasibətilə özüm və ailə üzvlərim adından bütün kəlbəcərliləri təbrik edirəm. Belə bir sevincli günü bizə yaşatdığına görə başda Müzəffər Ali Baş Komandanımız olmaqla qəhrəman ordumuza təşəkkürümü bildirirəm. Hazırda Müzəffər Ali Baş Komandamızın rəhbərliyi ilə qazandığımız nailiyyətlər tarixi uğur baxımından böyük əhəmiyyət kəsb edir. Torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığımız mübarizədə hər zaman yanımızda olan, bizə mənəvi dəstək verən Türkiyə xalqına və dövlətinə, eyni zamanda, bizə dəstək olan dost Pakistan xalqına minnətdarlığımızı ifadə edirik. Bu haqq mübarizəsi bizə dostlarımızı və düşmənlərimizi tanımağa imkan yaratdı. Eləcə də bu döyüşlərdə canından keçən şəhidlərin, belə qəhrəman oğulları yetişdirən şəhid anaları qarşısında baş əyirəm. Bu hadisələr əsgərlərimizin cəsurluğunu, Ordumuzun yenilməzliyini göstərdi”.

Şikar Baxışov bildirib ki, bizim üçün artıq Kəlbəcərə qayıtmaq həsrətinə son qoyulur. Hamı həsrətlə doğma yurdlarına, ocağına qayıdacağı günü gözləyir. Bu barədə sonsuz arzularımız və çoxlu planlarımız var. Televiziyada ermənilərin Kəlbəcərdə dağıntı işləri ilə məşğul olduqlarını gördük. Mənfur qonşularımız evləri dağıdır, meşələrimizdə ağacları qırırlar. Onlar bununla mənfi xislətli xalq olduqlarını göstərirlər. Amma biz ruhdan düşmürük. Əksinə, doğma yurdumuzu bərpa etmək istəyirik. Əminik ki, biz tezliklə o ocaqlara qayıdacaq, oranı yenidən gülüstana çevirəcəyik.

Kəlbəcərlə bağlı xatirələrinin çox olduğunu vurğulayan Şikar Baxışov deyib: "1993-cü ilin martında əmim oğlunun toy mərasiminə hazırlaşırdıq. Ağlımıza gəlməzdi ki, biz doğma yurdumuzu tərk edəcəyik. Amma rayon mərkəzinə gedəndə orada əhalinin Kəlbəcəri tərk etməsi barədə xəbərlər eşitdik. Qurduğumuz toy mağarımız da orada qaldı. Biz sonralar həmin anları xatırlayanda kövrəlirik. Mənfur qonşularımızın bizə qarşı başlatdıqları bu işğal siyasəti bizim yaddaşımızda dərin izlər qoyub. Buna baxmayaraq, Müzəffər Ali Baş Komandanımızın və Ordumuzun sayəsində biz artıq Kəlbəcərin işğaldan azad olunması gününü sevinclə qeyd edirik. İnanıram ki, tezliklə yenə də Kəlbəcərdə toy mağarları qurulacaq. Azərbaycanın digər bölgələrindən olan həmvətənlərimizi isə orada qonaq qəbul edəcəyik. Beləliklə, Kəlbəcər yenidən xoş və firavan günlərinə qovuşacaq”.

Ev sahibinin xanımı İradə Baxışova deyib ki, bütün Kəlbəcər sakinləri, o cümlədən bizim ailənin də ən böyük arzusu rayonumuzun işğaldan azad olunması idi. Odur ki, noyabrın 25-i biz kəlbəcərlilər üçün ən yadda qalan günlərdən biridir. Ona görə ki, 27 illik həsrətə son qoyulur. Biz artıq doğma torpağımız Kəlbəcərə qayıdırıq. İyirmi yeddi il əvvəl biz Kəlbəcərdən ağlaya-ağlaya çıxmışdıq, ancaq indi isə oraya gülə-gülə qayıdacağıq.

"Kəlbəcər rayonu bizim üçün ən müqəddəs yerdir. Çünki biz orada böyümüşük. Kəlbəcər mənim üçün ata ocağıdır. O vaxtlar mən Abdullauşağı kəndində müəllimə işləyirdim. Ona görə o günləri mən heç vaxt unuda bilmirəm. Mən yenə də kəndimizə qayıdaraq dərs dediyim şagirdlərimin övladlarına dərs deməyi arzulayıram. Şagirdlərimə 27 ildə ermənilərin bizə çəkdirdikləri o əzablardan, torpaqlarımızı viran qoymaqlarından, onlara ermənilərin vəhşiliklərindən danışım ki, övladlarımız da onu unutmasın və bunu gələcək nəsillərə çatdırsınlar”, - deyə İradə müəllimə vurğulayıb.

İradə Baxışova qeyd edib ki, biz nəinki Kəlbəcərin, həmçinin digər rayonların işğaldan azad olunmasında canından keçmiş şəhidlərimizi unutmamalıyıq. Çünki o torpaqlar şəhidlərimizin, bizim balalarımızın qanı bahasına alınıb. Bir ana kimi şəhidlərimizin valideynlərinin əllərindən öpürəm.

Noyabrın 10–da böyük qələbə sevincini televiziyadan eşidəndə sevincdən ağladıqlarını bildirən İ.Baxışova qeyd edib: "Kəlbəcərə, doğma torpağımıza qayıdacağımız üçün Müzəffər Ali Baş Komandana dərin təşəkkürümü bildirirəm. Kəlbəcər ərazi baxımından respublikamızın ən böyük rayonlarından və ən gözəl guşələrindən biridir. Qızıl yataqları, mineral isti suyu və digər sərvətləri ilə məşhurdur. Kəlbəcərə getsəm, ilk öncə qəbiristanlığa gedib əzizlərimin məzarlarını ziyarət edəcəyəm. Sonra da müəllimə işlədiyim məktəbin sinif otağına gedəcəyəm”.

Valideynlərinin, nənə-babalarının ona danışdıqları əsasında doğma rayonları barədə təsəvvürlərinin geniş olduğunu diqqətə çatdıran Baxışovlar ailəsinin qızı Səkinə Baxışzadə bildirib: "Mən həmişə indi oxuduğum məktəbdə keçirilən tədbirlərin gələcəkdə Kəlbəcərdə təşkil edilməsini arzulayırdım. Hətta məktəbdə son zəng günündə Kəlbəcərə aid "Nə ilk zəngin, nə son zəngin səsi var” adlı şeir demişdim. İnşallah, bundan sonrakı son zəngləri Kəlbəcərdə keçirərik.

Mən və valideynlərim ərazilərimizin, o cümlədən Kəlbəcərin işğaldan azad olunması xəbərini illərdir gözəyirdik. Amma əmin idik ki, bir gün bu torpaqlarımıza geri qayıdacağıq. Bu sevincli xəbəri eşidəndə valideynlərimiz göz yaşlarını tuta bilmədilər. Bu, çox qürurverici hissdir. Çünki biz artıq doğma topraqlarımıza geri qayıdırıq. Buna görə Müzəffər Ali Baş Komandanımıza, əsgərlərimizə təşəkkürümü bildirirəm. Şəhidlərimiz olmasaydı, torpaqlarımız geri qayıtmazdı. İnşallah, ailəmiz də yaxın zamanlarda Kəlbəcərə qayıdacaq. Mən ata-anamın maraqla danışdığı o füsunkar yerlərə gedərək oraları görəcəyəm. Hətta anam Kəlbəcərə qayıdanda orada dalğalandırmaq üçün altı metrlik bayraq da tikib”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM