22:41 26 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Parlament hökuməti Fransa ilə siyasi münasibətlərə yenidən baxmağa çağırdı
ANA SƏHİFƏ / PARLAMENT
01:26 27.11.2020


Noyabrın 26-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin sədri Sahibə Qafarova öncə onu bildirdi ki, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq, noyabrın 25-də Kəlbəcər rayonu erməni işğalçılarından azad olunub.

"Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Eşq Olsun Müzəffər Azərbaycan Ordusuna!" deyən spiker bu münasibətlə təbriklərini çatdırdı. Qeyd olundu ki, dekabrın 1-dək Laçın rayonu da işğaldan azad ediləcək.

Daha sonra Fransa Senatında qəbul edilən bədnam qətnamə ilə bağlı fikirlərini bildirən Milli Məclisin sədri dedi: "Fransa Senatında Azərbaycana qarşı çirkin siyasi aksiya təşkil olunub və təxribat xarakterli bir qətnamə qəbul edilib. Bu sənədə ötəri nəzər saldıqda belə onun nə qədər qərəzli bir yanaşmaya əsaslandığını görmək olar. Qətnamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti kobudcasına təhrif edilib, xalqımızın apardığı Vətən müharibəsinin üzərinə kölgə salmağa cəhd göstərilib, ölkəmizə böhtanlar atılıb.

İş o yerə çatmışdır ki, Fransa Senatının üzvləri Fransa hökumətini artıq mövcud olmayan qondarma "Dağlıq Qarabağ Respublikası”nı tanımağa, bölgədə 1994-cü ildə mövcud olmuş sərhədləri qaytarmağa çağırıblar.

Sədr bildirdi ki, Milli Məclis Fransa Senatının bu qətnaməsi ilə bağlı ciddi bir bəyanat qəbul etməlidir və gündəliyin birinci məsələsi məhz bu bəyanatla bağlıdır.

Məlum olduğu kimi, 30 ilə yaxındır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması üçün danışıqlar aparılırdı. 1994-cü ildən Fransa bu danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədridir. Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün aparılan danışıqlarda heç bir nəticə olmamasının əsas səbəblərindən biri məhz beynəlxalq vasitəçilərin, xüsusən də Fransanın təcavüzkarı öz adı ilə çağırmaması, işğalçı ilə işğala məruz qalan ölkələr arasında fərq qoymaması idi.

Son vaxtlar biz Fransa dövlətinin siyasi və dövlət xadimlərinin, hakimiyyət orqanlarının Azərbaycana qərəzli münasibətinin dəfələrlə şahidi olmuşuq. Fransa prezidenti, xarici işlər naziri öz bəyanatları ilə göstərirdilər ki, Cənubi Qafqazda və bütün Avropada sülh üçün əsas təhdid mənbəyi olan və indi məğlub duruma düşən Ermənistanı birtərəfli qaydada müdafiə edəcəklər. Bütün bunlar Fransanın həmsədr kimi bitərəfliyini şübhə altına alırdı və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi onun niyyətləri barəsində bir sıra suallar doğururdu.

Azərbaycanın səyləri nəticəsində bu gün regionda tamamilə yeni bir reallıq yaranıb. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına son qoyuldu. Bu reallığı bölgədə nüfuz sahibi olan Rusiya və Türkiyə dəstəklədi. Bu reallıq Fransanın vəkillik etməyə çalışdığı Ermənistan tərəfindən də qəbul edilibdir. Düşünürəm ki, Fransa özü də yaranmış vəziyyətlə barışmalı, haqsızı müdafiə etməkdən əl çəkməli, haqqın və haqlının tərəfində dayanmalıdır. Azərbaycana qarşı çirkin siyasi oyunlar quran qüvvələr təzyiq, şər-böhtan yolu ilə nəyəsə nail olacaqlarına ümid etməsinlər. Azərbaycan xalqı bundan sonra da möhtərəm Prezidentimizin ətrafında yumruq kimi birləşərək dövlətimizə və xalqımıza qarşı yönələn bütün qəsdləri dəf edəcək”.

Sahibə Qafarovanın təklifi deputatlar tərəfindən razılıqla qarşılandı və Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatının mətnini hazırlamaq üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov rəhbər olmaqla deputatlar Cavanşir Feyziyev, Əminə Ağazadə və Fazil Mustafadan ibarət komissiya təşkil olundu.

İclasda Fransanın Azərbaycana qarşı bu ədalətsiz və qərəzli addımı ilə bağlı geniş müzakirələr keçirildi. Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, komitə sədrləri Zahid Oruc, Bəxtiyar Əliyev, Tahir Rzayev, deputatlar Nigar Arpadarai, Kamal Cəfərov, Anar İsgəndərov, Erkin Qədirli, Fazil Mustafa, Əli Məsimli, Fəzail Ağamalı, Kamilə Əliyeva, Aqil Abbas, Vahid Əhmədov, Məlahət İbrahimqızı, Sahib Alıyev, Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə, Razi Nurullayev və digərləri çıxış edərək Fransanın bu hərəkətini Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquqa qarşı hörmətsizlik kimi qiymətləndirdilər.

Sonra deputat Cavanşir Feyziyev hazırlanmış bəyanatın mətnini oxudu. Səsvermədə bəyanata müsbət münasibət bildirildi (Bəyanatın mətni qəzetin bugünkü sayında dərc olunub).

İclasda gündəlikdəki digər məsələlərin müzakirəsi keçirildi. Əvvəlcə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Vətən müharibəsində qələbə münasibətilə” Azərbaycanın orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə və "Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihələrini üçüncü oxunuşda təqdim etdi. Layihələrin birinci və ikinci oxunuşlarda müzakirələri zamanı səslənən təkliflərə münasibətini bildirən Əli Hüseynli dedi ki, hazırlanan sənədlər orden və medallarla bağlı formalaşmış qanunvericiliyə tam uyğundur. Qanun layihələrinin əsasnaməsində və təsvirində Azərbaycan dövlətçiliyi, Qarabağın tarixi, milli və hərbi atributlarla bağlı bütün elementlər öz əksini tapıb.

Deputatlardan Fəzail Ağamalı, Aydın Mirzəzadə və Qüdrət Həsənquliyev qanun layihələri ilə bağlı fikirlərini səsləndirdilər və sənədlərin mükəmməl şəkildə hazırlandığını bildirdilər.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olundu.

İclasda "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə də qanun layihəsinə üçüncü oxunuşda baxıldı. Əli Hüseynli qanun layihəsinin əvvəlki oxunuşlarda müzakirəsi zamanı və ondan sonra komitəyə heç bir yeni təklifin daxil olmadığını söylədi. Qanun layihəsi üçüncü oxunuşda qəbul olundu.

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov üçüncü oxunuşda "Ətraf mühitin mühafizəsi haqqında” qanuna təklif olunan dəyişiklikdən bəhs etdi. Qeyd olundu ki, layihə ölkə Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub. "Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanan qanun layihəsi qalınlığı

15 mikrona qədər olan polietilen torbaların idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi ilə bağlı qadağaları özündə ehtiva edir. Sənəd 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Layihəyə görə, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi də 2021-ci il iyulun 1-dən məhdudlaşdırılacaq. Komitə sədri qeyd edib ki, qanun layihəsinin ikinci oxunuşda müzakirəsindən sonra komitədə yeni bir təklif qeydə alınmayıb. Layihə səsə qoyularaq üçüncü oxunuşda təsdiq edildi.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır. Layihə üçüncü oxunuşda qəbul olundu.

"Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli məlumat verdi. Deputat bildirdi ki, qanuna təklif olunan dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının təhlükəsizliyinə, istifadə edilən avtonəqliyyat vasitələrinin istismarına və saxlanılmasına, bu sahədə dövlət tənzimləməsinə nəzarəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti, publik hüquqi şəxs statusuna malik Bakı Nəqliyyat Agentliyi, aidiyyəti şəhər icra hakimiyyətlərinin tabeliyində olan "Sumqayıt Nəqliyyat” və "Gəncə Nəqliyyat” MMC-lər həyata keçirir. Bu sahədə fəaliyyət göstərən orqanların icra hakimiyyəti orqanı və publik hüquqi şəxs, məhdud məsuliyyətli cəmiyyət olmasını nəzərə alaraq, qanunun 26.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı” sözlərinin "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz olunması təklif olunur. Layihə təsdiq edildi.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM