22:33 26 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ən böyük demokrat lider İlham Əliyevdir
ANA SƏHİFƏ / SİYASƏT
01:15 27.11.2020


Demokratiyanı öldürənlər, onu təsir mexanizminə çevirib başqalarının başının üstündə qılınc kimi oynadanlar məhz demokratiyadan daha çox dəm vuran böyük dövlətlərdir. Biz bunu öz dövlətimizə, Azərbaycana uzun müddət göstərilən münasibətdə və haqq mübarizəmizə yanaşmalarda aydın görürük. 

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin vətən, xalq, haqq-ədalət yolunda, torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizəyə, ordumuzun şanlı qələbəsinə mane olmağa çalışan qüvvələr az deyil. Bəzi dövlətlər demokratiyadan təsir vasitəsi kimi istifadə edərək müstəqil dövlətlərin daxili işlərinə qarışır, mənafeyi təmin olunmadığı halda müxtəlif yollarla qarşıdurmalar, münaqişələr yaradırlar. Bəzilərinə görə, Azərbaycan müstəqil dövlət olsa da, guya hələ də demokratik ölkə imici qazanmamışdır. Səbəbi də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəqil siyasət yürütməsi, heç kimin diktəsi ilə işləməməsidir.

Azərbaycandan fərqli olaraq, Ermənistan dövlətinin və ölkə vətəndaşlarının əksəriyyətinin nəzərlərində demokratiya - təcavüzdür, xəyanətdir, terrordur, öldürmək, araqarışdırmaqdır. Ermənilər və havadarları üçün bu siyasi fəaliyyət tərzidir. Əgər belə olmasaydı, uzun illər fəaliyyət göstərən və minlərlə insanı məhv edən erməni terror təşkilatlarının, siyasi partiyaların bəşəriyyətə zidd əməllərinə vaxtında qiymət verilər, bir çox sui-qəsdlərin, ölümlərin qarşısı vaxtında alınardı. Başqalarını demirəm, erməni daşnaklarının, faşistlərinin xalqımızın başına gətirdikləri faciələr - soyqırımlar, sui-qəsdlər, vəhşiliklər haqda əldə minlərlə faktlar, sənədlər vardır. Uzun illər Azərbaycan torpaqlarının 20 faizi işqal altında saxlanıldı, bir milyon soydaşımız qaçqın və köçkün həyatı yaşadı, əzab-əziyyət çəkdi. BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının mühüm qərar və qətnamələrinə erməni təcavüzkarları məhəl qoymadılar, işğal etdikləri əraziləri boşaltmaq əvəzinə, əksinə, həmin torpaqlarda məskunlaşdırma siyasəti apardılar, əlavə torpaqlar işğal etmək niyyətinə düşdülər, beynəlxalq hüquq normalarını, sülh təşəbbüslərini qulaqardına vurdular. Ermənistan faşizmi, terroru dövlət siyasətinə çevirdi, insan qatillərinə heykəl ucaltdı, yazarları əsərlər yaratdı. Parlamentdə öz deputatlarını öldürdülər, dövlət çevrilişi etdilər. Azad fikirli insanlar, jurnalistlər həbs edildi, ölkədən qovuldu, intihara təhrik olundu, cərimələrə, təqiblərə məruz qaldı, ancaq Ermənistana havadarlıq edənlərin səyləri nəticəsində bu vəhşiliklər, özbaşınalıqlar pərdələndi, demokratiyadan gen-bol danışanların səsi batdı, mövqeyi eşidilmədi.

Əksinə, bir çox ölkələr "erməni demokratiyası”nı alqışladılar, əli azərbaycanlıların qanına batmışlara, yeni torpaqlar işğal etmək niyyətinə düşənlərə mötəbər kürsülərdə yer verdilər.

Ermənistanın Azərbaycana qarşı törətdiyi fəlakətlər, müharibə dövründə dinc əhalinin qadağan olunmuş silahlardan, raketlərdən atəşə tutulması, onlarca insanın qətlə yetirilməsi, yüzlərlə mülki obyektin dağıdılması və bu gün düşmən ölkədə baş verən hadisələr, qarşıdurmalar, repressiyalar, qətllər nədənsə demokratiyadan bol-bol danışan dövlətlərin, beynəlxalq təşkilatların diqqətindən kənarda qalır, beynəlxalq aləm bu faciələrə seyirçi mövqedən yanaşırlar. Cənab İlham Əliyev adi bir hadisə üstündə ölkəmizə qarşı çıxanlara kəskin mövqeyini bildirərək sual edir: "Avropa Şurası, Avropa Parlamenti, qeyri-hökumət təşkilatları, böyük Avropa ölkələri, niyə susursunuz, nədən bu diktatorların cavabını vermirsiniz?” Dövlətimizin rəhbəri qətiyyətlə bildirir ki, lazım olduqda düşmənin, işğalçının, diktatorun cəzasını biz özümüz verəcəyik və haqq mübarizəmizdə heç bir qüvvə bizə mane ola bilməz. Təcavüz etmək, yalan danışmaq, evlər yıxmaq, insanları qətlə yetirmək, xəyanət, riya demokratiyadırmı? Bu, insan haqlarını qorumaqdırmı? Bu, beynəlxalq normalara sədaqətdirmi? Bu, insanlığa, bəşəri dəyərə məhəbbətdirmi? Təcavüzkar, insan qatili, millətçi heç vaxt demokrat ola bilməz. Vəzifə şan-şöhrət qazanmaq üçün xalqını fəlakətə, bəlalara düçar edənlər insanlıqdan, demokratiyadan çox uzaqdırlar. Özünü ən demokratik dövlət hesab edən, ancaq faşizmi, nasizmi həyat amalına çevirən, soyqrımlar, sui-qəsdlər törətməklə öyünən Ermənistana daimi dəstək verən Fransanın keçmişinə nəzər salıb onun müstəmləkəçilik siyasətini, bəşəri dəyərlərə xəyanətini araşdırsaq və bugünkü mövqeyini nəzərdən keçirsək, gözlərimiz qarşısında insan faciələri, zülm və əzabları ilə zəngin bir mənzərə canlanar. Fransanın işğal edib müstəmləkəyə çevirdiyi, varını-yoxunu taladığı neçə-neçə ölkədə yaşatdığı zülm, ədalətsizlik tarixin qara səhifələridir və bu, bütün dünyaya məlumdur. Yaxın Şərqin bir neçə dövləti illərlə Fransanın əsarəti altında inləmişdir. Atlantik okeanındakı adalar, Dominikandan Qrenadaya qədər hamısı Fransa tərəfindən istismar olunmuşdur.

Tarixən elə bir qitə, materik olmayıb ki, oradakı ölkələr Fransanın istismarına, xalqları qırğına, faciələrə məruz qalmamış olsun. 1942-ci ilin iyul ayında fransızlar yəhudi olduğu üçün 4 mini uşaq olmaqla 13 min 152 insanı evlərindən çölə atmış və onların demək olar ki, hamısının (yalnız 25 nəfər sağ qalıb) məhvinə səbəb olmuşlar. XIX əsrin əvvəllərində Haitidə 100 min afrikalı köləni qazla qətlə yetirən, Birinci Dünya müharibəsində 1 ayda 900 min afrikalının ölümünə imkan yaradan, 1954-1962- ci illər Əlcəzairdə 1,5 milyon sakini öldürən, ağır işgəncələrə məruz qoyan, Buandada 600 min insanın qətlə yetirilməsinə hərbi yardım edən, Vyetnamda, Mərakeşdə, Çibutidə, Çadda, Qabonada, Tunisdə qanlı qətliyamlar törədib milyonların həyatına qıyan Fransanın demokratiyadan, insan haqlarından, bəşəri dəyərlərdən danışması, haqq-ədalət pərdəsi altında digər dövlətlərə dərs vermək cəhdi gülüş doğurur.

Bu gün hər bir dövlətin tarixi hamıya məlumdur. Fransanın terrorçuları, qaniçənləri, təcavüzkarları dəstəkləməsi başadüşüləndir. Bu dövləti Ermənistanla birləşdirən oxşar xüsusiyyətlər - işğalçılıq, müstəmləkəçilik siyasətidir. Fransa BMT Təhlükəsizlik Şurasının üzvü kimi erməni silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması ilə əlaqədar bu təşkilatın qətnamələrinə imza atıb, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq münaqişənin nizamlanmasında bitərəf mövqe tutması barədə öhdəlik götürüb. Belə bir ölkə ədalətin bərpa olunması üçün öz səylərini artırmağa borclu olduğu halda beynəlxalq hüquq normalarını, Cenevrə Konvensiyasının müddəalarını, mötəbər təşkilatların qərar və göstərişlərini ciddi qaydada pozaraq 30 ildən çox bir müddətdə torpaqlarımızı işğal altında saxlamış təcavüzkar dövləti müdafiə edir.

Fransanın prezidenti Emmanuel Makron başda olmaqla, Parisin merinin, bəzi parlament üzvlərinin, siyasətçilərin təşəbbüsləri nəinki Qarabağ məsələsinin sülh yolu ilə nizamlanmasına, əksinə, vəziyyətin yenidən kəskinləşməsinə, müharibənin bir daha alovlanmasına hesablanmışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsi getdiyi günlərdə çoxsaylı müsahibələrində dəfələrlə xatırlatmışdır ki, "biz tarixi ədaləti bərpa edirik, biz işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyirik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetiririk. Bizim heç kimin torpağında gözümüz yoxdur. Mübarizəmiz haqq mübarizəsidir və biz haqq yolunda döyüşürük”. Dövlətimizin başçısının fikri, məqsədi bütün dünyaya bəllidir və haqqı, ədaləti dəstəkləyən hər bir kəs bu haqq mübarizəsini alqışlayır, uğurlarımıza tərəfdar çıxır. Fransanın prezidenti Makron isə ermənipərəst mövqeyini çəkinmədən ortaya qoyaraq tezliklə atəşi dayandırmağı, ermənilərin zəbt etdiyi ərazilərdən çəkilməməsini tələb edir və heç bir əsaslı fakt olmadan Azərbaycanın ünvanına yalanlar uydurur və əhatəsində olan siyasi dairələri ölkəmizə qarşı yönəldir. Əlbəttə, bu, yaraşmayan hərəkətlərdir və Fransanın imicinə sarsıdıcı zərbədir. Bu ölkənin bəzi siyasi dairələri bunu dərindən dərk etmirlər ki, dövlətləri bir qrup erməni millətçisinin əlində oyuncağa çevrilmişdir. Hətta ölkənin senatı Makronun anti-demokratik çıxışlarından, ermənipərəst mövqeyindən ruhlanaraq qondarma "Dağlıq Qarabağ respublikası”nı tanımaq barədə qərar qəbul edir. Paris meriyasının, senatın bu barədə çağırışları və təşəbbüsləri təəssüf doğurur. Axı Fransa Rusiya və ABŞ ilə Minsk qrupunun üzvlərindən biridir. Rəsmi Paris bilməlidir ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına dair göstərilən təşəbbüslər Fransa tərəfindən qəbul edilmiş beynəlxalq və ikitərəfli öhdəliklərə ziddir və onların qəbul etdikləri qərarlar beynəlxalq aləm tərəfindən hörmətlə qarşılana bilməz. Çünki BMT Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edir və bu torpaqlar üzərində ölkəmizin suverenliyi tanınmışdır.

Belə bir halda Fransa senatının "Dağlıq Qarabağ respublikası”nı tanımasının heç bir hüquqi nəticəsi ola bilməz. Əlbəttə, bu qərar bir tərəfdən terrorçu, separatçı rejimi dəstəkləməkdirsə, digər tərəfdən Azərbaycanla dövlətlərarası əməkdaşlığa böyük zərbədir. Fransanın təcavüzkar Ermənistanı birmənalı dəstəkləməsi, faşizm ideologiyası ilə silahlanmış, uzun illər azərbaycanlıların qanını axıtmış, yurd-yuvasını dağıdıb şəhər və kəndlərini xarabazarlığa çevirmiş bir ölkəni müdafiə etməsi, qardaş Türkiyəyə qarşı kəskin mövqe tutması Cənubi Qafqazın lider dövləti olan Azərbaycanı itirmək deməkdir.

Azərbaycan xalqı hazırda özünün ən xoşbəxt, fərəhli günlərini yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə müzəffər silahlı ordumuz böyük şücaət, qəhrəmanlıq göstərərək uzun illər işğal altında olan torpaqlarımızı azğın düşməndən azad etmişdir. Ölkəmizin öz ərazi bütövlüyünü təmin etməyə haqqı var. Rəsmi Paris bunu bilməmiş deyil. Qələbəmiz möhtəşəmdir, ədalətlidir. Bu, Prezidentimizin, Ali Baş Komandanın, şanlı ordumuzun, xalqımızın tarixi, unudulmaz qələbəsidir. Haqq-ədalət, cəsarət, sədaqət qalib gəlmişdir. Azərbaycan varlığını, bütövlüyünü, əyilməzliyini bütün dünyaya bir daha sübut etmişdir. Birliyimiz, həmrəyliyimiz, beynəlxalq hüquq normalarına hörmət və sədaqətimiz, humanistliyimiz, bütün millətlərə sağlam münasibətimiz, Tanrıya məhəbbətimiz dünyaya yeni, əzəmətli, mübariz bir Azərbaycan bəxş etdi. Elə bir Azərbaycan ki, onun rəhbəri və xalqı ən böyük ehtirama layiqdir. Ən böyük demokratiya insana, xalqa hörmətdir. Demokrat bəşəri dəyərlər, insanlıq, xalqların gələcəyi üçün çalışan, vuruşan, həyatını sərf edən şəxsdir.

Qanunu, qaydanı yalana, böhtana dəyişənlər, sözü ilə əməli düz gəlməyənlər demokratiyaya ləkədir. Özünə, sözünə qiymət qoymayanın demokratiyadan danışmağa haqqı yoxdur.

Şərəfinə, ləyaqətinə, cəsarətinə, insanpərvərliyinə görə Azərbaycan xalqı ən demokrat xalqdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev dünyada ən böyük demokrat rəhbər, ən böyük demokrat sərkərdə, ən böyük demokrat insandır. Demokratiya insanın ədaləti, sədaqəti, vətənpərvərliyi və xalqa məhəbbətidir.

Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM