01:16 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ulu Öndər Kəlbəcərin inkişafı üçün əhəmiyyətli qərarlar qəbul etmişdir
ANA SƏHİFƏ / SİYASƏT
01:15 27.11.2020


Xalqın özünüdərkində əvəzsiz xidmətlər göstərmiş, müstəqillik əldə edildikdən sonra demokratik dövlət quruculuğunun əsasını qoymuş Ulu Öndər Heydər Əliyev siyasətinin alternativsizliyi dünyanın nüfuzlu təşkilatları və dövlət xadimləri tərəfindən də birmənalı təsdiqlənmişdir. Çünki Ümummilli Liderin mənalı ömrünün hər anı xalqına, vətəninə bağlı olmuşdur. Bu böyük şəxsiyyətin misilsiz xidmətlərini saymaqla qurtarmaz və ən əsası isə, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin bünövrəsini qoymuşdur.

Ötən əsrin 70-ci illərində Azərbaycanda başlamış sosial-iqtisadi, mədəni inkişafın dalğaları ucqar dağ rayonlarının da həyatında öz əksini tapmışdır. Bəzi dairələrdə perspektivsiz bölgə kimi qiymətləndirilən, hətta əhalisinin aran rayonlarına köçürülməsi və yalnız yaylaq məqsədilə istifadə olunması məsləhət bilinən Kəlbəcər üçün bu inkişaf xüsusi əhəmiyyətə malik idi. Çünki hələ ötən əsrin 50-ci illərində ermənilərin və onların Moskvadakı havadarlarının, respublikanın uzağı görmək bacarığı olmayan bəzi rəhbərlərinin Kəlbəcər əhalisini köçürmək təşəbbüsündə olmaları (təbii ki, ermənilərin təkidləri ilə) rayonun taleyini dəfələrlə təhlükə altında qoymuşdu. Yalnız o zaman Azərbaycanda siyasi hakimiyyətə gələn Heydər Əliyevin uzaqgörənliyi bu məkrli məqsədlərin həyata keçirilməsinə mane olmuşdu. 1969-cu ilə qədər bu məsələ, necə deyərlər, gündəmdə qalırdı və respublika rəhbərliyindən çoxları rayon əhalisinə göstərişlər, "məsləhətlər” verməyə çalışır, hətta bəzən dilə də tuturdular. Yalnız Ümummilli Lider Heydər Əliyev Azərbaycan KP MK-nın Birinci katibi seçiləndən sonra dağ rayonlarının, o cümlədən Kəlbəcərin də üzərinə işıq düşdü.

Həmsöhbətim, uzun illər Kəlbəcər rayon Xalq Deputatları Sovetinin sədri, məcburu köçkünlük illərində isə Kəlbəcər RİH-in başçısı vəzifələrində çalışmış, "Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri Qənbər Qurbanovun təmsil olunduğu nəsil Ağdaban kəndinə iki dəfə erməni vandalları tərəfindən hücum nəticəsində 32 nəfər şəhid verib, yüzlərlə qohum-əqrəbası od-alova tutulub. O, həmin dövrü belə xatırlayır: "Ulu Öndər Heydər Əliyev Kəlbəcər RPK-nın katibinə hələ o zamanlar demişdi ki, Mərkəzi Komitədə və Nazirlər Sovetində belə söhbətlər gedirdi ki, Kəlbəcər perspektivsiz bir rayondur, özünü doğrulda bilmir. ...Yeganə yol, guya, onun əhalisini aran rayonlarına köçürmək, ərazini isə yaylaq kimi bölüşdürməkdir. Lakin bu fikir məndə həmişə şübhə doğurub. Səmimi olmasına heç vaxt inanmırdım. Odur ki, bu barədə mənə təklif olunan layihəyə də qol çəkmədim...”

Məhz o vaxtlar Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev Kəlbəcərin inzibati ərazi bölgüsü kimi heç bir potensial imkanı olmadığını, yalnız yaylaq üçün yararlığını iddia edənlərin və bu barədə "layihə” hazırlayanların bütün cəhdlərini puça çıxardı. Ulu Öndər demişdi: "...Hesab edirəm ki, Kəlbəcərin imkanları genişdir, hələ bundan sonra da çox işlər görülməlidir. Əvvəllər də, indi də hiss edirdim ki, burada bir məkrli niyyət var. Əhali qətiyyən Kəlbəcərdən köçürülməməlidir!”

Qənbər Şəmşiroğlu ötənləri xatırlayaraq deyir ki, strateji cəhətdən çox əhəmiyyətli olan Kəlbəcər rayonu coğrafi mövqe etibarilə Ermənistan və Dağlıq Qarabağ arasında yerləşən səddir. Sahəsi təqribən 174 min hektara çatan ərazidən əhali köçürüləndən, 128 kənd tamamilə boşaldılandan sonra ermənilər heç bir müqavimətə rast gəlmədən, orada sərbəst qaydada məskunlaşmalı və bununla da Ermənistanla DQMV qovuşmalı idi. Faktiki surətdə Ermənistan DQMV-ni o vaxtlar ələ keçirmiş olardı: "Kəlbəcərin əsaslı inkişaf sürəti rayon partiya və icraiyyə komitələrinin təkliflər paketi əsasında hazırlanmış, Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 1977-ci il dekabrın 8-də qəbul edilmiş "Kəlbəcər rayonunun iqtisadiyyatını və mədəniyyətini inkişaf etdirmək tədbirləri haqqında” 428 saylı birgə qərarından sonra təşəkkül tapmışdır. Vaxtilə perspektivsiz qiymətləndirilən Kəlbəcər ötən əsrin 80-ci illərində respublika, hətta ozamankı İttifaq miqyasında sürətlə inkişaf edən bir rayona çevrildi”.

1983-cü il dekabrın 14-də Kəlbəcərdə 6 bal gücündə zəlzələ oldu. 1984-cü ilin yazında isə respublikanın bir sıra rayonları təbii fəlakətə məruz qaldı. O zaman SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi Heydər Əliyevin gərgin səyi ilə təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün İttifaq büdcəsindən 28 milyon manat vəsait ayrıldı. Kəlbəcərin Azərbaycan üçün nə demək olduğunu çox dəqiq bilən, rayonun inkişafını və yerində möhkəmlənməsini daim diqqət mərkəzində saxlayan və xüsusi qayğı göstərən Ulu Öndər Heydər Əliyevin göstərişi ilə həmin vəsaitin 20 milyon manatı Kəlbəcərə ayrılmışdı.

Kəlbəcərin Ermənistan tərəfindən işğalının üçüncü ildönümü ilə əlaqədar bir qrup kəlbəcərli ziyalı ilə görüşən Ulu Öndər Heydər Əliyev o illər barədə deyirdi: "Doğrudan da, Kəlbəcər Azərbaycanın çox dəyərli bir guşəsidir. Həm təbiətinə, dağlarına, meşələrinə, çaylarına, bulaqlarına, həm də orada olan çox qiymətli yeraltı sulara, mərmər, qızıl yataqlarına, başqa əlvan metalların yataqlarına görə çox qiymətli bir yerdir. O vaxtlar, keçmişdə biz Kəlbəcərin inkişafı üçün çox səylər göstərmişdik. İstisuda böyük kompleks tikilmişdi. Bu, neçə-neçə nəsillərin yaratdığı abidələr, yaşayış binaları idi. Təəssüf ki, vaxtilə qızıl yataqlarından istifadə edilməsi ilə məşğul olmamışdılar.

Hələ o sakit dövrdə ermənilər gəlib bizim qızıl yataqlarımızı zəbt etmək istəyirdilər. Xatirimdədir, biz o barədə çox ciddi tədbirlər gördük. Dağ rayonu kimi Kəlbəcərin inkişafı üçün xüsusi qərarlar qəbul olunmuşdu və bunların həyata keçirilməsindən Kəlbəcərin əhalisi, hesab edirəm ki, çox bəhrələnmişdir...”

Beləliklə, iqtisadiyyatı çiçəklənən, 1985-ci ildən sonra sosial-mədəni quruculuğu da yeni vüsət alan Kəlbəcər rayonu nəhəng tikinti meydanına çevrildi. Şəhərin "Yuxarı düz” sahəsində XXI əsrin şəhəri adlandırılan "Yeni Kəlbəcər” massivinin tikintisinə başlanıldı. Şəhər əhalisi, idarə-müəssisə işçiləri yeni şəhərin salınması təşəbbüsünü böyük razılıqla qarşıladı. Hətta tikintidə sürət və keyfiyyəti təmin etmək məqsədilə iməciliklər keçirmək barədə təşəbbüs qaldırıldı. Qısa vaxt ərzində hər biri 32 mənzilli, dördmərtəbəli yaşayış binaları, 10 ailə üçün nəzərdə tutulmuş beşmərtəbəli yaşayış evi, 60 yerlik müasir tipli mehmanxana, mükəmməl tibb avadanlığı ilə təchiz olunmuş 280 çarpayılıq mərkəzi xəstəxana, kitabxana, musiqi məktəbi, rabitə evi, son dərəcə dəqiq cihazlar quraşdırılmış seysmik stansiya, 5 min tamaşaçı tutan stadion,

1 milyon manat smeta dəyəri olan istilik sistemi və kanalizasiya xətti, Kəlbəcər-Basarkeçər yüksəkgərginlikli elektrik xətti, şahmat məktəbi, 60 yerlik məişət evi, 147 yerlik uşaq bağçası, 7 milyon manat dəyəri olan ümumi abadlıq işləri və digər sosial obyektlərin tikilməsi məhz Ulu Öndər Heydər Əliyevin Kəlbəcərə və onun əməksevər əhalisinə doğma münasibəti, qayğısı idi.

Ümummıllı Liderin Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 3-cü ildönümü ilə əlaqədar rayon sakinlərinin nümayəndələri ilə görüşündə təkcə onun inkişaf etmiş dağ rayonu, əhalisinin isə əməksevər olmasından deyil, bu əlçatmaz zirvənin zaman-zaman erməni məkrinin qurbanına çevrilməsinin qarşısının alınmasından da söz açdı. Kəlbəcərin işğalına aparan yoldan, satqınların vətənə xəyanətindən danışdı. O gün bir daha kəlbəcərlilərin yaddaşına əbədi olaraq həkk edildi ki, yurd-yuvası Ermənistan tərəfindən darmadağın edilən məcburi köçkünlərə Ümummilli Lider Heydər Əliyevin diqqəti və xüsusi qayğısıdır ki, onların bir qrup ziyalısı ilə görüşür, Ulu Öndər Kəlbəcərin tarixi keçmişinə və strateji əhəmiyyətinə öz münasibətini bildirirdi: "...Kəlbəcər rayonu üç il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğuna görə, onun sakinləri yerlərindən, yurdlarından didərgin düşüblər və respublikanın müxtəlif şəhərlərində, rayonlarında yaşayırlar. Ermənistan silahlı qüvvələrinin 1988-ci ildən başlayaraq, Azərbaycana qarşı etdikləri hərbi təcavüz respublikamıza çox böyük zərbələr vurubdur. Təəssüflər olsun ki, həmin müddətdə ərazimizin bir qismi işğal olunmuş və orada yaşayanlar, o torpaqların sahibləri didərgin düşüblər. İşğal olunmuş rayonlardan biri də Kəlbəcərdir. Kəlbəcərin işğalından üç il keçir. İnsanlar, adətən, bayram günlərini, müsbət hadisələri qeyd etmək üçün görüşürlər, eyni zamanda, milli adət-ənənələrimizə görə, tariximizdə olan bəzi faciəvi halların da ildönümünü, yaxud həmin günləri qeyd etmək üçün görüşürlər. Ona görə bizim bu görüşümüz də birinci növbədə, Kəlbəcər rayon sakinlərinin vəziyyəti ilə mənim şəxsən tanış olmağım məqsədi daşıyır. Siz üç ildir ki, yerinizdən-yürdunuzdan olmusunuz, didərgin düşmüsünüz. Bu günü xatırlamaq lazımdır...”

Ulu Öndər ilə kəlbəcərlilərin daha geniş tərkibdə növbəti görüşü bir ildən sonra, Kəlbəcərin işğalının 4-cü ildönümündə, Bakı şəhərinin Nərimanov rayonu ərazisindəki yataqxanaların birində, aprel ayının 2-də keçirildi. Kəlbəcərin Azərbaycan üçün strateji əhəmiyyətini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev dedi: "...Mən əminəm ki, xalqımız, o cümlədən kəlbəcərlilər keçmişi təhlil edərkən ötən günləri dərin müzakirə edərək daha sıx birləşəcək, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması üçün öz səylərini göstərəcəklər.

Böyük əraziyə malik olan Kəlbəcər Azərbaycanın gözəl və qiymətli guşələrindən biridir. Respublikamızın ucqar dağ rayonu olmaqla bərabər, Kəlbəcər ölkəmiz üçün həm də strateji əhəmiyyəti olan bir rayondur. Allah Kəlbəcərə hər cür nemətlər - gözəl təbiət, zəngin sərvətlər veribdir. Kəlbəcər məğrur dağları, gözəl meşələri, otlaqları, çəmənləri, obaları, bulaqları olan, vətənimizin təbiət gözəlliyini özündə əks etdirən bir parçasıdır. Kəlbəcərin həm yeraltı sərvətləri, həm də yerüstü sərvətləri Azərbaycanın milli sərvətlərinin bir hissəsidir”.

Kəlbəcərin 27 il yarımdan sonra düşməndən azad edilməsi xəbərini eşidən hər bir azərbaycanlı kimi, kəlbəcərlilərin də sevincinin həddi-hüdudu olmadı. Bu müqəddəs günü səbirsizliklə gözləyən kəlbəcərlilərin noyabrın 15-dən 25-dək olan on günün hər anını xəyalən Kəlbəcərlə yaşadılar. Doğma yurdumuzu düşmən əsarətindən xilas edən Müzəffər Ordumuzun Ali Baş Komandını, Azərbaycan Prezidenti İlham Əliyevə kəlbəcərlilərimiz adından dərin təşəkkürümü bildirirəm. Onu da qeyd edim ki, Ümummilli Liderin vaxtilə Kəlbəcər və kəlbəcərlilərə olan diqqət və qayğısını heç kim unutmayıb. Bu gün yaşından asılı olmayaraq hər bir kəlbəcərlinin yaşadığı sevinci ifadə edəcək söz tapa bilmirəm. 25 noyabr 2020-ci il tarixi kəlbəcərlilərin bugünkü nəslinin yaddaşına Qələbə ilə yazıldı. Müzəffər Azərbaycan Ordusuna təhvil verilən Kəlbəcər erməni vandalları tərəfindən tarmar edilib yandırılsa da, doğma yurdumuza qayıdışdan doğan sevinclərini əlindən ala bilməz.

Bakı şəhərində, eləcə də kəlbəcərlilərin daha çox məskunlaşdıqları ulu Gəncədə keçirilən bayram əhvali-ruhiyyyəli yürüş-tədbirləri, Şəhidlər xiyabanını ziyarət bir daha xalqımızın Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin ətrafında sıx birliyini nümayiş etdirdi. Kəlbəcərlilərin bir arzusu da Ali Baş Komandanımızın Kəlbəcəri də ziyarət edərək üçrəngli bayrağımızı orada öz əlləri ilə ucaltmasıdır. Çünki Kəlbəcər Azərbaycanın, o cümlədən Qarabağın qala qapısıdır. Axı, 30 ilə yaxındır bağlı qalan bu qalalar məskəninin qapısını məhz Ali Baş Komandanımız açdı. Qələbəmiz, Zəfərimiz mübarək! Kəlbəcər Qarabağ, Qarabağ Azərbaycandır!

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM