27 Noyabr 2020 01:12
1782
SİYASƏT
A- A+

İlham Əliyev: “Kəlbəcər bizimdir”


Eheyy mənim ulu yurdum, əvəzsiz məskənim, doğma ocağım, Kəlbəcərim!

Həsrətindən, qubarından sinəmizdə dağa dönən başıqarlı zirvələrim - Murovum, Dəlidağım, Gamışdağım...

Dizin-dizin sürünərək ətəyinə baş qoymağa, səcdənə gəlirəm!

Sən, ey mənim qibləgahım, ana Vətən, qurbanını qəbul eylə, bağrında ölməyə, torpağına qarışmağa gəlirəm!

Heç zaman qəbul etmədik, bu fikri yaxın buraxmadıq, barışmadıq Kəlbəcərin yoxluğuyla. Harada olduqsa, hayana getdiksə, kəlbəcərliyəm dedik, qürur duyduq bu adı səsləndirməkdən, bu adı eşitməkdən...

Axı Kəlbəcər bizim üçün ev tikib, yuva qurduğumuz hansısa yaşayış yeri anlamına gəlmir, İlahinin Yer üzündə təkrarsız yaratdığı ecazkar cənnət guşəsi canlanır hafizəmizdə... Gözünü bu dünyaya kəlbəcərli kimi açan kəs vurğunu olurdu bu diyarın... Burada dağ dediyinin zirvələri göylərlə yarışır, qayaların şiş ucları buludlara meydan oxuyur, meşələri zümrüddən yaşıl, çəmənləri xalıdan əlvandır, durna gözlü bulaqların zümzüməsi sehrli nəğmə kimi qulaqları sığallayır, dumandan hörülmüş ağ örpəyi Günəşin üzünə rübənd salır...

Elə ona görədir ki, bu əsrarəngizliyi görənlərin hamısı dil açıb şair olurdu, sözlər yandırırdı dillərini, ağızlarını... Sazı basırdılar sinələrinə, Dədə Şəmşir, Məmməd Aslan, Bəhmən Vətənoğlu, Sücaət olurdular... Vəsf eyləyirdilər sıldırım qayalar üzərində səltənət quran bu məğrur Qafqaz qalasını...

Bəlkə də zirvələri Tanrıya daha yaxın olduğu üçündür, bilmirəm, amma onu dəqiq bilirəm ki, biz kəlbəcərlilər Kəlbəcəri İlahi eşqlə sevirik...


Hər fəslin öz gözəlliyi, yaşam tərzi vardı Kəlbəcərdə


Düz 27 il əvvəldən danışıram, hafizəmdə dərin iz, kök salan və ömrümün sonrakı illərində heç zaman yadımdan çıxmayan xatirələrdən... Həyatımın 9-10 ilini əhatə edən həmin Kəlbəcərli günlər elə sonrakı 27 illik yaşantımın da şah nöqtəsində, zirvəsində özünə yer elədi. İndi Kəlbəcər, İstisu, kəndimiz Sınıq kilsə (1992-ci ildə dəyişdirilərək Hacıkənd adlandırılıb), Qoç daş yaylağı, Murov dağı ilə bağlı o qədər hadisələr, mənzərələr yaddaşımda baş qaldırır ki, hansından başlayıb, hansından qurtaracağımı bilmirəm. Hərəsi bir dastanlıq xatirələrdir, şirini də var, acısı da...

Təkcə onu deyə bilərəm ki, Kəlbəcərdə mövcud olan o adət-ənənələr, özünəməxsus toy məclisləri, yas mərasimləri, bayramlar bir də heç zaman yaşanmadı...

Hər fəslin öz gözəlliyi, öz yaşam tərzi vardı Kəlbəcərdə. Baharda qarın üzərində ala-ala talalardan boylanan ətirli bənövşələrdən müəllimlərimizə dəstə tutmaq ən böyük sevincimiz idi. Ümumiyyətlə, yaz fəsli tam mübaliğəsiz demək olar ki, Novruz bayramı ab-havasında keçərdi. Böyüyündən-kiçiyinə hər kəsin sevinclə iştirak etdiyi bir bayram olurdu. Fevraldan Kosa gəzdirmək ənənəsiylə başlayan, çərşənbələrlə davam edib "aş bayramı” ilə bitən bir şölənin iştirakçısı olurduq hamımız...

Yayda məktəblər bağlanan kimi ən sevdiyimiz məkana - Qoç daş yaylağına üz tutardıq. Bu köç karvanı ilə yol getməyin özü belə təsvirəgəlməz bir macəra idi bizim üçün... Yaylaqda qarşımıza xalı kimi sərilən rəngarəng çiçəkli çəmənliklərdə oynamaq, təbiətin ətrini duymaq, göz işlədikcə uzanan yaşıllıqda durna qatarı kimi sıralanmış alaçıqlarda göy gurultusunu dinləmək ecazkar bir hiss yaşadırdı insana.

Təbiətin zənginliyi, insan yaşamı üçün lazım olan bütün maddi sərvətlərin, naz-nemətin bolluğu kəlbəcərlilərin dünya malı üçün hansısa əlavə əmək sərf etməsinə ehtiyac yaratmırdı. Mənəvi zənginlik üçün idi bütün zəhmətləri. Bir məclisləri belə sazsız, sözsüz, şairsiz, aşıqsız keçməzdi. Ən öyündükləri dəyər isə qonaqpərvərlikləri idi. Hətta kiminsə evinə başqa eldən qonaq gələndə həmin kəsi bütün kənd bir-bir evinə qonaq edərdi. Başımızın tacı qonaqların ayağının altında toğlu, əmlik kəsilərdi. Ən gəzməli, görməli yerlərdə gəzdirər, evinə yola salanda isə balından, qaymağından, pendirindən, yağından, yunundan, ətindən, meyvəsindən, tərəvəzindən bir neçə qolu zorlu kişinin güclə daşıya biləcəyi pay tutulardı.

Sonralar, qaçqınlıq illərində isə yolu Kəlbəcərdən keçən bütün insanların dilindən "unikal Kəlbəcər qonaqpərvərliyi” barədə eşitmək hər zaman bizi qürurlandırırdı, sanki yenidən o ellərə, o illərə qaytarırdı...

Güz vaxtı, yəni payızda havalar soyuduqca el yaylaqdan nisbətən isti ərazilərə, binələrə köçərdi. Uşaq hafizəmə dumanı, çəni, çiskini ilə həkk olunan payızın ən gözəl mənzərəsi isə çadırlardan burum-burum qalxıb buludlara qoşulan ağ ocaq tüstüsüdür. İlin bu vədəsində yağ, pendir hazırlanar, motal tutulardı, meşələrdən giləmeyvələr yığılar, qış ehtiyatı görülərdi...

Kəlbəcərin qış nağılı isə bir başqa olurdu. Bu fəsil yurdumun daha bir peşəkar memarı idi...

Ətrafda başqa rəng görə bilməzdin, yer də, göy də ağappaq bərq vuran örpəyə bürünərdi. Sıldırımlar üzərindən özünü aşağı atan şəlalələr bir andaca qıvrım heykəl olur, buzların ağzında iti qılınc kimi sıralandığı mağaralar sanki qəzəbli əjdahaya çevrilirdilər....

Şaxtalı, sazaqlı qış axşamlarında çırta-çırtla yanan odun sobasının ətrafında nəvələrinə şərf, corab, əlcək toxuyan nənələr həm də onlara nağıllar danışardılar. Bu zaman isə çovğunda sovrularaq qəzəblə pəncərəyə çırpılan qar dənələri sehrli və ecazkar mənzərələr çəkərdi bizim üçün...


1993-cü ilin növbəti baharı isə...


1993-cü ilin növbəti baharı isə kəlbəcərlilər üçün qışa çevrildi. Hər kəs gərgin, narahat idi. Böyüklərin bu təlaşı biz uşaqları da məyus edirdi. Müharibə şəraitində yaşayırdıq. Artıq Kəlbəcər də atəşə tutulur, bombaların, raketlərin səslərini lap yaxından eşidirdik.

Bütün bunlar bir yana, heç yadımdan çıxmaz, martın 20-dən sonra idi, babamgilin bağındakı böyük armud ağacının altında bir qara toyuq banladı. Bunu eşidən nənəmin dizlərinə çırparaq əlləri ilə üzünü cırması və dəhşətli qorxu içərisində bu sözləri dediyini eşitdim: "Allah, özün saxla, toyuq banladı, göydən başımıza daş yağacaq...”

Deyə bilmərəm, nənəmin bədə yozduğu kimi bu yaşananların toyuğun banlamasıyla əlaqəsi var idi, ya yox, amma nə yazıq ki, elə həmin hadisədən bir neçə gün sonra həqiqətən də başımıza göydən həm daş, həm də bomba yağmağa başladı...

1993-cü il aprelin 2-də ərazicə ən böyük strateji rayonumuz Kəlbəcər Ermənistan tərəfindən işğal olundu. Əslində Kəlbəcər rayonu Dağlıq Qarabağ müharibəsi başlayandan iki tərəfdən mühasirədə idi, 1992-ci ildə Laçının işğalından sonra Kəlbəcərin daha bir tərəfi bağlandı və rayon 3 tərəfdən düşmən mühasirəsində qaldı. Kəlbəcərin Azərbaycanın digər bölgələri ilə əlaqəsi yalnız 3500 metr hündürlükdə olan Murov dağı vasitəsilə həyata keçirilirdi.

Qeyd edək ki, 1993-cü il mart ayının 23-dən etibarən 10 sutkadan çox gedən gərgin döyüşlərdə 701 saylı hərbi hissə, Kəlbəcər könüllüləri və helikopterçilər özlərindən 15 qat üstün olan düşmən qüvvələri ilə mühasirə şəraitində vuruşaraq mühasirədə olan 60 min kəlbəcərlinin təxliyəsinə nail olmuşdu.

Qarabağın "qala qapısı” adlanan Kəlbəcərin işğalı ilə Ermənistan qısa zamanda Azərbaycanın daha beş rayonunu da zəbt edə bildi.

1993-cü il aprelin 2-də Murovdan Gəncəyədək sıralanan köç karvanı gözlərim önündəki ən acı təsvirdir. Həmin anlar orada yaşanan ağrı-acı, insanların gözlərindən oxunan dəhşət, dillərindəki ağılar qiyamətə qədər yadımdan çıxmaz. Yaddaşıma həkk olunan hadisələrdən biri isə həmin günlər göy üzünü qara bulud kimi alan qarğa-quzğun sürüsüydü. Səs-küylərindən qulaq tutulurdu və içərisində olduğumuz bu faciəvi durumu daha da vahiməli edirdi. Bəli, biz Kəlbəcəri tərk edirdik, qarğa-quzğunlar isə ora tələsirdilər...


Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!” haqq nidası Kəlbəcərin 27 illik əsarətinə son qoydu


Kəlbəcərdən sonrakı yaşantımız isə tamamilə rəngsiz, boz oldu. Təbii ki, aclıq, yoxluq, maddi çətinliklər bütün məcburi köçkünlər kimi, bizləri də bu zaman ərzində müşayiət etdi. Həyatdakı ən gözəl illərimiz bu cür sıxıntılarla, əziyyətlərlə bada getdi. Mənəvi məhrumiyyətlərimizi təsvir etməkdə isə acizlik çəkirəm. Təbii ki, toy da etdik, nişan da apardıq, bayramlarda bir yerə yığışdıq, qonaq da getdik, amma bütün bu məclislərin heç birində ürəkdən sevinə bilmədik. Elə bil nə isə gözləyirdik, hara isə getməyə can atırdıq, amma gedə bilmirdik...

Beləcə, düz 1993-cü ilin 2 aprelindən bu əzablar məngənəsində çırpına-çırpına yaşamağa çalışdıq...

Amma gün yetişdi, 2020-ci ilin 27 sentyabrı kəlbəcərlilərin diriliş, 25 noyabr isə Kəlbəcərin qurtuluş gününə çevrildi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Qarabağ Azərbaycandır!” haqq nidası Kəlbəcərin

27 illik əsarətinə son qoydu.


Çay üstündə qala


Ölkənin cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir. "Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala” deməkdir.

Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması 4 milyon ildən artıq bir zamana dayanır.

1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri, təbii sərvətləri ilə seçilir.

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöpşəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə islamın yayıldığı dövrlərdə yaradılıb.

Kəlbəcərdə "Türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və başqa kəndlərin ərazisindədir. Qəbiristanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.

Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı - "əkiz”lərdir. "Soltan Heydər”, "Qurbağalı çay”, "Turşsu”, "Ayçınqıllı”, "Gəlinqayası”, "Böyükdəvəgözü”, "Sərçəli” və s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir.

Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidələr də var. Bunlardan ən məşhuru Xudavəng məbəd kompleksidir. Bu abidə kompleksi VI-VII əsrlərdə alban knyazı tərəfindən tikilib, XV əsrdə isə bu abidə alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, alban hökmdarı Həsən Cəlal tərəfindən yenidən inşa edilib. Həsən Cəlalın arvadı Minə Xatun bu qalada dəfn olunub. Kəlbəcərdə "Laçınqaya”, "Lev”, "Uluxan”, "Qalaboynu”, "Comərd” adlı digər qədim alban abidələri də var.

Təəssüf ki, erməni vandalları buranı işğal etdikdən sonra bu tarixi abidələrin əksəriyyətini məhv ediblər.


Bu dünyanın xəzinə sandığı Kəlbəcərdədir


Kəlbəcəri təkcə Azərbaycanın deyil, dünyanın Yer üzündəki xəzinəsi adlandırsaq, qətiyyən yanılmarıq. Bu qədim yurd yeraltı və yerüstü təbii sərvətlərlə zəngindir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları var. Sənaye əhəmiyyətli ümumi ehtiyatları 1000 tondan çox olan civə yataqları da buradadır. Həmçinin tuf, gil, perlit, üzlük daşı, qum-çınqıl qarışığı, gözəl dekorativliyə malik 4 mərmər oniksi, nefroid, 1 obsidian (dəvə gözü), 1 listvenit yataqları var.

Kəlbəcər Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları ilə də dünyada şöhrət qazanıb.

İstisu bulağı üstündə 1980-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdi. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi.

Rayonun İstisu qəsəbəsində ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi.

Murovdağ, Şahdağ, Vardenis, Mıxtökən, Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsinin əhatəsində yerləşən Kəlbəcər şəhərinin ən yüksək zirvələri Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m). Ən böyük çayı Tərtər (yuxarı axını) və onun qolları Lev çayı, Tutqunçay və başqalarıdır.

Sərsəng su anbarı da 1976-cı ildə Tərtər çayı üzərində inşa edilib. Onun ümumi su tutumu 560 milyon kubmetr, bəndinin hündürlüyü 125 metrdir. Tərtər çayının yığıldığı bu nəhəng su anbarının sağ və sol sahilindən çıxan magistral kanallar vasitəsilə Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının ümumilikdə 79000 hektar əkin sahəsini suvarmaq mümkündür.

Kəlbəcər rayonunun Ala göllər, Zalxa gölü və s. kimi saf sulu gölləri var.


4 mindən artıq müxtəlif növ bitkidən 200-ə qədəri dərman bitkisidir


1988-ci ildə aparılmış son meşə quruluşu işlərinə əsasən, Kəlbəcər meşə təsərrüfatının ərazisi 32774 hektar təşkil edirdi. Bundan əlavə, rayonda 8676 hektara yaxın kolxoz və sovxoz meşələri, qiymətli balıq növləri olan çayların ətrafında yerləşmiş 13471 hektar qoruq meşələri, 15531 hektar ətraf mühitin mühafizəsi əhəmiyyətli meşələr, 274 hektar yaşıllıq, 80 hektar meşə-park zonası var idi.

Meşələrdə bitən ağac və kolların bir neçəsi Azərbaycan Respublikasının "Qırmızı Kitabı”na daxil edilmişdir. Kəlbəcər rayonunda dəniz səviyyəsindən 1500-2100 m hündürlükdə bitən ayıfındığı və ya ağacvarı fındıq bunlardan biridir. Bəzi ayıfındığı ağacının hündürlüyü 25 metrə, diametri 48-120 santimetrə çatırdı.

Kəlbəcər rayonu ərazisində 4 mindən artıq müxtəlif növ bitkidən 200-ə qədəri dərman bitkisidir.

Rayon işğal olunarkən 140 iri və orta müəssisə, 90 məktəbəqədər uşaq müəssisəsi, 115 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 107 xəstəxana və tibb müəssisəsi, 214 mədəniyyət ocağı ermənilər tərəfindən yandırılıb, darmadağın edilib. Kəlbəcərin 60 min əhalisi ölkənin 61 rayon və şəhərində məskunlaşıb.


Siz də Kəlbəcərə qonaq gəlin və görün ki, yurdumun nə cah-cəlalı var...


Bəli, uşaqlığım, nağıl dünyam keçib bu diyarda... O dağların zirvəsinə, dar keçidlərinə, dolanbac cığırlarına, dik aşırımlarına bələdəm... Göz-gözü görməyən çənində o qədər azmışam, yarpızlı, baldırğanlı bulaqlarından o qədər su içmişəm ki...

Amma bircə dəfə də olsun ağlıma gətirməmişəm ki, haçansa bu ucalığa, bu qüdrətə, bu ecazkarlığa həsrət qalacam...

Elə buna görə də Kəlbəcəri heç zaman yox saymamışam, xatirələrimdə, varlığımda yaşatmışam. İndi isə yenidən doğma yurduma qovuşmağa, torpağına qarışmağa gedirəm. Əslində, Tanrının qüdrətindən var etdiyi bu misilsiz diyarı insan övladı sözlə təsvir etməkdə acizdir. Yaxşısı budur ki, siz də Kəlbəcərə qonaq gəlin və görün ki, yurdumun nə cah-cəlalı var...

Payız axşamında meşə sakit, lal,

deyəsən meşənin yuxusu gəlir.

Buralar bənzəyir bizim yerlərə,

bu yerdən Kəlbəcər qoxusu gəlir...


Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video