26 Noyabr 2020 01:04
3584
SİYASƏT
A- A+

Ağdamın xilaskarı


İLHAM ƏLİYEVin qalib kimi gəldiyi Ağdamda ucaltdığı bayrağın kölgəsi indi Xankəndiyə və Xocalıya da düşür


Prezidentin Ağdama azadlığa qovuşandan cəmi 3 gün sonra etdiyi səfər və burada verdiyi bəyanat yalnız müasir dövrün mühüm ictimai-siyasi-hərbi olayı deyildi, həm də tariximizin ən şərəfli salnamələrindən birinə çevriləcək hadisə idi.

Vaxtilə Qafqazın ən varlı, ən abad, ən gözəl şəhərlərindən biri olan Ağdamın bu gün xarabalıqlara çevrilən ərazisini Mehriban xanım Əliyeva ilə birgə qəzəblə, eyni zamanda, böyük inamla müşahidə edən Sərkərdə Vətən Savaşının indiyədək məlum olmayan məqamlarını və illər boyu Ağdamla bağlı keçirdiyi ən duyğusal hisslərini ifadə etdi.


İLHAM ƏLİYEV 9982 günlük həsrətə son qoydu


Ağdam Qarabağ münaqişəsinin böyük çətinliklərini, ağır itkilərini, qanlı faciələrini görüb. 6 mindən artıq şəhidi ilə Azərbaycanın qəhrəmanlıq tarixinin şanlı səhifələrini yazan ağdamlılar ovaxtkı siyasi rəhbərliklərin onları şərin qarşısında tənha qoymasına, himayədən məhrum etməsinə baxmayaraq, 1993-cü ilin iyulunadək öz gücünə arxalanaraq tək özünü qorumadı, həm də digər rayonlara arxa, dayaq oldu. Ancaq güc də bir yerə qədərmiş... Fövqəldövlətlərin o dövrün ən müasir silahları, muzdlu döyüşçüləri ilə təmin etdiyi işğalçı ilə amansız mübarizədə ağdamlılar və onların hayına səs verib məmləkətin dörd bir yanında köməyə gələn könüllülər geri çəkilməyə məcbur oldular.

Və 27 il, 3 ay, 28 gün - 9982 gün sonra qələbə sevincini yaşamaqla bərabər, o faciələrə də nəzər salır, məğlubiyyətimizə rəvac verən məlum siyasi qüvvələri daha çox lənətləyir və onların məkrini əsla unutmayacağımızı anlayırıq...

Ağdamlılar bu onilliklərdə çox məşəqqətlərə düçar oldular, həyatlarını sıfırdan qurmağa məcbur qaldılar, respublikanın 62 şəhər və rayonunda yataqxanalarda, yarımçıq tikililərdə məskunlaşdılar. Amma doğma torpaqlarına qayıdacaqlarına ümidlərini heç vaxt itirmədilər. Dövlətin dəstəyi, şəxsən Prezidentin himayəsi ilə yeni tikilmiş şəhərciklərdə evlərlə təmin edildilər. Elə Ağdamın dörddəbirində qalmış ərazini də İlham Əliyev abadlaşdırdı, yenidən qurdu, həm də 18 yeni qəsəbə saldı. Digər rayonlarda məskunlaşmış ağdamlıların 40 faizdən artığı bu qəsəbələrə qayıdaraq, öz dədə-baba yurdlarına daha da yaxınlaşdılar.

Düşmənin qarşısında həmişə mətin və dönməz dayanan Ağdam dörd il öncə cəbhə xəttində düşmən yeni avantüralara başlayanda da müvazinətini itirmədi, itkilərə baxmayaraq, bir addım da geri çəkilmədi, bir ağdamlı da öz kəndini tərk etmədi.

Bəli, artıq 1993-cü il deyildi!

Ağdam himayəsiz qalmamışdı!

Ağdamlılar tənha deyildilər!

Ağdamın, ağdamlıların arxasında dayanan, daha doğrusu, önündə addımlayan qüdrətli dövlət, güclü Prezident vardı!

Mehriban xanım Əliyeva ilə bərabər həmin hadisələr vaxtı iki dəfə ard-arda ağdamlılarla görüşə gələn Prezident "sizlərin Ağdama qayıdacağınız gün uzaqda deyil”, - söylədi...

Bu, əlbəttə ki, təsəlli deyildi!

Bu, Prezidentin 2003-cü ildən etibarən hazırlığına başladığı Vətən Savaşı konsepsiyasının gerçəkləşmə anının sona yaxınlaşdığının göstəricisi idi!

İlham Əliyev axı hansı dediyini yerinə yetirməyib ki?!

Və budur: 2020-ci ilin 23 noyabrı...

Prezident yenə də Mehriban xanım Əliyevanın müşayiəti ilə Ağdamdadır və düşmənə meydan oxuyur: "Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş qorxaq damğası ilə yaşayacaqsınız”.


İlham Əliyev Ağdamı yenidən düşmənə gözdağı edəcək


Tarixboyu Qarabağda ermənilərin gözünün odunu alan, onların ən çox qorxduğu Ağdamda 27 il sonra İlham Əliyevin bu KİŞİLİK dərsini, QƏLƏBƏ mesajını verməsinin həm də psixoloji təsiri var.

Prezident ermənilərə, Ermənistana Ağdamı və Ağdamın timsalında külli-Qarabağı yenidən onlara gözdağı kimi yaradıb-quracağının xəbərdarlığını edirdi!

Ali Baş Komandanın Ağdam məscidinin qarşısından verdiyi bəyanat xalqa zəfərin hesabatı, həm də 44 günlük savaşın ən həssas məqamlarının açıqlaması idi. Prezident Azərbaycanın məhz XXI əsrin müharibəsini apardığını, Qələbənin də dəmir yumruq hesabına, birlik, əzm, iradə və güc hesabına əldə edildiyini, tarixi missiyanın şərəflə yerinə yetirilərək, işğal olunmuş torpaqların düşməndən azad olunduğunu söylədi.

Şuşanın işğaldan azad edilməsi əməliyyatının tarixdə əbədi qalacağını deyən Prezidentin "yüngül silahlarla dərədən, meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Qarabağın tacı olan Şuşanı azad etdik” - fikirləri isə Silahlı Qüvvələrimizin rəşadət təntənəsi idi.

İlham Əliyevin ağdamlılara müraciətində bir məqam da xüsusi önəm daşıyırdı. Prezident əgər düşmən təslimçilik aktını imzalamasaydı, son döyüşün, işğalçıya sarsıdıcı zərbənin məhz Ağdamda vurulacağını bəyan etdi. Ağdam şəhərinin və rayonun işğal altında olmuş torpaqlarının bir güllə atılmadan azad edilməsi də elə düşmənin burada onu tam məhvə sürükləyən tale gözlədiyini bilməsindən irəli gəlirdi.

İlham Əliyev Ağdamda tək erməni ordusunu yox, bütünlüklə Ermənistan dövlətçiliyini məhvə sürükləməyə hazır idi!

Prezident Ağdamla bağlı bir duyğusal hissini, öz təbirincə desək, ağrısını da dilə gətirdi. İndi üstündə qalib kimi dayandığı torpaqlara əvvəllər dəfələrlə səngərdən binoklla baxarkən keçirdiyi təəssüratları sözlə ifadə etməyin çətinliyini, mümkün olmadığını söylədi: "Öz torpağımızda öz şəhərimizi, bax, o binanı binoklla uzaqdan görmək, buraya gələ bilməmək nə qədər ağrılı idi. Dəfələrlə təmas xəttində olarkən, səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik...”

Və "Bu gün mən buradayam, Ağdam şəhərindəyəm...”


İlham Əliyev "Ruhlar şəhəri”ni Zəfər qalasına çevirir


Dağıdılmış, viran qoyulmuş Ağdama "Ruhlar şəhəri” adını biz yox, hələ illər öncə xarici jurnalistlər verib. Ağdamda gördükləri rəzilliyi, əmlaka və təbiətə qarşı terroru Xirosimanın nüvə silahı ilə bombalanmasına, faşizmin Avropada törətdiyi vəhşiliyə bərabər tutan bu xristian mənşəli yazarların çəkdikləri fotolar isə tək ağdamlıların deyil, bütün azərbaycanlıların ürəyinə çalın-çarpaz dağ çəkmişdi...

Ağdamlıların harayını onların vəkili Bəxtiyar Sadıqov "Ruhlar şəhərinin sakinləri” rekviyemində (sonradan ona film də çəkildi) yaramızın qaysağını qopardan sözlərlə dilə gətirirdi: "Bu şəhər o şəhərlərdən deyil! Həm də o şəhərlərə bənzəyir. Küçələri və səkiləri... Evləri, meydanları, parkları... Bazar və mağazaları... Məktəbləri, uşaq bağçaları... Qəbiristanlığı... Hər şey var! Amma küçələr dağılıb, səkiləri ot basıb... Evləri və meydanları boşdur, parklarındakı ağaclar çoxdan quruyub, həyətlərdə adam boyundan uca qanqal, alaq otları bitib. Bazarda, meydan və mağazalarda ins-cins gözə dəymir, mal alıb, mal satan görünmür. Məktəbləri və bağçaları uşaq səsinə həsrət qalıb... Daha qəbiristanlıqlarda "Yasin” oxunmur! Bura Ağdamdır!.. Bura ruhlar şəhəridir!.. Ruhlar ağrıyırlar! Onların gözəl və abad şəhərləri, topdağıtmaz evləri xaraba və kimsəsiz qalıb. Yadlar gəlib evləri talan edib daşıyır, dəmirini, daşını, taxtasını dinini və Allahını unudanlara satırlar! Məscidlər dağıdılır, tarixi abidələr məhv edilir! Burada torpaqlar əkilmir, bağlar becərilmir...”

Ağdam şəhəri kimi Gülablıdan Şotlanlıya, Sırxavənddən Mərziliyə, Əfətlidən Papravəndə, Əliağalıdan Şelliyə qədər yüzdən artıq kənd yerləyeksan edilmişdi...

Qarşımızda iki Ağdam vardı...

Erməni terrorunun dağıtdığı, daşı daş üstündə qalmayan Ağdam...

Və İlham Əliyevin gülüstana çevirdiyi, abadlaşdırdığı, rifah gətirdiyi Ağdam...

Düşmən Ağdamın 77,4 faizini nəinki insanın, heç itin-pişiyin də yaşamadığı xarabalığa çevirmişdi...

İlham Əliyevsə Ağdamın digər qismində - işğal altında olmayan 44 yaşayış məntəqəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri gördü, Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Mərkəzi Rayon Xəstəxanası və digər sosialyönümlü obyektlər tikdi, xalçaçılıq müəssisəsi yaratdı, 6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış 18 qəsəbədə 18 ümumtəhsil və 3 musiqi məktəbi, 12 tibb və 10 məktəbəqədər təhsil müəssisəsi inşa etdi, qaz, elektrik, içməli su xətləri çəkdi, yeni yol-nəqliyyat infrastrukturu saldı, vəsaiti on milyonlarla ölçülən mühüm layihələr həyata keçirtdi... Nələr-nələr etdi...

Düşmənin Ağdamdan pərən-pərən saldığı, yalnız əynindəki paltarı və evinin açarlarını götürüb 62 rayon və şəhərə köçkün kimi səpələnən insanları İlham Əliyev yenidən Ağdama, yeni qəsəbələrə qaytardı...

Düşmən ağdamlılara nə qədər kədər, nifrət gətirdisə, İlham Əliyev bir o qədər qələbəyə inam, dövlətə güvən aşıladı...

Qalib kimi qədəm qoyduğu Ağdam torpağındakı məğrurluğu ilə yanaşı kövrəkliyini də, qəzəblə bərabər sevincini də, nifrətlə bahəm sevgisini də gördük Böyük Dayağımızın!..

Ayağı ruzilidir, əməlisalehdir, niyyəti pakdır, amalı qurub-yaratmaqdır Böyük Himayədarımızın!..

Elə ilk sözləri də Yeni Ağdamdan, sıfırdan ərsəyə gətirəcəyi, şəxsən özünün quracağı Ağdamdan idi...

Müjdəni dərhal verdi: "Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik...”

Ardınca da ilk sərəncamını verdi: Bərdədən Ağdama yeni dəmir yolu xətti çəkiləcək...

Ağdam yalnız 1867-ci ildə inşa edilmiş və işğala qədər Qafqazın ən böyük ticarət mərkəzlərindən sayılan bazarı, bənzərsiz təbiəti, işgüzar insanları, böyük iqtisadi, sənaye potensialı ilə tanınmırdı. Burada hətta aerokosmik cihazlar zavodu vardı!..

Dəzgah avadanlıqları, metis-furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmiryol vağzalı və aeroport, avtomobillərə texniki xidmət stansiyaları, məişət xidməti kombinatı, elektrik şəbəkəsi, kənd təsərrüfatı, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi stansiyaları, 24 tikinti-quraşdırma idarəsi, 12 sənaye müəssisəsi, 74 məktəb, 105 səhiyyə müəssisəsi, 271 mədəniyyət evi, 67 idarə, 99 klub da işğaldan azad edildi...

Amma onlar indi mövcud deyillər...

Amma onların daha yaxşısını, daha mükəmməlini, daha faydalısını İlham Əliyev tikəcək...

Və Ağdamı Azərbaycanın Zəfər Qalası kimi quracaq, yaradacaq!..

Yeni Ağdam İlham Əliyevin şah əsərləri içində həmişə fərqlənəcək!..


İlham Əliyevin ağdamlılara bəxş etdiyi müqəddəs gün


İlham Əliyev Ağdama, ağdamlılara daim böyük dəyər verib və son açıqlamasında da Ağdam sevgisini çoxsaylı faktların timsalında bəyan etdi.

İndi növbə ağdamlılarındır...

İlham Əliyev ağdamlıların, Qarabağlıların taleyində elə bir tarixi dönüş yaradıb ki, onun vəsfinə və ona minnətdarlığa ən ecazkar söz, ən ülvi ifadə də yetməz!

Artıq yuxularımızda da əlimizin yetmədiyi yurdlarımızı bizə bir anın içində qaytaran İgidə sevgi və ehtiram nəsildən-nəslə keçərək yüz il sonra belə hər bir ağdamlının vəfa borcu olacaq!

Məkkədə - müqəddəs Kəbə Evində səcdəyə gedib Ağdamın azadlığı üçün dua edən və bu diləyini Tanrının yardımı, özünün dəyanəti ilə həyata keçirən İnsana məhəbbət və bağlılıq da artıq ən böyük iman, ən səmimi inamdır!

Ağdamda rəsmən qeydiyyatda olan 205 min sakindən əlavə, məmləkətimizin və dünyanın dörd bir yanında yaşayan 100 mindən artıq insan da əslən Ağdamdandır.

300 min insan üçün 20 noyabr taleyin ən müqəddəs günüdür!

Bu müqəddəs günü taleyimizə yazan İlham Əliyev isə artıq həyatımızın ən önəmli şəxsiyyəti, daim borclu olduğumuz Kişidir!

İlham Əliyev mümkünsüzü mümkün edib, bir güllə atılmadan ağdamlıları yurdlarına döndərən qəhrəmandır!

İlham Əliyev ağdamlıların 27 ildə çəkdikləri vətəndə vətənsizlik zillətini, zülmünü 20 noyabrda bir sözlə - "Ağdam bizimdir!” ifadəsi ilə unutduran liderdir!

İlham Əliyev bütün qələbələrimizin, eləcə də Ağdamın azadlığının yeganə səbəbkarının Azərbaycan əsgəri, zabiti olduğunu daim söyləyir. Bu, təvazökarlıqdır!

Əsgəri, zabiti Qələbəyə ruhlandıran, inandıran, ona cəsarət verən, ən nəhayət, "Qarabağa doğru irəli!” əmrini verib onun zəfərini təmin edən cahangir məhz İlham Əliyevdir!

Qarabağa, Şuşaya, Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Ağdama, Kəlbəcərə azadlıq bəxş edən, Laçını Azərbaycana qaytaracaq ən böyük güc - yeganə güc İlham Əliyevdir!

İlham Əliyevin Ağdam məscidinə Məkkədən gətirdiyi "Qurani-kərim”i bağışladığı an 6 mindən artıq ağdamlı şəhidin əziz ruhu ilə yanaşı, Heydər Əliyevin də müqəddəs ruhu böyük rahatlıq tapdı!

İlham Əliyev Ağdama azadlıq bəxş etməklə 6 mindən artıq şəhidimizə olan borcumuzu hamımızın əvəzindən ödədi!

İlham Əliyev Ağdamı düşmən tapdağından təmizləməklə daim ağdamlıların böyük himayədarı olmuş Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi!

Bu gün ağdamlılar hər səhər-axşam İlham Əliyevə nə qədər dua edirlərsə, bir o qədər də Heydər Əliyevin, Zərifə xanımın əziz xatirələrinə rəhmət diləyirlər!

"Yasin” surəsi indi Ağdamsızlıq iztirabı ilə bu dünyadan nakam köçən on minlərlə əzizlərimizlə yanaşı, bu iki dəyərli ATA-ANA üçün də oxunur!


İlham Əliyev bütün Azərbaycanı Ağdamda bir daha birləşdirdi


İlham Əliyevə həm də ona görə borclu və minnətdarıq ki, körpələrimiz artıq Ağdamda dünyaya gələcəklər, Ağdamda iməkləyib, ilk addımlarını atacaqlar - bundan böyük xoşbəxtlik varmı?!

Dünyadan köçənlərimizi artıq köçkün qəbiristanlıqlarında deyil, dədə-baba yurdlarımızın məzarlıqlarında dəfn edəcəyik - ölülərimizin də artıq pərən-pərən düşməməyindən böyük təskinlik varmı?!

İlham Əliyevin "Ağdam bizimdir!” sədası əsrlərboyu Ağdamın himninə, marşına çevriləcək, yüzminlərlə ağdamlının əbədi şükranlıq duası olacaq!

Hər bir ağdamlı ailəsində "İlham Əliyev” adı indi ən müqəddəs ad kimi səslənir, qəbul edilir.

İlham Əliyev heç vaxt Ağdamda qonaq sayılmayacaq, onun Ağdam boyda nəhəng, əziz, səmimi bir evi olacaq!

İlham Əliyev hər bir ağdamlı ailənin fəxri başçısı, ən dəyərli üzvü olacaq, süfrəmizin başında həmişə Liderimizin əziz yeri saxlanacaq!

İşğaldan azad olan kəndlərimizdə "Heydər”, "İlham”, "Mehriban” adı ilə körpələr doğulacaq və Ağdam elinin bu şəxsiyyətlərə əbədi məhəbbətinin, sədaqətinin rəmzinə çevriləcəklər.

Ən böyük həqiqət isə odur ki, İlham Əliyev Ağdam camaatı üçün indi prezidentlik statusundan qat-qat artıq yüksəklikdə dayanır, sevilir.

Belə bir deyim var, Azərbaycanda ağdamlı dostu olmayan bir nəfər də yoxdur. Ancaq bu həqiqətdən böyük bir həqiqət də var. Azərbaycanın istisnasız olaraq bütün bölgələri bu 27 ildə ağdamlıların əsl səmimi dostları, köçkünlük dövründə yardımçıları, dayaqları oldu. Ağdamlılar bütün soydaşlarımıza bu 27 ilin şəfqət və dostluğuna görə minnətdarlığını sözlə yox, əməllə bildirəcək!

Ağdam bütün Azərbaycanın, bütün azərbaycanlıların evi olacaq!

Kim deyə bilər ki, İlham Əliyevin "Ağdam Azərbaycandır!” - bəyanatına naxçıvanlı, qərbi azərbaycanlı, bakılı, qubalı, lənkəranlı, kürdəmirli... ağdamlı qədər sevinmədi?! Eyni həyəcanı, eyni sevinci, eyni qüruru yaşadı bu millət...

İlham Əliyev bütün Azərbaycanı Ağdamda bir daha birləşdirdi!..

Nə qədər ki Ağdam var, ağdamlılar yaşayır, xilaskarlarımıza - Heydər Əliyev irsinə, İlham Əliyev şəxsiyyətinə bu yurdun sədaqəti, vəfası, bağlılığı var olacaq!

İlham Əliyevin Ağdamı bir güllə atmadan azad etməsi böyük şücaətdir. Fəqət bir məqamı da unutmayaq. Ağdamın təcavüzünə düşmənin tərk etməsi ilə son qoyulmadı.

İlham Əliyev Ağdamın bir parçasını Suqovuşanda, Hadrutda, bir qismini Cəbrayılda, Qubadlıda, böyük hissəsini isə Şuşada azad etdi!

Və İlham Əliyevin Ağdamda ucaltdığı bayrağın kölgəsi indi Xankəndiyə, Xocalıya da düşür!..

İlham Əliyev 5 minillik Ağdamın elə 5 minillik qəhrəmanıdır!

İlham Əliyev adı Azərbaycan tarixində bundan sonra Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın qədər - Qarabağ qədər əbədi olacaq, zirvədə olacaq, möhtəşəm olacaq!..

İxtiyar HÜSEYNLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video