12:04 18 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:31 17.01.2021

Zəfər salnaməsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Polis zor tətbiq edir, etirazçılar silahlanırlar
ANA SƏHİFƏ / SİYASƏT
00:33 25.11.2020


Ermənistanda Paşinyana qarşı kütləvi aksiyalar davam edir


Baş nazir kürsüsünü itirmək istəməyən Nikol Paşinyan kütləvi etirazların qarşısını almaq üçün bütün repressiv tədbirlərə əl atır. İndiyədək Yerevanda həbs edilənlərin, polis zorakılığına məruz qalanların sayı yüzlərlədir. Baş verənlərdən belə məlum olur ki, tezliklə Ermənistanda vəziyyət daha gərgin xarakter alacaq. Çünki xalq Paşinyanın baş nazir kimi ölkə idarəçiliyini davam etdirməsini qətiyyən istəmir.


Hazırkı vəziyyət baş naziri çox qorxudur


Ermənistan paytaxtında iki həftədir fasiləsiz mitinqlər keçirilir. Sosial şəbəkələrin çoxminlik səhifələrinin ermənidilli seqmentində yayılan informasiyalardan aydın olur ki, etiraz aksiyaları istər iştirakçıların sayı, istərsə də miqyası baxımından genişlənməkdədir. Son məlumatlara görə, Yerevanda mitinq iştirakçılarının sayı 10 min nəfəri ötüb. Proseslərin bu səpkidə inkişafı baş naziri ciddi şəkildə qorxudur.

Bu arada Ermənistan polisi paytaxtdakı etiraz aksiyalarında kobud pozuntular aşkarladığını açıqlayıb. Polisin bəyanatında bildirilir ki, etirazçılar dövlətə məxsus, eləcə də mülki vətəndaşların avtomobillərinin təkərlərini kəsici və deşici alətlərlə sıradan çıxarırlar. Bu isə aksiya iştirakçılarında kəsici-deşici alətlərin, yəni soyuq silahın olduğu anlamına gəlir. Buna görə də polis aksiyada iştirak edənlərə qarşı zor tətbiqini daha da gücləndirib. Yerli mətbuatın yazdığına görə, dünən 53 nəfər polis şöbələrinə gətirilib.

Mitinqdə çıxış edən müxalifət nümayəndələri əsasən Ermənistan baş nazirinin müharibədə təslimçilik aktını imzalamasını bəhanə edərək onun hakimiyyətdən getməli olduğunu bildirirlər. Onlar həmçinin ölkədə iqtisadi vəziyyətə, hazırkı rejimin siyasətinə etiraz edirlər.

"Çiçəklənən Ermənistan” partiyasından deputat Gevorq Petrosyan baş nazir Nikol Paşinyanı dərhal istefa verməyə çağırıb. Deputat baş nazirin həbs etdirdiyi şəxslərin bu cür cəzalardan qorxmadığını bildirib. Qeyd edib ki, Paşinyan istefa verməli olduğunu yaxşı başa düşür, başqa bir seçimi də yoxdur. Müharibədə məğlub olan və torpaqları təhvil verən siyasətçinin liderliklə heç bir əlaqəsi ola bilməz.

Petrosyan artıq heç kimin Paşinyanı hökumət başçısı kimi görmək istəmədiyini diqqətə çatdırıb: "Yaxşı, utanmırsanmı, Nikol? Komandana bir az töhmət ver. Onlar sonda sənə qarşı yönələcəklər. 5000 əsgərin başını yedin. Bu gün yaralanan on min vətəndaşımız var. Üstəlik, yaralıların barmağının və ya qulağının ucu kəsilməyib, onlar ayaqlarını, əllərini itiriblər. O insanların problemlərini necə həll edəcəksiniz? Niyə hərbi vəziyyətə son qoymursunuz? İndi vəzifənizi tərk etməyinizə nə mane olur?”

Ermənistanın "Yerakir Media” telekanalının informasiya və analitik xidmətinin direktoru Geqam Manukyan jurnalistlərə açıqlamasında bildirib ki, Nikol Paşinyan müharibədəki məğlubiyyətdən sonra siyasi gücünü itirib. O qeyd edib ki, parlamentdən kənar siyasi qüvvələr baş nazir Paşinyanla görüş zamanı ona Rusiya Prezidenti Vladimir Putinlə əlaqə qurmağı təklif ediblər: "Müharibənin ilk günlərində ondan (Paşinyandan) Rusiya Federasiyasının Prezidenti ilə əlaqə saxlamağı istənildi. Heç kimə borclu olmaq istəmədiyini söylədi”.

Bu arada 44 günlük müharibədən sonra yaralanmış erməni hərbçilərinin beton üstündə yatdıqlarını, elementar şəraitdən belə məhrum olduqlarını əks etdirən videokadrlar erməni ictimaiyyətində yeni narazılıq və hiddət doğurub. "4rd.am” saytı yazır ki, vətəndaşlar komandanlığı əsgərlərə elementar kazarma şəraiti belə yaratmaq istəməməkdə günahlandırırlar.


Hökumətin dəstək proqramına heç kim inanmır


Aparılan müstəqil sorğulara görə, Ermənistanda baş nazirə etimad azalmaqda davam edir. Sorğuların nəticələrinə görə, hakimiyyətdə olduğu ötən müddət ərzində indiki iqtidar müharibədə məğlub olub, ölkənin makroiqtisadi göstəriciləri, əhalinin güzəranı pisləşib. Ermənistandan kütləvi köç azalmayıb, xarici borclar artıb, sərmayə yatırımına nail olunmayıb.

"İravnuk” qəzeti yazır ki, Paşinyan tərəfindən iqtisadi inkişafla bağlı formalaşdırılan ideyaları xalq hələ ki, anlaya bilmir. Amma əhalinin əsas gəlir mənbəyi olan kənd təsərrüfatında tənəzzülü ölkənin başqa sahələrində "yüksəliş”ə qatıb uğur kimi qiymətləndirmək başadüşülən deyil: "Müharibədə məğlubiyyəti qəbul etdik. Bununla yanaşı, görəsən ölkənin hələ ki, əsas aparıcı sahəsi olan kənd təsərrüfatında tənəzzülü aradan qaldırmaq üçün baş nazir nəyə ümid edir? Bəlkə ölkədə bir neçə fermerin də qatıldığı pilot məhsul sığortası hesabınamı? Qeyd edilməlidir ki, Ermənistanda kənd təsərrüfatına məsul səlahiyyətlilər hələ ki, əyalətlərdə ciddi təşəbbüslə çıxış etməyiblər. Əslində, bu da əsassız deyil. Çünki Paşinyan hökumətinin dövlətə dəstək proqramında yeni bir şey yoxdur: hamısı özündən əvvəlkilərdən qalan mirasdır. Məhz bu mənada bunların ötən illə müqayisədə daha uğurlu olacağına inanan yoxdur”.

Bu gün ölkənin ixracdan daha çox idxal etdiyini bildirən nəşr nəticə olaraq xarici ticarət balansının mənfi saldosunun dərinləşdiyini xüsusi qeyd edir. Maraqlıdır ki, nə Paşinyan "Facebook” səhifəsində, nə də onun komanda üzvləri ictimaiyyətlə ünsiyyətdə olarkən bu barədə danışmaqdan yayınırlar.

Belə halların sayının artması müxalifətin Paşinyana qarşı istifadə etdiyi çoxsaylı arqumentlər sırasına daxildir. Bu da onu göstərir ki, qarşıdakı dövr heç də Paşinyan iqtidarı üçün asan olmayacaq və belə hallar ölkədə gərginliyi daha da artıracaq.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM