24 Oktyabr 2020 21:25
489
SİYASƏT
A- A+

Anar Eyvazov: Erməni hərbçilərinin vaxt itirmədən silahı yerə qoyması və təslim olması tövsiyə edil


Oktyabrın 23-də gün ərzində və 24-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edib. Müdafiə mövqelərimizi atıcı silahlardan, minaatanlardan və toplardan atəşə tutan düşmən yaylım atəşli reaktiv sistemlərdən və digər artilleriya qurğularından istifadə edərək, həmçinin Tərtər, Bərdə, Goranboy və Naftalanı atəşə tutub.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 24-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

Anar Eyvazov qeyd edib ki, Azərbaycan Ordusunun Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatlara qarşı mütəşəkkil müqavimət göstərə bilməyən və döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus və Qafan rayonları ərazisindən raket və artilleriya qurğuları ilə Laçın və Qubadlı ərazilərini güclü atəşə məruz qoyub. Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan Ordusunu cavab tədbirləri olaraq Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir.

Bildirilib ki, Azərbaycan Ordusu əməliyyat planına uyğun olaraq cəbhənin müxtəlif istiqamətlərində əks-hücumu davam etdirir. Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələrinə ciddi atəş zərbələri endirilib, onun silah-sursat və yanacaq anbarları sıradan çıxarılıb. Kommunikasiya xətləri nəzarətə götürülüb, dayaq məntəqələri dağıdılıb. Könüllülərdən ibarət dəstələri və döyüş texnikası məhv edilərək bir neçə vacib yüksəkliklər azad edilib. Sünik-Zəngilan yolunda hücum etməyə cəhd göstərən düşmən bölmələrimizin sərt müqaviməti ilə rastlaşaraq geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var.

Müdafiə Nazirliyinin mətbuat katibi deyib ki, bundan başqa, Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi və Ağdərə rayonu istiqamətində bir pilotsuz uçuş aparatı Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib. Cəbrayıl rayonu istiqamətində düşmənə məxsus "BZEZ" zərbə pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən aşkarlanaraq xüsusi texniki vasitələrlə yerə endirilib və ələ keçirilib.

Hazırda bütün cəbhəboyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir.

Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı başlandıqdan sonra döyüş sahəsində aciz qalan düşmən bütün vasitə və resurslardan istifadə etməklə informasiya mühitində dezinformasiya və təxribat xarakterli məlumatlar yayır. Düşmən rəsmiləri guya ordumuzun texnika itirdiyi, xüsusi təyinatlı bölmələrimizə ziyan vurulduğu, bir pilotsuz uçuş aparatının Ermənistan ərazisində vurulması, digərinin isə İran ərazisinə keçdiyi və bu ölkə tərəfindən qoşunlarımıza qarşı atəş açılması kimi feyk məlumatlar verməklə vəziyyətin gedişatına təsir etməyə çalışır. Onlar çoxsaylı feyk foto və videolar yaymaqla, beynəlxalq aləmdə Azərbaycan Ordusu barədə mənfi rəy formalaşdırmağa cəhd edirlər.

Anar Eyvazov deyib: Bildiririk ki, peşəkar Azərbaycan Ordusu yalnız düşmənin silahlı birləşmələrini və legitim hərbi obyektləri hədəfə alır. Bu hədəflər dəqiq atəş zərbələri ilə məhv edilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin ictimaiyyətə təqdim etdiyi foto və video görüntülər də buna əyani sübutlardır. Hər bir Azərbaycan əsgəri mülki şəxslərlə, hərbi əsirlərlə və düşmən meyitləri ilə davranış qaydalarını mükəmməl bilir. Onlara qarşı beynəlxalq humanitar hüququn prinsip və normalarına, eləcə də Cenevrə konvensiyalarına və ona əlavə olunmuş protokollara uyğun davranırlar. Buradan döyüşlər gedən istiqamətlərdə məskunlaşan dinc erməni əhalisinə və aldadılaraq Ermənistan ərazisindən işğal olunmuş ərazilərimizə gətirilən əsgər və könüllülərə Azərbaycanın Hərbi Komandanlığının müraciətini çatdırıram.

Azərbaycanın Hərbi Komandanlığı bir daha döyüşlər gedən istiqamətlərdəki dinc əhalini hərbi obyekt və infrastrukturdan uzaq durmağa çağırır. Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilən əsgər və könüllülərə silahı yerə qoyaraq təslim olmağı təklif edir. Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyinin, qida, tibbi yardım və digər ehtiyaclarının təmin edilməsi üçün komandanlıq bütün müvafiq zəruri tədbirləri görməyə hazırdır. Bundan əlavə, beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsirlərin, mülki şəxslərin bütün hüquqları qorunacaq və üçüncü dövlətlərə keçmək istəyən şəxslərə beynəlxalq təşkilatlar vasitəsilə lazımi şərait yaradılacaq.

"Azərbaycan əsgərlərinə qarşı döyüşən erməni hərbçilərinin vaxt itirmədən silahı yerə qoyması və təslim olması tövsiyə edilir. Qələbə bizimlədir!”, - deyə Anar Eyvazov vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video