18 Oktyabr 2020 01:27
588
SİYASƏT
A- A+

Zəfərin növbəti ünvanı Füzulidir


Oktyabrın 17-də İlham Əliyev xalqımıza növbəti xoş müjdəni çatdırdı: Füzuli rayonunun

Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad edildi.

Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər mailli düzənlik sahələri əhatə edir. Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və İranla həmsərhəddir. Rayonun ərazisi 1386 kvadratkilometrdir.

Bölgə inzibati ərazi vahidi kimi 1827-ci ildə yaradılıb və ilkin adı Qarabulaq olub. Rayon kimi isə sovet hakimiyyəti dövründə 1930-cu ilin avqust ayında təşkil olunub və Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılıb.

Rayon ərazisində müxtəlif dövrlərdə Günəştəpədə, Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Quruçay sahillərində və digər yerlərdə aparılan tədqiqatlar nəticəsində Azərbaycan xalqının qədim kökə sahib olduğu sübut edilib. 1968-ci ildə arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal - Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km. aralı məsafədə yerləşən Azıx mağarasında tapılıb. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarlayıb.

Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var. Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il) belə abidələrdəndir. Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib” hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru (XVIII-XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan qədim abidələr xalqımızın milli kimliyini göstərən, bu ərazilərin Azərbaycan torpaqları olduğunu təsdiqləyən maddi və mənəvi dəyərlərdir.

Vaxtilə rayonda onlarla insana Sosialist Əməyi Qəhrəmanı adı verilib. 7 çağırış SSRİ Ali Sovetinin, 9 çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş Şamama Həsənova 2 dəfə Sosialist Əməyi Qəhrəmanı olub. Füzulidən 300-dən artıq elmlər namizədi və elmlər doktoru yetişib.

Füzuli Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuş rayonlardan biri idi. İşğaldan əvvəl rayonda 1 şəhər, 1 qəsəbə, 78 kənd vardı. Ən iri yaşayış məntəqələri Füzuli şəhəri, şəhər tipli Horadiz qəsəbəsi, Böyük Bəhmənli, Horadiz və Qacar kəndləri idi.

1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun kəndləri işğal olundu. Həmin ilin dekabrında Azərbaycan Ordusunun başlatdığı əməliyyat nəticəsində 1994-cü ilin yanvar ayında 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edildi. Hazırda rayonun 140 min nəfərdən artıq əhalisinin 50 faizə qədəri rayon ərazisindəki Horadiz şəhərində, 21 kənddə və 17 qəsəbədə yaşayır. Ölkə başçısı İlham Əliyevin sərəncamları ilə Füzuli rayonu ərazisində məcburi köçkünlər üçün 11 Qayıdış, 5 Zobucuq,

1 Fin qəsəbələri salınıb. Əhalinin digər qismi Bakı, Sumqayıt, Gəncə, Beyləqan, İmişli, Saatlı, Sabirabad və digər şəhər və rayonlarda məcburi köçkün kimi müvəqqəti məskunlaşıb.

Ermənistanın təcavüzünə qarşı döyüşən Füzuli sakinlərindən 663 nəfər şəhidlik zirvəsinə yükslib. 181 nəfər itkin və girov düşmüş sayılır. Rayonun 1240 nəfər müxtəlif dərəcəli əlili var. Əslən Füzuli rayonundan olan 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Ermənistanın təcavüzü nəticəsində rayonda 36 min 361 nəfər uşaq zərər çəkib, onlardan 155 nəfəri yetim qalıb.

Füzuli rayonunun kəndlərinin bir qismi 1994-cü ildə azad olunanda Ulu Öndər Heydər Əliyev deyib: "Füzuli rayonunda torpaqlarımızın bir qismi geri alınıbdır, erməni işğalçıları ordan qovulubdur. Lakin bu, işin yalnız başlanğıcıdır. Qarşıda Füzuli rayonunun digər hissələri var, Cəbrayıl var, Zəngilan var, Qubadlı var, o yandan Ağdam, digər rayonlar var. Bunların hamısını biz azad etməliyik”.

Bu gün İlham Əliyevin Ali Baş Komandanlığı ilə rəşadətli Azərbaycan Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirir. Sentyabrın 27-dən başlayaraq şanlı Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatları da Füzulidən başladı. Sentyabrın 27-də Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, oktyabrın 9-da Yuxarı Güzlək, Gorazıllı, oktyabrın 14-də Qaradağlı, Xatunbulaq, Qarakollu, oktyabrın 15-də Arış kəndi işğaldan azad edilib. Oktyabrın 17-də isə Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad olundu.

Bundan sonra xalqımız şərəflə Füzulinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi tarixini qeyd edəcək. Bir vaxtlar böyük uğurları ilə tanınan rayon əvvəlki şöhrətini geri qaytaracaq.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video