18 Oktyabr 2020 01:23
2080
SİYASƏT
A- A+

Azərbaycan Ordusu dünya hərb tarixinə yeni səhifələr yazır


Düşmən 30 ildir Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. Bu müddət ərzində məsələni sülh yolu ilə həll etmək üçün nəticəsiz danışıqlar aparılıb. İndiyədək ermənilər bizi yaranmış status-kvo ilə razılaşmağa məcbur etmək istəyib.

Minsk qrupunun üzvü olan həmsədr dövlətlər də bağlı qapılar arxasında bizdən bunu tələb edib. Bu mövqe ilə razılaşmayan Azərbaycan tərəfi isə daim bildirib ki, məsələnin yeganə həll yolu ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür.

Ermənilər bütün görüşlərdə birmənalı olaraq deyirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Onların bu mövqeyini həmsədr dövlətlər və beynəlxalq təşkilatlar da təkrar edirdilər. Prezident İlham Əliyev həmin qurumlara xəbərdarlıq edərək demişdir ki, danışıqlar nəticə verməsə, münaqişənin alternativ yolla həlli də mümkündür. Dövlət başçısı tərəfindən vaxtında edilən bu xəbərdarlığı nə düşmən tərəfi, nə də həmsədr dövlətlər nəzərə aldı. Çünki bizim siyasi iradəmizi qırıb təslim aktına qol çəkdirmək istəyirdilər. Ermənilər və onların havadarları belə hesab edirdilər ki, məsələnin uzanması sayəsində bu torpaqlardan didərgin düşən insanlar yeni şəraitə uyğunlaşacaq, geriyə köç edib dədə-baba torpaqlarına qayıtmaq istəməyəcəklər. Digər tərəfdən, düşünürdülər ki, Azərbaycanda böyüyən yeni nəsil həyatlarını rahat davam etdirmək üçün işğal olunmuş torpaqlar uğrunda savaşmayacaqlar.

Bu gün Azərbaycan gəncliyinin cəbhəyə könüllü yollanaraq düşmənlə savaşması bir daha onu göstərdi ki, heç kəs işğal olunmuş torpaqları unutmayıb, lazım gələndə onun yolunda ölməyə də hazırdır. İndiyə qədər bir gəncimizin belə fərarilik edərək ordudan yayınması faktı yoxdur. Əksinə, müəyyən səbəblərə görə səfərbərliyə cəlb edilməyən gənclər kəskin şəkildə öz narazılıqlarını bildirirlər.

İndi Azərbaycan Ordusunun cəbhədə göstərdiyi döyüş taktikası və bacarığı dünyanı heyrətləndirib. Hamı çaşqın qalıb ki, bu ordu necə yetişdirildi, heç xəbərimiz olmadı. Məlumdur ki, bu gün dünyada olan texniki vasitələrlə kəşfiyyat aparıb hər bir ordu barədə dəqiq məlumat əldə etmək mümkündür. Bəlkə Ermənistan tərəfindən Azərbaycana qarşı formalaşdırılan yanlış fikirlər düşmən ölkənin tərəfini tutan kəşfiyyat qurumlarının sayıqlığının itirilməsinə səbəb oldu? Bəlkə belə bir fikrin formalaşmasında biz özümüz xüsusi rol oynamışıq? Necə deyərlər, zəruri məxfiliklərdən istifadə edərək ciddi hərbi hazırlığımızı görmüşük. Belə olmasaydı, dünyanın tanınmış hərbi ekspertləri şok içində olub ordumuzun imkanlarına heyrət etməzdi. Sözsüz ki, dostlarımız da, düşmənlərimiz də ordumuzun güclü, müasir silahlarla təchiz olunmasını bilirdi. Ordudakı ciddi nizam-intizamın da, döyüş hazırlığının səviyyəsinin də düşməndən üstün olmasından xəbərdar idilər. Amma sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı göstərdi ki, onlar ordumuzun nəyə qadir olduğunu tam anlaya bilməyiblər. Azərbaycan Ordusu həmin gündən indiyə kimi XXI əsrdə dünya hərb tarixinə yeni səhifələr yazır.

Bu gün dünyanın nüfuzlu hərbi mərkəzləri ordumuzun döyüş bölgəsində həyata keçirdiyi taktikanı yaxından izləyir. Hamı birmənalı olaraq Azərbaycan Ordusunun möcüzəsindən danışır. Ermənilər dağlıq relyefin imkanlarından istifadə edərək elə istehkamlar qurub ki, onu dünyanın ən güclü orduları belə qısa müddətdə az itki ilə yara bilməzdilər. Bundan başqa, işğalçılar fikirləşirdilər ki, onlara ən ağır zərbəni Azərbaycan Ordusunun sərəncamında olan döyüş təyyarələri endirəcək. Döyüşlər ərazimizdə getdiyindən onlar düşünürdülər ki, qırıcı təyyarələrdən istifadə edə bilməyəcəklər. Buna görə ermənilər işğal altında olan ərazilərdə böyük həcmdə "S-300 Favorit” tipli müasir komplekslər də daxil olmaqla qısa, orta və uzunmənzilli hava hücumundan müdafiə sistemlərini yerləşdirmişlər. Döyüş əməliyyatları ərzində isə düşmənin hava hücumundan müdafiə sisteminin 80 faizi dronlarla məhv edilib. Artıq döyüş təyyarələrindən istifadə imkanlarımız genişlənib.

Ordumuzun pilotsuz uçuş aparatları ilə aparılan əməliyyatları dünyanın inkişaf etmiş ordularının komandanlarını düşünməyə vadar edir. ABŞ Quru Qoşunlarının Baş Qərargah rəisi, ordu generalı Ceyms Makkonvilinin "Army Timos” qəzetinə verdiyi müsahibəsində bu, aydın şəkildə görünür. General deyir ki, Qarabağ bölgəsində Azərbaycan tərəfindən pilotsuz uçan aparatlardan geniş istifadə Amerika Silahlı Qüvvələrinin modernləşdirilməsi zərurətini yaradır. Şübhə yoxdur ki, gələcəkdə dünyanın hərb məktəblərində Azərbaycan Ordusunun Dağlıq Qarabağda apardığı döyüş taktikası tədris olunacaq, təlimlərdə sınaqdan keçiriləcək.

Ermənistan isə bunu hələ də anlamır. Onlar "kor döyüşə gedən kimi” mənasız yerə müharibəni davam etdirmək istəyirlər. Az qalıb, Ermənistan kiminlə vuruşduğunun, hansı itkilərə məruz qaldığının yaxın günlərdə fərqinə varacaq. Ola da bilsin bəlkə bundan sonra imkanlarından artıq iddialara düşüb sərsəm bəyanatlar verməyə son qoysun.

Bu gün Azərbaycan əsgəri sözün həqiqi mənasında döyüş meydanında hərb tarixi yazır. Bu elə bir tarixdir ki, bunu dostlarımızla yanaşı, düşmənlərimiz də uzun müddət unutmayacaq.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video