17 Oktyabr 2020 14:11
434
SİYASƏT
A- A+

Elçin Əmirbəyov Hindistan ictimaiyyətini Ermənistan rəhbərliyinin Gəncəyə növbəti raket zərbələri barədə məlumatlandırıb


Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov oktyabrın 17-də Hindistanın TV-9 telekanalının birbaşa efirində Hindistan ictimaiyyətini bu gecə Ermənistan ərazisindən Gəncəyə növbəti raket zərbələri endirmiş Ermənistan rəhbərliyinin növbəti müharibə cinayəti barədə məlumatlandırıb.

AZƏRTAC xəbər verir ki, E.Əmirbəyovun sözlərinə görə, "Elbrus” və "Toçka U” qanadlı raketlərindən istifadə edilməklə törədilmiş bu alçaq terror aktı nəticəsində Gəncənin 13 nəfər dinc sakini, o cümlədən 2 uşaq öldürülüb, 40-dan artıq adam yaralanıb. Yerevanda öz əməlləri ucbatından çıxılmaz vəziyyətdə qalan aciz cinayətkar rejim döyüş meydanında öz işğalçı silahlı qüvvələrinin tamamilə darmadağın olunmasının davam etməsi fonunda növbəti dəfə gecə vaxtı yuxuda olan dinc vətəndaşlara əl qaldırıb, özünün fərsiz hərbi avantürasının uğursuzluğunu günahsız mülki əhaliyə qorxaqcasına hücum yolu ilə kompensasiya etməyə çalışıb.

Birinci vitse-prezidentin köməkçisi vurğulayıb ki, döyüş əməliyyatları zonası hüdudlarından uzaqda yerləşən Gəncə və Azərbaycanın digər iri şəhəri Mingəçevir artıq dördüncü dəfədir ki, raket atəşinə məruz qalır. Bu, döyüş meydanında daha iri məğlubiyyətlərə uğrayacağını bilən Ermənistan rəhbərliyinin çarəsizliyinə və ümidsizliyinə sübutdur. Münaqişənin dinc yolla nizamlanmasını təkzib edən və humanitar atəşkəs haqqında Moskva razılaşmalarını kobud şəkildə pozan Ermənistan növbəti dəfə beynəlxalq birliyə meydan oxuyur. Ümidvarıq ki, beynəlxalq birlik və xüsusən ATƏT-in Minsk qrupunun həmsədrləri insanlıq əleyhinə cinayətlər olan bu raket zərbələrinə sərt reaksiya verəcəklər.

E.Əmirbəyov qeyd edib ki, Azərbaycan özünümüdafiə və öz əhalisinin təhlükəsizliyinin təmin edilməsi üçün qanuni hüququnu saxlayır və ağlını itirmiş düşmənin dərsini vermək, gələcəkdə bu cür qeyri-insani hərəkətlərin təkrarlanmaması üçün, o cümlədən düşmənin legitim hərbi hədəflərini, onların harada yerləşməsindən asılı olmayaraq neytrallaşdırmaq yolu ilə qarşısını almaq üçün bütün zəruri tədbirləri görür.

E.Əmirbəyov Hindistan auditoriyasını məlumatlandırıb ki, rəşadətli Azərbaycan ordusunun davam edən zəfər yürüşü nəticəsində bu gün, 27 illik işğaldan sonra Füzuli şəhəri və Füzuli rayonunun yeddi kəndi azad edilib. Azərbaycanın ermənilər tərəfindən hərbi işğalına son qoyulacağı, Şuşada və Xankəndidə Azərbaycan bayrağının qaldırılacağı gün uzaqda deyil.

E.Əmirbəyov daha sonra deyib: "Bu müharibə cinayətinin nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin, ilk növbədə, müharibə canisi olan baş nazir Paşinyanın üzərinə düşür, o, hökmən beynəlxalq tribunal qarşısında cavab verməli olacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video