17 Oktyabr 2020 00:40
397
SİYASƏT
A- A+

Döyüş meydanında da, danışıqlar masasında da biz güclüyük!


Azərbaycan torpaqlarının bir hissəsi 30 ildir işğal altındadır. Bununla belə, ötən dövrdə ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqların heç bir nəticə vermədiyi hamıya məlumdur.

Ermənistan tərəfi sözdə problemin danışıqlar yolu ilə həllinin tərəfdarı olsa da, hər dəfə onu müxtəlif bəhanələrlə pozması da məlum faktdır. Məsələnin məğzi budur ki, özlərini sülh tərəfdarı kimi göstərən işğalçılar hər vəchlə əsas məsələdən - torpaqlarımızdan çıxmaqdan yayınır, işğal etdikləri torpaqları geri qaytarmaq istəmirlər.

Ermənilər indiyədək danışıqlarda "sülhpərvərlik”lərini göstərmək üçün iki tərəfin də güzəştlərə hazır olmasını tələb edirdilər. Bununla özlərini guya güzəştə gedən, Azərbaycanın isə bundan imtina edən tərəf olduğunu bildirmək istəyirdilər. Onların "güzəşt”i ondan ibarət idi ki, torpaqların bir hissəsini qaytarsınlar, əvəzində biz Dağlıq Qarabağın müstəqilliyini tanıyaq. Təbii ki, Azərbaycan bu haqsız tələblə razılaşa bilməzdi.

Sülh danışıqlarının nəticəsiz qalmasında dünya birliyinin və beynəlxalq təşkilatların ikili standartlarının da günahı az deyil. Təbii ki, Azərbaycan erməni işğalına, həmsədrlərin və beynəlxalq təşkilatların ikili standartlarına axıra kimi dözə bilməzdi. Xüsusilə Nikol Paşinyanın "Qarabağ Ermənistandır. Nöqtə” bəyanatından sonra sülh danışıqlarının aparılması mənasız vaxt itkisinə çevrilmişdi. Prezident İlham Əliyev dəfələrlə beynəlxalq təşkilatları, həmsədr ölkələri xəbərdar etmişdi ki, Azərbaycan öz torpaqlarını azad etməyə qərarlıdır. Təəssüflər olsun ki, vasitəçi dövlətlər bu xəbərdarlığı nəzərə almadılar. Cəzasızlıq və məqsədli şəkildə göstərilən laqeydlik Ermənistanı sülh danışıqlarını pozmağa, üstəlik, "yeni torpaqlar uğrunda yeni müharibə aparmağa” sövq etdi. Bu üzdən Ermənistan sentyabrın 27-də səhər saatlarında Azərbaycan tərəfinin mövqelərini atəşə tutmağa başladı. Nəticədə dinc sakinlər və hərbçilərimiz həlak oldu, vətəndaşların mal-mülkünə, infrastruktura ciddi ziyan dəydi. Səbir kasası dolduğu üçün Azərbaycan Ordusu azğınlaşmış düşməni yerində oturtmaq, işğal olunmuş torpaqlarımızı azad etmək üçün əks-hücuma keçdi.

30 il ərzində erməniləri müdafiə edən dövlətlər və beynəlxalq təşkilatlar yenə də onlara qahmar çıxaraq bizi atəşkəsə çağırdılar. Gördülər ki, Azərbaycan Ordusunun vurduğu ağır zərbələr nəticəsində düşmən geri çəkilməyə məcburdur. Bu o demək idi ki, növbəti sülh danışıqlarında şərtləri diktə edən tərəf Azərbaycan olacaq, döyüş meydanında qalib tərəf olduğu kimi. Prezident İlham Əliyevin isə şərti belə idi: "Erməni işğalçı qüvvələri ərazimizi tərk etməli, Ermənistan rəsmi surətdə Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”.

Onu da qeyd edək ki, dövlət başçısının bu tələbi beynəlxalq hüquqa uyğundur və ədalətlidir. Odur ki, Azərbaycanı sanksiya və müxtəlif təzyiqlə hədələməyin heç bir əhəmiyyəti yoxdur. Ölkəmizə qarşı heç vəchlə heç bir sanksiya tətbiq oluna bilməz. Ən azından ona görə ki, BMT-nin Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin azad olunması barədə dörd qətnaməsi mövcuddur. İkincisi, bu gün ölkəmiz qonşu dövlət tərəfindən işğal edilən ərazilərini azad etmək üçün savaşır və bunu əksər ölkələr qəbul edir. Elə BMT Nizamnaməsinin 51-ci maddəsində açıq şəkildə yazılıb ki, işğala məruz qalan dövlət bütün vasitələrlə ərazisini düşməndən azad edə bilər. Biz də ərazilərimizi beynəlxalq hüquqda əksini tapan qaydada işğalçılardan azad edirik. Mübarizəmiz ədalətli və haqlıdır. Ona görə də güclüyük.

Ermənilərin döyüş ruhu isə gündən-günə tükənir. Daha Ermənistanda əvvəlki kimi Qarabağda döyüşmək üçün növbəyə duranlar yoxdur. İndi küçələrdə ələ keçənləri tutub zorla döyüş bölgəsinə göndərirlər. Cəbhədən gələn acı xəbərlərdən sarsılan ermənilər döyüşməmək üçün gizlənməyə yer axtarırlar. Ön cəbhədə olanlar isə arxadakılara "acıq, ərzaq gətirin, əlavə kömək göndərin” deyib fəryad qoparırlar. Erməni əsgərinin qarnı acdır, üstəlik, başına yağdırılan mərmilərdən gizlənməyə yer axtarır. Bir sözlə, erməni əsgəri bilmir ki, qarnının hayına qalsın, yoxsa başının. Yeganə ümidləri humanitar atəşkəs idi ki, ona da əməl etmirlər. Humanitar atəşkəsin şərtlərini pozaraq şəhər və kəndlərimizin dinc əhalisinin ölümünə, dağıntılara səbəb olan qatı cinayətlər törədirlər. Bir sözlə, kim olduqlarını bir daha təsdiqləyirlər.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video