16 Oktyabr 2020 16:38
437
SİYASƏT
A- A+

Professor İsaxan Vəliyev: Azərbaycan Ordusu sübut etdi ki, Qarabağın işğalı ilə heç zaman barışmayacağıq


Düşünürəm ki, təcavüzə, təcavüzkara qarşı ən pis müharibə ən yaxşı sülhdən yaxşıdır. Çünki haqq müharibəsidir, onu həm dini, həm mənəvi, həm də qanuni dəyərlər dəstəkləyir. Bu gün bütün dünya bilir ki, kiçik Ermənistan təcavüzkar dövlətdir. Sözdə böyük Türkiyəyə, işdə Azərbaycana qarşı... Bu təcavüz artıq 100 ildir ki, zərrə-zərrə, qram-qram davam edir.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev deyib. İ.Vəliyev bildirib ki, təcavüzkara dəstək verən məlum ölkələr "erməni genosidi” nağılını həqiqət kimi qəbul edərək Türkiyəyə qarşı olduğunu açıq bildirib. Artıq 28 ildir ki, Ermənistan onların - türkə qarşı olanların dəstəyi ilə Azərbaycan torpaqlarının 20 faizini işğal edib və bu işğala qanuni don geyindirməklə məşğuldur. Aqillər deyir ki, azğın düşməni sözlə başa salmaq olmaz, ən azı bir-iki güllə atmaq lazımdır. Hazırda Azərbaycan Ordusu da bununla məşğuldur, azğın düşməni Azərbaycan torpağından çıxarır. Azərbaycan rəhbərliyi Qarabağ münaqişəsinin sülh yolu ilə, silahsız və qansız həll olunması üçün ATƏT-in Minsk qrupunun dəstəyi ilə on illərlə Ermənistanla danışıqlar aparıb, atəşkəs rejimini pozmayıb. Amma aparılan danışıqlar erməni tərəfinin qeyri-konstruktiv mövqeyi səbəbindən heç bir nəticə verməyib. Azərbaycan dövləti, Azərbaycan Prezidenti erməni təcavüzünün qarşısını birdəfəlik almaq üçün ən əlverişli geosiyasi məqamın yetişməsini illərlə səbirlə və tədbirlə gözləyib. Siz siyasətin müdrikliyini, siyasətçinin uzaqgörənliyini hiss edirsinizmi?! Artıq belə bir məqam yetişib - Azərbaycan Ordusu nəinki regionda, hətta bütün postsovet məkanında ən güclü ordulardan biridir. İşdə də bunu sübut edir, işğalçı Ermənistana sarsıdıcı zərbələr endirir. Ermənistanın əsas havadarları neytral mövqe nümayiş etdirir, təcavüzkara, ən azı açıq dəstək vermir. Rusiya Prezidenti birmənalı olaraq deyir ki, döyüşlər Azərbaycan ərazisində gedir. Düşmənin yalnız ordusu zəif deyil, həm də lideri səriştəsizdir. Ölkənin baş naziri döyüş meydanında olduğu kimi, siyasət meydanında da mövqelərini sürətlə itirir. Nə qədər qəribə olsa da, bu adamın atdığı addımları, verdiyi bəyanatları sağlam məntiqlə başa düşmək, normal ağılla izah etmək mümkün deyil.

Hesab etmək olar ki, Ermənistan lideri Paşinyanın intellektual qabiliyyəti, siyasi səviyyəsi mənsub olduğu xalqın səviyyəsi ilə tam adekvatdır. Dünənə qədər özünü qalib hesab edirdi, Azərbaycan torpaqlarının işğalını reallıq kimi qələmə verirdi. Hətta sülh danışıqları aparmaqdan imtina edirdi, "Azərbaycan Qarabağla danışıqlar aparmalıdır” deyirdi. Amma Azərbaycan xalqı, Azərbaycan Ordusu sübut etdi ki, Qarabağın işğalı ilə heç zaman barışmayacağıq, öz torpaqlarımız uğrunda vuruşacağıq. Yeri gəlmişkən, artıq bunu erməni xalqı da hiss edir və daimi qorxu içərisindədir. Paşinyan isə bu gün sözdə müharibə "silahı”nı ağ bayraqla əvəz edir, amma işdə yenə Azərbaycan xalqına, onun liderinə müraciət etmək, üzrxahlıq etmək istəmir. Əvəzində Minsk qrupunun həmsədri olan dünya ölkələrinin liderlərinə mütəmadi olaraq zənglər edir, müharibəni dayandırmağı xahiş edir. Bu adam necə siyasətçidir, liderdir?! Daim daha güclülərin sifarişini yerinə yetirən, onların "forpostu”na çevrilən bir ölkənin lideri başa düşmək istəmir, başa düşə bilmir ki, Azərbaycan dövləti Vətən müharibəsini əks-hücum kimi başladığı, hazırda bu müharibəni qələbəyə doğru özü apardığı kimi, müharibəni dayandırmaq haqqında qərarı da özü verir. Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil dövlətdir, Prezident İlham Əliyev isə Azərbaycan xalqının iradəsini ifadə edir, xalqın sosial sifarişlərini həyata keçirir.

İ.Vəliyev qeyd edib ki, Azərbaycan xalqının sosial sifarişi isə bu gün ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan dövlətinin təcavüzkar hərəkətlərinə, onun liderinin cinayətkar siyasətinə qanuni qiymət verilməsidir. Hazırda ordumuz birinci məsələnin öhdəsindən uğurla gəlir. Rusiyanın təşəbbüsü ilə həyata keçirilən atəşkəs rejimi humanitar məqsədli və müvəqqətidir. Təcavüzkar Ermənistanla danışıqlar aparmağın mənasız olduğu 100 il ərzində dəfələrlə sübut edilib. Bu, sadəcə olaraq, təcavüzkar Ermənistana verilən son şansdır. Bu millət, bu dövlət bütün təcavüzkarlar kimi qorxaqdır, ədalət, qanun anlayışlarına əhəmiyyət vermir, beynəlxalq hüquq normalarına məhəl qoymur, yalnız güc faktorundan çəkinir, güc faktorunu qəbul edir. Humanitar atəşkəs elan olunduqdan sonra erməni hakimiyyəti Fransadan "humanitar kömək” adı altında hərbi sursat daşımaqda davam edir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, atəşkəs barədə Moskva razılaşması bağlandığı andan Prezident İlham Əliyev tərəfindən dəstəklənsə də, onun bağlanması yalvarışı ilə üçüncü dövlətə müraciət edən Ermənistan hakimiyyəti razılaşmanı bağladığı andan mütəmadi olaraq pozmaqda davam edir. Düşmən təcavüzdən azad edilmiş Hadrut və Cəbrayıl istiqamətində Azərbaycan mövqelərinə hücum etdi, Gəncəyə, Tərtərə raket zərbələri endirməyə başladı, dinc əhali arasında itkilər baş verdi, mülki, o cümlədən beynəlxalq əhəmiyyətli obyektlərə külli miqdarda ziyan vuruldu. Doğrudur, düşmənin həmlələri dəf edilib, təxribatçı qüvvələri məhv edilib, amma Ermənistan məğlubiyyətlə barışmaq istəmir, mülki təyyarələrlə (hətta Paşinyanın xidməti təyyarəsində) müxtəlif ölkələrdən silah-sursat daşımaqda davam edir, məğlubiyyətin əvəzini çıxmağa, ordumuzun hücumlarını dayandırmağa cəhd göstərir. Lakin Azərbaycan xalqının və Prezidentin fikri qətidir, müharibə Qələbəyə qədər davam etməli, ölkəmizin ərazi bütövlüyü tam təmin edilməlidir.

Təcavüzə və cinayətə qanuni qiymət verməyə gəlincə, bu, əsaslı və haqlı məsələdir. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi hazırda cinayət əməllərini bütün dünyanın gözü qarşısında davam etdirir, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərə əməl etmir. Azərbaycanın dinc əhalisinin sıx yaşadığı əraziləri hətta atəşkəs elan olunduqdan sonra ağır silahlardan atəşə tutur, mülki şəxslərə qarşı kütləvi qətliamlar törədir. Ermənistanın Azərbaycanda dinc sakinləri - uşaqlar, qadınlar və qocaları qətlə yetirməsinin müharibə cinayəti, insanlıq əleyhinə cinayət olduğunu hamı bilir. Belə ki, sentyabrın 27-dən başlayaraq bu günə qədər Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi – Gəncəni, Tərtəri, Bərdəni atəşə tutması nəticəsində 40-dan çox mülki vətəndaşımız həlak olub, 200-dən çoxu yaralanıb, xəsarət alıb. Naftalan şəhərlərində bütöv bir ailə qətlə yetirilib. Erməni terroru nəticəsində həyatını itirənlər arasında azyaşlı uşaqlar, qadınlar və qocalar da var.

Qeyd etmək lazımdır ki, Ermənistan rəhbərliyinin törətdiyi əməllər BMT Nizamnaməsinə, Cenevrə Konvensiyasına ziddir və cinayət əməli kimi qiymətləndirilməlidir. Ermənistan təcavüzü dünyada sülhə, beynəlxalq təhlükəsizliyə təhdid yaratdığından Təhlükəsizlik Şurasının hüququ vardır ki, Ermənistanın cinayətkar siyasi rəhbərlərini Beynəlxalq Cinayət Məhkəməsinə versin. Azərbaycan tərəfi isə təcavüzkarın Avropa İnsan Hüquqları Məhkəməsinə verilməsi hüququnu özündə saxlayır. Düşünürəm ki, Paşinyan müharibəyə başladığına və nahaq qanlar axıtdığına, törətdiyi müharibə və insanlıq əleyhinə olan cinayətlərə görə qanun qarşısında cavab verəcək və cəzasız qalmayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video