30 Sentyabr 2020 04:58
891
SİYASƏT
A- A+

Haqq savaşı


Bu gün paytaxtımızda dalğalanan bayraqlar sabah Şuşa qalasından qələbə müjdəsini verəcək


Qarşı yatan qara dağı - yaylağım,

Düzənləri, ormanları oylağım.

Əyilməyən çinarları - bayrağım -

Vətən!


İllərdir həsrətində olduğumuz bir şad xəbər ildırım sürəti ilə yayıldı yurdumuza, elimizə, obamıza...

Bu xəbər hər bir azərbaycanlının ürəyinin səsi, bir qərinəlik vətən həsrətinin artıq sona çatacağının sevinc kükrəyişi idi...

Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusunun ana vətənimiz Qarabağda zəfər nərəsi çəkdiyinin müjdəsi idi...

Bir andaca əlləri ay-ulduzlu, üçrəngli bayraqlı, dilləri zəfər nəğməli insanlar küçələrdə selə döndü, aşdı-daşdı, haqq nidaları dünyanı lərzəyə saldı...

Ard-arda gələn qalibiyyət xəbərləri, kəndlərimizin bir-bir düşmən tapdağından azad edilməsi, tezliklə Qarabağa qayıdacağımızla bağlı qələbə mesajları xalqımızın hər bir övladının qəlbində qürur, sevinc hayqırtısına çevrildi...

Qaçqın, məcburi köçkün, şəhid, qazi ailələrinin ürəyində dağa dönən nisgilə, həsrətə, ağrıya-acıya məlhəm oldu...


"Qarabağ Azərbaycandır!”


Bu gün on milyonluq Azərbaycan vətəndaşları, dünyada yaşayan bütün soydaşlarımız dövlətimizin başçısına məxsus "Qarabağ Azərbaycandır!” qələbə çağırışının tezliklə yerinə yetəcəyi və qısa zamanda rəşadətli ordumuzun üçrəngli müqəddəs bayrağımızı Şuşa qalasında dalğalandıracağı anın coşqusunu yaşayır.

Bu inam, bu güvən Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətinin uzaqgörənliyindən, qətiyyətindən, qüdrətli Azərbaycan Ordusunun qələbə əzmindən doğur.

Elə yaxın dövrün Lələtəpə qələbəsi, Tovuz döyüşlərində igid oğullarımızın qəhrəmancasına düşməni darmadağın etməsi Azərbaycan əsgərinin polad iradəsindən xəbər verir.

2020-ci il sentyabrın 27-dən etibarən isə şanlı Azərbaycan Ordusu növbəti tarixi zəfərlərə imza atır. Hiyləgər, yalançı düşmənin məkrli planlarını alt-üst edir.

Ermənistanın növbəti hərbi təxribatının, mülki əhaliyə qarşı yönəlmiş təcavüzkar hücumunun qarşısını alan Azərbaycan Ordusu bütün cəbhə boyu əks-əməliyyata başladı. Çox keçmədən qələbə xəbərləri də ard-arda gəlməyə, yağı tapdağından azad edilən kəndlərimizin, yüksəkliklərimizin adları bir-bir açıqlanmağa başlandı...


Vətən Qarabağdan başlayır


Ön səngərdə gedən haqq savaşı, qazanılan zəfərlər arxa cəbhədə böyük çoşquya, sevincə səbəb oldu. Bütün ölkəni qələbə əhvali-ruhiyyəsi, "Cəngi” sədası bürüdü, küçələr, binalar, avtomobillər Azərbaycan və qardaş Türkiyənin ay-ulduzlu qoşa bayraqlarıyla bəzəndi. Vətən torpaqlarımızı düşməndən azad etmək eşqiylə coşan xalqın mərd övladları orduya getmək üçün növbəyə düzüldülər...

Artıq Azərbaycanda hərbi vəziyyət və qismən səfərbərlik elan edilib. Diqqətə çatdırmalıyıq ki, ermənilər həmişəki kimi, yenə də öz xislətini göstərir, mülki əhalini hədəfə alır, dinc sakinlərin ölümünə səbəb olurlar.

Amma Azərbaycan Ordusu onlara layiqli cavab verir, rəşadətli döyüşünü davam etdirir. Həm də igid əsgərlərimiz Ermənistan hərbçilərindən fərqli olaraq, mülki obyektləri hədəfə almır. Hətta qarşı tərəfdəki mülki insanlara müraciət olunaraq hərbi obyektlərdən kənarda olmaları tövsiyə edilib. Və bu faktlar onu göstərir ki, Azərbaycan Ordusu təkcə hərbi qüdrəti ilə deyil, mənəvi keyfiyyətləri ilə də Ermənistanın qorxaq və aciz ordusundan üstündür, ucadır...


Artıq qələbə zamanıdır


Hər bir azərbaycanlı üçün vətən Qarabağdan başlayır. Bu müharibə bizim üçün Vətən müharibəsidir. Qarabağın işğalının üzərindən xeyli zaman keçsə də, ürəyimizdəki nisgili heç zaman qaysaq bağlamayıb. Elə buna görədir ki, Ali Baş Komandanın bir Qarabağ nidasına milyonlarla hay verildi.

Artıq qələbə zamanıdır, haqqın, ədalətin öz yerini tapacağı andır. Rəşadətli ordumuzun üçrəngli bayrağımızı Qarabağın ən hündür zirvələrində, Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda və neçə-neçə işğal altında olan yurdlarımızda dalğalandıracağı, bu vətən, bu bayraq uğrunda canlarından keçən şəhidlərin ruhunun şad olacağı gün yaxındadır...

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video