30 Sentyabr 2020 04:55
1130
SİYASƏT
A- A+

“Yanındayıq, AZƏRBAYCAN”


Silahlı Qüvvələrimizin uğurlu əks-hücumu Türkiyə mediasının gündəm mövzusudur


Etibarlı strateji tərəfdaşlar olan Azərbaycan və Türkiyə arasında qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsi bu gün ölkələrimizin təkcə mövcud olduqları regionda yox, onun sərhədlərindən kənarda da əsas söz sahiblərindən biri kimi çıxış etməsinə səbəb olmaqdadır. İstər Azərbaycan Prezidenti İlham Əliyevin, istərsə də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı əlaqələrin inkişafına verdiyi diqqət və önəm iki ölkənin münasibətlərini daha möhkəm özüllər üzərində qurur.

Bu mənada son günlər təmas xəttində erməni təxribatı nəticəsində baş verən hərbi əməliyyatların qardaş ölkənin xüsusi diqqət mərkəzində yer alması tamamilə təbii qarşılanır. Hər iki ölkənin prezidentlərinin müharibə ətrafında çıxışları Türkiyə KİV-in xüsusi diqqət mərkəzində yer alır, bu barədə onlarca teleşirkət, qəzet və internet portalı xəbərlər paylaşıblar.

Türkiyənin məşhur "Sabah” qəzeti "İşğal bitsin, barış gəlsin” başlıqlı xəbərini manşetdən verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirlərinin geniş yer aldığı məqalədə qeyd olunur ki, Türkiyə bütün imkanları və bütün qəlbi ilə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək. Bölgədə sülhün və sabitliyin bərqərar olması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından dərhal geri çəkilməlidir.

"Hürriyet” qəzetinin "Artıq hesab vaxtı gəldi” başlıqlı xəbərində Ermənistanın Azərbaycan kəndlərinə hücumu, Azərbaycan Ordusunun mülki əhalini qorumaq üçün cavab tədbirləri, Silahlı Qüvvələrin ilk zəfəri barədə məlumat verilir. Qeyd olunur ki, bölgədə Dağlıq Qarabağın işğalı ilə başlayan böhrana son qoyulmalıdır.

"Milli gazete” nəşri "Ermənistana son xəbərdarlıq” başlıqlı xəbərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan torpaqlarına hücum edən Ermənistanı bir daha sərt şəkildə qınayıram. Türkiyə bütün imkanları və bütün qəlbi ilə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək” fikirlərinə yer verib. Xəbərdə vurğulanır ki, Azərbaycanın uğurlu əks-hücum əməliyyatı ədalətsizliyə və 30 ilə yaxın davam edən işğala son qoyacaqdır.

"Türkgün” qəzeti "Ermənistan küncə sıxışdı” başlıqlı xəbəri oxuculara çatdırıb. Bildirilib ki, Ermənistan ordusunun hərbi təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçib. Hərbi əməliyyatların uğurla davam etdirildiyini diqqətə çatdıran nəşr Prezident İlham Əliyevin "Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib, bir neçə strateji əhəmiyyətli yüksəklik Azərbaycanın nəzarətinə qaytarılıb” fikirlərinə yer verib.

"Yeni Şafak” qəzeti isə "Bu işə artıq son veriləcək” başlıqlı xəbərində oxuculara münaqişənin tarixi barədə məlumat verib. Qeyd olunub ki, tarixi torpağımız olan və bu gün beynəlxalq ictimaiyyətin Azərbaycanın tərkib hissəsi kimi tanıdığı Dağlıq Qarabağ regionu, onun ətrafındakı yeddi rayon 1991-ci ildə SSRİ dağıldıqdan sonra işğal edilib. Dağlıq Qarabağ məsələsi Azərbaycanın milli məsələsi, tarixi vəzifəsidir, işğala artıq son verilməlidir.

"Türkiyə” qəzeti "İşğalı bitirməyin vaxtı çatdı” başlıqlı xəbərində Rəcəb Tayyib Ərdoğanın İstanbulda keçirilən beynəlxalq Şərqi Aralıq dənizi simpoziumunda çıxışı zamanı səsləndirdiyi fikirlərə yer verib. Bildirilib ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməsi ilə bölgədə sülh və əmin-amanlıq bərqərar olacaqdır.

"Yeni akit” qəzeti "İndi hesab vaxtıdır” başlıqlı xəbəri manşetdən verib. Xəbərdə deyilir ki, hazırkı vəziyyət bölgədəki bütün böyük dövlətlərə real və ədalətli həll üsullarını tətbiq etmək imkanı verir. Otuz ildir bu problemin həlli üçün heç nə edilməyib. Azərbaycan istər-istəməz öz problemini özü həll etmək məcburiyyətində qalıb və bunun üçün hərəkətə keçib.

"Akşam” qəzeti "Ermənistan işğal altındakı torpaqları dərhal tərk etsin” başlıqlı xəbərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın təxribatları ilə bağlı fikirlərini, qonşu dövlətlərin prosesə münasibətini diqqətə çatdırıb.

Qəzetlərdən "Karar” "İşğal bitsin, barış gəlsin”, "Milliyət” "Hər seçənək masada”, "Aydınlık” "Azərbaycanda Türkiyə də hədəf alınır”, "Cumhuriyyət” "Atəşkəs üçün çəkilin şərti”, "Yeni söz” "Səninləyiz, Azərbaycan”, "Diriliş postası” "O torpaqları dərhal tərk et”, "Milat” "Qardaşa tam dəstək” başlıqlı xəbərlərində yazılır ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin dərhal tərk edilməsi ilə bölgə yenidən sülh və əmin-amanlığa qovuşacaq. Vurğulanıb ki, hazırkı müharibə iki ölkə arasında 2016-cı ildən sonra ən ciddi qarşıdurmadır. Cari ilin iyulunda da iki ölkənin sərhədlərində hərbi toqquşma baş verib, nəticədə Azərbaycanın həm hərbçiləri, həm də mülki vətəndaşları arasında itkiləri olub.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video