28 Sentyabr 2020 18:27
533
SİYASƏT
A- A+

Bir gün ərzində Azərbaycanın Moskvadakı səfirliyinə Vətənimizi qorumağı arzu edən 50-dən çox soydaşımızın müraciəti daxil olub


Ermənistan-Azərbaycan münasibətlərinin növbəti dəfə kəskinləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Məhz onun hərəkətləri iyul ayında Tovuz istiqamətində azərbaycanlı hərbi qulluqçuların və dinc sakinlərin həlak olması ilə nəticələnmiş hadisələrə gətirib çıxarıb, avqust ayında isə Azərbaycan hərbçiləri terror aktları törətmək üçün göndərilmiş erməni təxribat qrupunun rəhbərini saxlayıblar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Dağlıq Qarabağ münaqişəsi zonasında döyüş əməliyyatlarının genişlənməsi ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyinin bəyanatında əks olunub. Sənəddə qeyd edilir ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri müxtəlif silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycanın yaşayış məntəqələrini, habelə ölkəmizin hərbi mövqelərini atəşə tutub, nəticədə dinc əhali və hərbi qulluqçular arasında ölənlər və yaralananlar olub.

Bəyanatda vurğulanır: "Danışıqların formatını dəyişmək cəhdləri, "Qarabağ Ermənistandır və nöqtə” sözləri, Azərbaycan mədəniyyətinin beşiyi sayılan qədim Şuşa şəhərində oyuncaq rejimin başçısının qondarma "inauqurasiya” mərasiminin keçirilməsi, qondarma "parlament”in Şuşaya köçürülməsi barədə qərar qəbul edilməsi, Ermənistanın baş nazirinin "könüllülər”dən ibarət hərbi bölmələr yaradılması barədə bəyanatları, işğal altında olan ərazilərdə hərbi təlimlər keçirilməsi, Azərbaycanın mədəni-tarixi irsinin məhv edilməsi, habelə Ermənistanın həmin ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti – beynəlxalq humanitar hüquqa əsasən hərbi cinayətlər olan bütün bu əməllər sülh prosesi çərçivəsində danışıqların pozulmasına gətirib çıxarıb”.

Bəyanatda deyilir ki, Ermənistanın məqsədi işğal olunmuş ərazilərdə status-kvonu hər vasitə ilə saxlamaq, habelə öz ölkəsinin əhalisinin diqqətini çox ciddi sosial-iqtisadi problemlərdən yayındırmaqdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib ki, Ermənistanın ərazisində Azərbaycanın hərbi hədəfləri yoxdur. Azərbaycan öz ərazi bütövlüyün qoruyur və öz siyasətini açıq şəkildə həyata keçirir. Dövlətimizin başçısı vurğulayıb ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bütün dünya onu Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır.

Bəyanatda deyilir: "Səfirlik kütləvi informasiya vasitələrində ekspertlərə və siyasi dairələrə dəfələrlə bəyan edib ki, Azərbaycan xalqı öz torpaqlarının və Qarabağın incisi olan Şuşanın itirilməsi ilə heç vaxt barışmayacaq. Əfsuslar olsun ki, ərazilərin dinc vasitələrlə qaytarılmasına dair çoxillik danışıqlar uğurla nəticə verməyib, buna görə də Azərbaycanın BMT Nizamnaməsinə müvafiq olaraq qanuni özünümüdafiə hüququndan istifadə etməsi və təcavüzkarı Azərbaycan torpaqlarını azad etməyə məcbur etməsi zərurəti yaranıb. Azərbaycan bitib tükənməz nəticəsiz danışıqlar apara, öz ərazisinin 20 faizinin işğal edilməsi və bir milyon, o cümlədən təxminən 300 min nəfəri Ermənistandan qovulmuş qaçqın və məcburi köçkünün olması ilə barışa bilməz.

Səfirlik Rusiya ərazisindəki diaspor təşkilatlarını yaranmış vəziyyətə anlaşıqlı yanaşmağa və Rusiya Federasiyasında qəbul edilmiş norma və qanunlar çərçivəsində hərəkət etməyə çağırır. Onu da qeyd etmək lazımdır ki, təkcə bir gün ərzində səfirlik öz Vətənini müdafiə etmək arzusunu bildirən soydaşlarımızdan 50-dən çox müraciət alıb. Bu soydaşlarımızın nümayiş etdirdiyi vətənpərvərliyə, fədakarlığa və həmrəyliyə görə onlara ürəkdən təşəkkür edir və bildiririk ki, Azərbaycan ordusu işğal altında olan ərazilərin azad edilməsi ilə bağlı istənilən məsələləri müstəqil şəkildə həll etməyə qabildir.

Səfirlik Azərbaycanın həlak olmuş hərbi qulluqçularının və mülki şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verir. Vətəninin azadlığı uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi əbədi yaşayacaq, Allah onlara rəhmət eləsin”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video