27 Sentyabr 2020 15:25
443
SİYASƏT
A- A+

Cəbhəboyu təmas xəttində erməni hərbi təxribatları ilə əlaqədar Yeni Azərbaycan Partiyasının bəyanatı


Yeni Azərbaycan Partiyası (YAP) cəbhəboyu təmas xəttində erməni hərbi təxribatları ilə əlaqədar bəyanat yayıb.

AZƏRTAC bəyanatı təqdim edir. Bəyanatda deyilir:

"Sentyabrın 27-də səhər saat 06.00-da düşmən bütün cəbhəboyu yeni və iyrənc hərbi təxribat törətmişdir. Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələri, mülki əhali atəşə tutulur. Ağır döyüşlər gedir. Qəhrəman Azərbaycan Ordusu, igid əsgərlərimiz düşmənin xain təxribatlarının qarşısını alır, erməni silahlı birləşmələrinin mövqelərinə ağır, sarsıdıcı zərbələr endirir.

Öz ölkəsinin daxilində bütün dayaqlarını itirən Ermənistanın diktatura rejimi cəbhədə təxribatlar törətmək, müharibə təhlükəsi yaratmaqla xalqın qəzəbindən yayınmağa çalışır. Bu, Ermənistan rəhbərliyinin əsl faşist mahiyyətindən xəbər verir. Bütün dünyada sülhün carçısı kimi tanınan, yaradılmasının 75 illiyi qeyd edilən BMT Baş Assambleyasının xüsusi yubiley sessiyasının keçirildiyi bir zamanda Ermənistanın hərbi təxribatlar törətmək, müharibə təhlükəsi yaratmaq cəhdləri beynəlxalq icmaya meydan oxumaq, sülhə xəyanət etməkdir. Ermənistan rəhbərliyinin növbəti hərbi təxribatı onun sülh, əmin-amanlıq, təhlükəsizlik kimi dəyərlərə düşmən kəsildiyini bir daha əyani şəkildə sübuta yetirir. İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükəyə çevrilmişdir.

Azərbaycanın öz torpaqlarının işğaldan azad edilməsi, məcburi köçkünlərin öz yurd–yuvalarına qayıtması naminə mübarizəsi ədalətin və sülhün bərqərar olması məqsədlərinə xidmət edir. Rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgərlərimiz xalqımızın çoxdan gözlədiyi qələbəni təmin etməyə qadir və hazırdır. Heç bir təxribat və xəyanət Silahlı Qüvvələrimizi haqq işi yolunda müqəddəs savaşından çəkindirə bilməz. Bu gün bütün Azərbaycan xalqı qəhrəman Ordumuzla bir yerdədir, onun düşmənə qarşı mübarizəsini alqışlayır və dəstəkləyir. İgid əsgərlərimiz əmin ola bilər ki, hər bir Azərbaycan vətəndaşı, hər bir gənc onun yanındadır, onunla birdir.

Bütün xalqı yağı düşmənə layiqli cavab vermək, doğma Qarabağımızı düşmən tapdağından azad etmək naminə Ali Baş Komandanın ətrafında sıx birləşməyə, səfərbər olmağa, Qəhrəman Azərbaycan Ordusuna mənəvi güc və ruh mənbəyi olmağa çağırırıq. Xalqın və Ordunun bir yumruq kimi birləşərək düşmənə həlledici zərbənin endirməsi zamanıdır. İgidlik, şücaət və fədakarlıq zamanıdır. Həqiqət anıdır. Ədalətin və qəhrəmanlığın, Rəhbərin və Xalqın birliyinin qüdrətinin zəfər çaldığı həqiqət anı.

Yeni Azərbaycan Partiyası olaraq, Ordumuzla qürur duyduğumuzu, onunla birgə olduğumuzu bəyan edirik. Ali Baş Komandanımız cənab İlham Əliyev əmin ola bilər ki, rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının hər bir üzvü müsəlləh əsgər kimi onun əmri ilə Vətən yolunda fədakarlıq və qəhrəmanlıq göstərməyə hər an hazırdır. Ali Baş Komandanımızın müdrik rəhbərliyi ilə Silahlı Qüvvələrimizin növbəti erməni təxribatına layiqli cavab verəcəyinə, düşmənə sarsıdıcı zərbələr endirəcəyinə və xalqımıza haqqı olan QƏLƏBƏNİ bəxş edəcəyinə dərindən inanırıq. O gün uzaqda deyil.

Qəhrəman Azərbaycan Ordusuna eşq olsun!

İgid ƏSGƏR! Qələbəyə doğru İLHAMLA İRƏLİ!”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video