27 Sentyabr 2020 01:04
1512
İQTİSADİYYAT
A- A+

Pambıqyığan maşınlar start xəttindədir


Əl ilə yığım davam edir


Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində dövlət səviyyəsində məqsədyönlü silsilə tədbirlər uğurla davam edir.

Bu sırada aqrar sektora böyük önəm verilir. Prezident İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələri inkişaf etdirmək, xüsusilə pambıqçılıqda, üzümçülükdə, baramaçılıqdakı əvvəlki şöhrəti qaytarmaq barədə tapşırıq və tövsiyələrinin nəticələri Azərbaycan kəndində son illər fərqli mənzərə yaratmışdır.

Strateji məhsul olan pambığa dəyişən münasibət kəndlini torpağa qaytarmışdır. İndi kəndlərimizdə nə bir qarış boş torpaq sahəsi var, nə də işsiz bir adam. Halal qazanc mənbəyinə çevrilən torpağa kənd əhalisi indi çörək təhnəsi, xoş güzəran, firavan həyat mənbəyi kimi baxır.

Hələ sovet dönəmində qabaqcıl pambıqçılıq mərkəzi kimi şöhrət qazanmış Bərdənin iqtisadiyyatında bu sahənin xüsusi yeri var. Pambıqçılıq sahəsində zəngin təcrübəyə malik əmək qabaqcılları öz bilik və bacarıqlarını yeni nəslə məmnunluqla ötürürlər. İndi yaxın keçmişin əmək qəhrəmanları - Qulam Cavadovun, Hümbət Əliyevin, adlı-sanlı sürücü-mexanik Tərlan Musayevanın layiqli davamçıları yetişməkdədir.

Keçən təsərrüfat ilində rayonda 10140 hektar sahədə pambıq əkilib-becərilmiş, hər hektardan 33,4 sentner məhsul götürülməklə 33,850 ton məhsul istehsal olunmuşdur. Cari ildə isə rayonun təsərrüfatlarında 10686 hektar sahədə pambıq əkilmişdir.

Kompleks becərmə tədbirlərinin yüksək aqrotexniki qaydalar əsasında həyata keçirilməsi hesabına tarlalarda bol məhsul yetişmişdir.

Rayonda pambıqçılıqla məşğul olan müəssisələrdən biri də "AzərPambıq ASK” MMC-nin Bərdə filialıdır. Müəsissənin rəhbəri Azər Quliyevlə görüşüb pambıq yığımına hazırlıqla əlaqədar görülən işlər barədə ətraflı məlumat aldıq:

- Cari təsərrüfat ilində 702 nəfər torpaq istifadəçisi ilə müqavilə bağlayaraq 4310 hektar sahədə pambıq əkmişik. Tarlaların becərilməsi ciddi mütəxəssis nəzarəti altında aparılmışdır. Xüsusilə əkinlərin suvarma suyu ilə təminatında heç bir çətinliklə üzləşmədik. İsti yay günlərində rayon Suvarma Sistemləri İdarəsinin kollektivi pambıqçılarımızın sudan korluq çəkməsinə imkan vermədi. Məhsul yığımında yenə də texnikaya geniş meydan verəcəyik. Bu məqsədlə 21 pambıqyığan maşın təmir edilib start xəttinə çıxarılmışdır. Nəqliyyat traktorları da, yedək vasitələri də tam hazırdır. Sahələrdə artıq yarpaqların tökülməsinə görə dərmanlama işlərinə başlanmışdır. 13 çiləyici aqreqat işlək vəziyyətdədir.

A.Quliyevin söhbətindən onu da öyrəndik ki, artıq bəzi sahələrdə əl yığımına başlanmışdır. Maşınların tarlaya rahat girib-çıxması üçün sahə kənarlarında arxlar doldurulub hamarlanır, məhsul daşınacaq tarla yolları səliqəyə salınır.

Ağ örpəyə bürünüb bol məhsuldan xəbər verən tarlalar bu yöndə tər axıdan, zəhmət çəkən hər kəsdə xoş ovqat, yüksək əhvali-ruhiyyə yaradır. Keçən il hər hektardan 40-45 sentner məhsul götürən qabaqcıl fermerlər - Həsənqaya kəndindən Bakir Məmmədov, Şirvanlı kəndindən Feruz İsmayılov, Piyadalar kəndindən Elmir Məmmədov, Mollalı kəndindən Valeh Həsənov mövsümün ilk günlərindən işə böyük həvəslə başlayıblar.

"Azər-Pambıq ASK” MMC-nin Bərdə filialında yeni mövsümlə bağlı görülən hazırlıq işləri, zəhmət bahasına yetişdirilən bol məhsul yeni nailiyyətlərdən soraq verir. Zavodda laboratoriya da, emal sexi də yeni məhsul qəbuluna hazırdır. Qeyd etmək yerinə düşər ki, keçən il zavodda təmiz çəkidə 13731 ton pambıq emal edilmiş, lif çıxımı 40,2 faiz olmuşdur.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video