26 Sentyabr 2020 14:15
536
SİYASƏT
A- A+

Leyla Abdullayeva: Ermənistan qonşu dövlətlərə olan ərazi iddialarından əl çəkməli, işğalçılıq siyasətinə son qoymalıdır


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında işğalçı ölkə Ermənistan və onun hazırkı rəhbərliyinin iflasa uğrayan siyasətini aydın şəkildə və konkret faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Azərbaycan Prezidentinin səsləndirdiyi həqiqətləri Ermənistan XİN-i öz cılız açıqlaması ilə dana bilməz.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Azərbaycan Respublikası Prezidentinin BMT Baş Assambleyasında çıxışına dair açıqlamasını şərh edərkən deyib.

Leyla Abdullayeva bildirib: "Hazırda Ermənistan dərin demoqrafik, sosial və iqtisadi böhranla üzləşən bir ölkədir və bunun başlıca səbəbi onun Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirməsidir. İki il bundan əvvəl Ermənistanda rejim dəyişikliyi baş verməsinə rəğmən, hazırkı hakimiyyət də bundan əvvəlki kriminal xunta rejiminin siyasətini davam etdirir. İnsan hüquqlarının geniş pozulduğu, hakimlərin təzyiqə məruz qaldığı, müxalifət fəalları və siyasi opponentlərin həbs edildiyi Ermənistanda diktatura rejimi qurulub. Xalqın mandatını aldığını bəyan edən hakimiyyət elə bu xalqın maraqlarını təmin etməkdən çox uzaqdır.

Əgər Ermənistanın bundan əvvəlki prezidentinin əlləri Azərbaycana qarşı aparılan müharibə çərçivəsində törədilən cinayətlər, xüsusilə də Xocalıda amansız qəddarlıqla öldürülən qadın, uşaq və yaşlıların qanına boyanıbsa, hazırkı rəhbərliyin vicdanında bu ilin 14 iyul tarixində Tovuz rayonunda öldürülən 76 yaşlı şəxsin qan ləkəsi var.

Yalan, saxtakarlıq, riyakarlıq, təxribat və nəhayət, müharibə cinayətləri – budur Ermənistanın hazırkı rəhbərliyini xarakterizə edən əsas cəhətlər. Hakimiyyətə gələrkən xalqına verdiyi vədlərin heç birini yerinə yetirmək iqtidarında olmayan, ölkəni tənəzzülə sürükləyən, siyasi lider və hökumət başçısı kimi iflasa uğrayan bir şəxsin rəhbərlik etdiyi ölkənin Xarici İşlər Nazirliyinin, xalqının milli maraqları əsasında müstəqil və uğurlu siyasət həyata keçirən, dünya səviyyəsində nüfuza sahib olan Azərbaycan Respublikasının Prezidenti haqqında cəfəng açıqlama ilə çıxış etməsi yalnız gülüş doğura bilər. Anlayırıq ki, Azərbaycanın əldə etdiyi inkişaf, nailiyyətlər və tərəqqini kənardan qısqanclıqla izləyən Ermənistanın bu kimi sərsəm açıqlamalar verməkdən başqa çarəsi yoxdur.

Xalqının mandatı əsasında hakimiyyətə gəldiyini bəyan edən Ermənistanın hazırkı rəhbərliyi, həmin bu xalqın böhran vəziyyətindən çıxarılması üçün boşboğazlıqla məşğul olmaq yerinə, konkret fəaliyyət nümayiş etdirməli, ilk növbədə isə qonşu dövlətlərə olan ərazi iddialarından əl çəkməli, işğalçılıq siyasətinə son qoymalı və qonşu dövlətlərin beynəlxalq sərhədlərinə hörmətlə yanaşmalıdır. Əks təqdirdə, Ermənistan xalqı inkişaf perspektivlərindən məhrum qalacaqdır".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video