25 Sentyabr 2020 01:45
705
İQTİSADİYYAT
A- A+

Düşmən atəşkəsi pozmaqda davam etsə də...


Sərhəd kəndlərində sakinlərin əli işdən soyumur


Son vaxtlar erməni hərbi birləşmələrinin Azərbaycan sərhədlərində atəşkəsi pozması sakinlərin narahatlıqlarını artırsa da, onlar bunu ancaq təxribat kimi dəyərləndirir və əllərini işdən soyutmurlar. Çünki bilirlər ki, Azərbaycan Ordusu hər bir təxribata layiqincə cavab vermək iqtidarındadır.

Ağstafanın Ermənistanla sərhəddə yerləşən Köhnəqışlaq, Yadullu və Tatlı kəndlərində düşmən tərəfindən atəşkəsin pozulmasının şahidi olduq. Qəflətən açılan atəş səsləri vahimə yaratsa da, kənd sakinləri bundan qətiyyən narahat olmadılar. 

Dedilər ki, belə hallar tez-tez baş verir və artıq kəndlərdə uşaqdan böyüyə hamı belə səslərə alışıb.

Bizi rayon icra hakimiyyəti başçısının Köhnəqışlaq kənd icra nümayəndəsi Tural Həsənov qarşıladı. Həsənsu çayının üstündə salınmış körpü bu kəndi iki hissəyə bölür. Körpünün üstündə dayanıb ətrafı seyr etdik. İcra nümayəndəsi əlini dağlara tərəf uzadaraq dedi: "Bax, gördüyünüz o hündür dağlarda həm Ermənistanın, həm də Azərbaycanın hərbi mövqeləri yerləşir. O dağın ətəyindəki isə Ermənistanın Pravaka kəndidir. Kəndin ətrafındakı üzüm bağları da onlara məxsusdur.

İcra nümayəndəsi sonra çevrilib çaya baxdı və əlavə etdi: "Gördüyünüz kimi, çayda su yoxdur. Ermənilər çayın qabağını kəsdikləri üçün kəndimizin sakinləri bu il aqrar sahədə yüksək məhsuldarlığa nail ola bilmədilər”.

Söhbət zamanı məlum oldu ki, Ağstafa rayonu Ermənistanla 16 kilometr məsafədə həmsərhəddir. Sərhəddə əsasən üç kənd - Köhnəqışlaq, Yadullu və Tatlı kəndləri yerləşir. Köhnəqışlaq kəndində 190 ev var. Əhali 103 hektar pay torpağı ilə təmin edilib. Kəndin sakinləri əsasən əkinçilik və heyvandarlıqla məşğul olurlar. Bu il onlar 120 hektarda taxıl əkmişdilər. Lakin həm yağıntının az olması, həm də nankor qonşularımızın Həsənsu çayının qarşısını kəsməsi məhsuldarlığa təsir etdi. Hər hektardan cəmi 20 sentner taxıl götürüldü.

Öyrəndik ki, hazırda kənddə 500 baş iribuynuzlu və bundan bir qədər də çox xırdabuynuzlu heyvan saxlanılır. Elə əhalinin dolanışığı da əsasən heyvandarlıqdan çıxır. Heyvanların baş sayını dəfələrlə artırmaq mümkündür. Lakin ermənilərin kənddə vəziyyəti tez-tez gərginləşdirməsi buna imkan vermir.

Yaxınlıqda olan bir evin qapısını döydük. Bizi ev sahibəsi Zeynəb Şıxlıyeva qarşıladı. O, həyətdəki heyvanları rahatladıqdan sonra toyuq-cücəyə dən verirdi. Söhbət zamanı məlum oldu ki, müharibə təzə başlayanda ermənilərin atdığı mərmi onun həyətinə düşərək evini darmadağın edib. Dövlət həmişə olduğu kimi, bu dəfə də vətəndaşını darda qoymayıb. Ona 3 otaqlı ev tikib. Mənzil-məişət şəraiti yaxşılaşdırıldıqdan sonra Z.Şıxlıyeva oğlu Talehi evləndirib. İndi bir qız nəvəsi var.

Dağlıq Qarabağ müharibəsi başlayandan Köhnəqışlaq 15 şəhid verib. Kənd qəbiristanlığında uyuyan həmin şəhidlər bütün rayonda ehtiramla anılır.

Onu da deyək ki, kənddə əhalinin rahat yaşaması üçün bütün infrastruktur yaradılıb. Burada 108 yerlik yeni məktəb, 35 yerlik uşaq bağçası tikilib. ATS, klub, kitabxana, polis məntəqəsi fəaliyyət göstərir. Əhalinin ehtiyaclarını ödəmək üçün kənddə 5 artezian quyusu qazılıb.

Köhnəqışlağın ağsaqqalları ilə də görüşdük. Ələkbər Abbasov,Tahir Nağıyev, Seyrəddin Hüseynov və Arıf Abbasovla söhbət zamanı məlum oldu ki, kənd rayon rəhbərliyinin daim nəzarətindədir. Dedilər ki, sağ olsun rayon icra hakimiyyətinin başçısı Seymur Orucov. Tez-tez kəndə gələrək gün-güzəranımızla maraqlanır. Yaranmış hər hansı problemimizi yerindəcə həll edir. Elə yeni dərs ilinin başlanması ilə əlaqədar şagirdlər məktəb ləvazimatları ilə də təmin edildi.

Sərhəd kəndlərindəki mövcud vəziyyətlə tanışlığımızı Yadullu və Tatlı kəndlərində davam etdirdik. İcra nümayəndəsi Qoşqar Hüseynov dedi ki, iki kənddə ümumilikdə 661 təsərrüfat, 2700 nəfərdən çox əhali yaşayır. Bu kəndlərin əhalisi də əkinçilik və heyvandarlıqla dolanır. Son illər Yadullu kəndində heyvandarlığa olan diqqət xeyli artıb. Hazırda burada 934 baş iribuynuzlu, 5347 baş xırdabuynuzlu heyvan saxlanılır.

Bu kəndlərdə də lazımi infrastruktur yaradılıb, poçt, ATS, klub, kitabxana, həkim məntəqəsi fəaliyyət göstərir. Keçən il Tatlı kəndində 220 yerlik yeni məktəb binası inşa edilib. Yadulluda isə 94 yerlik modul tipli məktəb istifadəyə verilib. Yadullu kəndində 1, Tatlı kəndində isə 2 uşaq bağçası fəaliyyət göstərir.

Bəli, həmişə olduğu kimi, sərhəd kəndlərimizin sakinləri düşmənin qarşısında məğrur dayanaraq heç bir təxribatdan qətiyyən qorxmurlar. Əksinə, onlar gündəlik qayğıları ilə yaşayır, əkib-becərir, öz dolanışıqlarını təmin edirlər.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video