25 Sentyabr 2020 01:24
1117
CƏMİYYƏT
A- A+

Azərbaycan peyvəndi əldə edən ilk ölkələrdən biri olacaq


Alınacaq vaksinin ümumi dəyərinin bir hissəsi Koronavirusla Mübarizəyə Dəstək Fondu tərəfindən ödəniləcək


Dünyada yeni növ koronavirus sürətlə yayılmaqda davam edir. Təəssüf ki, aylardır Yer üzünün bir nömrəli təhlükəsi olan COVID-19-a qarşı aparılan mübarizələr gözlənilən effekti verməyib və hazırda bəşəriyyət bu bəladan tamamilə yaxa qurtarması üçün peyvəndin ümidinə qalıb. Məlumatlara əsasən, hazırda dünyada yalnız 9 şirkət peyvənd hazırlığının 3-cü mərhələsindədir.

İndiki reallıq isə ondan ibarətdir ki, yeni koronavirus üzərində effektiv olacaq vaksinin tətbiqinə qədər insanlar yenə də pandemiya şərtlərinə əməl etməklə infeksiyaya yoluxma təhlükəsindən qorunmalıdırlar: sosial məsafə saxlayaraq, maska taxaraq, şəxsi gigiyenaya diqqət edərək.


Dövlət-vətəndaş birliyi ölkəmizi pandemiyanın fəsadlarından mühafizə etdi


Azərbaycan dövləti koronavirus infeksiyasına qarşı mübarizəni ardıcıl davam etdirir və əhalinin sağlamlığının qorunması üçün bütün mümkün üsullardan istifadə edir. Buna görə də iyul ayının sonundan etibarən ölkəmizdə təhlükəli infeksiyaya yoluxma dinamikasında müsbət tendensiya müşahidə olunur. Zamanında görülən qabaqlayıcı tədbirlər sayəsində yoluxma halları azalıb. Xəstəxanalarda müalicə alan və reanimasiyada olan koronaviruslu xəstələrin sayı da xeyli aşağı düşüb. Bu səbəbdən də ölkə ərazisində tətbiq olunan sərt karantin rejimi yumşaldılıb, xeyli məhdudiyyətlər aradan qaldırılıb və qarşıda da bu istiqamətdə növbəti addımların atılacağı gözlənilir.

Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında həyata keçirilən preventiv tədbirlər, dövlət-vətəndaş birliyi Azərbaycanı pandemiyanın yarada biləcəyi ciddi fəsadlardan mühafizə etdi. Əhalinin sağlamlığının müdafiəsi istiqamətində vaxtında atılan vacib addımlar minlərlə vətəndaşımızı təhlükəli bəladan qorudu.


Prezidentin uğurlu qlobal missiyası


Onu da xüsusilə vurğulamalıyıq ki, Azərbaycan dövləti ölkə daxilində koronavirusa qarşı mübarizə ilə bağlı məqsədyönlü və ardıcıl sanitar-epidemioloji tədbirləri görməklə yanaşı, beynəlxalq həmrəyliyi və dövlətlərin bu qlobal bəlaya qarşı mübarizədə bir araya gələrək səylərinin səfərbər edilməsini təşviq edir. Çünki ölkələrin ortaq bəlası COVID-19 təhlükəsindən yalnız beynəlxalq əməkdaşlıq sayəsində qurtulmaq mümkündür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən bu qlobal missiya Yer üzündə təhlükəsizliyin, sülhün, insanlığın var olmasına yönəlib. Dünyanın bu çətin günlərində Azərbaycanın etibarlı dost, dara düşənə əl uzadan, güvənilən ölkə olması atdığı humanist addımlarla bir daha təsdiqini tapır. Təsadüfi deyil ki, indiyə qədər respublikamız koronavirusla mübarizəyə dəstək olmaq üçün dünyanın 30-dan çox ölkəsinə humanitar və maliyyə yardımı göstərib.


Əsas şərt peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir


Azərbaycan COVID-19-a qarşı vaksinin alınması ilə əlaqədar da fəal iş aparır. Bu barədə Prezident İlham Əliyev hələ avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında məlumat vermiş, respublikamızın peyvənd əldə edən birinci ölkələr sırasında yer alacağına ümidvar olduğunu söyləmişdi: "Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir. Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazara çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur. Ona görə bütün mərhələlər, şirkətlərin apardığı bütün araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri və beynəlxalq sertifikatlaşdırma aparılandan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik və ümid edirəm ondan sonra demək olacaq ki, bu dəhşətli vəziyyət arxada qalıb. Hesab edirəm ki, biz o vaxta qədər öz addımlarımızı mövcud vəziyyətə uyğun atmalıyıq”.


Əhalinin 10 faizə qədəri üçün peyvəndin COVAX çərçivəsində alınması nəzərdə tutulub


Ötən cümə günü artıq bu istiqamətdə əsaslı addım atılmış və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanmışdı. Sazişə görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da həmin peyvəndlə təmin olunacaq.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olumuş iclasında bu barədə məlumat verən TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, çoxtərəfli platformalarda ölkələrin iştirakı məqsədilə, GAVI, CEPI və ÜST tərəfindən COVAX platforması yaradılıb. COVAX təşkilatı geniş sayda peyvənd namizədlərini müxtəlif texnologiyalar vasitəsilə qiymətləndirərək təhlükəsiz COVID-19 peyvənd təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir. COVAX platformasının əsas məqsədi COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaqdır.

R.Bayramlı deyib ki, sazişə əsasən Azərbaycan əhalisinin 10 faizə qədəri üçün peyvəndin COVAX çərçivəsində alınması nəzərdə tutulub. Sazişə əsasən, vaksinin ümumi dəyərinin bir hissəsi, yəni 3 milyon 235 min 840 dolları avans məbləği şəklində indi ödənilməlidir. Vaksinin tam təhlükəsizliyi ilə bağlı sınaqlar tam başa çatdıqdan sonra alınacaq vaksinin ödənişinin digər hissəsi ünvanına çatdırılmalıdır. Bu ödəniş Koronavirusla Mübarizəyə Dəstək Fondundan ayrılacaq.

Qeyd edək ki, indiyə qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113,7 milyon manatdan çox vəsait köçürülüb. Fondun fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədi ilə həyata keçirilən bütün ianələr və onları edən bütün fiziki və hüquqi şəxslər barədə fondun rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Göründüyü kimi, ölkəmiz bütün potensialını pandemiyaya qarşı səfərbər edib. Çünki hər zaman dövlətimizin əsas prioritetini vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinin etibarlı müdafiəsi təşkil edir.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video