24 Sentyabr 2020 00:29
727
İQTİSADİYYAT
A- A+

“OPEC+” öhdəliklərinə sadiqdir


Xəbər verildiyi kimi, bu il sentyabrın 17-də videokonfrans formatında OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti - 22-ci iclası keçirilib. Sentyabrın 16-da isə Birgə Texniki Komitənin (JTC) 44-cü iclası baş tutub.

JMMC Birgə Texniki Komitənin hazırladığı aylıq hesabatı və avqustun 19-da keçirilən son iclasından ötən müddətdə qlobal neft bazarındakı vəziyyəti nəzərdən keçirib. Cari ilin dördüncü rübü və 2021-ci ilədək bazar perspektivləri də müzakirə edilib. Həmçinin bu ilin avqust ayındakı xam neft hasilatına dair məlumatlar nəzərdən keçirilib. "Əməkdaşlıq Bəyannaməsi”nə qoşulan kartelə üzv və üzv olmayan ölkələrin hasilat kvotalarına sadiqliyi üzrə müsbət göstəriciləri alqışlanıb.

JMMC kvotalara tam uyğunluğa sadiq qalmağın və nəzərdə tutulandan artıq istehsal edilmiş neft həcmlərinin ən qısa müddətdə kompensasiya etməsinin əhəmiyyətini vurğulayıb. "OPEC+” sazişi üzrə öhdəliklərinə tam əməl etməyən və nəzərdə tutulandan daha çox neft hasil edən bəzi iştirakçı ölkələrə dair kompensasiya planının müddətinin bu ilin dekabr ayının sonuna qədər uzadılması barədə qərar qəbul edilib.

Bildirilib ki, bu, davam edən balanslaşdırma səyləri üçün vacibdir və neft bazarında uzunmüddətli sabitliyin təmin olunmasına kömək edir.

Qeyd edək ki, "OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 milyon barel ixtisarı prosesi çərçivəsində Azərbaycan avqust ayında sutkada xam neft hasilatını 133,4 min barel azaldıb.

"Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan ölkəmiz cari ilin avqust-dekabr aylarında neft istehsalını sutkada 131 min barel azaltmaqla 587 min barel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, "Azəri-Çıraq-Günəşli”də 567 min bareldən azaldılaraq 461 min barel, SOCAR ("Azneft” İB, birgə müəssisələr və əməliyyat şirkətləri) üzrə isə 151 min bareldən ixtisar edilərək 126 min barel olmalıdır.

12 aprel tarixli "OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr dövrünü əhatə edir.

JMMC budəfəki iclasında bütün dünyada iqtisadiyyatın bərpa prosesinin zəiflədiyini və bəzi ölkələrdə COVID-19-a yoluxma hallarında artım olduğunu diqqətə çatdırıb. Komitə mövcud vəziyyətdə fəal olmağın vacibliyini vurğulayıb. "Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçısı olan ölkələrə ehtiyac yaranacağı təqdirdə əlavə zəruri tədbirlər görməyə hazır olmalarını tövsiyə edib. Səudiyyə Ərəbistanı "OPEC+” alyansına üzv ölkələri hasilatın azaldılmasına dair öhdəliklərə dəqiq əməl etməyə və bu məsələdə şəffaflıq göstərməyə çağırıb. Krallığın Neft naziri Əbdüləziz bin Salman alyansın nazirlər səviyyəsində keçirilən Birgə Monitorinq Komitəsinin aylıq iclasının yekunlarına dair mətbuat konfransında müvafiq sazişi imzalayan tərəflərin qlobal neft bazarında sabitliyin təmin edilməsində maraqlı olmalarının vacibliyini bildirib.

Nazir əlavə edib ki, ölkəsi və Birləşmiş Ərəb Əmirlikləri son 2 ayda hasilatı sazişdə nəzərdə tutulduğu səviyyədən də çox azaldıb. Lakin avqustun sonunda şəffaflığın təmin edilməsində bəzi problemlər meydana çıxıb. O deyib ki, hər iki ölkə hasilatı rekord səviyyədə azaltmaqla xam neftin qiymətlərinin sabit qalmasına çalışıb.

Əbdül Əziz bin Salman həmçinin vurğulayıb ki, gələcəklə bağlı qeyri-müəyyənliklər fonunda yaxın aylarda hasilatın artırılması gündəmdə deyil. Eyni zamanda alyansa üzv ölkələr pandemiyanın yeni dalğasının başlayacağı təqdirdə hər cür ekstremal vəziyyətə hazır olmalıdır.

"2021-ci ilə qədər qlobal neft bazarında cüzi canlanma müşahidə ediləcək”. Bu sözləri isə OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo Birgə Texniki Komitənin 44-cü iclasında deyib. "Bu, tələbat artımı gözləntiləri ilə əlaqələndirilir və "Əməkdaşlıq Bəyannaməsi” üzrə istehsal kvotalarına düzəlişlərlə dəstəklənir”, - deyə o bildirib.

OPEC-in baş katibi mövcud problemlər qarşısında səbr göstərməyi məsləhət bilib: "Yadda saxlamalıyıq ki, bərpa prosesi iqtisadiyyatın və xüsusilə də neft bazarının cari il yaşadığı tənəzzül qədər sürətli olmayacaq. Qeyri-müəyyənliyi nəzərə alaraq sayıq qalmalıyıq”.

Qeyd edək ki, Birgə Texniki Komitə "OPEC+” Nazirlərinin Birgə Monitorinq Komitəsinə neft bazarındakı inkişaflarla bağlı tövsiyələr verən təşkilatdır.

Birgə Texniki Komitənin növbəti iclasının bu il oktyabrın 15-də, Birgə Monitorinq Komitəsinin toplantısının isə həmin ayın 19-da keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, OPEC - Neft İxrac Edən Ölkələr Birliyidir. Bu təşkilat neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılıb. Onun üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir.

1960-cı il sentyabr ayında Bağdadda keçirilən konfransda yaradılan OPEC qeyri-hökumət təşkilatı kimi daimi fəaliyyət göstərir.

Yeri gəlmişkən, OPEC-in 60 illiyinə həsr olunmuş xüsusi bülletendə Azərbaycanın Energetika naziri Pərviz Şahbazovun qeydləri də dərc olunub. Nazir birlik, həmrəylik və əməkdaşlığın OPEC-in 60 illik fəaliyyətində bütün məram və məqsədlərinin zirvəsini təşkil etdiyini, OPEC ideyasının reallığa çevrilməsini neft ölkələri arasında əməkdaşlığa inamın nəticəsi olduğunu vurğulayıb. Müəllif Azərbaycanın "OPEC+” formatı çərçivəsində təşkilatla əməkdaşlığından da bəhs edib. O həmçinin qeyd edib ki, hazırkı çətin sınaqlar dövründə OPEC və qeyri-OPEC ölkələrinin əməkdaşlığı və həmrəyliyi təşkilata ən gözəl yubiley hədiyyəsidir.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video