24 Sentyabr 2020 00:28
717
İQTİSADİYYAT
A- A+

Maşınla pambıq yığımına son hazırlıq işləri görülür


Tərtər kəndlisi ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi, bu sahədə əvvəlki şöhrətinin qaytarılmasını təmin etmək üçün bütün səy və bacarıqlarını sərf edərək böyük uğurlara imza atır.

Rayonun pambıqçıları son illər bu sahənin inkişafı sayəsində qazandıqları qabaqcıl mövqeyi inamla qoruyub saxlayırlar. Rayonun fermerləri torpağa nümunəvi qulluq hesabına məhsul bolluğuna nail olmuşlar.

Bütövlükdə ötən təsərrüfat ilində 11.936 ton pambıq istehsal edilmişdir. Hər hektardan 34,8 sentner məhsul götürülmüşdür ki, bu da respublikanın pambıqçılıqla məşğul olan rayonları arasında ən yüksək göstəricidir.

Tərtər pambıqçıları bu il daha yüksək zirvələr fəth etmək əzmindədirlər. Cari ilin məhsulu üçün 2981 hektar sahədə pambıq əkilmişdir. Bütövlükdə pambıqçılıq sahəsində çalışan əməkqabiliyyətli əhalinin də sayı əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Müqavilə əsasında pambıq əkib-becərən torpaq istifadəçilərinin sayı isə 1033 nəfərdir.

Artıq havadan payızın nəfəsi duyulur. Yavaş-yavaş ağ örpəyə bürünən geniş tarlalar bol məhsuldan xəbər verir.

Rayonun qabaqcıl fermerlərinin - Bəyimsarov kəndində Fazil Vəliyevin, Qaynaq kəndində İlqar Həsənovun, Köçərli kəndində Elmar Məmmədlinin, Ələsgərli kəndində Fuad Familzadənin, Seyidli kəndində Rövşən Məmmədovun rəhbərlik etdikləri kollektivlər məhsul yığımına son hazırlıqlarını görür. Ötən illərdə olduğu kimi, məhsul yığımında yenə texnikaya geniş meydan veriləcək. MKT Tərtər filialında 9, "Azərpambıq”ın Tərtər filialında isə 5 pambıqyığan maşın keyfiyyətlə təmir edilib start xəttinə çıxarılmışdır.

Cəbhə bölgəsi olan Tərtərdə kənd təsərrüfatı məhsulları istehsalı sahəsində qazanılan nailiyyətlər xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, nankor qonşularımız illərdən bəri işğal altında saxladıqları Sərsəng su anbarından əkinlərin suvarma suyuna ciddi ehtiyac duyulduğu yaz-yay aylarında Tərtər çayının yatağına su buraxmamaqla rayonun təsərrüfatları üçün böyük problemlər yaradırlar. Dövlətin cəbhə bölgələrinə davamlı qayğısı sayəsində Tərtər kəndlisi bu çətinliklərdən nisbətən daha az itkilərlə çıxa bilir. Prezidentin imzaladığı sərəncamla hər il Tərtər rayonu ərazisində yeni subartezian quyuları qazılır. Hazırda dövlət vəsaiti hesabına daha çox ehtiyac duyulan ərazilərdə 21 yeni subartezian quyusu qazılır.

Onu da qeyd etmək lazımdır ki, Tərtər Subartezian Quyularının İstismarı İdarəsinin kollektivi cari təsərrüfat ilində gücləndirilmiş rejimdə işləmiş, torpaq istifadəçilərinin sudan korluq çəkməsinə imkan verməmişdir. Nəticə isə çox yaxşıdır. Suya tələbkar olan pambıq tarlalarının dördüncü suvarması başa çatmaq üzrədir. Bu o deməkdir ki, pambıq kollarında yetərincə bar orqanları formalaşıb. Bu isə bol məhsulun, yüksək məhsuldarlığın əsas şərtidir.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video