23 Sentyabr 2020 01:21
718
İQTİSADİYYAT
A- A+

Heyvandarlığın inkişafı üçün hər cür şərait var


Gədəbəy rayonunun özünəməxsus füsunkar təbiəti var. Burada dağ yamaclarının zirvəsinə qalxdıqca gözoxşayan mənzərələr adamı valeh edir. Könülaçan yaylaqlar, şəffaf sulu göllər, gur axan çaylar və şəlalələr bu bölgəyə təkrarolunmaz gözəlliklər bəxş edir. Gədəbəyi gözəlləşdirən həm də onun zəhmətsevər insanlarıdır. İlin bütün fəsillərində onları əkin sahələrində görmək olar. Yorulmaq bilmədən çalışan və ailələrini halal zəhmətlə dolandıran bu insanlar həm ölkənin ərzaq təminatına töhfə verir, həm də öz ehtiyaclarını ödəyirlər.

Məlum olduğu kimi, rayon əhalisi əsasən heyvandarlıq və əkinçiliklə məşğul olur. Ən çox diqqət heyvandarlığın inkişafına yönəldilmişdir. İndi burada bu vacib sahənin inkişafında rolu olan çoxlu sayda təsərrüfatlar fəaliyyət göstərir ki, onlardan da birinə - "Şahin” fermer təsərrüfatına Şahlar Zeynalov rəhbərlik edir.

Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Asəf Nağıyev həmin təsərrüfatda hər il yüksək göstəricilər qazanıldığını söylədi və oraya getməyi məsləhət gördü. Mərkəzin direktoru ilə birlikdə yola çıxdıq və qısa vaxtda təsərrüfata çatdıq. Bizi Şahlar Zeynalov qarşıladı.

Öyrəndik ki, bu təsərrüfat Şahlara atası Əli kişidən qalıb. O, 2002-ci ildə dünysını dəyişdikdən sonra təsərrüfatda cəmi 500 qoyun, 20 baş iribuynuzlu mal olub. Hazırda isə qoyunların sayı 2 minə, iribuynuzlu mal-qaranın sayı isə 150-yə çatıb. Bu uğuru necə əldə etməsini soruşduqda Şahlar dedi ki, hər şey insanın öz əlindədir: "Gərək gecəni gündüzə qatıb işləyəsən. Bilmədiklərini bu işdə təcrübəsi olan insanlardan öyrənəsən. Mən də belə etdim”.

İndi təsərrüfatın idarə olunmasında heç bir problem yoxdur. Əksinə, yeni fermer təsərrüfatı yaradanlar ona müraciət edib öyrənmək istəyirlər. Şahlar bildiklərini onlara öyrətməkdən yorulmur.

Söhbət vaxtı məlum oldu ki, təsərrüfatın 5 hektar əkin sahəsi də var. Hər il orada taxıl və müxtəlif bostan bitkiləri yetişdirilir. Heyvanların qış mövsümündə saxlanması üçün Tovuz rayonu ərazisində qışlama yeri var. Ancaq problem odur ki, yaylaqda mal-qaranı saxlamaq üçün yataq yoxdur. Ancaq fermer yaxın zamanlarda onu da tikdirməyi qərara alıb. O, yataq hazır olanda heyvanların baş sayını iki dəfəyədək artırmağı qarşısına məqsəd qoyub.

Öyrəndik ki, Şahların 4 qardaşı var və onlar da heyvandarlıqla məşğuldurlar.

Gədəbəydə uğur qazanan fermerlərdən biri də Nofəl Qasımovdur. O, 16 ildir ki, Slavyanka kəndinin ərazisində yaratdığı "Şirxan” fermer təsərrüfatına rəhbərlik edir. 15 hektar əkinəyararlı torpaq sahəsi var. Fermer həmin sahədə taxılla yanaşı, bostan bitkiləri də yetişdirir. Hər il 3,5 hektarda taxıl, 7 hektarda kartof, 1 hektarda tərəvəz və digər kənd təsərrüfatı məhsulları yetişdirən Nofəl əvvəlki illərdə olduğu kimi, bu il də bol məhsul götürdüyünü söylədi.

Nofəl onu narahat edən bir neçə məsələyə də toxundu. Dedi ki, təsərrüfatda gündə 100 litrədək süd sağılır. Lakin südün satışında çətinliklər yaşanır. Bundan başqa, əkin sahələrində suvarma qurğuları quraşdırmaq istəyir. Bu həm işi asanlaşdırar, həm də iqtisadi səmərə verər. Lakin həmin qurğuların alınmasında maliyyə problemləri var. Banklar isə bu işə kömək göstərmir. Banklarla bu məsələ müsbət həll olunarsa, fermer daha çox nailiyyət qazanacağına əmindir.

S.ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video