19 Sentyabr 2020 00:42
1017
İQTİSADİYYAT
A- A+

Pensiya sistemində yeni təkmilləşdirmələr aparılacaq


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, pensiya təminatının inkişafına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsinə istiqamətlənən islahatlar davam edir.

Dünya təcrübəsində pensiya islahatları başlıca olaraq sərt sığorta prinsiplərinin güclənməsinə yönəlsə də, Azərbaycanda bu islahatlar ilk növbədə pensiyaçıların maraqlarına, pensiyaların davamlı artımına, sosial təminat sistemində humanist yanaşmaların güclənməsinə istiqamətlənir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilir ki, ötən il və cari ilin əvvəlində pensiyalarda əhəmiyyətli artımlar olunub, 2019-cu ilin əvvəlindən fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınanlara 25 il sosial sığorta stajı hədiyyə edilib. Yalnız son bir ilin pensiya artımları pensiyaçılarımıza illik əlavə olaraq 1 milyard manatdan artıq vəsait ödənilməsini nəzərdə tutur. Təkcə bu ilin 8 ayında pensiya təminatı üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 576,5 milyon manat (24%) çox olmaqla 3 milyard manata yaxın vəsait yönəldilib. Eləcə də son bir ildə pensiyalarda 30%-dək artım qeydə alınmaqla orta aylıq pensiya 300, yaşa görə pensiyanın orta aylıq məbləği 25,2% çoxalaraq 330 manata yaxın olub.

Habelə cari ilin əvvəlindən pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan şəxslərə yaşa görə müavinət almaq hüququ verilib və artıq 20 mindən çox şəxs bu hüquqdan yararlanıb. Eyni zamanda ailə başçısını itirmiş ailələr üçün 2020-ci ilin əvvəlindən iki təminat növündən - ailə başçısını itirməyə görə pensiya və ya ailə başçısını itirməyə görə müavinətdən daha yüksək məbləğdə olanını seçmək, sağlamlıq imkanları məhdud uşaqlara sağlamlıq imkanları məhdudluğa görə müavinətlə birgə ailə başçısını itirməyə görə müavinəti və pensiyanı da almaq hüququ verilib.

Hazırda pensiya qanunvericiliyində nəzərdə tutulan köklü dəyişikliklər də vətəndaşların sosial təminat sahəsində hüquqlarının, pensiyaçıların sosial müdafiəsinin daha dolğun təminatına, onların daha üstün məbləğdə ödənişlər almalarına şərait yaradılmasına xidmət edir. Məsələn, hazırda aparılan islahatlar:

* pensiyaçının öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə, o cümlədən yaşa görə pensiyadan əlilliyə görə pensiyaya keçə bilməsinə imkan verilməsi;

* ailə başçısını itirmiş şəxsə hüququ yaranan, məbləği daha çox olan əmək pensiyası və ya sosial müavinəti seçmək hüququnun verilməsi;

* ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvünün özünün pensiya və ya müavinət hüququ yarandıqda həmin vaxta qədər aldığı, yəni ailə başçısını itirməyə görə onun payına düşən pensiya məbləğinin digər ailə üzvləri arasında bölüşdürülməsi;

* əmək şəraiti zərərli və ağır işlərdə çalışanların güzəştli pensiya təminatına əlçatanlığının artırılması;

* pensiyanın yenidən hesablanmasında pensiyaçıların mənafeyinə uyğun mexanizmin tətbiqi;

* pensiya təyinatları sahəsində proaktiv xidmətlərin genişləndirilməsi və pensiyanın yenidən hesablanmasının avtomatlaşdırılması və s. kimi istiqamətləri əhatə edir.

Onu da qeyd edək ki, hazırkı islahatlarla bağlı pensiya qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərin layihəsində xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərin (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və b.) pensiyaları ilə bağlı hər hansı təklif mövcud deyil.

Xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərin pensiya təminatı ilə bağlı hər hansı təşəbbüs və təkliflər olduqda həmin şəxslərin mənafeyinə, davamlı pensiya artımına xidmət edəcək. Bu məsələlərlə bağlı təkliflər olarsa, açıqlanaraq ictimai müzakirə şəraitində baxılacaq.

Hazırda aparılan islahatların məqsədi pensiya artımına, hər bir şəxsin layiqli pensiya təminatına yönəlib ki, bu da dövlətin sosial siyasətində əsas prioritetlərdən birini təşkil edir.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video