08 Avqust 2020 01:43
658
SİYASƏT
A- A+

Məqsədyönlü siyasətin uğurlu nəticəsi


Prezident İlham Əliyev: "Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq”

Yeni tip koronavirus hələ də dünyanın əsas problemi olaraq qalmaqdadır. Bəşəriyyətin bu ilin artıq səkkizinci ayını COVID-19 pandemiyası ilə qlobal səviyyədə mübarizəyə sərf etməsinə rəğmən, infeksiyanın sürətlə yayılmasının qarşısını almaq mümkün olmayıb.

Dünyanın əksər ölkələri virusu lokallaşdırmaq üçün karantin rejimləri tətbiq edir. Tibb mütəxəssisləri isə COVID-19 peyvəndinin tapılıb kütləvi istehsalına başlayana qədər virusa qarşı ən effektiv mübarizə üsulunu karantin rejiminin tətbiqi, fiziki məsafə saxlamaq, maska taxmaq və gigiyenik qaydalara ciddi riayət etməkdə görürlər.


Dövlətin bütün potensialı infeksiya ilə mübarizəyə yönəlib

Azərbaycandan da yan keçməyən qlobal təhlükəyə qarşı mübarizənin əsasında məhz bu üsullar dayanır. COVID-19 infeksiyası dünyada yayılmağa başladığı ilk günlərdən Azərbaycan dövləti mühüm qabaqlayıcı tədbirlərə start verdi. Hələ xəstəlik ölkəmizin sərhədlərinə yaxınlaşmazdan əvvəl hökumət problemin ciddiliyini nəzərə alaraq vətəndaşlarının sağlamlığının qorunmasına yönəlik addımlar atmağa başladı. Profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün yanvar ayında Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradıldı. Virusun kənardan ölkəyə "daxil olmasının” və yayılmasının qarşısını almaq üçün ölkəmizin sərhədləri qapandı.

Martın 3-dən bütün ölkədə təlim-tədris prosesi dayandırıldı, təhsil müəssisələri bağlandı, kütləvi tədbirlər, idman yarışları təxirə salındı. Virusun geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq martın 14-dən sosial izolyasiya qaydaları, aprelin 5-dən isə xüsusi karantin rejimi tətbiq olundu.

Azərbaycanda koronavirusla bağlı vəziyyətin pisləşməməsi üçün hökumət tərəfindən bütün qüvvələr səfərbər edildi. Dövlətin bütün potensialı bu infeksiya ilə mübarizəyə yönəldi, mümkün effektiv və zəruri tədbirlər ardıcıllıqla və planlı şəkildə həyata keçirildi. Ölkə başçısının birbaşa rəhbərliyi və ciddi nəzarəti altında pandemiyaya qarşı həyata keçirilən məqsədyönlü və operativ tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa, sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verdi, kütləvi yoluxmanın qarşısını aldı. İlk növbədə ölkə səhiyyəsi koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırıldı. Koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alındı, diaqnostik alətlər, tibbi avadanlıq və ləvazimatlar, qoruyucu vasitələr vaxtında ölkəyə gətirilərək, tibb müəssisələrinə təhvil verildi. Virusun diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri quruldu, onlar Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edildi. Paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradıldı. Qısa müddətdə 20-dən artıq xəstəxana, o cümlədən ən müasir standartlara cavab verən "Yeni Klinika” koronavirus xəstələrinin ixtiyarına verildi. Ölkədəki tələbatı qarşılamaq məqsədilə qoruyucu və dezinfeksiya vasitələrinin istehsalı təşkil olundu. Bölgələr də daxil olmaqla, modul tipli xəstəxanaların quraşdırılmasına başlandı. Azərbaycan dövlətinin pandemiyaya qarşı mübarizə istiqamətində atdığı mühüm addımlar sırasında böyük əhəmiyyət daşıyan bu xəstəxanalar koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynadı, eləcə də ölkənin səhiyyə sisteminə əlavə çarpayı ehtiyatı yaratdı.


Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir

Koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı avqustun 6-da videoformatda keçirilmiş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərkən bütün təşkilati məsələlərin lazımi səviyyədə görüldüyünə, xəstəxana fondunun qısa müddət ərzində pandemiya vəziyyətinə uyğunlaşdırıldığına diqqət çəkdi. Tibb işçilərinin əməyini yüksək qiymətləndirən ölkə rəhbəri dedi ki, məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. O xəstəxanalardan 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əgər dövlət bu addımları vaxtında atmasaydı, bu gün böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik: "Nəzərə alsaq ki, xəstələrin sayı artmaqda idi və baxmayaraq, mövcud xəstəxanalar kifayət qədər imkanlarımızı genişləndirib, amma yeni xəstəxanaların tikilməsinə ehtiyac var idi. Bu məqsədlə modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir. Onlardan 4-ü bir gün ərzində - iyulun 29-da fəaliyyətə başlayıb. Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində mənim iştirakımla bu xəstəxanaların açılışı olmuşdur. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bizim təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək. Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. Bu da əlavə 2100 çarpayı deməkdir. Biz iki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi, yəni, uyğunlaşdırma məsələlərini həll etmək üçün qısa müddət ərzində hazır vəziyyətə gətirdik. Artıq bu komplekslərin hər birində lazım olarsa 300-ə yaxın xəstə müalicə ala bilər. Hələ ki, buna ehtiyac yoxdur, ancaq əgər ehtiyac yaransa, biz, əlbəttə, bu imkanlardan da istifadə edə bilərik”.

Xəstəliyin aşkarlanmasında olduqca əhəmiyyətli olan testlərin keçirilməsi istiqamətində də ölkəmizdə uğurlu addımlar atılır. Adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Pandemiya başlayandan qısa müddət ərzində ölkədə laboratoriyaların sayı 5 dəfə artıb. Bütövlükdə laboratoriyaların sayının 45-ə çatdırılması nəzərdə tutulub. Yaxın gələcəkdə alınacaq yeni laboratoriyalar daha böyük sayda testlərin keçirilməsinə imkan verəcək. "Bu yaxınlarda ölkəmizə yeni təcili tibbi yardım maşınları gətirilmişdir. Yüz maşının gətirilməsi nəzərdə tutulur, onlardan 40-ı artıq Bakıdadır. Bu maşınlar bütün bölgələrə göndərilir və göndəriləcək. Əlbəttə ki, xəstə vətəndaşlarımıza lazımi tibbi xidmətin, təcili tibbi yardımın göstərilməsi üçün bu maşınların da çox böyük əhəmiyyəti vardır”, - deyə ölkə rəhbəri əlavə edib.

Səhiyyə infrastrukturunun pandemiya ilə mübarizəyə istiqamətləndirilməsi, xəstələrin dövlət hesabına müalicəsi ilə yanaşı, həkimlərin sayının artırılması və təcrübə mübadiləsi məsələləri də kompleks şəkildə həll olunur. Bu dövr ərzində həkim çatışmazlığı ilə bağlı problemlərin həlli üçün Türkiyə, Rusiya, Kuba, İtaliya və Çindən həkim briqadaları Azərbaycana dəvət edilib. Hazırda onlar ölkəmizdə xəstələrin müalicəsi ilə məşğuldurlar.


Koronavirusla mübarizə sahəsində müsbət dinamika əldə olunub

Qətiyyətlə demək olar ki, koronavirusla əlaqədar ilkin mərhələdə dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər ölkəni böyük fəlakətdən qorudu. Mayın əvvəlində karantin rejiminin yumşaldılmasından sonra yoluxma sayının kəskin artımı ilə ölkədəki epidemioloji vəziyyət qənaətbəxş olmadı. Lakin son zamanlar koronavirusa qarşı mübarizə işində yenidən müsbət tendensiya yarandı. Düzgün və vaxtında atılan addımlar nəticəsində ölkədə xəstəliyin geniş vüsət almaması təmin edildi. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və operativ qabaqlayıcı tədbirlərin, o cümlədən xüsusi karantin rejiminin və sərtləşdirilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində koronavirusla mübarizə sahəsində müsbət dinamika əldə olundu. Nazirlər Kabineti yanında Operativ Qərargahın həyata keçirdiyi tədbirlər, vətəndaşların məsuliyyətli davranışı da müsbət dinamikanın əldə olunmasının başlıca səbəblərindəndir. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Artıq gündəlik yoluxma sayı da 150-dən aşağı düşüb. Məhz operativ, çevik və məqsədə hesablanmış addımlar nəticəsində bu gün xəstəlik nəzarət altındadır. Dövlət başçısı müşavirədəki çıxışında bu müsbət dinamikanı vaxtında görülmüş tədbirlərin əsası kimi dəyərləndirdi və tədbirlər nəticəsində vəziyyətin bu günə qədər nəzarət altında olduğunu söylədi: "Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq. Artıq üç həftədir ki, bu müsbət dinamika, əlbəttə, bizi çox sevindirir. Prinsip etibarilə ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq”.

Prezident növbəti dəfə vurğuladı ki, bundan sonra da insanların sağlamlığının qorunması üçün bütün lazımi tədbirlər görüləcək. Çünki Azərbaycan dövləti üçün ən prioritet məsələ vətəndaşların həyatı, sağlamlığıdır. COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar görülən işlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədini daşıyır. Qəbul edilən bütün qərarların arxasında məhz əhalinin sağlamlığı, rifahı, təhlükəsizliyinin təmini dayanır.

Yaxşı haldır ki, koronavirusa yoluxma hallarının qarşısının alınması üçün Azərbaycan hökumətinin qəbul etdiyi qərarlar, həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Müsbət dinamika məqsədyönlü siyasətin təzahürüdür. Virusun yayılmağa başladığı ilk mərhələdə hökumətimizin həyata keçirdiyi önləyici tədbirlər, əhalinin maarifləndirilməsi üçün görülən işlər, vətəndaşların sosial problemlərinin həlli, iş yerlərinin qorunması və məşğulluğun təmin edilməsi, iqtisadiyyatın postpandemiya dövrünə hazırlanması, tənəzzülün qarşısının alınması üçün gerçəkləşdirilən layihələr, xüsusi karantin rejimində insanların həyati təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunan innovativ mexanizmlər Azərbaycanı pandemiyaya qarşı mübarizədə əldə edilən müsbət nəticələrə görə dünya ölkələri arasında ön sıralara çıxarıb. Amma bunlar arxayınlaşmaq üçün əsas vermir. Məsuliyyətsiz davranışlarımız, xüsusi karantin rejiminin yumşaldılmasından sui-istifadə hallarının artması koronavirusun yayılmasının ikinci dalğasına yol açar. İkinci dalğa isə bizi həm vətəndaş, həm də dövlət olaraq daha acı reallıqlarla üz-üzə qoya bilər. Ona görə də hazırda əsas məqsədimiz pandemiya ilə əlaqədar əldə olunmuş müsbət dinamikanı qoruyub saxlamaq olmalıdır. Xüsusi karantin rejimi yumşalsa da, məsuliyyət hissimiz yumşalmamalıdır. Prezident İlham Əliyev COVID-19 virusuna qarşı mübarizənin leytmotivinə çevrilən "Biz birlikdə güclüyük!” şüarını irəli sürəndə təkcə xalq-dövlət birliyini nəzərdə tutmamışdı. Bu şüar, ilk növbədə, bütün Azərbaycan vətəndaşlarının bir-birlərinin həyatlarını, sağlamlıqlarını, dövlətin resurslarını qorumaq üçün daha məsuliyyətli davranmalarına çağırışdır. Gəlin, bu çağırışa hamılıqla qoşulaq, bir olaq, birlik olaq, qalib olaq!


Xəyalə MURADLI,
"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video